Ora getməyə utanıram – Bircənin Romanı

Ora getməyə utanıram – Bircənin Romanı
9 avqust 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Arıq ata quyruğu da yükdü. Yazmaq həvəsim başıma bəla açmışdı, əlimə qələm alan kimi anam cırnayırdı:

- Deyəsən keçəl Vəliyə vergi verilib, - deyirdi. - Qalx bağın meyvəsini yığ, mürəbbədən, kompotdan bişir, qışda barmağınızı sümürəcəksiz? Sənin tayların bazarda alver eləyir, qapısının ot-alafından da pul qazanır.

Atam həmişəki sayaq məni ayağa vermirdi:

- Xamırağız olma, denən sənin də tayların ərini çoxdan quylayıb, dəhnə basır, bağ sulayır, kötük yarır.

Mən vedrəni götürüb bağa keçəndə kişi anama qovzanırdı:

- Qaz lələyi qanun yazar, niyə qoymursan uşaq başını qata, gününü keçirə? Onun yazısı niyə sənin qoturunu qanadır? Can bostanda bitmir ey, bacardığını elə, bacarmadığına dəymə.

- Mənim ağac başında gəzən vaxtım deyil, - anam deyirdi, - uzaq yerdə oxuyan onun uşağıdı, məhlənin kürü-kürül meyvəsini bişirsin, qışda balasına göndərsin.

- Onda sən də bir arxüstü qaç bacına dəy gəl.

- Yeməkdən sonra gedəcəm, narahat olma.

- Çox narahatam, gör havaxtdan bacını görmürsən, dünən günorta gördüyündü.

- Getdiyim bir oradı, bəlkə ordan da qorğanasan?

- Mən kiməm sənə qoruq-qaytaq qoyam? Get bir az başımız ayazısın.

Kişi anamı yumşaq sancıb yanıma gəlirdi, nərdivanı ağaca söykəyib hündürdəki meyvələrdən dərib mənə verirdi. Çardağın altına yığdığımız mer-meyvəni də atam seçib saplaqlarını təmizləyirdi, çəyirdəklərini çıxarırdı, mən bişirirdim.

Ona qədər anam sərçəyeyişi ağzına bir tikə alıb üz tuturdu doqqaza sarı. O, qapıdan çıxanacan atam söz tolamazını atırdı:

- Çirkin arvadın yeməyi ya umac, ya bulamac olar, qazanın yağlı-buğlu yerindən yeyib xeyir ola aradan çıxırsan?

Anam qaxac qollarını belinə vurub ona tərəf çönürdü:

- Çirkiniydimsə niyə ağlayırdın məndən ötəri? Körpə uşağıydım, niyə yoldan çıxartdın məni?

Düz deyirdi. Yetim bacı-qardaşını qoyub oxumağa gedə bilməyən atam anama vurulanda nənəm onu təmkinli olmağa çağırıb:

- Hələ tezdi, qız da uşaqdı, - deyib, - üstəlik Musa təzə evlənib, evimiz də balacadı.

Atam başlayıb uşaq kimi ağlamağa:

- Bir halda ki oxuya bilmədim, tez evlənəcəm çoxlu uşağım olsun.

Dediyi kimi də eləmişdi. Səməndərlə, Kamillə yanaşı gedəndə ata-bala kimi yox, qardaş kimi görsənirdilər.

***

İndi də Gülzar mənə elçi düşdü. Onun atabir böyük qardaşı – Tahir əminin böyük oğlu ölkədə tanınmış hərbçiydi. Uzun illər sovet ordusunda xidmət göstərmişdi, rus qızıyla evlənmişdi, ondan iki uşağı olmuşdu. Müharibə başlayan kimi Bakıya gəlmişdi.

İdrisi hamımız çox istəyirdik. Rusiyada yaşayanda hər yay arvad-uşağını da götürüb kəndimizə gəlirdi, rus qızını yanına salıb qohum-əqrəbanın evini birbəbir gəzirdi, hamını yoluxurdu, hər kəsin halını soruşurdu. Mənə qalanda mən İdrisi daha çox həyat yoldaşına bəslədiyi hörmətə görə, onu heç kimə qısqanmadığına, bizim kişilər kimi arvadın böyür-başını çəpərləmədiyinə görə istəyirdim. İdris oturub anamla söhbət elədiyi müddətdə onun sarışın göygöz arvadı sınıq-salxaq danışdığı şirin ləhcəmizdə qardaşlarımla zarafatlaşırdı, Hakimin üzünə üz tutub gətirtdiyi eşşəyə minirdi, ağaca dırmaşırdı, yelləncəkdə yellənirdi. Əri onun bütün şıltaqlığına gülə-gülə tamaşa eləyirdi.

Sonralar həmin rus qızı müharibədən qorxduğuna görə ərinə qoşulub gəlməmişdi. İkinci evliliyindən iki uşağı olan İdrisin ikinci arvadı isə faciəli surətdə həlak olmuşdu – ər-arvad qohum toyuna gedəndə yanından ötdükləri ağır yüklü iri maşının təkərindən çıxan şin arxada oturmuş gəlinin başını tutmuşdu. Əlli yaşlı kişinin yaxası qalmışdı iki körpə yetimin əlində. İndi o kişiyə arvaddan çox iki yetimə baxası analıq axtarırdılar.

Gülzarın niyyətindən birinci atam xəbər tutdu:

- Onun qoyununu qurd yeyib, yolması düzlərə dağılıb, gör bu zülümə qatlaşa biləcəksənmi?

Gülzarın xətrini çox istəyirdim, evi dağılmış, balası qucağında ölmüş bu gəlini incitməmək üçün həmişə onunla ifallı davranırdım.

Anam məsələdən agah olan kimi oynağa getdi:

- Bax buna ikiəlli razıyam, bir cüt yetimə baxmağın özü böyük savabdı.

- Öz uşağımı atım yataqxanalara, gedim özgənin yetiminə baxım?

- Özgə niyə olur, İdris mənim canım-ciyərimdi, sevin ki, səni ona layiq bilirlər. Sən onun balasına baxacaqsan, o da səni xanım kimi saxlayacaq. Səhər-axşam demirsən bezmişəm əlinizdən, başımı götürüb gedəcəm?

Atam anamın coşduğunu görəndə dilləndi:

- Cavanlıqda bəzənmədi hayıf oldu, qocalıqda bəzənsə ayıb olar. O qədər yalvaranın birinə razılıq vermədi, indi bunun iki yetimə baxası canı var?

Anam ərindən bu cavabı gözləmirdi, elə bilirdi atam Tahir əmini çox sevdiyinə görə bu izdivaca sözsüz-sovsuz xeyir-dua verəcək.

- Dağ uçmasa dərə dolmaz, sənin də qızının taleyi İdrisin baxtı-taleyi kimi gətirməyib, o tifillər elə bizim öz yetimlərimizdi. Qızının başına ağıl qoymaqdan onun küpünə yağ-bal tökürsən.

- Bəs sən balana bu zilləti necə qıyırsan, elə bilirsən yetimin cəfasını çəkmək asandı?

Anam yenə göyərdi:

- Səndən ağız yandıran aş, baş yaran daş olmaz. Bir qara-qotur qızın var, düzlərdə sultan axtarırsan.

- Ağ ayran nehrə dibində, qara kişmiş bəy cibində. Dəymə mənim qara qızıma, Allah onu mənim ucbatımdan ətəyimə atdı. Ahıl çağımda qulluğumda durur.

Anam yenə qapağı qazana, qazanı vedrəyə vura-vura səsimizi batırmaq istəyirdi, aldığı cavabın hövülündən canını qoymağa yer tapmırdı:

- Yetim göbəyini özü kəsər. İdris balalarını böyüdəcək, yetimliyin yaman üzünü hamıdan çox görüb, ara yerdə sizin yaman üzünüz açıldı.

- Sənin o yetimlərin (Tahir əminin anamın dayısı qızından olan oğlanlarını deyirdi) bizə indi yox ey, subay vaxtı elçi düşəydilər. Kənddən çıxandan sonra gözləri ayaqlarının altını görmədi. İndi nədi, yanıbalalı olanda gözə görünmüşük? Sən dur burda yamanca, mən yaxşısın tapınca.

- Yalansa dilinə dolama çıxsın, sənin qızların körpəydilər onda, onlara düşəni yoxuydu.

- Bəs indi nə baş verib, olmaya Bircəni dul qarı bilirlər?

- Ay yazıqlar, eşşəkdən yıxılmısız, höt-hötünüzü yerə qoymursuz. İdris istəsə qız alıb özünə toy çaldırar, sizi adam bilib diləyə gəlib.

Atamla anam söz güləşdirdikcə mənim xəyalım göydə ulduz dərirdi. Eminlə ər-arvad olan vaxtlarımızı düşünürdüm. O dörd ildə məni yanına salıb bir qohum, bir dost evinə aparmadı. Atasıyla, qardaşıyla danışdığıma görə aralığa söz-söhbət saldı. Sahib əminin oğlunun salamını alanda məni döydü. Toyumuza gələ bilməyən dostunun sonradan mənə hədiyyə gətirdiyi qoftanı doğradı.

İdris mənim tanıdığım, mənə elçi düşən kişilərdən çox fərqlənirdi, onun qadına baxışı xəyalımdakı kişinin baxışlarından az seçilirdi. İdrisin qayğısını çəkərdim, amma iki körpə yetimin qarğaşası gözümü qırırdı. Elə bundan qorxduğuma görə yenə qaranlıq pərdənin dalına çəkildim, atamla anam atışa-atışa bu elçiliyi də yola verdilər – atam mənim naxoşluğumu bəhanə gətirib Gülzara xoş dillə yox dedi.

Bundan sonra mən bir balaca bikefləyəndə kişi mənə belə sataşırdı:

- Dur dominonu gətir oynayaq, sənin dağına hələ çox qarğa uçub qaz qonacaq...

***

Daha əvvəlki kimi darıxa bilmirdim. Hər gecə sakitlikdə məktub yazırdım – barlı nar ağacına, selləmə yağışa, aya, ulduza... Cavidə yazdığım məktublar hamısından yaxşı alınırdı. İki məktub da Eminin qəbrinə yazmışdım. Elə o bir cüt məktubun yazıldığı günlərdə Telli mamayla Kamil yapışdılar yaxamdan:

- Gör neçə ildi Eminin qəbrinin üstünə getmirsən. Cavid də böyüyüb, getsəniz yaxşıdı.

Düz deyirdilər, o evdən çıxandan bəri onun məzarına baş çəkməmişdim. Axı neyləyəydim, məni o qəbrə heç bir duyğu bağlamırdı, heç bir xatirə məni oralara çəkmirdi. Hər dəfə bir bəhanəylə canımı qurtarırdım:

- İndi hava istidi, payıza çönəndə gedərəm.

Axırda işə Səkinə bibi də qarışdı:

- Bircə, hamımız səni ağbirçək bilirik, mən həmişə sidq-ürəkdən demişəm ki, iki qızım sənin duruşuna qurban olsun. Get, cavandı, gözü yoldadı. Ərə getmiş olsaydın deməzdik. Getmədin lap yaxşı, heç olmasa arada-bərədə o daşı bulğan qayıt.

- O daşı bulğanmağımın nə Eminə bir xeyri var, nə mənə.

- Qol qırılar əyri bitər, yük əyməsə daş qəribliyə düşməz. Sən get.

- Qardaşlarımla ora getməyə utanıram, - dedim, - qıymıram onlara. Kamilin bir böyrəyi yoxdu, Rüfət də dözümsüzdü.

- Qardaşlarınla getmə, Məhər aparsın, Ziya aparsın səni.

- Axı bunun nə faydası var?

- Faydadan keçib, ay qızım, cavanıydı, nəfsi üstündə qaldı. Yağış başından yağdı, evin damdı. Getməsən elə bilərlər bostanın bitib, tağın güllənib.

Axır onlar deyən oldu. Anamın qara kəlağayısını başıma atıb oturdum Ziyanın maşınına. Səkinə bibi əlləriylə becərdiyi güllərdən bir qucaq yığıb maşına qoydu...

Qəbiristanlıq mən görən deyildi. Məndən sonra o kəndin cavanları çox bəlalara düçar olmuşdular – ona yaxını Rusiyada öldürülmüşdü, neçəsi müharibədə şəhid olmuşdu, mən tanıdığım dörd nəfəri də Bakıda öldürmüşdülər. O dörd cavandan biri baldızım Bəstinin böyük qaynıydı, paytaxtda özünə iş qurub qardaşlarını başına cəm eləmişdi. Qoltuğunda azca pulla evinə dönəndə pilləkəndə öldürüb pulunu aparmışdılar.

Bir sözlə, qəbiristanlıq laləzara dönmüşdü, sinə daşlarının üstündəki mərmər güldanlarda süni, təbii güllər alışıb yanırdı.

Eminin başdaşı atasıyla anasının arasından göyə millənirdi. Daşın arxa üzündəki ayaqüstü şəklini görəndə vahimələndim – yenə mənə qanlı-qanlı baxırdı. Elə bildim indicə torpağın altından çıxıb yad adamla – əmim oğluyla gəldiyimə görə məni qanıma qəltan eləyəcək.

Ziya birinci Mahmud əminin, sonra da Eminin daşa həkk olunmuş şəklini öpdü. Fatihə verib məndən aralandı. Mahmud əminin daşından mən də öpdüm, Zöhrə xalaya bir az aralıdan baxdım, Eminə isə heç yaxın da durmadım; elə bilirdim yaxın dursam saçlarımdan yapışıb dartıb məni qəbrinə çəkəcək, ondan sonra yaşadığım günlərin qisasını alacaq.

Onun başdaşına baxdıqca ərşə dirənən cəhənnəm tonqalının tünd alovu məni qarsırdı, o tonqalın içindən boylanan çılpaq kəllələr mənə gülürdü, sümükləri şaqqıldayan skeletlər əl-ayağımdan yapışıb məni poqquldayan qır qazanının üstündə yelləyirdi. Bir sürü ilan da altdan-yuxarı fısıldaşa-fısıldaşa cəhənnəm nökərlərinin, şeytan fəhlələrinin məni yerə atmağını gözləyirdi.

Qulaqlarım cəhənnəm uğultusuyla dolmuşdu, gözlərim cəhənnəm pərdəsiylə örtülmüşdü. Qucağıma yığdığım güllərin tikanları qollarımı neçə yerdən deşikləyəndə ayıldım – həyəcandan gül dəstəsini sinəmə sıxmışdım. Güllərin hamısını tələsik Mahmud əminin sinə daşına düzüb cavan qəbirlərin üstündəki yazıları gözdən keçirən Ziyanı səslədim:

- Gedəkmi?

Ziya gülləri Mahmud əminin qəbrinin üstündən götürüb Eminin sinəsinə düzdü, qaynatamla qaynanama yalnız bircə gül qıydı:

- Emin cavandı, gül ona yaraşır, - deyib qolumdan tutdu. - İstəyirsən səni aparım Sahib əmiylə, Misir əmiylə görüşdürüm.

- Yox, heç kimlə görüşmək istəmirəm, - dedim, - evimizə gedək.

Ziya qolumdan tutmuşdusa da Emin öldüyü gün necəydimsə eləcəydim. Yenə göylərdən iti bir qarmaq uzanıb göbəyimə pərçimlənmişdi, gül açmış daşlığın üstündə yellənib-bıllanırdım. Ağrı nə qədər dözülməz olsa da dözürdüm, canımda bir qorxu vardı: göbəyimə keçmiş qarmaq qırılsa ucu itilənmiş başdaşılardan birinə sancılacaqdım. Bunun ağrısını xəyalıma gətirdikcə dişlərimi möhkəm-möhkəm qıcayırdım...

***

Qəbiristanlıqdan çıxanda bir dəstə kənd adamıyla qarşılaşdıq. Qadınların çoxunu tanıyırdım. Bir-bir mənə sarılıb xorla ağlamağa başladılar. Misir əmigilin qonşusu Gülbadam xalanın üzü cırmaq-cırmaq idi – iyirmi altı yaşlı, ali təhsilli oğlu əmisi qızına görə özünü güllələyib öldürmüşdü. Gülbadam xalanın gur çal saçlı qırmızıyanaq ərinə el arasında Çal Vəli deyirdilər; həmin bu Çal Vəlinin əmisi oğluna deyikli qardaşı qızı oğlanı bəyənməyib başqasına qoşulub qaçmışdı. Oğlan da qızın toy gecəsi özünə qəsd eləmişdi.

Arvadlar mənə sarmaşıb ağlaşanda Gülbadam xala bizdən aralanıb çığıra-çığıra balasına sarı yüyürdü:

- Şaxıyan gün başını deşir, gəlmişəm o qaynar ocağın məni də yandırsın, - deyib nalə çəkdi.

Yenə gözümə duman gəldi, Ziyanın qollarından sallaşıb:

- Gedək, - dedim, - tez gedək.

Əmim oğlu maşına qaz verib bizi ölülər səltənətinin əhatə dairəsindən uzaqlaşdırdı.

ardı var

# 6080 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #