Atam məni görcək qışqırdıBİRCƏNİN ROMANI

<b>Atam məni görcək qışqırdı</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
5 yanvar 2018
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Mahmud əminin qırxı çıxandan az sonra qış gəldi. Evin tənbəl kişiləri həyət-bacada heç nəyə əl vurmurdular. Baxımsızlıqdan o qış arıların çoxu öldü, limon ağaclarının yarısı qurudu. Sevimli qızı hər gələndə qaynanam ona xaşıldan, xəngəldən bişirib yedirirdi, sonra da bulaşıq qazanları atırdı həyətdən keçən arxın novdanına. Çox vaxt mən acığımdan yumurdum o bulaşıqları, arxın suyu güclənən kimi qazanı götürüb aparırdı. O qış qədimi mis qazanların da neçəsini su apardı.

Qaynanam aralıqda olan hər xırda söz-söhbəti isti-isti Eminin ovcuna qoyurdu, bu da evdə tez-tez qanqaraçılıq, dava-şava yaradırdı. Yadıma düşürdü ki, anamla nə söz-söhbəti olsaydı, nənəm onun birini də axşam atama çatdırmazdı, hətta mısmırıq da sallamazdı ki, birdən oğlu nəsə duyar. Bəzən nənəm küsüb süfrəyə yaxın gəlməzdi, belə günlərdə o, əlini yeməyə uzatmayınca anam da çörək kəsməzdi. Hərdən mənə elə gəlirdi nənəm ürəyinin dərinliyində anama acıdığına görə süfrə başına keçdi. Burdasa belə deyildi, qarışqadan dəvə, milçəkdən fil qayırırdılar. Daha mən də sırtılmışdım, hər sözə cavab qaytarırdım, hər kəslə dilləşirdim. Qaynatamdan sonra bu evdə canıyananım, qoruyanım olmadığına görə yalın əllərimlə, itilənmiş dilimlə özümü qorumağa çalışırdım.

Cavid də məndən soyumuşdu, mehrini Eminə salmışdı. Emin ona maraqlı oyuncaqlar alırdı, oyuncağı qıraqdan göstərib:

- Ananın saçını yol, bunu verim sənə, - deyirdi.

Uşaq da oyuncağı görər-görməz əlinə keçəni vururdu başıma, saçımı yolurdu. Siftə-siftə buna çox da məhəl qoymurdum, ancaq zaman keçdikcə məsələ ciddiləşdi, tək balamla arama düşmənçilik çəpəri çəkilməyə başlandı. Mən bu gor evində tamam təkləndim. Gündüzlər çiynimdə ağır evin-eşiyin yükü, gecələr ondan da ağır, ondan da betər ər yükü. Daha gözlərim tavanı deşib uça bilmirdi, daha qulağıma Sənin səsin gəlmirdi, Dostum. İçim pas bağlamışdı, antenam tutmurdu...

Qaynanamın da artıq çəkinəsi bir yeri qalmamışdı, külfətin şəriksiz başçısıydı. Məni oğluna danladıb-döydürməkdən ötrü hər gün bir səbəb tapırdı, bəzən də özüm könüllü verirdim o səbəbi. İndi mən bapbalaca varlığımla qaynatamdan sonra yaranmış (əlbəttə, hamıdan artıq mənim üçün) böyük boşluğu azacıq da olsa doldurmağa çalışırdım, bəzən onun dilindən, onun mövqeyindən çıxış eləyirdim. Bu da mənə baha başa gəlirdi.

Mahmud əminin sağlığında Zöhrə xalanın qardaş-bacısı bizə hələ-hələ üzükməzdi, kişi öləndən bəri hamısı dadanmışdı onun yurduna. Baldızımın əri belə qaynatasının ölümündən məmnun qaldığını gizlətmirdi, iki gündən bir gəlib otururdu kişinin ocağının başında. Bu darğa yerişli ədabazın şüllüt bakenbardları qapının kandarında görünəndə qaynanamızın çiçəyi çırtlayırdı, ayrı vaxt yerindən qımzanmayan arvad evin içində quş kimi səkirdi, az qalırdı yeznənin başına dolana. Hər şeyi görə-görə heç kimin gəldisinə-getdisinə, heç nəyə qarışmırdım; qarışsaydım kimiydi məni eşidən?..

Cavid böyüdükcə Eminlə qaynanam məni ikinci uşaqdan ötrü divara dirəyirdilər. Mən də hər dəfə onların üstünə bir ümid qığılcımı sıçradıb yüz bəhanəylə aradan çıxırdım:

- Mən neyləyim, qalmıram axı. Darıxmayın, bu səfər yaxşı olar inşallah...

Ölümündən sonra bildim ki, Mahmud əmi yaşadığımız evi subay qaynım Elgizə vəsiyyət eləyəndə qardaşlarına bunları da deyibmiş:

- Eminin şəhərdə evi var, burda da torpağı. İstəyər kənddə tikilər, istəyər gedib şəhərdə yaşayar.

Emin bunları eşidəndə yaman pərt olmuşdu, neçə gün özünə gələmməmişdi. Mənisə bu qərar çox sevindirirdi, o sadə səbəbdən ki, qaynanadan, qayından, onların gəlib-gedənindən, keçmiş-keçənindən ayrı yaşamaq istəyirdim, öz evimi özüm istədiyim kimi qurmaq, istədiyim kimi yığıb-döşəmək istəyirdim. Qaynanamın adını yaza bilməyən nadan, dönük, görməmiş qohum-əqrəbasının altını nə vaxtacan kürüyəcəkdim mən?

Bundan başqa, nədənsə içimdə bir əminlik vardı ki, ayrı yaşasaq, Eminlə dil tapa bilərəm, hətta bəlkə onu sevə də bilərəm. Ola bilsin yanılırdım, ola bilsin mənim arzularımın tavanı sevgi də yox, sadəcə dinc yanaşı yaşamaq idi. Əlbəttə, bu arzu-xəyal havadan yaranmamışdı, bunun konkret bir qaynağı vardı. Mən anasının Emini hər gün nə qədər mənfi enerjiylə yüklədiyini görürdüm, ona görə də düşünürdüm ki, bizi ayırsalar, bəlkə bu yüklənmə də bir qədər azalar; qaynım evlənər, qaynanamın başı təzə gəlinə qarışar, bizim də qulağımız bir müddət dinclik tapar. O zaman özümü bunlara inandırmışdım. Həm də artıq xəyallarıma inanmaqdan başqa çarəm qalmırdı, çünki bizi onsuz da ayıracaqdılar. Demək, o gələcək həyata, ayrı yaşamağa özümü indidən kökləməliydim, arzularımın yönünü o səmtə çevirməliydim.

***

Yeni ilə az qalmış qardaşım Kamil bizə gəldi. Qaynanama, Eminə xahiş-minnət elədi ki, məni bayramqabağı atam evinə göndərsinlər – bu günlər qardaş-bacım bir yerə yığılacaqdı, üzümüzə gələn martda isə Sevilin toyu olacaqdı. Ana-bala dillərini sürüyə-sürüyə birtəhər razılaşdılar. Onsuz qaynatam dünyasını dəyişəndən evdə sanki elə bir iş də qalmamışdı: Eminlə qaynım səhərlər işə-gücə yollanırdılar, qaynanam da onlar çıxandan sonra ya baldızımgilə, ya da bacısıgilə gedirdi. Külfət bir də axşama yığışırdı evə. Mən də gün uzunu yuyub-yığışdırıb, bişirib-düşürüb onları gözləyirdim. Cavid yatanda kitab oxuyur, oyanandan sonra qaynımın balalarını başıma yığıb evcik qururdum...

Yanvarın biri atam evinə getməyə tədarük görürdüm, uşağa, özümə pal-paltar seçib ayırırdım. Mənim yola həvəslə hazırlaşdığımı görən Emin Cavidi yanına çəkib dedi:

- Səni aparıram, nə qədər istəyirsən qal, amma uşaq getməyəcək.

Kamil gedəndə bərk-bərk tapşırmışdı ki, Cavidsiz gəlməyim. Ona görə də dirəndim:

- Uşaqsız bir addım da atan deyiləm.

Paltarlarımızı çantaya yığıb ana-bala maşına doğru gedəndə Cavid əlimdən çıxıb qaçıb oturdu Eminin qucağında. Emindən aldım, onda da gedib qaynanamın arxasında gizləndi. Günortayacan ana-bala qaçdı-tutdu oynadıq. Mənim də tərsliyim tutmuşdu, nə olur olsun uşaqla getməyi qarşıma məqsəd qoymuşdum. Emin fikrimdən dönmədiyimi görəndə məni aparmaqdan boyun qaçırdı. Əynim geyinikli, çantam qoltuğumda qaldım pilləkəndə.

Qaynım uşaqları məni belə görəndə gedib evdə nə dedilərsə, bir də gördüm Maral gülə-gülə gəlir:

- Getmək fikrin qətidi?

Pərtlikdən, hikkədən məni ağlamaq tutdu:

- Bu gün bu uşaqla bu evdən çıxmasam, ürəyim dayanacaq, - dedim.

- Onda sən Cavidi hazır saxla, mən kişini göndərim sizi aparsın.

Maral belə deyəndə başımın dumanı ayazıdı. Çantanı pilləkənə atıb, elə ayağım qablı güllə kimi içəri cumdum, Cavidi bir göz qırpımında Eminin qucağından alıb bayıra qaçdım. Böyük qaynım maşını düz pilləkənin ayağına sürmüşdü. Arxa qapını açıb Cavidi oturacağa, özümü də onun yanına atdım. Paltar yığdığım canta yerdə qalmışdı, qaynanam iki daşın arasında çantanın içini eşirdi. Mən çantaya düşsəydim Cavid də maşından düşüb qaçacaqdı. Bu dəm qaynım başını maşının pəncərəsindən çıxarıb anasına səsləndi:

- Aaz, dədənin başı qalıb orda, niyə eşirsən uşağın çantasını? Gətir ver, cəhənnəm olub gedək dəə...

Qaynanam tutuldu:

- Ədə, nəyini eşirəm bunun, pal-paltar tökülürdü, onu yığıram, - deyib çantanı içəri atdı.

Arvad narahat idi ki, birdən atam evinə nəsə apararam. Nə aparasıydım, olsa-olsa qoz-fındıq aparardım, onu da vermirdilər, yediyimi də oğurluq yeyirdim. Pay qoyulası qalan şeylər də ki atam evindən bizə gəlirdi.

Cavid bu kənddən o kəndə yol boyu çığırdı, bir an kirimədi. Qaynım darvazamızın qabağında bizi düşürüb qayıtdı. Mən Cavidi sürüyə-sürüyə qapıdan içəri saldım. Hamı başımıza yığıldı, qardaşlarım aldıqları hədiyyələri, oyuncaqları yığdılar Cavidin qucağına. Uşaq yenə susmadı, heç kimi yaxına buraxmadı, üzündən öpməyə də qoymadı. Anam acıqlı-acıqlı dedi:

- Uşağın gəlmirdisə, bu həngaməylə evindən niyə çıxırdın?

Bu da mənim xoşgəldinim oldu. Cavidi qucağıma basıb qapının yanındakı divana çökdüm. Çox peşman olmuşdum gəldiyimə, durub qayıtmaq üçün bir bəhanə gəzirdim. Bu vaxt bacım Lalə anama üzünü tutub dedi:

- Qaz kəsildi, ev də soyuq, neyləyək?

Anam ona toxtaqlıq verdi:

- Heç nə olmaz, bir hovurdan yanacaq.

Ürəyimdə arzulayırdım ki, kaş nə qaz gələ, nə Cavid kiriyə, mən də durub qayıdam geri...

***

Çır-çır çığıran, dartınıb əlimdən çıxmaq istəyən uşaq qucağımda divanda oturmuşdum, qardaşlarım, bacılarım başıma yığılmışdılar. Bu biri yandan mədəm də acından çığırırdı; günortayacan evləri yığışdırıb, külfətin naharını-şamını bişirib hazırlayıb bura gəlmişdim, yeməyə vaxtım qalmamışdı. Həm də arxayın idim ki, atam evinə, açıq bayram süfrəsinin üstünə gedirəm. Biz bura çatanda günorta yeməyinin vaxtı keçmişdisə də, süfrədə hər cür şirniyyat vardı, bacılarım axşama tədarük görürdülər.

Cavid qucağımdan düşmürdü ki, dolu süfrəyə əl uzadam. Heç məndən ac olub-olmadığımı soruşan, mənə yemək təklif eləyən də yoxuydu. Get-gedə toran qovuşur, ev soyuyurdu, ancaq qazı hələ də açmamışdılar. Vəziyyəti belə görəndə Kamil atama dedi:

- Gəlin odun sobasını quraq, yoxsa uşaq xəstələnər, bunu bəhanə eləyib Bircəni bura bir də buraxmazlar.

Atam razılaşdı, ancaq anam “olmaz” deyib durdu:

- İndilərdə verərlər, kimdi bir də odun qalayan? Ev-eşik də his olacaq.

Bir az da gözlədilər. Sonra atam anamın etirazına baxmadan odun sobasını gətirib evin ortasına qoydu. Kamil əlində uzun bir dəmir dama dırmaşıb çoxdan tüstüsü çıxmayan bacadan aşağı salladı, oradan biz oturan otağa çoxlu saman, çör-çöp, quş lələyi, yuva qırıntıları dağılıb töküldü. Lalə bu vaxt sobaya odun yığırdı. Anam mənə hirslə baxıb dedi:

- Nə oturmusan, qalx sən də o çör-çöpü süpür evdən, bu sobanı sənin eşqinə qururlar.

Elə bildim başıma çirkli su ələndi. Yerimdən dik qalxdım, çığırtısına məhəl qoymadan uşağı divanın üstünə atdım, sobanın qabağındakı manqalı götürüb özümü bacanın altına verdim. Bacadan gələn xışıltını eşitsəm də, Cavidin göyərə-göyərə ağlamağı, anamın tənəli baxışları məni əməllicə təntitmişdi. Kamili xəbərdar eləmədən sağ əlimi bacaya uzatdım, mənə elə gəldi barmağımı nəsə dişlədi, tez qolumu bir az geri çəkdim. Bu an içəri girən atam məni görcək qışqırdı:

- Sən orda neylirsən?! Kamil bacaya dəmir salıb, qolunu sındırar, çəkil geri!

Mən qorxa-qorxa əlimi geri çəkdim, ürəyim sinəmi döyəcləməyə, qulaqlarım uğuldamağa başladı. Yavaşca atama dedim:

- Deyəsən məni ilan çaldı.

Sonra sağ gözümün ucuyla sağ əlimə baxdım: orta barmağım xıncım-xıncım olmuşdu. Atam irəli atılıb əlimi əlinə aldı:

- Vay dədə! Niyə özünü bu günə qoydun, ay bala, sənə kim dedi əlini ora salasan!

Kişi yaralı əlim əlində uşaq kimi hönkürürdü. Yaram istiydi deyə hələlik bir o qədər ağrımırdım. Anam yaxına gəlib çəkinə-çəkinə əlimə baxdı. Barmağımın qırılmağını gözləyirmiş kimi qaz da gəldi, Cavid də kiridi. Kamil əlimi görəndə köklü ağac kimi aşıb yerə dəydi. Hakim bircə kəlmə:

- Anam elədi, mən gördüm, - dedi.

Gözümü hərləyib ayaq üstə saralmış anama baxdım. Mən də üzünə dirənsəydim, məsələ yoğunlayacaqdı, hamı onun üstünə düşəcəkdi. Onsuz da olan olmuşdu, öcəşməyin mənası qalmamışdı.

Hakim qaçıb kənd həkimini yardıma çağırdı. Feldşer yaraya baxan kimi:

- Mən buna heç nə eləyə bilmərəm, - dedi, - təcili cərraha gedilməlidi, barmaq kəsilməlidi.

Evdəkilərin bayramı yasa döndü, hamı bir-birini suçladı, bacılarım ağlaşma qurdular. Yaralanan mən olsam da, hamıdan çox özünü günahkar bilən də mən idim. Barmağıma baxa-baxa qalmışdım: nə qanı vardı, nə də dözülməz ağrısı.

Səməndər, Kamil, atam, bir də mən maşına oturanda anam arxadan səsləndi:

- Gözləyin, mən də gəlirəm.

Qulaqlarıma inanmadım. Düzü, heç onun getməyini istəmirdim də. Atam acıqlı-acıqlı qayıtdı:

- Nədi, günahını yumağa gedirsən? Uşaq əziz gündə evimizə gəlmişdi, niyə qoymadın otura?

Anam yaylığını başına örtə-örtə:

- Neylədim axı mən, - dedi. - Çıxası qan damarda durmaz. Uşaqlar hamısı birdən gəldi, qonum-qonşunun gözü dəydi.

Atam ona qanlı-qanlı baxdı:

- Yalansa güllə gözünə dəysin!

Yol boyu heç kim danışmadı, təkcə Kamil arabir geri çevrilib:

- Bərk ağrıyır? – soruşurdu. - Qolum sınsın mənim, səni şikəst elədim.

Getdikcə yaramın ağrısı artırdı. Biz rayon xəstəxanasına çatanda şər qarışmışdı. Növbətçi həkim Səməndərin sinif yoldaşıydı, barmağıma baxan kimi hökmünü verdi:

- Barmaq tən ortadan kəsilməlidi!

Qardaşlarım bükülüb yumağa döndülər. Atam həkimə yalvardı:

- Bəlkə gipsə qoyasan? Cavan gəlindi, şikəst qalmasın.

Əməliyyat otağına girənə qədər atam da, anam da həkimin ətəyindən sallaşdılar. Həkim inadından dönmədi:

- Kəsilməlidi, vəssalam!

Birdən Kamil qayıtdı ki:

- Ay həkim, vallah biz bunu ərindən, qaynanasından yalvar-yaxar alıb bayrama görə qonaq gətirmişik, gəlməyilə də bu hadisə baş verib. Barmağını kəssən, boşayacaqlar bunu.

Söz həkimi tutdu. Barmağıma bir cihazdan yaşıl işıq salıb diqqətlə baxdı:

- Yaxşı, hələlik tikiş vurub, gipsə salıb sarıyaram. Amma bir qaralma-zad olsa, kəsilməlidi. Başa düşün, yara qanqrena verib bütün əli çürüdər, onda məcbur olub biləkdən kəsərik.

Mən qardaşlarımı barmağımın kəsilməyinə razı salmaq istəsəm də, alınmadı. Cərrah iynəni ətimə batıranda naləm ərşə dirəndi. Atam, qardaşlarım dayanmayıb özlərini eşiyə atdılar. Anam onlardan dözümlü çıxdı, başımı göbəyinə söykəyib qolumu tutdu.

Həkim son tikişi vurub:

- Ağrın çox olacaq, - dedi, - çünki yaralı yerə gips qoymuşam. Bu gecəni duruş gətirsən, barmağın əyri bitməyəcək. Üç gündən sonra qızdırma versə, təcili gələrsən, barmağını kəsərəm.

Evə bir qanadı qırıq quş kimi qayıdırdım. Peşmanlıq məni ağrıdan betər ağrıdırdı. Qışın günü tək əllə neyləyəcəkdim? Uşağıma necə baxacaqdım, evin-eşiyin işlərini necə görəcəkdim? Yolda atama dedim:

- Bəlkə məni öz evimə aparasız?

Atam havalandı:

- Ay qızım, dəli olmusan? Hələ bir gedək görək Cavid neyləyir, bu gecəni nə təhər yola veririk? Orda sənə kimdi baxan? Səni bu halda necə aparaq ora?

Yaxşı bilirdim orda mənə baxan olmayacaq, amma yenə oranı istəyirdim. Ən çox da anama görə...

***

O gecə yaralı it kimi uladım. Belə ağrını ancaq Cavid dünyaya gələndə çəkmişdim. Divarları cırmaqladım, otaqdan otağa iməklədim, səhəri diri açdım. Səməndərlə Kamil də evlərinə getmədilər, sabahacan doğmalarım hamılıqla mənim əzabıma şahidlik elədilər, növbəylə yaralı barmağımı üfürdülər. Səhərə yaxın gördüm daha ölürəm, Səməndərə yalvardım:

- Heç olmasa o gipsi kəs götür, bəlkə dincələm.

Musa əmimin kiçik qızı Səhər də bizdəydi, mənim yalvarışlarıma, uşaq kimi zülüm-zülüm ağlamağıma dözməyib qulağıma pıçıldadı:

- Sən bir az dinməz dayan, bunlar çölə çıxanda mən kəsərəm gipsi.

Dediyi kimi də elədi, qardaşlarım bayıra çıxanda Səhər barmağıma qoyulmuş gipsi qayçıyla doğradı. Elə bildim bədənim dar köynəkdən pırtlayıb azadlığa çıxdı. Yarama hava dəydi, barmağım nəfəs aldı. Canım xeyli dincəldi, sızıldayan sinirlərimi yuxu keyitdi...

ardı var

# 1399 dəfə oxunub

Müəllifin son yazıları

# # #