Rejissor Elxan Cəfərov: "Uzun müddət məni “Kinostudiyanın Mauqlisi” adlandırıblar..." - Müsahibə

Rejissor Elxan Cəfərov:  "Uzun müddət məni  “Kinostudiyanın Mauqlisi” adlandırıblar..." - Müsahibə
19 oktyabr 2026
# 10:00

Kulis.az Pərvin İsmayılzadənin kinorejissor Elxan Cəfərovla müsahibəsini təqdim edir.

– Sizin üçün doğru yerdə - doğru sənətdə olduğunuzu fəaliyyətinizin hansı mərhələsində hiss etdiniz?

– 1990-cı ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra... O zamanlar Moskvada yerləşən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda azərbaycanlı aktyorlardan ibarət lokal qrup təhsil alırdı. Belə qrup cəmi iki dəfə təşkil olunub. Birincisi 1978-ci il məzunları idi: Həmidə Ömərova, Ötkəm müəllim, Sona xanım həmin birinci qrupda oxuyublar. Biz isə ikinci Azərbaycan qrupu idik; 1986-cı ildə qəbul olunduq, 1990-cı ildə institutu bitirib Bakıya qayıtdıq.

O dövr çox ağır idi; sənət ön planda deyildi, cəmiyyətdə ciddi siyasi dəyişikliklər baş verirdi, yeni formata keçid yaşanırdı. 1992-ci ilə qədər mən aktyor kimi Vaqif İbrahimoğlunun yaratdığı və bu gün də fəaliyyətini davam etdirən “Yuğ” teatrında çalışdım. 1993–1994-cü illərdə psixoloji tip olaraq anladım ki, ekstravert yox, introvertəm. Yəni nümayiş etdirən deyil, daha çox müşahidə edən xarakterə sahibəm. Başa düşdüm ki, sənətdən uzaqlaşmaq istəmirəm, sadəcə fəaliyyət dairəmi bir qədər dəyişsəm, daha doğru olar. Rejissorluğun mənə daha yaxın və rahat olduğunu hiss etdim. Bu addımı uğur qazanmaq naminə atmadım, məni birbaşa sənət fəaliyyətinin özü maraqlandırırdı; uğur isə sonrakı məsələ idi. Konfutsinin gözəl bir kəlamı var: “Şöhrət və hamı tərəfindən tanınma bu barədə ən az düşündüyün anda sənə yaxınlaşır”.

– Rejissorluq sənətində ilham mənbəyiniz nələrdir?

– Kinematoqraf özlüyündə cəmiyyətdə bir növ sanitar rolunu oynamalıdır. Çünki kino təkcə bizim incəsənətə dair daxili hisslərimizlə kifayətlənmir. İnsan yaşa dolduqca ilham mənbəyi də dəyişir, fərqli yaş dövrlərində sənətkar üçün müxtəlif amillər təkanverici qüvvəyə çevrilir. Gənclikdə bu sevgi hissidir, orta yaşda cəmiyyət quruculuğuna töhfə vermək arzusudur. Hazırda isə mənə ilham verən əsas stimul Azərbaycan cəmiyyətinin və dövlətimizin gələcəyinə yönəlmiş arzularımdır. Mənim ilham mənbəyim xalqımın təfəkkürü və onun gələcək dünyada öz layiqli yerini tutmasıdır.

Böyük qürur hissi ilə deyə bilərəm ki, xalqımız tarixi boyu həm incəsənətdə, həm elmdə, həm də digər sahələrdə daim öndə olub. Elə məqamlar olub ki, fərdi qələbələr qazanmışıq. Məsələn, Azərbaycanda ərsəyə gələn filmlər çox məşhur idi. Sovet dövründə xaricə çıxarılan ekran əsərləri sırasında Azərbaycan filmləri də az deyildi: “Yeddi oğul istərəm”, “Babək” və digərləri beynəlxalq müstəviyə çıxaraq Sovet İttifaqı adından böyük uğurlar əldə ediblər. Kinematoqraf həm də texniki sahədir; burada maliyyə, peşəkar heyət və möhkəm yaradıcı əlaqələr mütləq şərtdir.

– Sizə heç “dünyanı sən xilas edəcəksən?” deyiblər? Deyiblərsə, bu cür yanaşmalara necə dözüm göstərmisiniz?

– Hər hansı bir işlə məşğul olanda onun mütləq tezisləri və antitezisləri formalaşır. Əslində antitezisləri səsləndirənlər də produktiv iş görürlər; çünki insan məhz maneələrlə üzləşib onları aşdıqca kamilləşir. Maneələrlə hər kəs qarşılaşır, lakin yalnız qorxanlar məğlub olur. Niyyətin safdırsa, həqiqi arzun varsa, Allah yol açır və sən amallarına çatırsan. Mənə “Dünyanı sən xilas edəcəksən?” deyə müraciət edəndə cavab verirəm ki, bəli, mən və mənimlə yanaşı sənətlə məşğul olan milyonlarla insan. Məndən “Gözəllik dünyanı xilas edəcəkmi?” soruşanda isə deyirəm: gözəllik tarix boyu bəşəriyyəti və dünyanı xilas edib, əks halda, vəziyyətimiz acınacaqlı olardı. Xilasa aparan yol mütləq maneələrdən keçir.

– “Yarımçıq xatirələr” filmində redaktora ünvanlanan məktubda belə bir cümlə var: “Bu filmləri çəkənlərin əsl müharibə haqqında təsəvvürləri olduqca dayazdır”. Elxan müəllim, bəs sizdə müharibə haqqında bu cür dərin düşüncələr necə formalaşdı?

– İlk növbədə nəzərə almaq lazımdır ki, mənim 56 yaşım var və mən üç ictimai-siyasi formasiya görmüşəm. Sovet İttifaqı dağılanda 21–22 yaşlarında idim, yəni artıq formalaşmış bir gənc idim. Həmin dövrdə sovet sisteminin təlqin etdiyi əsas ideoloji tezis bu idi: “Dünya xəstədir, biz onu sağalda biləcəyik və hətta müharibə yolu ilə olsa belə, buna nail olacağıq”. Mən bu ideoloji xəttin içində 22 il yaşamışam. Bilirdim ki, dünya bizə qarşı müəyyən dərəcədə kəskin münasibətdədir; onlar kapitalistdir və onların dünyası tamam fərqlidir.

– Həmin ideologiya 21 yaşınıza qədər sizə də təsir etmişdi?

– Təsir etməməsi qeyri-mümkün idi. Hər bir gəncin düşüncəsində labüd olaraq bu cür yönlənmə mövcud idi. Lakin 1991-ci ildə dövlət müstəqilliyimizi qazananda təfəkkürümüzdə o vaxta qədər bizə yad olan yeni hisslər baş qaldırmağa başladı.

– Sizin nəslin nümayəndələri bu dəyişikliyi dərhal qəbul edə bildilərmi?

– Əslində, bunu heç kim bir anda qəbul edə bilmədi. Dərk olunması üçün ən azı on il vaxt lazım gəldi. 1991-ci ildən 2000-ci illərə qədər davam edən bir keçid dövrü yaşandı. Keçid mərhələsində isə həqiqətləri düzgün qiymətləndirmək son dərəcə çətindir, çünki həmin həqiqətlər hələ formalaşma və araşdırma prosesində olur. Biz köhnə ehkamlardan ayrılıb müstəqil ideoloji istiqamətə köklənməli idik və tədricən köklənirdik də. Əksər məqamlarda ətraf mühit daha böyük təsirə malik idi. Çox şadam ki, bu gün artıq müstəqilliyimizin üzərindən xeyli illər ötüb. İndi böyük fərəhlə deyə bilərəm: nəinki mən, hətta məndən 10–15 yaş böyük olan nəsil belə yeni reallıqları öz həqiqəti kimi qəbul edir.

– “Yarımçıq xatirələr”i çəkərkən müharibə mövzusuna bu dərəcədə vaqif olmağınız, detalları bu qədər dərindən hiss etdirə bilməyiniz nədən qaynaqlanır? Müşahidə və araşdırmalarınızı praktiki olaraq harada aparırsınız, kimlərlə həmsöhbət olursunuz?

– Hər hansı bir ekran əsəri üzərində işləyərkən geniş hazırlıq prosesi keçilir. Məsələn, “Dolu” filminin çəkilişləri ərəfəsində döyüşlərdə şəxsən iştirak etmiş çoxsaylı qazilərlə, veteranlarla görüşlər təşkil edirdik. Digər tərəfdən, Birinci Qarabağ müharibəsi dövründə mən də gənc idim, əlimə silah alıb cəbhəyə gedəcək yaşda idim. Lakin taleyin gərdişi elə gətirdi ki, həmin vaxt Azərbaycan Televiziyası ilə işgüzar əlaqələrimiz vardı. O dövrdə vəziyyət həddindən artıq çaşqın idi; insanlar bir-birini, dövlətçilik də vətəndaşını qorumağa çalışırdı. Amma bu, labüd tarixi sınaq idi və hamımız başa düşürdük ki, bu mərhələdən keçməliyik.

Biz o dövrün reallıqlarının, acı həqiqətlərinin canlı şahidi idik. Eşitdiyimiz hadisələr təbii təxəyyülümüzlə birləşir və gözümüzün önündə canlı səhnələr canlandırırdı. Bu yaxınlarda məndən soruşdular ki, “Dolu” filminin finalı hansısa uzaqgörənliyin nəticəsi idi? Cavab verdim ki, bu, uzaqgörənlik yox, niyyət idi. Elə böyük, təmiz və səmimi bir arzu idi ki, xalqın daxilində kök saldığı üçün sonda gerçəkləşdi.

– Bir sənət nümunəsində bayağılığı sezmək üçün insandan hansı keyfiyyətlər tələb olunur? Ümumiyyətlə, sənətdə, musiqidə və kinoda insanları ucuz bayağılıqla necə aldada bilirlər?

– Fikrimcə, geniş tamaşaçı kütləsi yaradıcı insan üçün bir növ uşaq kimidir. Əgər 4–5 yaşlı uşağın qarşısına kitab və oyuncaq qoyub seçim etməsini istəsəniz, o, şübhəsiz ki, oyuncağı seçəcək. Çünki oyuncaq ona dərhal emosional sevinc bəxş edir və bu hiss digər mülahizələri üstələyir; bu, uşaq təfəkkürü üçün ən asan yoldur. Biri zəhmət tələb edən və nəticəsi dərhal görünməyən seçimdir, digəri isə anlıq əyləncədir. Təəssüf ki, kütlə əksər hallarda məhz həmin anlıq əyləncəyə meyillənir.

Deməli, tamaşaçını zövqlü istiqamətə yönəltmək, onu tərbiyə edib maarifləndirmək lazımdır. Bu gün, məsələn, gənclər arasında mütləq azadlıq anlayışı xüsusi yer tutur. Bəzən elə düşünürlər ki, akademik biliklərə ehtiyac yoxdur, sadəcə qarşıya qoyulan məqsədə necə gəldi çatmaq kifayətdir. Lakin fundamental elmi və akademik bazanı inkar edəndə insanın ayağı altında möhkəm təməl qalmır. Şübhəsiz ki, hər yeni nəsil sələflərinin nailiyyətlərinin üzərinə yeni dəyərlər əlavə etməlidir və bu proses təbiəti etibarilə ilk olaraq inkarla başlayır. Əslində bu, qanunauyğun haldır, məşhur “atalar və oğullar” qarşıdurmasına bənzəyir.

Böyüklər müdrik olmalı, bunun labüd təkamül olduğunu anlamalıdırlar. Gənclik təcrübəsizliyin və ya hansısa maneənin üzərinə qeyri-ixtiyari gedəndə yaşlı nəslin “O yola getmə, mən o yolu keçmişəm” deməsi çox vaxt fayda vermir. İnsan yalnız həmin maneə ilə şəxsən üzləşdiyi anda real nəticə çıxarır. Mən nəsillərarası sərt qarşıdurmanın əleyhinəyəm. Doğrudur, bəzən gənclər yaşlı nəslin təcrübəsini kəskin şəkildə kənara atmağa çalışırlar. Bu da böyükləri qıcıqlandırır ki, axı biz həyat yaşamışıq, bu çətin yolları adlamışıq. Gənclik isə iddia edir ki, bura yeni dünyadır və yeni dünyanın öz qaydaları var. Əslində, hər iki yanaşmanın kökündə müəyyən həqiqət payı mövcuddur.

– Müsahibələrinizin birində qeyd etmisiniz: “Həmin kollektiv bir araya gələndə hətta qara buludları belə dağıdır”. Bu komandanın kapitanı çox sərtdir? Həyatda, dostlar arasında və çəkiliş meydançasında komanda ilə necə dil tapırsınız?

– İstənilən komandanın rəhbəri, kapitanı və ya generalı üçün başlıca hədəf qələbə qazanmaq, incəsənətin vasitəsilə xalqa çatdırılacaq mesajı ən dolğun şəkildə ifadə etməkdir. Buna görə də kapitanın ilkin vəzifəsi bütün kollektivin – bəzən bu 90 nəfərdən ibarət heyət olur – daxili psixoloji durumunu tarazlamaqdır. Bu, bizim peşə borcumuzdur. Rejissorun çəkiliş meydançasına gəlib qışqırmasını, hamını danlayıb əsəbiləşərək işə başlamasını qətiyyən düzgün saymıram. Belə iş qurmaq olmaz.

Əlbəttə, intizamlı olmaq, normativlərə ciddi əməl etmək mütləqdir. İş prosesində yaranan hədsiz arxayınlığın və ya laqeydliyin qarşısını almaq üçün bəzən sərt notlara ehtiyac duyula bilər. Amma bu ciddiyyət elə bir ölçüdə olmalıdır ki, heyət üzvünün heysiyyətinə, qəlbinə toxunmasın; əksinə, onu daxilən silkələsin, diqqətini cəmləsin və işə daha böyük əzmlə yanaşmasına kömək etsin. Yaradıcı kollektivdəki ab-hava məhz bundan asılıdır. Kapitanın borcu hər bir üzvü vahid məqsədə və ümumi qələbəyə kökləməkdir.



– Hansı Azərbaycan filminə təkrar-təkrar baxmaqdan doymursunuz?

– Çoxsaylı Azərbaycan filmləri var ki, onlara baxmaqdan zövq alıram və yorulmuram. Lakin böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, son 30 il ərzində milli kinomuz hələ də sovet dövründəki bədii səviyyəsinə tam çata bilməyib. Bunun bir sıra obyektiv səbəbləri var. Ən başlıca səbəblərdən biri auditoriya miqyasıdır: sovet dönəmində bizim 205 milyonluq nəhəng tamaşaçı bazarımız vardısa, bu gün cəmi 10 milyonluq auditoriyamız var. Odur ki, hazırda film bazarımızı genişləndirməyin yollarını arayırıq: istər Türkiyə əhalisini, istərsə də Orta Asiyanın türkdilli xalqlarını filmlərimizin daimi seyrçisinə çevirməli, qarşılıqlı olaraq biz də onların ekran əsərlərini izləməliyik. Bu, birbaşa tarixi-siyasi proseslərlə bağlı olan məsələdir.

Sovet dövründə lentə alınmış əksər ekran əsərlərimizə bu gün də dönə-dönə baxıram. Kinematoqrafiya İnstitutunda oxuyarkən birinci, ikinci və üçüncü kurslarda bizə çox köhnə klassik filmləri nümayiş etdirirdilər. O vaxtlar gənc idik, bunların gələcək fəaliyyətimizdə elə də vacib olmayacağını zənn edirdik. Amma yaşa dolduqca anlayırsan ki, bəhs etdiyim o fundamental akademik baza məhz bu gün bəzilərinə bəsit görünən həmin köhnə vizual nümunələrin üzərində qurulub. Onların təməlində dərin peşəkarlıq və aydın akademik məqsədyönlülük dayanırdı.

– Müasir kinoda texniki effektlər, vizual bəzəklər sizi qane edirmi?

– Bu, məqamdan asılıdır. Ən başlıca meyar hər zaman dramaturgiyadır. İkinci zəruri şərt rejissorun peşəkarlığından asılı olaraq dramaturji xəttin ardıcıllığını və prioritetlərini qoruyub saxlamaqdır. Üçüncü mühüm amil isə kinonun məhz vizual sənət olması həqiqətidir.

Kino iki yerə bölünür: müəllif filmləri və janr filmləri. Müəllif kinosunda rejissor düşüncəni və hissi çatdırmaq xatirinə bəzi texniki qaydaları kənara qoya bilər, məsələn, işıqdan istifadə etməkdən bilərəkdən imtina edər. Lakin janr kinosunda tamaşaçı bu cür sərbəstliyi qəbul etmir. Tragediya, komediya və ya dram fərq etməz, bütün qeyri-müəllif filmlərində vizual görüntü həll edici rol oynayır. Misal üçün, bu gün “Yarımçıq xatirələr”dən söz düşəndə ilk növbədə oradakı kadrlar, vizual təsvir dili yada düşür.

Bundan əlavə, janra uyğun olaraq rəng həllini də düzgün seçmək lazımdır. Hər dövrün, hər janrın öz qavrayış stereotipi var. Dünya tamaşaçısı qəbul edib ki, müharibə filmlərində isti tonlar qıcıq yaradır, belə filmlərdə soyuq çalarlar – yaşıl və göy rənglər üstünlük təşkil etməlidir. Bu, qlobal qavrayış normasıdır. Əgər həmin stereotipi sındırmaq istəyirsənsə, bu, çox riskli addımdır; çünki tamaşaçı tərəfindən heç cür qəbul olunmaya bilərsən. Tutaq ki, möhkəm dramaturgiya və gözəl aktyor oyunu var, amma rəng həllində kobud səhvə yol vermisən – film qəlbə yatmır. Çünki şüuraltı oturuşmuş psixoloji stereotipi dağıtmısan. Ən əsas məsələ emosiyanı və daxili hissi tamaşaçıya itkisiz çatdırmaqdır.

– Elxan Cəfərovu bu sənət zirvəsinə gətirib çıxaran başlıca amillər hansılardır?

– İllər keçdikcə anlayırsan ki, bu, ilk növbədə taledir. Biz vaxtilə “Azərbaycanfilm” kinostudiyasının öz əməkdaşları üçün inşa etdiyi binada yaşayırdıq; mən bu gün də həmin ünvanda yaşayıram. Doğulduğum ailə, böyüdüyüm mühit bilavasitə sənətlə bağlı idi: anam jurnalist, atam isə rejissor idi. Evimizlə kinostudiyanın arası bəlkə də heç 100 metr deyildi. Mən beş yaşımdan kinostudiyanın divarları arasında böyümüşəm; uzun müddət məni hətta “Kinostudiyanın Mauqlisi” adlandırıblar.

Azərbaycan kinosunda uzun müddət uşaq rollarının mahir ifaçısı olmuş və sonralar rejissorluq etmiş Ceyhun Mirzəyev vardı. Sanki kinomuzda daimi bir uşaq obrazı boşluğu yaranmışdı; “Şərikli çörək” filmində çəkilən uşaq aktyor vardı, o zamanlar mən hələ lap balaca idim. Sonradan tale elə gətirdi ki, həmin boşluğu uşaq aktyor kimi mən doldurdum. Qısa müddət ərzində azyaşlı qəhrəman kimi 10–12 filmə çəkildim. Bütün bunlar əlbəttə ki, izsiz ötüşə bilməzdi.

Ən önəmlisi isə odur ki, sənətə qədəm qoyan hər kəsin zirvəyə ucalmaq arzusu olur. Düzdür, mən bu gün də özümü hansısa zirvədə saymıram. Düşünürəm ki, əgər keçdiyin hansısa mərhələ ilə kifayətləndinsə, deməli, sən nə zirvədəsən, nə də nə vaxtsa ora çatacaqsan. Sənət fasiləsiz yoldur: ya daim irəli addımlamalısan, ya da geriyə yuvarlanacaqsan. Burada bir yerdə dayanmaq anlayışı yoxdur.

– Dünyada əmin-amanlıq olsa, Elxan Cəfərov müharibə mövzusundan uzaqlaşsa, hansı janrda və hansı mövzuda film çəkər?

– Əsl peşəkar cəmiyyətdəki ab-havanı duyaraq heç bir janra müraciət etməkdən çəkinməməlidir. Mənə tez-tez deyirlər: “Elxan müəllim, sizdə müharibə filmləri çox uğurlu alınır, gəlin yenə çəkin”. Mən də cavab verirəm ki, bir neçə müharibə filmimin uğur qazanması heç də Elxan Cəfərovun yalnız bu mövzuda işləməli olduğu və ya təkcə bunu bacardığı anlamına gəlmir. Söhbət konkret məndən getmir, söhbət bütövlükdə rejissor peşəsindən gedir. Bəli, elə rejissorlar var ki, komediya janrını daha çox sevir və məhz o istiqamətdə layihələr gerçəkləşdirirlər. Lakin qənaətimcə, əsl peşəkar rejissor hər bir janrda özünü suda balıq kimi rahat hiss etməlidir.

– Son olaraq oxuculara nə demək istərdiniz?

– İlk növbədə dünyaya əmin-amanlıq arzulayıram. Çox istərdim ki, bəşəriyyət Üçüncü Dünya müharibəsi ilə üzləşməsin, bütün qanlı münaqişələr tezliklə sülhlə yekunlaşsın. Unutmaq olmaz ki, sənət yalnız əmin-amanlıq və sabitlik olan dünyada öz mahiyyətini tam nümayiş etdirə bilir.

# 94 dəfə oxunub

Oxşar xəbərlər

Kayli Minouqun mahnıları süni intellektə öyrədilib?

Kayli Minouqun mahnıları süni intellektə öyrədilib?

10:40 19 oktyabr 2026
Hollivudun yeni "pis adamlar"ı: - Texnologiya nəhəngləri niyə hədəfdədir?

Hollivudun yeni "pis adamlar"ı: - Texnologiya nəhəngləri niyə hədəfdədir?

10:30 19 oktyabr 2026
Luvr Muzeyi soyğundan bir il sonra - Təhlükəsizlik tədbirlərinə nə qədər xərclənəcək?

Luvr Muzeyi soyğundan bir il sonra - Təhlükəsizlik tədbirlərinə nə qədər xərclənəcək?

10:20 19 oktyabr 2026
Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü

Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü

22:03 18 oktyabr 2026
Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

11:40 18 oktyabr 2026
"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi  Üzeyir Hacıbəyliyə  yazdığı ərizədə nəyi rica edirdi?

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?

10:30 18 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər