Yastı dəmir - “ƏŞYALAR VƏ SÖZLƏR”

Yastı dəmir - <span style="color:red;"> “ƏŞYALAR VƏ SÖZLƏR”
17 aprel 2014
# 16:08

Kulis.Az “Əşyalar və sözlər” layihəsindən Azad Qaradərəlinin “Yastı dəmir” yazısını təqdim edir.

Yaşım olardı ya 4, ya 5. Dəqiq deyə bilməyəcəyəm, ondan ki, heç mənim indiki yaşım da dəqiq deyil. Yəni, atam deyirdi 54-ün martın 16-sı doğulmusan, anam deyirdi xeyir, 55-in martın 5-i. Anamın versiyasına inansam da, (necə olsa da əziyyəti o çəkib və ömründə bircə dəfə uşaq dünyaya gətirib, onu da yadında səhv saxlamaz ki!) sənəddə atamın versiyası yazıldığından bu il 60 yaşımı qeyd eləyəsi olduq. Nəysə, mətləbdən uzaq düşdük.

Qulağım bir həftə sərasər ağrıdı və özü də elə ağrıdı ki, ağlayıb qışqırmağım qonşuları da zinhara gətirdi. Axırda yazıq anam məni şalla dalına şəlləyib apardı Mincivan qəsəbəsindəki xəstəxanaya...

***

... Axşamtərəfi anamla kəndimizə qayıdırdıq.

Təxminən 13-14 kilomert yolu ayaqla getmişdik, amma necə getməyimiz yadımda deyil, nədən ki, qulağımın ağrısından elə ağlayırdım, Arazın o tayındakı Ozan kəndindəkilər də təəccüblə dönüb bizə baxırdılar. Sərhədçi rus soldatları da bir-birinə məni göstərib gülüşürdülər. Getməyimizdən yadımda qalanlar bunlardı.

Qayıtmaq isə... Beləydi ki, qulağıma dərman salmışdılar və nənəm demişkən, ağrının qulağı xırp batmışdı, olmuşdum anadangəlmə. İndi hərdən anamın kürəyindən aşırılıb düşür, özüm yerimək istəyirdim. Təxminən yüz-iki yüz addım getdikdən sonra dayanır, özümü sındırmasam da, anamın kürəyinə baxırdım, yəni o isti, o güclü kürəyin məni özü ilə aparmasını istəyirdim. Yazıq anam... Qolumdan tutub atırdı kürəyinə, düşürdü yolun ağına və ozalana-ozalana yolu dəstələyib alırdı əlinə... (Anamla atam mənim bir yaşım olanda ayrılmışdılar və anamın sözsüz ozalanmalarını mən sonradan başa düşdüm.)

Xaraba tərəkəmə kəndinin altındakı maşın yoluna çatanda yolun qırağında uzun, yastı bir dəmir parçasını gözüm aldı. Mən bu dəmiri hardasa görmüşdüm deyin, dartınıb anamın kürəyindən düşdüm və yıxıla-dura yüyürüb o dəmir parçasını qucaqladım.

Anam həttəndi mənə:

- At yerə! Əlini hisə-pasa bulama...

Ağlamsındım və dedim ki, bu mənim dəmirimdir, aparacam evimizə. Anam çox dedi, mən az eşitdim. Özümü sürtdüm yerə və ağlaya-ağlaya dedim:

- Bilirəm niyə qoymursan aparam öz dəmirimi. Elə bilirsən ki, kürəyinə minəcəm? Yoox, özüm aparacam! Özüm gedəcəm...

Yazıq anam... Dəmirin bir başından o tutdu, o biri başından mən, dəmiri də sürüyürdü, məni də... Sonra daha mən gedə bilmədim və anam məni atdı kürəyinə - dəmirim də əlimdə... Sonra Baba bağındakı çinarın kölgəsində oturduq ki, bir az dincələk...

... Elə o kölgədəcə məni yuxu tutar...

***

- A nənən ölsün, bu nə dəmir-dümürdü şəllənmisən?! Gədəni dalında apardığın bəs dəyildı?

- Neynim, ay nənə? Nə illah elədim, özün sürtdü yerə ki, özüm aparacam...

Güclə gözlərimi açdım və anamın kürəyindəcə bərk-bərk qucaqladığım dəmiri nənəmə uzatdım:

- Nənə, vallah özüm gətirmişəm, inanmırsan bax, bude, qucağımdadır...

Nənəmlə anam soyuq-soyuq gülüşdülər. İndi o gülüşü yadıma salanda xəcalətimdən az qalıram yerə girəm.

S.A (Söz ardı):

Bir gün kəndimizə gələn bir dəmirçi kolun dibinə düşüb qalmış o məşhur dəmiri görmüş və demişdi ki, bu maşın risorunnan yaxşı dəhrə çəkmək olar. Xalis poladdır...

Anam da dəmirin üstündə pul da verib şəsti bir dəhrə çəkdirmişdi. Uzun illər əlimizdən tutdu o dəhrə. Odun yığdıq, tikan qırdıq, həyət-bacanın kol-kosunu təmizlədik onunla.

Son vaxtlar (rayonumuzun işğal günlərində) mən evdə olmayanda anam o dəhrəni başının altına qoyub yatarmış ki, birdən ermənilər kəndə girər, düşmən qabağına əliboş çıxmasın...

# 2334 dəfə oxunub

Müəllifin son yazıları

# # #