Güzgüdə üzümü görəndə vahimələndim - Bircənin romanı

Güzgüdə üzümü görəndə vahimələndim - Bircənin romanı
20 mart 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Üç-dörd ay vardı hər şənbə-bazar bər-bəzəkli, göyçək bir qadın iki uşağı bizim balkonun altındakı skamyaya oturdub özü bir neçə saatlığa harasa qeyb olurdu. Qadın gələnə kimi bacı-qardaş yerə bitişik oturacaqdan aralanmırdılar, əllərindəki torbalardan şirin şeylər çıxarıb yeyib gələnə-gedənə baxırdılar.

Yemək-içməyi balkonda hazırlayırdım deyə bir gözüm uşaqlarda olurdu. Gün oturacağa şaxıyanda Firəngiz dözə bilmirdi, düşüb körpələri zorla bir az aralıdakı skamyaya keçirirdi, evdə olan meyvədən, konfetdən, bişirdiyim kotletdən çörəyin arasına qoyub uşaqlara aparırdı. Uşaqlar veriləni götürmək istəmirdilər, onda bacım qızı yemək torbasını, su şüşəsini onların yanına qoyub yuxarı qalxırdı. Qalxandan sonra əyilə-əyilə balkona sürünüb xırda deşikdən uşaqlara baxırdı, onların yediyini görəndə özü də uşağa dönürdü:

- Xala, qadan alım, onlara sarı baxma, yeyirlər.

Bir sözlə, neçə aydan bəri iki körpə küçədə it zülmü çəkirdi. Əsnəyə-əsnəyə hər gələn maşının içinə boylanıb analarını görməyəndə ağlaşırdılar. Skamyanın üstündə yuxulayan sısqa qızın üzünə qonan qara milçəkləri qardaşı ağlaya-ağlaya qovduqca ürəyimin başı soyulurdu. Düşüb gimrik oğlanı nə qədər dilə tutsam da düz-əməlli cavab ala bilmirdim.

- Anam xəstədi, həkimə gedib, o gəlincə biz burdan tərpənə bilmərik.

Ana tüyümüş gəlib uşaqları götürəndə ona fikir verirdim: xəstəyə oxşamırdı, üstü-başı bəzəkli, zinətli olurdu.

Bir şənbə yenə anaları onları oturacağa qaxıdıb getmişdi. Qız kirimədən ağlayırdı. Firəngiz dözməyib düşdü uşaqların yanına. Qızı qucağına alıb dodağını alnına söykədi, elə aşağıdan mənə səsləndi:

- Xala, körpə qızdırmadan yanır ey.

- Neyləyək indi?

- Bəlkə qaldırım evə dərman verək?

- Qorxuram, ay Firəngiz, birdən evdə uşağa bir şey olar.

- Bəs burda qalsa olmaz?

- Bilmirəm axı, nə deyim vallah...

Mən çaxna-vaxnadaykən Firəngiz qızı qucağına alıb yuxarı qalxdı. Telli mamanın balasını yaylaqda at sürüyüb öldürəndən sonra nənəm bizə bərk-bərk tapşırmışdı: “Heç kimin uşağına yaxın durmayın, candan, baladan pay olmaz, qəza üz verəndə burun suyu gözə damar”.

Nə illah elədiksə oğlanı yuxarı qaldırammadıq.

- Gələ bilmərəm, - dedi, - anam gəlib bizi yerimizdə görməsə öldürər məni.

Qolları çəyirtkə ayağı kimi nazik sarışın buruq saçlı qızı qızdırma aparırdı. Firəngizə yalvardım:

- Nə eləyirsən elə, bircə uşağa dərman vermə.

- Xala, deyəsən axı mən uşaq xəstəlikləri fakültəsində oxuyuram, bir möhlət ver, qoy görüm neyləyə billəm.

Aydan düşüb aşağıda mələyən qardaşın yanında oturdu. Firəngiz mənim yalvarışıma baxıb türkəçarəyə əl atdı – uşağın ayaqlarını aspirinli suya qoydu, canına nəsə bir məlhəm sürtdü, ardınca qıza moruqlu çay içirtdi, sonra onu büküb qucağına aldı. Sısqa canından tər açılan kimi qızın qızdırması düşdü, uşağı yuxu apardı.

***

Bilmirəm aradan nə müddət keçdi, bir də gördüm kimsə qapımızı təpikləyir. Açdım, körpənin anasıydı: qaşları üçgünlük ay şəklində alnının lap yuxarısında çataqlanmışdı, iri gözləri çəkdiyi sürmənin fonunda lap iri görsənirdi, üzünün qalın dərisi ənlik-kirşanın altından sərt, soyuq parıltıyla bərq vururdu, qaraquş caynaqlarına oxşayan uzun dırnaqları gözümün önündə oynayırdı:

- Sən kimsən, hansı dərənin süləngisisən?! Hanı mənim uşağım? Mat Tereza olmusan mənimçün? Neçə aydı sən mənim canımı boğazıma yığmısan! Çörəkverən çıxmısan?

Quruyub qalmışdım, dillənməyə aman vermirdi. Gəlin məni itələyib ayağıqablı içəri keçdi, uşağını Firəngizin qucağında görəndə bir az da bərkdən qışqırmağa başladı:

- Neyləmisiz mənim uşağıma? Bu dəqiqə polis çağıracam bura!

Məni əsməcə tutdu, gözümü Firəngizin üzünə dikib ondan imdad dilədim. Bacım qızı məndən hünərli çıxdı, gəlini dartıb divana basdı, qucağındakı uşağı onun dizlərinin üstünə qoyub dedi:

- Mən həkiməm, xəstəyə yardım göstərmək mənim borcumdu. Uşağın 39 dərəcə qızdırmanın içində yanırdı...

Sonrasını eşidə bilmədim. Açıq qapıdan özünü qəfil yel kimi içəri təpən Həmid gəlinlə Firəngizin deyişməsinə qulaq asıb gülümsünürdü. Qadın kirimək bilmirdi:

- Sizə nə mənim uşağım xəstədi, acdı, başına gün döyür, yağış döyür! Nə ixtiyarınız var mənim rahatlığımı pozursuz!

Həmidin gözləri gölləyi qurumuş qurbağa gözləri kimi bərəlib işıldayırdı, görkəmindən görünürdü ki, qadının ittihamları onun sinəsinə sarı yağ kimi yayılır. İrəli yeriyib divanda, bəzəkli gəlinin lap yanında oturub dedi:

- Ay xanım, bunlar elə də qorxulu adam deyillər, sadəcə çuşkadılar, kənd iyi hələ də burunlarında qalıb. Bu evdə gördüyün adamların heç biri bu qadının övladı deyil.

Gəlinin qıy kimi qaşları təpəsinəcən dartıldı. Kişi onu şokdan ayılmağa qoymasın deyə tez sözünün gerisini gətirdi:

- Bax, gördüyün bu qızlar da başqa adamın qızlarıdı, o qoca arvadı da küçədən tutub evə salıblar. Hələ bir türk oğlanları da var, onu da metrodan tapıb gətirib evin yuxarı başında otuzdurublar. Kəndçidən bundan artıq nə gözləyəsən axı!

Dəhlizin divarına söykəli qalmışdım. Gəlin göy tuşla çəkilmiş tüksüz qaşlarını bir az da aşağı-yuxarı oynadıb divandan qalxdı:

- Ay müəllim, bəlkə bunlar insan alverçiləriylə, orqan mafiyasıyla əlbirdilər?

Həmid hırıldadı:

- Vallah mən də təzə-təzə tanıyıram bunları, Frankenşteynlə əlbir olduqlarını bilmirəm.

Ürəyim dilimin altında vurmağa başladı, qulaqlarım guppuldadı.

Frankenşteyni tanıyırdım, arada Səməndərin yazılarını verdiyim jurnalist dostumun işlədiyi qəzetdə o adam haqqında silsilə yazılar çap olunurdu – adam beynəlxalq səviyyəli orqan taciri kimi tanınırdı.

Qadın yuxulu uşağını kobud hərəkətlə qucağında dikəldib onu bükdüyümüz adyalı sıyırıb ayağının altına saldı, dikdabanlarıyla adyalın üstünə çıxıb mənə cocudu:

- Sevin ki, sənə əlimi bulamıram. Bir də mənim uşaqlarıma yaxın gəlsən, onlara yemək, su versən səni içəri basdırıb başını qırxdıracam.

Tez əlimi başıma atdım. İlk dəfə on yeddi yaşımda saçım dibdən qırxılanda bir aya qədər güzgüyə yaxın gedəmməmişdim. Bir aydan sonra qarışqa ayağına oxşayan saçlarımı, eybəcər sifətimi güzgüdə görüb vahimələnmişdim. Bu yaşımda özümü yenə o sifətdə təsəvvür eləyəndə bütün bədənim zıldırladı. Həmidin gülən gözlərini görəndə lap pərt oldum, bu dəyirman siçovulunun bu yerimizdə hardan peydahlandığına təəccübləndim.

Firəngiz gəlinin üstünə yeriyib səsini qaldırdı:

- Mən özüm polis çağırıb sənin başını qırxdıraram! İki körpəni neçə aydı küçələrdə qoyub hansı cəhənnəmdən gəldiyini elə bilirsən bilmirəm?

- Pahoo, lap əccəb eləyirəm! Uşaq mənimdi, özüm billəm neylərəm.

- Apar xarabana at uşaqlarını.

- Niyə, bura sənin dədənin yeridi?

- Hə, mənim dədəmin yeridi. Nə vaxt onları orda görsəm yemək də verəcəm, su da verəcəm, dərman da verəcəm.

- Hələ ağzın ovulmayıb sənin, gör mən sizin başınıza nə oyun açdıracam!

- Nə oyun açdıracaqsan? Sən özün küçə avarasısan, iki körpəni yolun ortasında atıb gündə bir maşının tərkinə minirsən. Evinin yerini də bilirəm, sən məndən qorx!

Həmid Firəngizə çımxırdı:

- Kəndçiliyinizə salmayın, adamın işinə burun soxmayın. Həyat onundu, necə istəyir elə də yaşayır. Birdən verdiyiniz dərman uşağı öldürəydi, onda neyləyəcəkdiz?

Elə bil bacım qızını əqrəb sancdı, gəlinin divanın üstündəki çantasını qapıb qoltuğuna verdi, itələyə-itələyə onu qapının ağzına apardı, sonra kişiyə sarı çönüb dedi:

- Kəndçilərin qadası ürəyinizə, ikiniz də cəhənnəm olun burdan! Yaxşılıq, xeyirxahlıq nə vaxtdan töhmət sayılır? Biz beləyik, yıxılanın qolundan tutacağıq, acı yedirdəcəyik, lütü geyindirəcəyik. Siz də uşaqlarınızı küçələrə atıb oynaş dalınca qaçın.

Kişi Firəngizə cocudu:

- Xanımı təhqir eləmə, ayıbdı.

- Ayıb onun elədiyidi.

- Sən nə bilirsən, bəlkə xanımın vacib işi var?

- Əşi, sən ələkçiyə qıl vermə, özün də gəl qoşul bu xanıma rədd ol bizim evdən. Səni kim çağırıb axı bura?

Kişi qadına baxıb çiyinlərini dartdı, bununla demək istəyirdi ki, görürsüz, mənim kimi adamı da təhqir elədilər. Firəngiz də ki susmurdu, əlinə keçmiş girəvədən, bəhanədən səmərəli istifadə eləmək istəyirdi. Neçə gündən bəri bacım qızı bu kişidən yanıqlıydı, indi ürəyindəkiləri onun cəmdəyinə döşəyəndən sonra ikisini də dürtmələyib bloka çıxardı. Firəngiz qapını bağlamaq istəyəndə Həmid ona müqavimət göstərib yekə başını qapının arasından irəli uzatdı:

- Gəlmişdim sizi axşama restorana dəvət eləyim, bu gün mənim kraliçamın (qızını deyirdi) ad günüdü.

Firəngiz onun ətli üzünü geri itələyib dedi:

- Yaxşı dəvətnamə payladın, çox sağ ol, yanındakı şəhərlini götür get.

Qapını şaqqıltıyla çırpıb arxadan cəftələdi. Sonra qaçıb balkona sinib xırda deşikdən əziz qonaqlarımızı izləməyə başladı. Handan-hana qayıdıb dedi:

- Xala, yaxşı tapışdılar, Həmid gəlinlə uşaqlarını maşına mindirib apardı.

Aydan yorğun-yorğun dilləndi:

- Yəqin getdilər çralipanın (Lalənin qızı kraliça sözünü belə deyirdi) ad gününü qeyd eləməyə.

***

Sonra bacımın kiçik qızı mənə yaxşıca dərs verdi:

- Xala, mən yoruldum, sən yorulmadınmı? Bir yana baxanda Doneş (donuzla eşşəyin calağından Həmidə belə bir ayama qondarmışdıq) düz deyir, sən nə vaxtacan ordan-burdan adam tutub evə daşıyacaqsan, yedirdib geyindirəcəksən? Dayım sənə aldığı çətiri də o gün yoldan ötən birinə vermisən.

- Yoldan ötən deyildi, Xocalıda bütün ailəsini, övladlarını itirmiş bir dərd azmanıydı, növrağı pozulmuş bir xanımıydı.

- Paltarlarını daşıdığın kimdi bəs?

- O da kimsəsizdi.

- Xala, nolar, gəl ta bəs eləyək. Bax, Taylanı hamımız çox istəyirik, Xədicəni görməyəndə darıxırıq, daha bundan artığına ehtiyac yoxdu.

Firəngiz bacısına şitəndi:

- Necə yəni yoxdu, hələ gör bizi nələr gözləyir! Aygün xala tezliklə qucağı bələkli gələcək, Nuşu nənə qohumlarından birini yanına salıb gətirəcək ki, evi verin buna, ev də bizim, Qarabağ da bizimdi. Taylan türkiyəli akrabalarıyla, Həmid şəhərli qohumlarıyla gəlib bizi urbanistik eləyəcək.

- Qurbanistik nədi, az?

Firəngiz bacısına cütəlli aley göndərdi:

- Sənin oxuduğun kitablar, coğrafiyadan yazdığın 25 doğru cavab mənim başıma dəysin. Yəni şəhərliləşəcəyik də, şəhərli olacağıq,

Aydan kömbə dodaqlarını irəli uzatdı:

- Bezmişəm ey, sakitlik istəyirəm.

- Neçə ki xalamla mən bu evdəyik, sənə sakitlik olmayacaq.

Dostum, qızlar haqlıydılar.

Yetəri əri döyəndə atamla mən səsə özümüzü dabanqırma çatdırıb kişinin payasını dartıb əlindən alırdıq. Alt qonşumuz Mahının kiçik oğlu müharibədə ölmüş qardaşının dul arvadını çiləyəndə Rüfətlə tikanlı çəpəri yarıb haraya gedirdik, ailəni sinisaf eləyəndən sonra qayıdıb təknəmizdəki axırıncı çörəyin arasına qazanımızda qaynayandan doldurub evin ac uşaqlarına yedirirdik. Kəndin ayağındakı ağır xəstənin heyva, nar deyib boylu gəlin kimi yeriklədiyini comalaqdakı bütün evlər bilirdi, kimdə vardı verirdi, olmayan susub köksünü ötürürdü. O qədər olub güdükçü durmuşam, Rüfət anamın boxçalarını yağmalayıb ordakı limonu, hər evdə tapılmayan şirniləri, daxalda tavandan asdığı heyvanı, Məhərin dəzgahından çıxmış ağac yonqarının içində gizlədiyi turş narı oğurlayıb son günlərini-saatlarını yaşayan xəstələrə ağız dadı aparıb, xəstə yiyəsini ömürlük qaxıncdan, əzabdan qurtarıb.

İndi bəs nə dəyişmişdi? Niyə elədiyim xırda bir yaxşılıq töhmətə, qaxınca çevrilib başıma dəyirdi? Niyə bu şəhərdə xeyirxahlığı avamlıq sayırdılar, canıyananlığı lağa qoyurdular, mehribanlığa pozğunluq damğası vururdular?

Nənəm deyərdi: peşman olan behini batırar. Min bir həvəslə, arzuyla üstünə qaçdığım şəhər insanlığa qoyduğum bütün behimi batırmışdı. İndi tamam başqa bir dünyadaydım, bu mühit məni çevrəsindən yenicə çıxdığım on min illik ailə-icma qanunlarını, el-oba adətlərini öz ayaqlarımla tapdamağa, keçmişlə bağlarımı qırmağa səsləyirdi. Mən özümü kökümdən, bünövrəmdən dəyişməliydim, eldən aldığım təlimatı cırıb atıb şəhər nizamnaməsini əzbərləməliydim. Yıxılanın üstündən, acın böyründən, zorbanın bığının altından keçməliydim.

Bu şəhərdə qırx bacanağı bir it parçalayırdı. Günəş kəndimizdəki kimi doğurdu, ay kəndimizdəki kimi batırdı, heç kimin də bir xorum otu yanmırdı...

# 10797 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #