Yoldaşına yalvaran təzə gəlin – BİRCƏNİN ROMANI

Yoldaşına yalvaran təzə gəlin – BİRCƏNİN ROMANI
21 aprel 2017
# 12:31

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Divanın üstündə məni nə vaxt yuxu aparmışdı, bilmirəm. Gözlərimi Eminin səsinə açdım – işə tələsirdi, anasından səhər yeməyi istəyirdi. Qaynanamın:

- Məndən niyə istəyirsən? Xərc çəkib, pul töküb arvad almısan, çağır yeməyini versin, - dediyini eşidəndə könülsüz-könülsüz yerimdən qalxıb mətbəxə keçdim.

Evin bütün otaqlarının qapısı böyük zala açılırdı, mətbəxsə zalın baş tərəfinə bitişik idi. Qazana xeyli yumurta yığıb qaynamağa qoydum. Elektrik samovarını qoşdum. Soyuducuda səhər yeməyinə aid nə vardısa süfrəyə düzdüm. Bu müddətdə Emin hamamda yuyunurdu. Qaynamış yumurtaları soydum, çayı süzdüm. Onun tələsə-tələsə evə keçdiyini görcək isti yumurtalardan üçünü bir nimçəyə qoyub pəncərəni açdım, boşqabı əlimin ortasında aynadan çölə tutdum ki, yel vurub yumurtaları tez soyutsun, Emin işə gecikməsin.

Bu vəziyyətdə neçə saniyə, neçə dəqiqə qaldığım yadımda deyil. Birdən arxada nəsə bir hənirti duydum. Geri çevriləndə qaynatamın bərəlmiş gözlərini görüb diksindim. Kişidən xeyli geridə zala açılan bir qapıdan qaynım, bir qapıdan qaynanam, bir qapıdan da Emin başını çıxarıb mətbəxə doğru uzatmışdı. Qaynatam udquna-udquna:

- Bircə, otur, qızım, nolub sənə, niyə belə eləyirsən? - deyib arxadan məni qucaqladı.

Mən gülə-gülə:

- Yumurtaları soyuduram ki, Emin tələsir, yeyib getsin, - dedim.

Kişi məni buraxıb stula çökdü. Geri çevrilib aralıdan Emini nifrətlə süzdü, handan-hana ağır-ağır yerindən qalxıb “Allah sizə lənət eləsin!” deyəndən sonra otağının qapısını zərblə vurub qaranlığa çəkildi.

Heç demə, mən yumurtaları pəncərədən soyuq havaya tutub gözləyəndə Emin evdəkiləri him-cimlə çağırıb ki, çıxıb mənə baxsınlar; bunlar elə biliblər mən dəli olmuşam, özümü unutmuşam. Gerçək səbəb ortaya gələndə isə deyərdin bəs qurbağa gölünə daş atdılar. Bu adamlar gümanlarının yanlış çıxdığına heç bir qırıq sevinmədilər də.

Mən qızdırdığım çörək dilimlərinin üstünə yağ-pendir çəkib onun qabağına qoyurdum. Emin isti çörəkdən yeyir, şirin çaydan qurtumlayır, arabir də mənə baxıb qımışırdı. Axırda soyutduğum yumurtaları da aşırdı, gəldiyim gündən ilk dəfə mənə “sağ ol” deyib qapıdan çıxdı.

Bu evdə qırx il beləcə yaşamağa, qulluqçu kimi, qaravaş kimi hamının əziyyətini çəkməyə razıydım, təki heç kim məni o çarpayıya sürükləməsin, kişi deyilən bir bəndə mənə barmağını vurmasın. Bu halım məni tam qane eləyirdi.

***

Hamını yedirib yola saldım. Qaynatam da harasa getdi. Mən böyük evdə, geniş həyətdə təkcənə qaldım. Yenə həvəslə qab-qaşığı yudum, ev-eşiyi yığışdırdım. Desəm darıxırdım, yalan olar – çox rahat, çox da sakit idim. Əlim boşalandan sonra hələ heç qapısını da açmadığım otaqları bir-bir gəzməyə başladım.

Yarıqaranlıq otaqlar bahalı qədimi mebellərlə bəzədilmişdi. Ən çox da qaynatamın otağı maraqlı gəldi mənə. Bu otağın divarları boyu ağzı qapılı bir xeyli taxça vardı, hamısında da keçmişdən qalma mis qablar, gülabdanlar, qədimi Quranlar, tikmələr... Divara iri bir xalça vurulmuşdu, üstünə ilmələrlə “1878” yazılmışdı. Xalçanın yanından bir cüt tüfəng asılmışdı.

Otağın havası məni sehirləmişdi, elə bilirdim muzeyə düşmüşəm. Qapıyla üzbəüz taxçanı açanda lap sevindim: burda çoxlu kitab vardı, hamısı da tarixi kitablar. Bunların arasından Napoleon haqqında bir kitab tapdım, sağa-sola vərəqlədim, mənə maraqlı gəldi, kitabın tozunu silib oxumaq üçün götürdüm.

Qaynanamın otağı da bir ayrı cür maraqlıydı (Hələ başa düşməmişdim ki, qaynanamla qaynatam niyə ayrı-ayrı otaqlarda yaşayırlar). Burda bir kisə qoz vardı, əlimi kisəyə salanda qozun şaqqıltısından diksinib vahimələndim, tez özümü bayıra atdım. Şaqqıltısından qorxsam da, qoz kisəsi məni həvəsləndirmişdi, qaynanamın ehtiyatından bir ləyən qoz götürüb keçdim mətbəxə, başladım bunları bir-bir sındırıb ləpələməyə. Bilmirəm nədəndi, qabıqlı qozu qırıb ləpələrini arıtlayanda həmişə mənə sevinc gəlir, əsəblərim dincəlir.

Arıtladığım bir ləyən qozun bir iri boşqab ağappaq ləpəsi çıxdı. Gördüm yenə sakitlikdi, gəlib-gedən yoxdu, evi axtarıb un, şəkər tapdım, qozlu piroq bişirdim. Əl işimə baxdıqca sevinirdim, indi də istəyirdim ev adamları evə tez yığışsınlar, əl işimdən dadıb məni tərifləsinlər.

Qaynanam piroqları görəndə sevindisə də, qoz kisəsini icazəsiz açdığıma görə məni danladı, bundan sonra otağına izinsiz girməyi mənə qadağan elədi. Piroqu da gizlədi, dedi sabah qardaşım oğlunun toyudu, aparacam toya. Mənə bərk-bərk tapşırdı ki, piroq bişirdiyimi heç kəsə deməyim. Sevincim qursağımda qaldı, danlaqlar məni yamanca pərt elədi, anladım ki, hər evin öz qanunu varmış. Məsələn, bizim evdə belə bir sürpriz xüsusi törənlə qarşılanardı, hamı süfrəyə yığışıb bişirdiyimi bəh-bəhlə yeyərdi, qardaşlarım, əmilərim məni tərifləyib dağ başına qoyardılar. Deməli, bura bir başqaymış, bundan sonra gərək əl-ayağımı yığaydım.

Amma qaynatam onun otağına girdiyimə görə çox sevindi:

- İstədiyin vaxt girib bu otaqdan istədiyini götürə bilərsən, - deməklə mənə azadlıq verdi.

Günü bu minvalla başa vurdum. Axşam yeməyində hamı sabahkı toyu müzakirə eləyirdi: toya kim-kim gedəcək, nə qədər pul yazdıracaqlar, nə geyinəcəklər... Qaynatam məni də toya aparmaq istədiyini deyəndə qaynanam buna qəti etiraz elədi. Onda kişi məndən üzr istəyirmiş kimi həlim səslə soruşdu:

- Dovşan, səni toya aparmasaq, küsməzsən ki?

- Yox, - dedim, - niyə küsürəm!

Ta ölənə qədər o, nadir hallarda adımı çəkdi, həmişə məni “dovşan” deyib çağırdı...

***

Beynimdə sabahkı günün planını tutmuşdum artıq: ev-eşiyi təmizləyib yeməkləri bişirəndən sonra həyəti gəzib dolanacam, bir də çoxlu kitab oxuyacam. Sabah evdə tək qalacağımı düşündükcə özümü xoşbəxt sanırdım, içimdə çalıb-oynayırdım. Sakit ötən hər günümə görə şükür eləyirdim. Artıq qozun, piroqun pərtliyi də keçib getmişdi, özümü sabahkı günə kökləyirdim.

Axşam süfrəsini sabahkı azadlığın içimə yayılan həzziylə yığıb-yığışdırdım, həyətə düşüb gəzməyə başladım. Artıq mart qurtarırdı. Soyuq yaz gecəsində içimdəki səhralıq təbiətin hökmüylə tənbəl-tənbəl oyanır, yavaş-yavaş isinişməyə başladığım bu yad adamlarla, hələ də rəngini, dadını bilmədiyim həyat yoldaşımla bağlı qəribə duyğular göyərirdi içimdə. Göyə səpələnmiş ulduzlar, quruldaşan qurbağalar, daha üzlərini görməkdən ötrü əsla darıxmadığım əzizlərimin, doğmalarımın solğun surətləri, önümdə açılmış yeni bir həyat, Əli Kərimin ürəyimə pıçıldadığım misraları... mənim o gecəmə damğasını vurub getməkdəydi.

Özümə necə qapılmışdımsa, qəflətən sönən həyət işığı məni səksəndirdi. Sən demə, neçə aydan bəri ilk dəfə mahnı da oxumuşam o gecə, gecənin səssizliyində səsim bir az bərk çıxıb. Məni içəriyə çağıra bilməyən Emin əlacsız qalıb həyətin işıqlarını söndürüb ki, bəlkə qaranlıqda eymənib evə girəm; görünür, ata-anasının yanında utanıb mənə səslənməyə. Ancaq çölün zülmət qaranlığı məni qorxutmadı, eşikdə bir xeyli də oturdum ki, Emin dərin yuxuya getsin, sonra otağımıza qayıdım.

Bir az da çöldə qalandan sonra gecənin vahiməli səssizliyi, yazın soyuğu məni içəri qovdu. Ayaqlarımın ucunda otağa keçdim. Emin qoşa çarpayının mən yatdığım tayında ağzı üstə uzanmışdı. Gecə lampasının zəif işığında onun yatmış, yoxsa oyaq olduğunu anışdıra bilmədim, üstəlik, mənim yerimdə yatdığına təəccübləndim. Hərdən mənə elə gəlirdi Emin məndən iyrənir; indi o mənim yastığımı bağrına elə basmışdı ki, öz düşündüklərimdən özüm xəcalət çəkdim. Onu belə görəndə ürəyimə ilıq bir dalğa yayıldı, istədim sakitcə soyunub onun yanına uzanım, üzümü onun tüklü qollarına söykəyim, nəfəsim nəfəsinə qarışsın. Hərçənd bilmirdim belə eləsəm, qarşılığı nə olar, qorxurdum yenə məni itələyər, alçaldar.

Ancaq indi Eminin mənim yerimdə uzanmağı nədənsə məni bir balaca ürəkləndirmişdi. Odu ki, bir pişik ehtiyatkarlığı ilə yorğanı onun açıq kürəyinə örtdüm. Tərpənmirdi. Düşündüm yatmış olar. Qaynatamın otağından götürdüyüm kitabı açdım, kürsüyə əyləşib lampa işığında oxumağa başladım. Nə qədər keçdi, bilmirəm. Birdən Emin dikəlib yorğanı hikkəylə yerə atdı, çarpayının ortasında oturub:

- Səni bir də oxuyan görsəm, dilini kəsəcəm, - dedi.

Mən əlimdəki kitabı cəld çevirib üz qabığına baxdım, düşündüm bəlkə orda nəsə eybəcər bir təsvir var. Bu vaxt onun üzünə nifrətlə istehzanın qarışığından bir niqab çəkildi:

- Özünü tülkülüyə qoyma, kitabı demirəm, eşq mahnılarını deyirəm.

Bir anda nəfəsim içimə batdı, göbəyimin altından bir sancı keçdi. Bildim ki, bir az əvvəl həyətdə pəsdən oxuduğumu eşidib. O, azacıq gözləyib hökmlə soruşdu:

- Eşitdin?!

Mən dərhal:

- Eşitdim, - deyib başımı yırğaladım.

Sonra o, çarpayının özü yatan tərəfinə keçib yorğanı üstünə çəkdi. Bir az əvvəl ürəyimdən keçənlərə görə özümü qınadım. O, xoruldamağa başlayana qədər kitab əlimdə kürsüdə domuşub gözlədim. Ancaq daha oxuduqlarım beynimə batmırdı, içimin okean boşluğunda arabir Əli Kərimin misraları boy göstərib qeybə çəkilirdi:

Qayıt, mənim gülüm, yerbəyer elə

Dərdli səhərləri, gecələri sən...

Qayıt, yerinə qoy Ayı, Günəşi,

Yenə olduğutək görüm həyatı...

...Şeir kimi yox, dua kimi pıçıldayırdım bu misraları, Dostum. Sənin gəlişin üçün dua eləyirdim. Sənə yalvarırdım, Sənə üsyan eləyirdim, Sənə minnətçi düşürdüm, ey qəlbimin kimsənəsi, ey könlümün yiyəsi, zavallı başımın tək bəlası, tək ağası...

***

Səhər yeməyindən sonra külfət toy evinə getməyə hazırlaşırdı. Evimizdə olduğu kimi burda da hamının paltarlarını bircə-bircə ütülədim, ayaqqabılarını təmizlədim. Sonra qaynanamın saçına-başına əl gəzdirdim. Ən axırda növbə Eminə çatdı: o, köynəyini əyninə taxıb balaca uşaq kimi qarşımda dayandı. Köynəyin düymələrini mən bağladım. Ardınca onun saatını, üzüyünü verdim. Mənim onu bəzəyib-düzəməyimə Emin səbirlə tamaşa elədi. Qaynanam mənə bir-iki tapşırıq verəndən sonra doluşdular maşına. Maşın həyətdən çıxdı.

Qaynatam məni özüylə qapıya qədər apardı, mənə darvazanı içəri üzdən bağlamağı tapşırıb o da maşına oturdu. Mən tapşırılan kimi eləyib qaça-qaça özümü evə saldım. Elə bildim üstümdən dağ götürüldü. Eminin axşamkı tapşırığı eynimə də deyildi, oxuya-oxuya başladım evləri yığışdırmağa. Axşamacan məni adamsız evdə sakit bir gün gözləyirdi.

Qaynanamın otağına keçəndə dünən bişirdiyim piroqun burda qaldığını gördüm. Dilxor oldum, fikirləşdim yəqin kimsə piroqu aparmaq üçün evə qayıdacaq. İçimdə bir səksəkə, həyəcan baş qaldırdı.

Saat günortaya doğru irəliləyəndə mən işlərimi bitirib hamama girdim. Arxayın, rahat çimdim, saçlarımı yudum. Bura gələndən ilk dəfəydi belə rahat hamamlanırdım. Özümə çoxlu salavat verdim. Bu səkkiz gündə üç dəfə burnum qanamışdı, onda da qaynatam burnuma nəsə kül kimi bir şey sürtmüşdü, qanım tezcə kəsmişdi.

Heç nə barədə düşünmürdüm. Mənə elə gəlirdi bu xoş gün heç bitməyəcək, elə bilirdim ev adamları biryolluq tərk eləyiblər bu evi. Elə bilirdim heç Emin də bura qayıtmayacaq, mən də bu kimsəsiz evin əbədi xoşbəxt sakini olacam.

Bəzəkli gəlin xalatıma bürünüb evə qalxdım. Yenə oxuyurdum. Əynimə başqa paltar geymək istəmirdim hələ. Onsuz da mən altdan-üstdən geyinməyi xoşlamırdım. Fikirləşdim gün əyilənəcən elə bu xalatda gəzərəm. Oxuya-oxuya saçlarımı dəsmalla qurulayıb samovardan özümə bir çay süzdüm. Divardakı köhnə kəfkirli saata baxdım: ikiyə on dəqiqə qalırdı. Piroqdan bircə tikə kəsib yemək iştahamdan keçdi, ancaq tez də fikrimdən daşındım, qorxdum qaynanam adam göndərib piroqu istəyə, biabır olam. Neçə gündən bəri ilk dəfə güzgüyə ürəklə baxdım: ordan boylanan – qızdanmı deyim, qadındanmı – ilk dəfə xoşum gəldi. Yadıma sala bilmədim ki, axırıncı dəfə özümü nə vaxt bəyənmişəm.

Birdən bir-birinə bərk dəyən dəmir səsi gəldi qulağıma. Pəncərədən boylandım, elə bildim yer ayağımın altından qaçdı: Emin həyət darvazasını açırdı!

Maşını həyətə sürdü, qayıdıb darvazanı bağlayanda belimdən küt bir ağrı keçdi. Tez özümü sakitləşdirdim ki, yəqin piroqu aparmağa gəlib. Cəld otağımıza qaçıb üst-üstə üç tuman geyindim. Xalatımın düymələrini bağlayıb yaş dəsmalı başımdan açdım. Qaynanamın otağına girib iri sinidəki piroqu götürdüm, aparıb seyvanın sürahisinin üstünə qoydum. Pillələri qalxa-qalxa Emin bəlkə də mənim niyə belə əl-ayağa düşdüyümü anlamaq istəyirdi. Mən piroqu ona uzadıb:

- Al apar, - dedim.

O, üzümə baxmadan soruşdu:

- Nəyi?

- Bunu da, piroqu.

O, təəccüblə mənə sarı qayıtdı:

- Hara aparım, başın xarab olub?

Mən də eyni təəccüblə:

- Bəs bunu aparmağa gəlməmisən? - soruşdum.

- Yox, toy mənə ləzzət eləmədi, - deyib arxaya baxmadan birbaşa otağımıza keçdi.

Bu günlə bağlı bütün sevincim, nəşəm gözümdə boğuldu. İçimdə bir vəlvələ, vahimə baş qaldırdı. Həyətə düşüb hardasa gizlənmək istədim, tez də fikrimdən daşındım. Yenə evə sakitlik çökdü. Öz-özümə dedim bəlkə adam yorulub deyə evinə gəlib, mənə nə düşüb axı. Altdan-üstdən geyinmədiyimə görə özümü möhkəm qınadım.

Bütün otaqların görüş yeri olan meydan kimi zalın ortasında naçar dayanıb gözləyirdim ki, Emin otaqdan çıxsın, qaçıb tezcənə paltarlarımı geyinim. Bu da elə bil orda quyuya düşmüşdü, çıxmaq bilmirdi.

Bu evdə ikimizdən savayı heç kəsin olmadığı ilk dəfəydi. Hətta bir anlıq beynimdən keçdi ki, bəlkə də toy-zad yoxuymuş, bunlar külfətlikcə nəsə plan qurublar. Ancaq dünəndən evdə gedən söhbətləri yadıma salanda şübhəm dağıldı.

Qapının cırıltısına çevrildim: Emin otaqdan çıxdı. Mətbəxə keçdim, dalımca gəldi. Su daşının altındakı vedrədən bir iri dolçanı ağzınacan doldurub başına çəkdi. Sonra dolçanı bir də doldurub mənə məhəl qoymadan gəldiyi kimi səssizcə otağa qayıtdı. Mən beynimdən keçənlərə görə yenə utandım.

Yenə evə sükut tozu ələndi. Stula çöküb tez də ayağa qalxdım. Ürəyim sərçə ürəyi kimi uçunurdu. Su daşından vedrəyə daman sudan bir istəkan mən də içdim, ancaq həyəcanımı söndürə bilmədim. Həyətə göz gəzdirdim, darvazaya baxdım – bir ins-cins görünmürdü. Saçlarım hələ qurumamışdı. Birdən otaqdan Eminin bağırtısı eşidildi:

- Bu nədi bura tökmüsən?!

Titrətmə tutdu məni, dedim görən neyləmişəm ki, bu belə qışqırır. Yandırdığı xatirə dəftərlərim, məktublarım gözümdə canlandı. Fikirləşdim: “Görəsən indi nə tapdı? Tərs kimi evdə də heç kim yox, lap pis olacaq mənim üçün”.

Onun verdiyi həyəcan siqnalının təsiri altında özümü otağa sarı atdım. Qapını yelli-yelli itələdim: otaq bomboş idi. Gözlərimə inanmadım, elə bildim məni yenə qara basır; elə bildim yanılmışam, heç Emin də evə gəlməyib. Qapının dəstəyi əlimdə otağa bir ötəri göz gəzdirib heç kimi görmədim. Həyəcanım bir az səngidi. Qapını özümə doğru çəkib çevrildim ki, zala qayıdım. Bu vaxt elə bil başıma daş vurdular, nəm saçlarım harasa pərçimləndi. Başımı geri döndərəndə saçlarımı Eminin barmaqlarına dolanmış gördüm.

Üzünə ovunu caynağına keçirmiş bir ovçunun yırtıcı təbəssümü yayılmışdı. Bir göz qırpımında məni sürüyüb otağa saldı. Xalatımın düymələri şartaşart qopub otaq boyu diyirləndi. Qapıya doğru dartındım, yenə saçlarım keçdi əlinə. Elə bildim tüküm qarışıq başımın dərisi də qopdu. Sonra saçımı buraxıb, lüt bədənimi qollarının arasında məngənəyə salınmış dəmir kimi sıxdı. Döşlərimin ağrısından gözlərimin önündə halqalar əmələ gəldi. Mən adını bildiyim imamları, övliyaları, seyidləri ürəyimdə köməyə çağıra-çağıra bu qızmış kəlin əlindən qurtulmaq üçün çarpışmağa başladım.

Bir az da süpürləşəndən sonra o məni yumaq kimi çarpayıya tolazladı. Nənəmin sözləri qulaqlarımda cingildədi: “Heç bir qız qızlığını asanlıqla əldən verməməlidi. Bir şey ki sənə yapışıq ola, sənlə gedə, sənlə gələ, oturanda da altında qala – sənin razılığın olmasa, heç kəs onu əlindən ala bilməz”. Bəs indi mənim razılığım yoxkən qızlığımı niyə almaq istəyirdilər məndən?

Kürəklərim yerdə, qollarım Məryəm oğlu İsanın qolları kimi çarmıxda, yaş saçlarımı dilimlə ağzımdan çıxara-çıxara başladım Eminə yalvarmağa:

- Qurbanın olum, dəymə mənə, səni and verirəm Allaha, dəymə!..

- Nə dəymə, biyabır eləmisən məni! Bu gün bu iş bitməlidi. Səsin çıxsa, öldürəcəm səni!

Onun tüklü gen sinəsini, iri əllərini, böyümüş gözlərini ilk dəfəydi belə yaxından görürdüm. Təslim olmaq fikrim yoxuydu, bütün gücümlə mübarizə aparırdım. Kürəyim yerdə, gözüm tavanda yeri-göyü, gəlmiş-getmiş bütün müqəddəsləri köməyə çağırırdım. Yalvarırdım, amma özüm də bilmirdim kimə yalvarıram...

...Yox, məni incidənə yalvarmazdım mən. Sənə yalvarırdım, Dostum, Səni haraylayırdım ərşin görünməz qatından, Səndən kömək istəyirdim...

ardı var

# 2883 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #