Tanımadığı oğlanı evində saxlayırdı - Bircənin romanı

Tanımadığı oğlanı evində saxlayırdı - Bircənin romanı
13 mart 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Beləcə, sevib öyrəşdiklərim, dar vaxtımda üstünə qaçdıqlarım məni bu şəhərin, şair demiş, insan səhrasında yalqız qoyub aradan çıxırdılar. Nuşu xaladan sonra Aygün də məndən dönüb təzə əriylə rayonlara bal ayına yollandı. Onun mənim yanımda olmağı, üstümdə göz olmağı bacı-qardaşımın da rahatlığı demək idi. Mənə zəng vuran qardaşlarımın ilk sualı bu olurdu:

- Neylirsən?

Əgər mən:

- Aygünlə oturmuşuq, - deyirdimsə onda qardaş arxayın nəfəs alırdı.

- Lap yaxşı, dincəlin, - deyib rahatca evinə, ailəsinin yanına çəkilirdi.

Axşam-axşam telefonu götürüb bacı-qardaşımın evini səsimlə səyahətə çıxdım:

- Aygün ərə getdi, - deyib onları, belə demək olarsa, muştuluqladım.

Ürəklərində sevinib bacılığa xoş gün dilədilərsə də (buna tam əmin idim) üzdə mənim qorxumdan Aygünü qınadılar. Hakim lap irəli gedib mənə qadağa qoydu:

- Bir də onunla görüşmürsən, evinə də getmirsən. Nə tanıyırıq, bəlkə əri dürüst adam deyil, ya bəlkə heç istəmir arvadı kimləsə rəfiqəlik eləsin.

Mən də Aygünü çox qınadım, ondan üz döndərdim, ancaq bilmirəm niyə. Bircə bunu bilirəm ki, paytaxtda gözaçıq böyümüş Aygün ərə gedib məni nəzərdən salmasaydı, əvvəlki kimi üstümdə göz olsaydı, şəhərin tanımadığım yollarında çirkab quyusuna düşüb ürəyimi ləkələməzdim...

***

...Dostum, əslində mən cəhənnəmdə keçən günlərimin bəzi məqamlarını qara kəfənə tutub gizlində dəfn eləyəcəkdim. Ancaq Səndən gizli heç nə yoxdu dünyada.

Özümü Sənə bütün hüceyrələrimlə, qanımın hər damlasıyla, bütün aşkarlarım, gizlinlərimlə təhvil-təslim eləmək üçün özümə qarşı amansız bir cəbhə açdım. Üstümə qılınc çəkdim. Sən tərəfdən savaşıb özümü yendim.

Sonumda özümdən əl çəkib təpədən-dırnağa Sən oldum. İndi danışan da Sənsən, dinləyən də. Qulaq as...

***

Novruzu təzəcə yola salmışdıq. Cavidin axırıncı ayının kirayə pulunu ödəyib rahatlığa çıxmışdım.

Onu da deyim ki, tək-tənha gəzib-dolaşmaqdan həmişə ayrı zövq almışam. Bir gün nahar fasiləsində işimlə üzbəüzdəki təsviri sənət qalereyasına getdim. Ordakı rəsmlərə, heykəllərə xeyli tamaşa elədim. Geri qayıdanda diqqətsiz keçdiyim küçədə məni maşın vurdu.

Hakim də, Lalə də həmişə küçəni tələsik keçməyin üstündə məni danlayırdılar, bu xasiyyətimin bir gün başıma bəla açacağından qorxurdular.

Yolun qırağında dayanıb sel kimi axan maşınların seyrəlməsini gözləyirdim. Ani imkan tapanda sola baxa-baxa enli yolu yarıyacan keçib xəttin üstündə durdum. Sağdan gələn maşın dayanıb mənə yol verdi. Onun arxasından keçib sürətlə yolun o tayına adlamaq istəyəndə bir də gördüm yerdə çabalayıram.

Telefonum, əl çantam hərəsi bir yana uçdu. Yolda hərəkət dayandı, maşından düşən adamlar məni sürüyüb səkiyə çıxardılar. Ayrı şeyin hayında deyildim, tezcə yerimdən qalxıb ayaq tutmaq, işə vaxtında çatmaq istəyirdim.

Pırtlaq gözlü, balaca boylu, kvadrat bığlı birisi hamıdan çox deyinirdi:

- Ay bacı, belə olmaz axı, bir sağa-sola baxın. Bu kəndçilər gələndən günümüz göy əsgiyə bükülüb də.

Bir cavan oğlan üstünə yeriyib kişini xırxaladı:

- Qabaqdangəlmişlik eləmə, qadını vurub atmadın irəlidəki maşının belinə?

- Vurmadım e, tormozum tutmadı.

- Tormozunu kəndçilər boşaldıblar?

Ürəyim bulanırdı, neyləyəcəyimi bilmirdim. Kişi bir də mənə sarı şığıdı:

- Ay bacı, ağrıyan yerin yoxdusa qalx səni evinə aparım, polis gəlsə ikimizin də cıbıldırığımızı çıxardacaq.

Bayaqdan kəndçilərə lağ eləyən kişinin dilindən çıxan “cıbıldırıq” sözünə o hayda gülməyim gəldi. Özümü cər-cəmləyib ayağa qalxdım:

- Telefonumu ver, rədd ol başımdan.

İçi-çölü bir-birindən aralanmış telefonun içalatını qomlayıb ovcuma qoydular. Çantamı götürüb hadisə yerinin beş addımlığındakı ofisimizə qayıtdım. Elgünə yıxıldığımı dedim, icazə alıb taksiylə evə getdim. Pilləkənləri gücün qalxdım, hankı zavala gəldiyimi qızlara danışmadım, yorğanı başıma çəkib ölməyimi gözləməyə başladım...

Səhəri nə təhər açdım bilmirəm. Sızıldamayan yerim yoxuydu. Sağ tərəfim kömür kimi qaralmışdı - arxadan vurulan zəif təkan məni sağ böyrüm üstə yerə sərmişdi. Canımın, qolumun əziyini görən Firəngiz dil boğaza qoymadı:

- Xala, düzünü de, səni ya möhkəm döyüblər, ya da maşın vurub.

- Gicləmə, yıxılmışam.

Tibb Universitetində oxuyan bacım qızı dadıma çatdı – mənə ağrıkəsən iynələr vurdu, canımın əziklərinə məlhəm sürtdü. Başımın ağrısı, üzümün əziyi ağzıma bir tikə aparmağa imkan vermirdi. Xədicə canımın göyərmiş yerlərinə baxıb gözünün suyunu axıdırdı, boğazımdan loxma keçəndə sevindiyindən əsirdi, öz dilində nəsə kəkələyirdi.

***

Hadisədən üç gün keçmiş Sevilin kiçik qızı Aydan döyülən qapımızın gözlüyündən baxıb dedi:

- Xala, qapıda bir yastı kişi durub.

- Yastı kişi gözləyənimiz var?

- Yox.

- Onda gedin dərsinizlə məşğul olun, yəqin səhv gəlib.

Qapı yenə döyüldü. Bu dəfə hamıdan ürəkli Firəngiz çıxdı. Mən otaqdan ancaq səsləri eşidə bilirdim – salam verən adamın səsi mənə o qədər tanış gəldi ki, səksəndim, amma onun səsini harda eşitdiyimi anışdıra bilmədim. Firəngiz bəlkə də qorxusundan bərk danışırdı:

- Kimsiz, nə lazımdı sizə?

Dinşədim, səs gəlmədi. Firəngiz bir də qışqıranda çarpayıdan dikəldim, Xədicəni özümə söykək verib başımı otaqdan qapıya sarı uzatdım. Firəngizlə burun-buruna dayanmış yapalağı görəndə canımdan uçunma keçdi, sümüklərim az qaldı çiliklənib içimə tökülə. Əlimlə yaxamı tutub kişiyə tərəf qolaylandım:

- Nə var, nəyə gəlmisən, iyləyib-çüyləyib evin yerini hardan tapdın?

Kişi bir mənə, bir Firəngizə, bir də Xədicəyə baxıb dedi:

- Ay bacı, nigaran qaldım, gəldim görüm necəsiz.

- İki gün gözlədin gördün arxanca polis gəlmədi, sonra yadına düşdüm?

Kişi əlindəki torbanı kimə uzatdısa alan olmadı. Qapının ağzında onu dövrələmiş üç qıza baxa-baxa qaldı, ancaq yenə dilini dinməz qoymadı:

- Nə qəşəng qızlarınız var, yəqin bu da ananızdı, - deyib əliylə Xədicəni göstərdi.

- Əşi, sənin nəyinə lazım, torbanı da götür çıx evimdən.

- Bilirəm acıqlısız, mənə düşmən kimi baxırsız. Heç olmasa yoldaşınızı çağırın onunla söhbətləşim, dərmanlarınıza köməklik eləyim.

- Yoldaşım gəlsə işin lap ağır olacaq, yavaşca sürüş burdan.

Firəngiz bayır qapını açıb kişinin üzünə şinədi. Adam torbası əlində qapıdan çıxan kimi qızlar canıma daraşdılar.

- Niyə qoymadın o bostan xırasına oxşayanın torbasını alaq, - Firəngiz dedi, - içində ananas da vardı, quyruğunu gördüm.

Aydan:

- Xala, hər şeyi başa düşdüm, bəs yoldaşın kimdi, - dedi, - kimlə qorxudurdun nənəmin toxumluq saxladığı xiyara oxşayan kişini?

Pərtliyimi ört-basdır eləmək üçün bağırdım:

- Durun rədd olun yanımdan! Hamınız torba güdürsüz, üçünüz bir Taylana dəyməzsiniz. O burda olsaydı mən belə əziyyət çəkməzdim.

Firəngiz cavabımı ləngitmədi:

- Onsuz da xalamın çörəyi dizinin üstündədi, neyləsək də yadı sevəcək. Amma ananı düz tapdı ha, - deyib çənəsini Xədicəyə doğru uzatdı.

Firəngiz güləndə Xədicə də sevinirdi, bilirdim ondan qorxduğuna görə yazığın üzü gülür. Özümü çarpayıya yıxıb dedim:

- Bir az da qulluğunda dursam Xədicə mənə anadan artıq olar. Mən elə doğulandan yetiməm, anamın sağ olmağı həyatımın hansı küncünə işıq salıb ki?

- Deyək mənim anam öz istədiyinə getdi deyə nənəm biz tərəfə yön çevirmədi, bəs sənə niyə can yandırmır?

- Bilmirəm, ay Firəngiz, əl çək məndən, sümüklərim ağrıyır.

- Anam da sənin kimidi, deməyə sözü olmayanda bizi başından genidir.

***

O gündən sonra biz o kişini qapıdan qovduq, o, başını bacadan uzatdı. Hər gələndə yanında cürbəcür adamlar olurdu. Mən onların heç birini içəri buraxmırdım, elə qapının ağzındaca bəzən acılayırdım, bəzən də al dillə yola verirdim:

- Ay qardaş, məni narahat eləməyin, - deyirdim, - şükür salamat qurtarmışıq, əziklərim sağalır, göyərən yerlərim saralır.

Adam əsla yaxamızdan qopmaq fikrində deyildi. Növbəti günlərin birində yanında bir cüt qadın yenə qapımızı kəsdirdi. Qadınlar içəri gircək mənə sarılıb köhnənin tanışları kimi söhbətə başladılar:

- Allah adamın işini yaxşı adamlara salsın, - biri dilləndi, - şükür salamatlıq olub, şikayətçi düşməmisiz. Mən Həmidin bacısıyam, bu da mənim rəfiqəmdi, həkim işləyir. Özüm gətirmişəm sizi yoxlasın, görək əziyiniz, sınığınız yoxdu ki?

Qızlar yanımda, Xədicə dizimin dibində onun ağzına baxırdım. Qadınlar ikisi də bərli-bəzəkliydilər, onların geyim-keciminə, boyalı uzun dırnaqlarına, dəbli saçlarına baxıb öz görkəmimdən utanırdım: saçım-başım pırtlaşıq, əllərim çopur, dırnaqlarım keçəl, əynimdə xalatım əzik... Bilmirdim özümü harda gizlədim.

Qadınlar arada rusca danışıb bir-birinə bizim qaçqın olduğumuzu deyirdilər. Özümü sındırmadım:

- Qaçqın deyilik, - dedim, - həkimlik bir işim də yoxdu, narahat olmayın.

- Təki olmasın, biz yenə borcumuzdan çıxaq, - deyib qolumu, ayağımı ehtiyatla əlləşdirməyə başladılar.

Canımın göyərmiş yerlərini görəndə həkim dediklərinin gözü bərəldi:

- Möhkəm əzilmisiz, - dedi, - bu ağrıları evdə çəkə bilmisizsə afərin sizə.

Həmidin bacısı malalamağa çalışdı:

- Yox, Rufa, xanım özü ağbənizdi, ona görə bu dərəcədə göyərib.

Firəngiz irəli durub elədiklərini sadalayanda doxtur xanım təəccübləndi:

- Deyəsən qızınız həkimdi?

- Yox, hələ tələbədi.

Qadın bacım qızının gördüyü tədbirlərdən razı qalmışdı. Qızların üçündən də harda oxuduqlarını soruşandan sonra yenə keçdi rəfiqəsiylə rusca mükaliməyə:

- Bizim Renkanın boyunu yerə soxum, yüz bal da yığa bilmədi. Görürsən rayondan gələnləri?

Xədicə əsnəyib kəkələyəndə qadınlar elə bil eyməndilər, yerlərindən dik qalxıb sağollaşıb çıxdılar.

Qızlar məni açdıqları süfrənin başında oturdub yenə şəbədə pərdəsini qurdular. Cavidin dostunun bacısı görkəmcə məni vuran kişinin bacısına bənzəyirdi, yanbızları onunku kimi iriydi. Firəngiz qıza dikdaban geydirib başladı həkimi yamsılamağa:

- Boyunuzu yerə soxum, şəhər qızları, kənddən gələn çuşkalar hərəsi bir universitetdə oxuyur. Barı Xədicə nənənizdən utanın!

Bu məqamda Aydan girdi səhnəyə:

- Hələ qardaşımız Taylanı görəsiz, Türkiyənin gözüdü. O biri qardaşımız Cavid də Amerikada velosiped sürmək öyrənir.

- Şəhər eşqi olmasa kənd qızları da bizimkilər kimi oxumazlar. Kəndçilər şəhəri görmək üçün, sərbəst həyatın dadına baxmaq üçün kitablardan sallaşırlar. Bizimkilər oxumasalar da Allah onlara istədiklərini verəcək.

- Yalansa boyuna boz ip tutum.

- Nənəmin bir tapmacasının cavabını bilməz ey, bizi bəyənmir.

Qadınların bir-birinə rusca vurduqları eyhamların hamısını anlayan Firəngiz yanıb tökülürdü:

- Xala, niyə özünü yesir kimi göstərdin, niyə onların cavabını vermədin?

- Evimin içində nə deyəydim qonağa?

- Eybi yox, Allah eləsin bir də gəlsinlər, onda mən bilərəm neylərəm onlara.

Qızlar şəhərli xanımların bizi ələ salmalarını ələ salırdılar. Onların qurduğu tamaşaya baxdıqca əzilmiş qabırğalarımı əllərimlə tutub ağrıya-ağrıya gülürdüm.

***

Canımın qançırları sağalmamış onların əlindən baş götürüb işə qaçdım. Yenə yaxamı buraxmadılar. İki ötüb üç deyən günü kişi yanında bir nəfər, əlində ucuz şirniyyat özünü təpirdi evimizə. Hər gələndə dolu süfrəmizə baxıb qarnının pasağını ortalığa dağıdırdı. Guya zarafat eləyirdi:

- Qudurmusuz, yarpaq dolması, aş, dovğa yeyirsiz hər gün.

Firəngizin uzun dili onun üzünü dalayırdı:

- Bəs siz nə yeyirsiz?

- Aşı, dolmanı biz ancaq bayramlarda bişiririk. Mən qoymaram yoldaşım hər gün dolma bükə, əlləri qaralar.

- Amma bizim bişirdiyimizi ovuclayıb aşırırsız.

- Ətri xoş gəldi, dadına baxmaq istədim. Biz kolbasaya, sosiskaya, konservlərə üstünlük veririk.

- Ancaq biz kəndçilər günümüzün çoxunu qazan qırağında keçiririk.

- Ondansa rus dilini öyrən.

- Qadam rusun ürəyinə, qoy o mənim dilimi öyrənsin.

- Gül kimi qızlarsız, siz ləhcəylə danışanda adamın ürəyi bulanır.

- Unutmayın ki, mən Tibb Universitetinin tələbəsiyəm, rusca danışmağı da, yazmağı da yaxşı bilirəm. Vallah elə biz də sizin ləhcənizdən diksinirik.

Taylanın evimizdəki ərki, məqamı, Xədicənin yuxarı başda otuzdurulub bəslənməyi, üç qızdan heç birinin mənim qızım olmamağı kişinin donba gözlərini bir az da pırtladıb qabağa çıxarmışdı. Qarnı titrəyə-titrəyə evin içində meydan qurub uçalanırdı:

- Mənim şəkərim bəlkə də indi dörd yüzə qalxıb. Bunu ancaq kəndçilər eləyə bilər – bacın qızlarını bildim, cəhənnəmə, dost qızını da bildim, day küçədən tapdığın oğlanı niyə evində saxlayırsan? Üç qızın yaşadığı mənzildə başqa ölkədən gəlmiş bir oğlan yatıb-durur.

Kişinin hərəkətlərini izlədikcə gözləri oynayan Xədicə fağır-fağır üzümə baxıb udqunurdu. Həmid onu da yaddan çıxarmadı:

- Ailəsinin yaxın durmadığı bir başdanxarab xəstəni də otuzdurmusuz ocağınızın başında. Sizin hamamda çimir, sizin divanda oturur, sizin qabınızdan yeyir – qorxmursuz bir keçici xəstəliyi olar?

Xədicə ağlamağa başlayanda mən yerimdən dik qalxdım:

- Ən qorxulu yoluxucu xəstəlik sənsən gəlib keçmisən boğazımıza. Dur rədd ol mənim evimdən! Sənə nə var mən kimi saxlayıram, kimlə yaşayıram? Sən şəhərdə böyüyüb nə qələt eləmisən, nəyin üstündü bizdən?

- Çox şeydə üstünəm. Mənim qohum-əqrəbam evimi belə zəbt eləyə bilməz. Bacılarımı görmüsən də, onlar qonşu baxa-baxa uşaqlarının oğlan dostunu evə buraxmazlar.

- Mən buraxıram.

- Başını soxmusan kola, quyruğun qalıb bayırda. Bilirsən indi qonşular sənin haqqında nə deyirlər?

- Nə deyirlər?

- Deyirlər ki, oğlu yaşda oğlan saxlayır evində.

- Qoy desinlər, bunun nəyi pisdi?

- Necə nəyi pisdi, sabah oğlun gələndə utanmayacaqsan?

- Mənim oğlum yaxşı bilir evimdə kim yaşayır.

- Məndən demək, bu hərəkətin sənin adına ləkədi.

Onun murdar fikri mənə indi çatdı. Boylu arvadlar sayaq ürəyim bulandı, gözümü yumub ağzımı açdım:

- Mənim adımı qorumaq sənə qalmayıb, süpürül burdan! Bir də ayağın evimin kandarına dəyməsin! Belə saf adamlar barəsində elə murdar düşünən alçağın mənim ocağımın qırağında bir işi yoxdu.

Kişi daş dəymiş ayı kimi donquldana-donquldana qapıdan çıxdı.

# 10632 dəfə oxunub

Oxşar xəbərlər

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

12:00 15 noyabr 2024
Xalq artisti:  "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

Xalq artisti: "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

17:00 14 noyabr 2024
# # #