Kulis.as istedadlı şairə Cavi Danın seçmə şeirlərini təqdim edir.
Burda hansı çiçək vardı?
Səhər oyanasan, qardı, görəsən,
Dünyanı ağ örtük sardı, görəsən,
Düşüb rəqs edəsən yorulanacan,
Başının üstünü Ay alanacan...
Külək öpüb keçə barmaqlarından,
Qəfil soruşasan ayaqlarından:
"Burda hansı çiçək vardı görəsən?
Burda niyə belə qardı görəsən?.."
Və xoşbəxt...
Yasaq siqaret sümürən uşaqlar kimiydik bir az,
Uşaq ciyəri kimi çaşıb qalmışdıq.
Qəfil göynərti öpüb yalamışdı köksümüzü,
Qalib ordu halı almışdıq birdən -
Yaralı və xoşbəxt olmuşduq...
Nə sanmışdıq özümüzü?!
Hira kimi
Hira kimidi qəlb evim,
Sığın ki, gizlədim səni.
Bir az dəli kimi sevim,
Bir az ağıllı tək yəni.
Silib süpür, bəzə, rənglə,
Öz mənzilin, otağın tək,
Hərdən çay ya qəhvə dəmlə,
Gəlim əziz qonağın tək.
Aldanma insan səsləri
Bağırsa, çağırsa məni,
Hira kimi ört bu sirri,
Qapat məni, gizlət yəni...
Başqa bir şeir
Orda, üfüqlərin o tərəfində
Başqa bir Günəş var.
Başqa bir dənizin dalğalarında
Başqa bir səhər üçün oyanar.
Orda, üfüqlərin o tərəfində
Başqa adamlar
Başqa şəhərlərin səhərlərinə
Başqa yuxulardan boylanar.
Orda, üfüqlərin o tərəfində
Başqa bir qadın
Başqa bir otaqda, başqa yataqda
Başqa şeir yazar, günəşli, aydın...
Qadınlar şəhəri
Başını itirmiş
qadınlar şəhərində
küçələr boyunca
qadın kəllələri diyirlənər
bədənləri
daş evlərə gömülmüş,
divarlara hörülmüş...
Başını itirmiş
qadınlar şəhərində
divarlardan
iniltilər eşidilər,
pəncərələrdən
qan-yaş damar...
Başını itirmiş
qadınlar şəhərində
hər qadın
bir kişinin başını
bişirməyə borcludur,
sonra isə yeməyə...
Başını itirmiş
qadınlar şəhərində
başı yeyilən kişilər
küçələrdən yığışmazlar...
diyirlənən
qadın başlarını
bir-bir yoxlayarlar
bədənlərinin ölçüləriylə...
Sən bilmədin ki...
Sən
mənim yurdumu
heç görmədin ki,
sən heç gəlmədin ki,
heç bilmədin ki
burda zaman-zaman
dəli küləklər
səndən çox,
səndən xoş əzizlər məni,
elə öz dilimdə nəğmə söyləyər:
- Tı çımı coniş...
( canımsan yəni...)
Sənə danışımmı bizim dənizdən?
Deyimmi kişilər ayrıca çimər,
qadınlar ayrıca, həm də ki donla..?
Dalğalar qırçınlı,
donum qırçınlı...
Neptunun ən dəli, ən çılğın oğlu
sarıb qucaqlayar məni belimdən,
- Mənim ol, mənim ol, ey Talış qızı...
sivişib çıxaram barmaqlarından,
gülüşüm
ilişib qalacaq elə
o qalın, o isti dodaqlarında...
dilim çaşıb yenə düzünü deyər:
- Iştı nim...
(Yəni ki, sənin deyiləm...)
Səni xatırladar Günəş hər axşam
Dağlara dağ çəkib gizlənməsiylə,
Səni tapşıraram qədim ruhlara,
qanımda,genimdə, zehnimdə qalan
min illər əvvəlki həyatımdakı
ən məhrəm duamı
pıçıldayaraq:
-Xıdooom, çımı coni
Hodika ım şəv...
(Tanrım, bu gecə də
Canımı hifz et...)
Ehh,
sən gəlmədin ki,
sən bilmədin ki
“Tı çımı coniş...”
Köhnə qəzet kimi qadın
Köhnə qəzetə bənzəyirdi qadın,
Oxunmuşdu başdan ayağadək,
Vərəq-vərəq didilmişdi ömrü,
Sözbəsöz əzbər tanınırdı buralarda,
Sözsüz, köhnə filmlər tək...
Söz bilirdi iki dənə:
- Allah yolunda..., - pıçıldayırdı hər gün
Allahın yaratdığı yolun kənarında.
Qəpik-qəpik cingildəyirdi qulaqlarında həyat,
Addım-addım keçirdi yanından,
Adam-adam keçirdi...
Qəzet sıxmışdı ayaqqabısının içinə,
Don vurmasın dabanından.
Donmuşdu saçları
Yanvar Günəşi altında.
Bircə gün vardı yadında:
Günəşi unutduğu gün...
Köhnə qəzetdən gəlmiş jurnalist isə
Çəkirdi şəklini sağdan, soldan, qabaqdan...
İşıq saçdı fotoaparatın gözü,
Gözləri qamaşdı qadının,
Günəşi xatırladı.
Gülümsədi, dilləndi birdən:
- İmkan ver, saçlarımı darayım...
Hanı, harda qaldı bu daraq...
İmkan ver, arayım...
Təkliyin eskizləri
Bir başqa payızdı bu,
Bir başqa pəncərədən,
Bir başqa yola baxır
Bu qadının gözləri.
Təzə-pöhrə ağaclar
Təzə bağda üşüyür,
Təzə bir yağış yağır
Yuyur köhnə izləri.
Şeir kimidi hava,
Şeir yazır damlalar,
Pəncərə boyu axır,
Düzür soyuq sözləri.
Süfrədə piroq və çay,
Süfrədə gül şəkli var,
Bir qonaqçın darıxır
Təkliyin eskizləri...
Bilirəm
Üç dəfə
şumlanmış
tarla boyunca
yürü mənimlə..
Bədirlənmiş Ayın nuru
əynimizə biçilmiş də
bu gecə...
ayaqlarımız yalın,
vücudumuz
arfa simi..
Küləklər
üstümüzə toxunub da
keçməkdə..
bu dəli melodiyanı
duydunmu..?
baax...
azadlıq hissidir bu...
dayanıb da nəfəsini dərincə
qollarını yana aç..
dinlə ürəyini...
bir az otsan indi,
bir az dəniz,
bir az meşə,
bir az külək...
aç da saçlarımı
gecədən
daha uzun olsun,
daha qara...
və sənin də gecəndə
dolaşsın
barmaqlarım
bürünc bədənin boyunca
yüyürüb...
sən
torpaq kimi nəmsən,
bax,
torpaq kimi isti...
mənim
qara qanadlı
Anterosum...
məni
sevəcəksən...
bilirəm...