Bu yazını ayna qabağında oxu. Özün öz gözlərinin içinə baxa-baxa.
Mən bir əxlaqsızam!
Amma hər gün və hər yerdə əxlaq davası edirəm.
Çünki mənim vicdanım yoxdur.
Mən bir fahişəyəm.
Amma hər gün və hər yerdə föhşə qarşı çıxışlar edirəm.
Çünki mənim namusum yoxdur.
Mən bir impotentəm.
Amma hər gün və hər yerdə qadınlarla münasibətlərimdən nağıllar danışıram.
Çünki məni it yerinə qoyan qadın yoxdur.
Mən bir frigidəm.
Amma hər gün və hər yerdə həmcinslərimə nifrətimi püskürürəm.
Çünki məni it yerinə sayan kişi yoxdur.
Mən bir yalançıyam.
Amma hər gün və hər yerdə həqiqət carçılığı edirəm.
Çünki mənim simam yoxdur.
Mən bir şərəfsizəm.
Amma hər gün və hər yerdə mentalitet bayrağı qaldırıram.
Çünki mənim milliyyətim yoxdur.
Mən hər səhər yuxudan oyanan kimi sosial şəbəkələrə baxıram, ölkəmin və həmvətənlərimin 18+ xəbərlərini axtarıram. Toyuq zibillikdə eşələnən kimi eşələnirəm bu cür xəbərlərin arasında. Təzə-tər məlumat əlimə keçən kimi içim-çölüm gülür, ruhum min bir yerdən oynayır, vəcdə gəlirəm. Dərhal təkrar-təkrar baxıram xəbərə. Bəyənirəm, paylaşıram, yayımlayıram sosial şəbəkələrin hər birində neçə adda profilim varsa, hamısından!
Bəs necə?
Belə bərəkətli səhərlərə qurban olaram!
Ruhumun qidasıdır e bu xəbərlər, ruhumun qidası!
Sonra isə…
Bəh bəh bəh!
Zivədən ağappaq mələfə-çexol asan evdar qadınların təkrar-təkrar gəlib öz sənət əsərləri olan bu ağappaq gözəlliyə baxa-baxa həzz alması yalan olur mənim həzzimin yanında. Profildən profilə, şəbəkədən şəbəkəyə hoppana-hoppana gündəmi tirajlayan özüm kimiləri gördükcə həzzim, riqqətim daha da artır.
Və biz ağız-ağıza verib başlayırıq işin əsas həzzinə.
Canım ay kulminasiya!
Söy ki söyəsən, söy ki söyəsən!
Hamısı da qurşaqdan aşağı, cinsiyyət üzvü adlarını çəkə-çəkə, seksin bütün pozalarını, məqamlarını rəylərə düzə-düzə.
Bəs nə edək?
Çimməyə həvəs və vərdiş yox, iş qurub inkişaf etməyə maraq yox, kitab oxumağa beyin yox, yazı yazmağa savad yox, üstəlik, evdə-çöldə adam yerinə qoyub intim yaxınlıq razılığı verən də yox ki, özümüzü adam kimi hiss edək!
Öz aramızda qalsın, biz də qurdumuzu bu cür öldürürük.
Ah, zavallı abırlı-intellektual yazı-pozu, kitab əhli!
Kül sizin başınıza elə!
Siz ömür boyu, heç vaxt bizim hiss etdiyimiz cənnət həzzini hiss edə bilməzsiniz!
Siz heç vaxt anlaya bilməzsiniz ki, boz olmaq, rənglərin ən idbarı, ən çirkablısı, ən palçığı olmaq necə böyük ləzzətdir.
Bozun bütün çalarlarında sizi xəyali yatağımıza salıb iylənmiş bədənimizi rahatlamağımızın nə demək olduğunu hardan biləsiniz axı?!
Ayy, nə qədər danışdım!
Gündəm dəyişdi deyəsən… dayan, dayan, bu kimin ətəyiydi qalxmışdı?
Offf, yanasan səni, odu mənə qoyduğun yerdə!