Məsuliyyətini idrak etməyən “İdrak” direktoru – Təhsil ocaqlarının başına kimlər gətirilir?

Məsuliyyətini idrak etməyən “İdrak” direktoru – Təhsil ocaqlarının başına kimlər gətirilir?
7 fevral 2026
# 13:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Yaxşı deyiblər, kor atın kor nalbəndi olar. Elə həmin məsəlin təhsildəki ən ağrılı nümunəsinə ötən gün Binəqədidə yerləşən “İdrak” Liseyində şahid olduq. Məktəbdə şagird müəllimi güllələyir, amma bundan da betəri bu faciədən sonra ortaya çıxan liseyin rəhbərlik sisteminin çoxdan iflas etmiş mənzərəsidir.

Ölkədəki bütün güc strukturları hadisədən sonra açıqlamalar yaydılar, amma lisey rəhbəri, professor Mönsüm Alışovun verdiyi açıqlamalar bir-birinə uyğun gəlmədi, ardıcıl olmadı, hər dəfə həqiqəti bir az da sağa-sola əyməyə çalışdı. Gah deyildi ki, silah guya şagird tərəfindən gətirilməyib, məktəbin ayaqyolunda olub və oradan götürülüb. Bu açıqlama özü-özlüyündə dəhşətlidir: məktəb nə vaxtdan silahın “tapıldığı” cəbbəxana olub? Yaxşı ki, şagirdin çiynində böyük idman çantası ilə məktəbə daxil olma anının videogörüntüsü yayıldı, yoxsa həqiqətən elə biləcəkdik ki, məktəb həm də silah-sursat anbarıdır.

Ən sarsıdıcı məqam isə güllə dəyən müəllimlə bağlı səsləndirilən açıqlamalar oldu. Rəhbərlik səviyyəsində elə təqdim edildi ki, guya müəllimə yüngül xəsarət alıb, sadəcə müayinə olunub və geri qayıdıb. Halbuki faktlar ortadaydı, TƏBİB də açıqlama yaymışdı ki, boyun nahiyəsindən yad cisimlər çıxarılmış, cərrahiyyə əməliyyatı icra olunmuş, vəziyyəti orta-ağır qiymətləndirilən müəllim reanimasiyada müalicə alırdı.

Bütün bu ziddiyyətli, dolaşıq və çaşdırıcı açıqlamaları verən şəxs isə elmi adı olan, professor titulu daşıyan bir adam idi. Jurnalistlərin qarşısına çıxıb adekvat, ardıcıl və məsuliyyətli bir mövqe ortaya qoya bilməyən birinin böyük bir liseyə rəhbərlik etməsi artıq təkcə şəxsi problem deyil, ümumən, təhsilimizin probleminin digər bir üzüdür.

Hadisədən sonra daha bir sual cəmiyyəti düşündürdü: liseyin direktoru lazım olan anda haradaydı? Faciədən sonra liseyin qarşısında azyaşlı məktəblilər kameraların önünə çıxarılır, uşaqlardan açıqlama alınırdı. Amma bu miqyasda bir faciənin baş verdiyi məktəbin rəhbərliyi gözə dəymirdi. Böhran anında uşaqları qabağa verib, özü kölgədə qalmaq nə etikdir, nə peşəkar, nə də insani...

Bunlar yetmirmiş kimi, direktor ötən gün axşam saatlarında da başqa bir “üzrü günahından betər” açıqlama yayıb bildirdi ki, bu gün Bakı “İdrak” Liseyində baş vermiş məlum hadisə ilə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, hadisədən dərin təəssüf keçirir və KİV nümayəndələrindən rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyə, həqiqətə uyğun olmayan informasiyaları yaymamağa çağırır. Halbuki insanları dezinformasiya ilə çaşdıran elə ilk növbədə liseyin direktoru olub.

Ardınca da açıqlamasında qeyd edib: “Bildiyiniz ki, Bakı “İdrak” Liseyi 2014-cü ildə fəaliyyətə başlayıb. Müasir tədris ocağı kimi şagirdlərinin uğurları ilə respublikamızın təhsil həyatında özünə layiqli ad və yer qazanıb. Məzunlarının hamısı tələbə adını qazanaraq Azərbaycanın və xarici ölkələrin qabaqcıl təhsil ocaqlarında oxuyurlar. Liseydə müasir tədris şəraitinin və güclü pedaqoji kollektivinin olması ictimaiyyətə məlumdur. Lakin bəzi KİV-lər və sosial şəbəkə istifadəçiləri baş vermiş hadisədən sui-istifadə edir, həqiqətə uyğun olmayan məlumatlar tirajlayır, “İdrak” Liseyinin və ailənin ictimai nüfuzuna bilməyərəkdən ziyan vururlar. Nəzərə alın ki, bu feyk xəbərlər və reallığı əks etdirməyən şərhlər “İdrak” Liseyi ailəsində ciddi narahatlıq yaradır. Əziz media nümayəndələri və sosial şəbəkə istifadəçiləri, müraciətimizi anlayışla qarşılamanızı, rəsmi məlumatlara istinad etməyinizi Sizlərdən xahiş edirik”.

Media nümayəndələrinin qarşısına vaxtında çıxıb normal bir açıqlama verə bilməyən direktor “İdrak” Liseyi ailəsi”ndəki ciddi narahatlıqdan danışır. Və dünən hamımıza məlum oldu ki, faciənin kökü elə əslində haradan qaynaqlanır: müəllimini güllələyən şagirdin ailəsində olan problemlə “İdrak” ailəsi”nin dərdi təxmini eynidir: ikisində də “ailə başçısı” evinin içində olanlardan bixəbərdir…

Liseyin direktoru artıq vəzifəsindən uzaqlaşdırılıb. Bu, gecikmiş də olsa, zəruri addımdır. Amma bununla məsələ həll olunmur. Əgər eyni düşüncə, eyni məsuliyyətsiz yanaşma sabah başqa bir məktəbdə yenidən üzə çıxacaqsa, bir nəfəri kənarlaşdırmaqla problem aradan qalxmır.

Əsas sual indi budur: bu cür təhsil ocaqları kimlərə tapşırılır, hansı meyarlarla rəhbər seçilir və böhran vəziyyətində adekvat qərar verə bilməyən insanlar niyə məktəb kimi həssas mühitlərin başına gətirilir?

Əgər bu suala cavab axtarılmasa, “İdrak” nümunəsi" vaxtında idrak edilməsə, sabah başqa bir məktəbdə eyni faciə təkrar oluna bilər.

# 130 dəfə oxunub

Oxşar xəbərlər

“Qış nağılı”  II Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirildi

14:05 7 fevral 2026
Məşhur repçi İslamı qəbul etdiyini açıqladı

Məşhur repçi İslamı qəbul etdiyini açıqladı

13:00 7 fevral 2026
Ürəyin yetmədiyi yerdə ağıl bəhanə uydurur... - Aysel Güreldən sitatlar

Ürəyin yetmədiyi yerdə ağıl bəhanə uydurur... - Aysel Güreldən sitatlar

12:30 7 fevral 2026
Özümə söz verdim... - Günün mahnısı

Özümə söz verdim... - Günün mahnısı

11:30 7 fevral 2026
"Hamlet"  filminin dünya premyerası baş tutdu

"Hamlet" filminin dünya premyerası baş tutdu

10:50 7 fevral 2026
Azərbaycan realist rəssamlığının banisi - O, hansı tablolarında erməni terrorunu çəkmişdi?

Azərbaycan realist rəssamlığının banisi - O, hansı tablolarında erməni terrorunu çəkmişdi?

10:20 7 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər