Kulis.Az Cavidanın yazıçı-publisist Kəbutər Haqverdi ilə müsahibəsini təqdim edir.
Onu bir neçə il bundan əvvəl, bir şəxsi bloqundan tanımışam. Şeirləri, hekayələri, gündəmə münasibətini əks etdirən şərhləri diqqətimi çəkmişdi. Tanış olmuşduq. Sonralar Türkiyənin İstanbul şəhərinə köçüb, orada yaşadığını və işlədiyini öyrəndim. Beləcə, virtual tanışlığımız davam etdi. Bu günlərdə isə Bakıda real olaraq görüşdük. Mənə heç vaxt görmədiyim Kəbutərlə indi gördüyüm Kəbutər arasındakı fərqlər, eyniliklər, əksliklər çox maraqlı idi.
- Necəsən, Kəbutər?
- Musa Yaqub kimi. Şair İsmayıllıdan Bakıya köçəndə bir şeir yazmışdı. Yolun kənarındakı qaratikan kolu “getmə” deyib, ətəyindən yapışır. Zaman keçir, şair geri, o qaratikan kolunun bitdiyi rayona – ata ocağına qayıdır. İçimdə elə bir duyğu var: qayıtmaq və xoşbəxt olmaq. Bir vaxtlar xoşbəxtliyi uzaqlarda axtarardıq. Biləsuvarda yaşayanda Bakıya gedən yollar bizim üçün nağıllardakı xoşbəxtliyə aparan yolların ayrıcı idi. Təhsil, ailə və uzaqlar. Məlikməmmədin nağılında necə yazırdı – gedərsən, gələrsən, gedərsən, çox sonra gələrsən, biri də gedər-gəlməz. Elə bir inam vardı ki içimizdə, hansı yolla getsək də, xoşbəxtliyimizi tapacağıq.
- Sənin üçün xoşbəxtlik nə deməkdir?
- Bu əsrin ən böyük problemi elə xoşbəxtlik axtarışımız oldu. Hələ də çözülməyən bu problem ədəbiyyatımızın və incəsənətimizin də axtarış mövzusuna çevrildi. Bütün millətlərin qadınlarından fərqlənən Azərbaycan qadınının xoşbəxtlik problemini isə ölkəmizin tarixi həll etdi məncə. 1992-ci ildə evimizin balacası – 17 yaşlı qardaşım Laçının müdafiəsi zamanı yaralanıb əsir düşdü. Uzun əziyyətlərdən sonra onun və əsir düşmüş döyüş yoldaşlarının cənazəsini gətirdilər. Həmin müddət ərzində anamın gecə-gündüz “İlahi, mənə bu xoşbəxtliyi yaşat, and içirəm ki, göz yaşı tökmərəm” deyə yalvardığının şahidi oldum. Hüzr məclisinə gələn qadınlar anamın başına yığışıb təsəlli etməyə çalışırdılar. O təsəllilər yaddaşıma yapışıb qalıb: “Sən necə xoşbəxtsən, bilirsənmi, bax, oğlunun məzarı var, mənim heç o da yoxdu”, “Sənin oğlun şəhid oldu, mənimkini mübahisə edərkən bıçaqlayıb öldürdülər, gör oğlun sənə necə xoşbəxtlik yaşatdı” və s. Qarabağ müharibəsinin xoşbəxt etdiyi Azərbaycan qadınını daha dünyanın heç bir qüvvəsi məsud edə bilməzdi...
- Neçə il idi Bakıya gəlmirdin. Bakıdan İstanbula gedən və indi İstanbuldan Bakıya gəlmiş iki Kəbutərin fərqindən danışmanı istərdim. Nə dəyişib?
- Hər şey. Yaşam standartlarım, duyğularım və düşüncələrim, həyatım. Mən Sovet dövrünün kartoçka sistemindən, müstəqilliyimizin ilk addımı olan 20 Yanvar qətliamından, ədalətsiz Qarabağ savaşından, aclıq və keçid dövründən çıxıb bu yaşadıqlarımızın nə olduğunu bilməyən, təbəqələşmiş, mənəvi həyatı qeybə çəkilən, maşın, bağ evi, bəyaz əşya və komfortun hakim qüvvəyə çevrildiyi bir həyata düşdüm.
“İnamın sınaq dövrü” demək olar yaşadığım dörd ilə. Amma mən idealist nikbinliyin hakim olduğu bir toplumun övladıydım. Və sürətlə dini cəhalətə yuvarlanan, ifrat praktik, inam və idealları olmayan toplumun içinə hop deyə düşməyimin acısını çox ağır bir şəkildə yaşadım. İnam – ümid və həqiqətə emosional münasibətdir. Cəmiyyətin aparıcı qüvvəsi olan insana inam yoxdur burda, əvvəlki sevgi və ailə anlayışları itmək üzrədir. Psixoloji aşınma və özünütəsdiq mübarizəsi verən bu cəmiyyət iyrənc seks və siyasət bataqlığına gömülməkdədir.
Özümü toparlamaq və ayaqda durmaq üçün zəhmət xərcləmək böyük itkilər hesabına başa gəldi. Şükür ki, qazandıqlarım da var. Ölkənin kitab ticarəti sahəsinə daxil ola bildim. Həm də elə bir şəkildə ki, gələcək beş il ərzində böyük qüvvə əldə edəcəyimə inanıram. Buradakı bazar münasibətlərini, ən əsas da toplumun nə istədiyini, insanları nələrlə yönəldə bilməyi az da olsa, öyrəndim. Aldığım dərslər həyatımdakı olumsuz yönləri sıfırlamağa kömək etdi. Gələcəyə pozitiv baxmağı öyrəndim, Bakıdakı ürkək, komplekslərlə dolu insandan əsər-əlamət qalmadı.
- Türkiyədə çıxan ikinci kitabın haqda danışaq. Bildiyim qədərilə, “Cənnətdən sürgün” romanın rekordları qırmadı, amma satışda da yoxdur...
- Satış haqqında onu deyim ki, hələ zəngin olmadığımdan kitab ticarətində standartlarla çalışmıram. Sifarişlə işləmək və əldən satış ən pul gətirən sahədir. Amma məşhur olmağı ləngidir. Məsələnin ikinci tərəfi də budur ki, yazıçı öz əsərlərindən danışırsa, bu o deməkdir ki, ya sən yaxşı yazar deyilsən, ya da səni bilərəkdən görməzdən gəlirlər. Özümü birinci kateqoriyaya aid eləmirəm. Kimsəni də qınaya bilmərəm. İlk kitabım - “Qar qan rəngindəydi o gecə” çap olunanda bir ay qəzet və dərgilərdə bum yaşandı. Demək ki, “Cənnətdən sürgün”də reklam işləri yarıtmaz oldu.
Romanımın mövzusu yaşadığımız və yuxarıda saydığım həqiqətlərimizdir. Qadın xoşbəxtliyi, müharibədən sonra yaşanan acılar və bitməyən sevgi. Həyat uğrunda mübarizə də təbii ki. Üstəlik, bütün türk toplumlarının arzusuna çevrilmiş İstanbul həyatının pərdə arxası görüntüləri. İstanbulun min bir gecə nağılları kimi rəngarəng, sehrli, heç bir sərhədlə sıxılmayan yaşamı haqqında o qədər oxumuş, seriallara tamaşa etmişdik ki.
Mən ilk dəfə bu şəhərdə böyük əksəriyyətin bizim 60-cı illər insanı kimi balon qazı işlətdiyini, odun sobalarından qalxan tüstülərin şəhərin üzərində qara bulud kimi asılmasını, ailə qaydalarından imtina edib körpü altında məskən salan, orda yaşlanıb ölən səfillər ordusunu, kapitalizm sisteminin ən pis cəhətlərinin ən münbit şəkildə inkişafını, insanı əzib yararsız, məqsəd və mübarizəsiz ətdən-sümükdən ibarət maşına çevirdiyini görəndə şoka düşdüm. Mən o yaşamın episentrinə düşmüşdüm, özüm də bilmədən. Bu, yazar kimi şanslı olmağımdan qaynaqlanırdı bəlkə də. Nəticə uğuruna inandığım bir roman oldu.
- Necə bilirsən, “Cənnətdən sürgün” olunmaq asandır, yoxsa bu haqda yazmaq?
- Təbii ki, yazmaq. O romanı mən dizlərimin üstündə yazırdım. Avtobusda, metroda yol gedərkən, parkda nəfəsimi dərmək üçün oturarkən, gecə yarısı əsgərlikdə olan oğlumu yuxuda görüb oyandıqdan sonrakı saatlarda, məktəb çıxışında qızımı gözlərkən... Və o romandakı insanların hamısı mənim tanıdığım, sevdiyim, zəhləm gedən, bir problemi üçün çalışdığım, bir işinə pəl vurduğum, sevdiyimi dediyim, arxasınca dedi-qodu yapdığım insanlar idi. Hadisələr isə yaşadıqlarım və müşahidə etdiklərim.
O kiçik qızını qoltuğuna vurub diyar-diyar düşən, gedər-gəlməz yollara düşən qadın isə özüməm. Toplumundan ayrı düşmüş yalquzaq. Elə Azərbaycanca adını “Yalquzaq” qoymuşdum. Amma Türkiyədə kitab yazmaq başqadır, naşir işləri bambaşqa. Odur ki, romanın adını dəyişdirmək məcburiyyətində qaldım. Romanı yazdıqca içimdəki bərkimiş kin, əzab, qeyri-müəyyənlik əriyib getdi. Uğursuz sevgilərim ünvan tapdı, cavabsız suallardan qurtuldum. Sanki illərin tam doldurduğu duyğu dolu bir ürək partlamaqdan xilas oldu və həmən qarşımda yeni perspektiv açıldı: yeni mövzular, yeni obrazlar. İnşallah, düşünürəm ki, ilk bədii roman təcrübəsindən sonra daha güclü əsərlər təqdim edəcəyəm, ömür vəfa edərsə.
- Bizdə adətən belə bir fikir olur ki, yazıçı əsasən özünü yazır, bu fikrə görə də yazıçının bütün kəlmələrində onun şəxsi həyatını arayırlar, yaxud, yazıda nə varsa, yazıçının yaşadığıdır, düşünürlər. Bu haqda nə deyərdin?
- Əlbəttə, sözün qarşısında özündən qaçmaq və gizlənmək mümkün deyil. Nə qədər özündən yazmaq olar? Qarınqulu və yataq ədəbiyyatı, ədəbiyyat demək mümkünsə. Pafos qovuğunu şişirdib başına keçirtsən belə, bir gün partlayıb sənin kim olduğunu ortaya qoyacaq. Sözün müqəddəsliyi və işığı qarşısında qəlp insanlar sonuna qədər davam gətirə bilmir. Amma bu o demək deyil ki, bütün yaradıcılığın başdan-başa Sən olmalıdır. Məsələn, Anar 40 yaşından sonra “Sizsiz” romanını yazdı, Sabir Rüstəmxanlı “Qan yaddaşı”nı yazanda hansı yaşda idi, xatırlayırsanmı? Hər ikisi özünü yazırdı o mətnlərdə. Hər yazarın yaradıcılığında kifayət qədər belə nümunələr var.
- Kəbutər Haqverdi niyə köşə yazıları ilə çıxış etmir?
- Vaxtım yoxdur sadəcə. Həm də özümü xərcləmək istəmirəm. Əslində bizim köşə yazarları bəlkə də 21-ci əsr ədəbiyyatımızın ən yaxşı yazıçılarıdır. Amma pul qazanmaq istəyi onları qarışqa kimi çalışmağa məcbur edib, belə böyük bir fürsəti əllərindən alır.
- İçindəki jurnalist içindəki yazıçıdan müsahibə alırmı? Nə hiss edirsən həmin vaxtlarda?
- O jurnalist çoxdan tükənib, bitib. Mən zatən bitdiyimi hiss edib jurnalistikadan getdim.
- Bir az da işlərdən danışaq, Türkiyədə hal-hazırda nə ilə məşğulsan?
- Yazı-pozu, müxtəlif projelər, konfranslar, kitab satışları. Bəzən Türkiyədə yaşayan həmkarlarım soruşurlar ki, bu qədər çalışırsan, yəqin indi milyonçusan. Susuram. Çünki mən Azərbaycanın haqq işi üçün çalışdığımı düşünürəm və bu işin qiyməti pulla ölçülə bilməz. Görəcəyim iş üçün mənə veriləcək pulu gözləsəm, heç bir iş görə bilmərəm. Əvvəl işini gör, pul özü axtarıb tapacaq səni. Mənim prinsipim budur. Üstəlik, gördüyüm işlər üçün Türkiyəli tərəf müqabillərimdən pul istəməyə xəcalət çəkərəm.
Bundan başqa, Kadıköydə yerləşən İSTAD – İstanbul Türkiyə Azərbaycan Dərnəyində Xocalı Arxivi yaratmışıq. Elə yaxınlarda “Xocalı” adlı saytımız fəaliyyətə başlayacaq. Azərbaycan ədəbiyyatı ilə bağlı projelərimiz də davam edir. Misal üçün, bu yaxınlarda İstanbul böyük Şəhər Bələdiyyəsi Kültür A.Ş-nin və Azərbaycan Konsulluğunun birgə tədbiri olan Şəhriyar şöləni haqqında danışa bilərəm.
Bu, İstanbulda bir ilk idi və çox uğurlu oldu. Şölənin rəsmi hissəsinə ən üst ədəbiyyat adamları qatılmışdı. Esmira Fuad Şükürovanın “Məhəmməd Hüseyn Şəhriyar” monoqrafiyasının təqdimatından və imza törənindən sonra azərbaycanlı sənətkarların konsert proqramı təqdim edildi. Türkiyənin 24 qəzet və TV kanalı bu şöləndən yazdı və göstərdi. Hətta qəzetlər belə bir manşet atmışdılar ki, “Bu gün İstanbul Şəhriyarın dilində danışdı”.
- Azərbaycan ədəbiyyatını Türkiyə gündəmində hansı məqamda görürsən? Çoxmu acınacaqlı haldayıq?
- Əksinə. Bizim ədəbiyyat nümunələri bu dəqiqə Türkiyə cəmiyyətinə hava, su kimi lazımdır. Və əksər yazarlarımızın Türkiyədə çap olunacaq əsərləri var. Gözəl dil, rəngarəng üslub, tarixin qaranlıq səhifələrini işıqlandıran sanballı əsərlərimiz var. Türkiyə oxucusu nikbin, çirkaba bulaşmayan, idealları üçün ölümə getməyə hazır insan obrazlarının acıdır. İnsanların komfort uğrunda mübarizəsində ideallar məğlub olur. Sadəcə bütün sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də alverçilər at oynadır. Onlara kitabların tərcüməsindən və çapından qazanılan pullar, Azərbaycanlı yazıçıların bir çoxuna da Türkiyədə çap olunmaq şöhrəti kifayət etdiyindən, yazarlarımızın reklamları təşkil olunmur. Yaranan təəssürat da bu olur ki, bizim keyfiyyətli mətnlərimiz yoxdur, oxucu tələblərinə cavab vermir və s.
- Oralardan Azərbaycan mətbuatı necə görünür?
- Bəzən heyrət edirəm ki, yazılmağa, müzakirə olunmağa ehtiyacı olan mövzular diqqətdən kənarda qalır. Azərbaycan poeziyasının bugünkü durumu, cəmiyyətimizdəki aşınmalar, gənc nəslin yetişməsindəki nöqsanlar, az qala əsrin dörddən birini təşkil edən mübarizə tariximizin gündəmə gəlməsinə çox ehtiyac var. Bu gün Azərbaycan jurnalistikasının Vüsalə Məmmədovası var və təsəvvür edin ki, belə böyük bir ordu onun yaratdığı cığırı məktəbə çevirəcək, 5, 10 elə jurnalisti yetişdirsə, nə qədər güclü olar.
- Səni gözləyək?
- Musa Yaqub yolun kənarında bitmiş, ətəyindən yapışan qaratikan kolunun sehrindən qurtula bilmədi və yenə qoyub gəldiyi dağlara qayıtdı. Çox uzağa getməmişdi ki, ölkəsinin əyalətindən paytaxtına köçmüşdü. Mənsə məmləkətimi qoyub gəldim. Və bu ayrılıq mənə necə şanslı və bəxtəvər olduğumu anlatdı. Dünyanın bir yerində mənim də üstündə qürurla gəzə bildiyim, havasını ciyərimə çəkəndə payıma düşənlərə sevindiyim, oduna yanıb külünə bələndiyim, Vətənim dediyim torpaqlar var. Bayrağım var, o torpağın sahibi olduğumu təsdiqləyən, vətəndaşlıq hüququ verən pasportum var.
Bu, o qədər böyük nemətdir ki, sözlə ifadə oluna bilməz. Və o torpaqlara qayıtmamaq mümkün deyil. Ömür vəfa etməzsə belə, bir gün böyüdüyüm o susuz, duzlu çöllərə yovşan, yulğun kolu kimi qayıdacağımı bilirəm. O çöllərin təkrarsız qoxusuna qoşulmağa, rüzgarında sovrulmağa, bir quşuna sığınacaq, bir böcəyinə yuva olmaq, yağışlarında yuyunmaq və çürüyüb torpağına qarışmaq üçün hökmən qayıdacağam…
Cavidan