M.Maqomayev: “Xəyanət bağışlanmır!” - CİZGİLƏR

M.Maqomayev: “Xəyanət bağışlanmır!” - CİZGİLƏR
3 avqust 2011
# 06:00
Bağışlanmaz səhv


O, Bakıya qayıtmaq istəmirdi. Amma “qayıtdı”. Əvvəlcə təyyarədə. Sonra onu son mənzilə yola salan izdihamın çiyinlərində.

İndi Fəxri Xiyabanda uyuyan Müslüm Maqomayevə dost xəyanəti elə yer eləmişdi ki, doğulduğu şəhərdə dəfn ediləcəyini öncədən bilsəydi, yəqin ki, bunun əksini vəsiyyət edəcəkdi.

Yazıq dəvənin adı çıxıb, - insan nə qədər kinli məxluq imiş...

“Dostları qoruyun...”

66 yaşının tamamına iki ay doqquz gün qalmış vəfat edən Müslüm Maqomayevə bəxtəvər tale qismət olmuşdu. Bəstəkar Müslüm Maqomayevin nəvəsi, nadir bariton sahibi, 19 yaşından estrada səhnələrini bircə-bircə zəbt edən, artıq 31 yaşında SSRİ xalq artisti!..

İlk uğur – 1962-ci ildə Helsinki festivalında qazanıldı. Bir neçə ay sonra isə onu Moskvada keçirilən Azərbaycan ifaçılarının konsertində kəşf etdilər. Sürəkli alqışların sahibləri arasında mədəniyyət naziri Yekaterina Furtseva və məşhur ifaçı İvan Kozlovski da vardı.

1963-cü ildə Moskva konservatoriyasında anşlaq toplayan Müslüm Maqomayev klassik mahnılardan estrada mahnılarına çox tez keçdi. Ən məşhur mahnıları: "Dostları qoruyun", "Mavi tayqa", "Gözəllik şahzadəsi", "Melodiya" və s.

Həmin illərdə Müslüm Maqomayev “La Skala”da ifaçı məharətini artırır; bütün İttifaq teatrlarını “Toska”, “Sevilya bərbəri” tamaşaları ilə dolaşır, lakin Böyük teatrın truppasına daxil olmaqdan imtina edir; Parisdəki “Olimpiya” və Kanndakı “Qızıl plastin” salonlarında konsertlər verir; Sopotda beynəlxalq mükafat alır, ABŞ-da qastrollarda olur; Leonid Brejnev, Yuri Andropov - sovet rəhbərlərinin sevimli ifaçısı kimi bütün rəsmi qapıları təpiklə açır. Onun ifa etdiyi “Bella çao”, “Reyddə axşam” mahnılarını partiya liderləri çox sevirdi...

Bu xoşbəxt dövr 90-cı illərədək davam edir. Nəhayət, yeni nəsil Müslüm Maqomayevi səhnədən endirir. “Vaxtında getmək, gecikməkdən yaxşıdır!” deyən müğənni xüsusi vida mərasimi təşkil etmədən peşəkar fəaliyyətini tamamlayır.

7 not

Çox az adam bilir ki, onun müğənniliklə yanaşı, digər məharətləri vardı. Məsələn, su altında bir dəqiqə qala və birnəfəsə bütün səhifəni oxuya bilərdi.

Başqa? Tanımadığımız tanınmış Müslüm Maqomayev haqda daha nə bilirik?


1. Atasının - Məhəmməd Maqomayevin Lənkəranda ev-muzeyi vardı. Bu günlərdə Facebook-da oxudum: ev-muzeyinin yerində indi bank ucalır...

Maqomayevin anası Ayşət Maqomayeva ərinin ölümündən sonra ikinci dəfə nikaha girmişdi. Müğənninin Yuri və Tatyana adlı ögey bacı-qardaşı vardı.

2. Müslüm Maqomayev İtaliyada qalmaq və burada opera müğənnisi kimi məşhurlaşmaq imkanını bilərəkdən əldən verdi. “La-Skala” teatrından başqa, ona Parisdə də qalmağı təklif etmişdilər. Fransa paytaxtında, “Olimpiya” zalındakı möhtəşəm konsertindən sonra.

Xaricdə qalmağı və biznes qurmağı ona İtaliyada olarkən Emilio adlı işsiz bir tərcüməçi təklif edir. Estrada səhnəsində uğur qazanmaq üçün Moskvadakı Böyük Teatrda işləməkdən belə imtina etmiş müğənni imtina qərarlarına görə heç zaman peşmançılıq çəkməmişdi.

3. Müslüm Maqomayevin başqa bir “səhvi” kinorejissor Aleksandr Zarxinin “Anna Karenina” filmində knyaz Vronskinin rolunu oynamaqdan imtina etməsidir.

Bir dəfə, Bakıda olarkən, eksentrik kinokomediyaları ilə tanınmış Leonid Qaydaydan telefon zəngi gəlir. Maqomayevə “12 stul” filmində Ostap Benderin rolunu ifa etmək təklif olunur. Müğənni ona da “yox” cavabı verir. Amma “Nizami”də dahi Azərbaycan şairinin rolunu həvəslə ifa edir.

4. Xarici səfərlərin birindən sonra Müslim Maqomayevi Daxili İşlər Nazirliyinə çağırılır. Günahsız yerə çək-çevirə düşmüş müğənnini DTK sədri Yuri Andropov “xilas edir”. Çekist təşkilatının yubileyi ərəfəsində o, mədəniyyət naziri Furtsevaya zəng edərək deyir: “Mənim uşaqlarım Maqomayevi dinləmək istəyirlər”.

Nazirdən müğənninin istintaqa cəlb edildiyini eşidən DTK sədri bildirir: “Bizim siyahıda o, tərtəmizdir”.

5. Müslüm Maqomayevin ilk xanımı Bakıdakı musiqi məktəbində tanış olduğu Ofeliyadır. 1961-ci ildə onların nikahından doğulmuş Marina hazırda ABŞ-da yaşayır. Marinanın oğlu babasının adını daşıyır.

Müğənninin ikinci nikahda olduğu xanımı Tamara Sinyavskaya ilə tanışlığı 29 yaşında baş verib. Onları bir araya gətirən Tahir Salahov olub. “Vaxtı niyə itirirsiniz? Pasportlarınızı mənə verin!” - deyə rəssam cütlüyü nikah masasına oturtmuşdu.

Təbii ki, onun da həyatında kənar əlaqələr olmuşdu. Maqomayev bu haqda danışmağı xoşlamırdı və sevgi macəralarını açıqlamağı xəyanət hesab edirdi.

6. 1970-ci ildə Bakıda qastrol səfərində olan bir instrumental qrup qarət edilir. Şəhər milisi oğurlanmış avadanlığı “tapa bilmir”. Həmkarlarının xahişi ilə Müslüm Maqomayev işə qarışır. Onun zəngindən bir gün sonra milis malı taparaq yiyəsinə qaytarır.

7. İran hökmdarının xanımı şahzadə Fərəh rəsmi səfərlə SRRİ-də olarkən Bakıya gəlir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Sarayındakı qonaqlar sırasında olan Müslüm Maqomayevə oxumaq təklif edilir. Onun ifası şahzadə Fərəhi valeh edir.

“Fiqaro”nun kavantinasını italiyanca oxumuş müğənnini İran şahının tacqoyma mərasiminə də dəvət edirlər. Sərt etiket qaydalarının mövcud olduğu şah sarayında müğənni bağışlanmaz səhvə yol verir. Yenə də “Fiqaro”nun kavantinasını oxuyan müğənnini şahın hüzuruna çağırırlar. Hökmdar Maqomayevi məharətli ifasına görə tərifləyir. Müğənni çönüb gedərkən zalda uğultu qopur.

Şaha arxa çevirərək onun hüzurundan ayrılmanın təhqir olduğunu bilməyən Müslüm Maqomayevin digər “nöqsanı” şahzadə Fərəhdən pul mükafatını götürməməsidir. “Mən qonaqdan pul almıram” - deyən Maqomayevə əvəzində, çox bahalı üzük bağışlanır. Bu üzük həyatının son günlərinədək onun barmağında idi.


Əziz RZAZADƏ
# 2037 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
# # #