Nə murdar adammışlar, yahu?! - Cəbrayıl Dövlətzadə haqqında roman

Nə murdar adammışlar, yahu?! - Cəbrayıl Dövlətzadə haqqında roman
14 may 2021
# 09:01

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

Əvvəli burada

On altıncı səs

CƏBRAYILIN DÖYÜŞÇÜLƏRƏ DANIŞDIQLARINNAN

BƏHLUL CİHADI

Şərti adı “Keçəl” olan qaçaq Məmmədqulu ilə görüşə gələndə “Fəzi”dən (qaçaqlar, elə onu istəyənlərin hamısı Fərzalıya “Fəzi” deyirdi) xəbər gətirmişdi: “Nəslimin qadınlarınnan milislər, ya da soldatlar bir nəfəri də tutub aparsa, quşun qanadında da olsa, mənə xəbər yolla. Nəbadə hökumətə qarşı çıxasan. Bacardıqca ehtiyatı əldən vermə”.

“Keçəl” xəbər apardı ki, kənd, onun öz evi, qohumlarının evi mühasirədədir.

Milislərin və rus əskərlərinin diqqətini öz üzərinə çəkmək üçün bir dəstə atlıyla gecə kənddə keşik çəkən hökumət qüvvələrinə hücum etdilər. Əskərləri və milisləri pərən-pərən salıb yenə Sobu meşələrinə çəkildilər. Səhəri gün hökumət qüvvələri Sobu meşələrinə hücuma keçdi və iki yüz nəfərlik dəstənin yarısını itirib Sobuya döndülər. Sobunun sayılan ağsaqqallarınnan olan Məşədi Behbudun və qohumlarının evinə soxulub hamısını tufəngin qundağı ilə döyür və Fərzalının yerini soruşurdular. Bunnan xəbər tutan Fərzalı dostunu qurtarmaq üçün kəndi mühasirəyə aldı. Hökumət qüvvələri bu dəfə də yerdə qalan qüvvələrinin çox hissəsini itirib Pirçivana döndülər.

İki gün sonra, yəni 1922-ci ilin oktyabr ayının 20-də indiki Qubadlı rayonunun Dondarlı kəndində Fərzalının dostu və məsləkdaşı Bəhlul Əfəndi üsyan qaldırdı və qaçaq dəstələri ilə birləşdi, bu zonada, yəni Xanlıqda Sovet hökumətini devirdi.

Bir gün qabaq Bəhlul Əfəndinin adamı Sobuya gəlmişdi. Fərzalı ilə Sobu Qalasında görüşən qonaq Bəhlul Əfəndinin ismarıcını çatdırmışdı. Bəhlul Əfəndinin “Ya qazi, ya şəhid olaq!” sözlərinə “İnşallah qazi olarıq” cavabını verdi və dedi: “Əfəndiyə çatdır ki, mən bu gecə Pirçivana hücum edəcəm. Rus əskərlərinnən bacardıqca qıracam. Amma Əfəndi bilsin ki, mən tövbəliyəm, düşmənim də olsa, müsəlmana güllə atmayacam”.

Həmin gecə Fərzalının dəstələri rayon mərkəzinə hücum elədi. Bütün hökumət idarələri yandırıldı. Milis dəstələrinin komandiri Gəncinski idarəsində qolubağlı əsir götürüldü. Geri dönərkən yolüstü Baharlı zastavasına hücuma keçdilər. Zastavanın bütün əskərlərini qırdılar, silahlarını da götürüb dağlara çəkildilər. Çöpədərəni keçəndə Fərzalı Gəncinskinin qollarını açdı. Sonra üzünü ona tutub dedi: “Gəncinski, səni buraxıram. Amma bir neçə şərtim var. Birincisi odur ki, çağırsalar Bəhlul Əfəndini üstünə silahlı dəstə göndərməyəsən. İkinci şərtim, sən neçə ki, Zəngilanda rəissən, biz bir-birimizə toxunmayacağıq, lazım gələndə təhlükədən xəbərdar edəcəyik. Üçüncüsü, mənim nəslimnən, kəndimnən zənən xeylaqlarına toxunmayacaqsan – yəni soruşdurma, filan olmuyacaq… Məmmədqulunu – mənim bacım oğlunu (o sizin hökumətə işləyir) qoruyacaqsan… Əgər, mən sənnən əvvəl ölsəm, bil ki, danışığımız sən ölənə qədər qüvvədə qalacaq. Bilirsən ki, Fərzalının ölüsü də intiqam alar…”

(Yeri gəlmişkən, Gəncinski bu şərtlərə sona qədər sadiq qaldı. Kitabın bəzi səhifələrində biz bunu bir daha görəcəyik.)

“BOLQ” GƏLİR… QULBİNSKİ VƏ GƏNCİNSKİ

Məmmədqulu danışırdı ki, Bəhlul Əfəndinin cihadınnan sonra Bakıdan təpədən-dırnağadək silahlanmış böyük bir ordu – “bolq” gəldi. (Yəqin ki, polk demək istəyirmiş) Gorusdan ermənilər, yerli milis dəstələri və Bakıdan gələn rus polku birləşərək üç tərəfdən Bəhlul Əfəndinin üstünə yeridilər. Qaçaq dəstələrinin də qoşulduğu Bəhlul Əfəndinin din ordusu mərdliklə vuruşsa da qeyri-bərabər döyüşdə geri çəkilməli oldu. Zəngilan tərəfdən milis dəstələrinin döyüşə girmədiyini görən üsyançılar döyüşə-döyüşə Mincivana, ordan da Xudafərinə tərəf çəkildilər. Yalnız bunnan sonra Gəncinskinin milisləri Dondarlıya gəldilər və rus polkunun komandiri Qulbinski ilə Gəncinski arasında bərk mübahisə oldu. Qulbinskinin “Nə üçün Bəhlulun yolunu Mincivanda kəsmədin?” sualına Gənjinski “Mən Fərzalının dəstələri ilə döyüşürdüm” cavabını verdi. Həmin gecə Qulbinskinin rəhbərliyi ilə hərbi müşavirə oldu. Bəhlulun İrana keçməsinnən sonra bir qdər rahat nəfəs alan bolşeviklər indi də Fərzalının əndişəsində idilər. Gəncinski müşavirədə çıxış edib dedi ki, Fərzalının dəstəsi elə də böyük deyil, biz özümüz onun özdəsindən gələrik. Onsuz da Gəncinski ilə münaqişədə olan Qulbinski bağırdı: “Siz nə danışırsınız?! O Fərzalıdı, nədi, mənim yüzdən çox əskərimi öldürüb! Bir həftəyə onunla məsələni çürütməliyik!”

Gecə ilə Sobuya Gəncinskinin adamı xəbər apardı: “Ehtiyyatlı ol, üstünə ruslar gəlir”. Ardınca Həsənqulunun adamı gəldi. Onlardan sonra Məmmədqulu gecə gözü özünü dayısına çatdırdı ki, bəs özünü qoru, “bolq” gəlir!

Mincivan bəylərinin də adamı Sobu qalasına gələrək Fərzalıya köməyini təklif etmişdi. Fərzalının yadına on il əvvəl olmuş əhvalat düşmüşdü o anda. Qaraşdar kəndində bir səhər Fərzalı qonaq olduğu kişinin həyətində əl-üzünü yuyanda Sobuya tərəf gedən bəylərdən biri Fərzalını görüb tüfəngini qaldırıb nişan alıb atmışdı. (O vaxt aralarında münaqişə varmış) Lakin güllə açılmamışdı. Qəzəblənən bəy tüfəngi çevirib yanındakı nökərə sıxmışdı. Güllə açılıb nökəri qanına qəltan etmişdi. Bəy: «Bu namərdin üstündə allah əli var vallah! Bunu allah qoruyur!» - demiş, yolunnan geri dönmüş, nökərinin meyidini götürüb Mincivana qayıtmışdı. İndi həmin Mehdiqulu bəy köməyini təklif edirdi…

…Başda Qulbinski olmaqla noyabrın birində Sav kəndinin erməni dəstələri, Zəngilanın milisləri və Qulbinskinin soldatları üç tərəfdən Sobu qalasına hücuma keçdilər. Gəncinskinin adamı Fərzalıya xəbər göndərmişdi: “Biz tüfəngin ağzını göyə tutacağıq”.

Düz üç gün üç gecə Fərzalının dəstəsi Qaçaq İsrafillə arxa-arxaya verib 400 nəfərlik rus əskərlərinə, erməni daşnaklarına qarşı vuruşdular. Məmmədqulu sonralar xatırlayırdı: “Əlli ermənidən 30-u, 400 rus əskərlərindən Qulbinski də içində olmaqla 150-si öldürüldü. Nə bir qaçağın burnu qanadı, nə də bir milis nəfərinə güllə dəydi”.

Polkovnik Qulbinskinin öldürülməsi mərkəzi bərk qəzəbləndirmişdi. Ona görə də Fərzalını aradan götürmək üçün daha böyük qüvvə ilə əməliyyat planı hazırlanarkən Fərzalının dəstəsi gecəylə Cənubi Azərbaycana, Üçdibin mahalına adladı.

Polkovnik Qulbinskinin öldürülməsini Fərzalının bacısı oğlu, (Kərbalayı Qasımla Şahnisədən olan) sonralar rayonda bir sıra önəmli sahələrdə çalışmış (pambıq qəbulunda, barama qəbulunda və s.), ömrünün son çağlarında kənd mağazasında işləyən

SƏTTAR ABBASOV

belə xatırlayırdı: “Dayımın başçılığı ilə rus polku və sərhəd zastavasının saldatlarına qarşı döyüşdə çoxlu saldat və onların başçısı polkovnik Qulbinski öldürüldü. Ruslar meyidlərini at və öküz arabaları ilə bizim kəndin içərisinnən daşıyıb aparırdılar. Onda mənim 7-8, qardaşım Salehin isə 3-4 yaşı olardı. Bu əhvalatdan 20 il keçənnən sonra kənddə iclas çağırdılar və yerli kommunistlər qardaşım Salehin üzünə durdular. Guya o qaratikan koluyla Qulbinskinin meyidinin ağzına vura-vura söyürmüş ona ki, sənin ağzını belə eliyim, sən mənim dayıma güllə atmısan?.. (Söhbət 3-4 yaşlı uşaqdan gedir!) Elə bu sözə görə Salehə 10 il iş verdilər. Yazıq qardaşım düz 10 il Qazaxstanın çöllərində qaldı...”

QAYIDIŞ

Fərzalı bir müddət, yəni ara sakitləşənə qədər Cənubi Azərbayjanda qaldı. Üçdibində, Buyduzda, Ozanda gəzib-dolandı, qaçaq dostlarının qonağı oldu. Əslən Şuşa şəhərinnən olan, İrannan qaçaq malı gətirib Arazboyu kəndlərində satan, qumarbazlıqda ad çıxarmış Qalalı ləqəbli dostu Cabbarla Üçdibində görüşdülər. Fərzalı onsuz da hər həftə Araz qırağına gəlib kənd-kəsəkdən xəbər tuturdu. Amma hər halda Qalalının xəbərlərini həyəcanla dinlədi:

- Fəzi, dünənki ac-yalavaclar, onun-bunun qapısında burnunun suyunu axıdanlar istol başına keçib, urus hökumətinin sağ əli olublar. Sənin o bacın oğlu Məmmədqulu da onlara işləyir. Oddan kül törəyib…

- Bizim qız-gəlinə, nəsil-nəcəbətə toxunub- eləyən yoxdu ki? Soruşdurma- filan yəni?

- Yox, allah eləməsin, Fəzi! Sənin nəfəsin olan yerdə pis niyət olmaz ki… Ay Fəzi, bir söz demək istəyirəm axı?

- De görüm…

- Qorxuram e…

- Di zəhləmi tökmə, tez ol, de görüm nə istəyirsən?

- Fəzi, bacın qızı Şamama ərinnən ayrılıb onsuz da… Deyirəm, qızı da danışdırıblar, deyib dayım gələr, sonra…

Rəngi saralmış Qalalının səsi titrədi. Fərzalı özü kimi qorxmaz adamları xoşlayırdı. Bu Qalalı da indi xoşuna gəldi. Cibindən bir qəhvəyi rəngli gülməxmər parça nişanası çıxarıb verdi Qalalıya.

- Bunu verərsən Məmmədağlıya, amma adam içində vermə. Biləcək nə demək istədiyimi. Sonra bir top parça apararsan, bizim nəsildən olan qız-gəlinə verər Məmmədqulu. Çox səs-küylü yox, yığcam bir nişan eləyin. Toyu özüm gələndə eləyərik.

Qalalı gülməxmər parçasını düyünləyib cibinə qoydu və Araz qırağındakı palaya yaxınlaşdı. (Pala Arazdan adam adladanların dəzgahına deyirdilər. Üfürülmüş keçi dərisindən düzəldilən palaya yük də yükləyirdilər)

***

Bir neçə ay sonra Qalalı təkrar bu taya döndü və xəbər gətirdi ki, Gəncinski deyir ki, yuxarıların ağzını arayıb, deyirlər, səssiz-küysüz dönsün geri, toxunmarıq. Hələ istəsə, vəzifə də verərik.

Fərzalı Təbrizdə Bəhlul Əfəndi ilə görüşdü. Vəziyyəti müzakirə etdilər. Bəhlul Əfəndi dedi ki, sən istərsən get, vəziyyətlə tanış ol, sonra bizi də xəbərdar edərsən.

Beləcə, bir payız axşamında 1924-cü ildə Fərzalı Arazı keçib bu taya gəldi. Qızlarını, tək oğlunu, bacılarını, qardaşı Hüseynalını, qardaşı oğlunu, bacısı uşaqlarını, bütün elini, kəndini düşmən zərbəsində qoya bilməzdi axı… Əgər belə etməsəydi, o Fərzalı olmazdı!

DAHA BİR TOY

Qardaşı Hüseynalı, bacıları Gözəl, Gülnisə, Şahnisə, oğlu Rəhim, qızları Tavar, Naran, Təzəgül, bacısı oğlu Məmmədqulu, qardaşı oğlu Hüseynqulu və digərləri yığışmışdılar Fərzalının başına. Düşmənlərin acığına bacısı Gözəlin qızı Şamamanı Qalalıya toyla köçürməyi qərara almışdı. Məmmədqulu etiraz eləsə də, Fərzalı dediyinnən dönmədi. Hətta Minbaşıya da sifariş elədi ki, Məmmədcəfəri də götürüb gəlsin toyu özü çalsın.

Gəncinskiyə də Məmmədquludan xəbər göndərmişdi:

“Mən ailəmə, el-obama görə qayıtmışam. Bir də səninlə olan şərtimizə əməl eləyirəm. Məni gəlib zorla aparmağı ağlınıza da gətirməyin. Elə eləyin ki, bir də dağlara çəkilməyim. Bacım qızına toy eləyəcəm. İstəsən, gəlib toyda adamlarınla iştirak edə bilərsən. Amma rus olmasın içinizdə. Toydan sonra qalan məsələlərə baxarıq”.

Məmmədqulu xəbər gətirdi ki, arxayın toylarını edə bilərlər. Bir şərtlə ki, hələ də üzə çıxmayan qaçaqlar, Sovet hökumətini istəməyən seyidlər, bir sözlə arzuolunmazlar toyda olmasın.

Fərzalıya nəyi də qəbul etdirsən, bax bu diktə eləməyi qəbul etdirə bilməzsən. Hələ də dağlardan enməyən, heç enənə də oxşamayan Qaçaq İsrafili, Osmanlı qoşunundan ilişib Rəzdərədə qalan çavuş Həsən Hüseyni, Seyid Qurbanı, Yapon Səmədi, Mirzə Əsədullanı… bu bölgənin hələ baş tərpədə bilən bütün adamların toya çağırdı.

Minbaşının qara zurnada, yastı balabanda çaldığı havalara dostları ilə süzə-süzə oynadı Fərzalı. Əli qoynunda bacılarını, qızlarını, oğlunu, bacısı, qardaşı uşaqlarını meydana çəkib oynatdı, başlarına pul səpdi. Sonra üzünü toy adamlarına tutub dedi:

- Mən 35 ildir ki, əlimdə tüfəng dağda-daşdayam. Birinci urusun düşməni olmuşam. Niyə, ona görə ki, gəlib torpağımızı alıb, hökumətimizi yıxıb. İkinci bu qımdadlara – erməni köpəyoğullarına düşmənəm. Onnan ki, bu ələkçinin qıl verənləri – rusların nökərləri ağalarına arxayın olub kənd-kəsəyimizə hücum eliyib, qız-gəlinə, arvad-uşağa güllə atıblar. Mən də həm urusdan, həm də bu qımdadlardan o ki, var qırmışam. Üçüncü düşmənim yolkəsən quldurlar, dördüncüsü kasıba zulum eliyən varlılardır. Hər varlı yox ha, kasıbın çörəyini əlindən alanı deyirəm! Beşinci namus məsələsidi. Bir qadına, qıza əyri göznən baxan kişi gözümün düşmənidi. Baxmayaraq ki, özüm on iki arvad almışam, heç birisinə zor eləməmişəm, hamısını ədəb-ərkanla almışam, azınnan sığa eləmişəm, kişi kimi də baxmışam… Hə, bir də Allah yanında üzüm ağdı - əsil müsəlmana, türkə güllə atmamışam… Biqiryətləri xaric. Ona görə də deyin, gülün, oynayın. Bu toy mənim bacım qızının toyudur. Gərək hamı şənlənsin bu toyda. Allah mübarək eləsin!..

… Toy qurtaran kimi Həsənqulu Bayramov Fərzalını bir tərəfə çəkdi və dedi:

- Fəzi, Gənciniskidən yuxarı danos yazıblar ki, səni himayə eliyir. Əgər sən səhər rayona gəlməsən, mənim də, onun da paqonlarımızı soyacaqlar… Bax sənə deyirəm haaa… İstəyirsən, yenə qayıt get o taya… Amma, mən demişəm, sənə vəzifə, görəv verəcəklər. Şərt budu ki, gərək Zəngəzurdakı bütün qaçaq dəstələrini, kontraları tutub dövlətə təhvil verəsən…

Fərzalının elə bil gözündə şimşək çaxdı, qəzəblə dedi:

- Əyə, sən nə danışırsan?! Mən hara, bu hökumətin vəzifəsi hara? Sabah gəlməyinə gələcəm, amma mənnən nakişilik gözləməsinlər…

HƏBS, «DOPROS» VƏ YENİDƏN DAĞLARA SARI

Toy gününün səhəri iki milis işçisi atlarını Fərzalının həyətində saxladılar. Hər ikisi atdan düşüb qorxa-qorxa qapını döydülər. Fərzalı bayıra çıxanda milislər sarılarını uddular. Fərzalı uca səslə qışqırdı:

- Ə, a bala, gendə niyə durmusunuz, ə keçin içəri!

Nisbətən yaşlısı, Ördəklidən olan milis çəkinə-çəkinə dedi:

- Fəzi, yaxşıdı, evə girmiyəciyik… Bizi…

Fərzalı yaşlı milisin udqunub sözünün dalını gətirə bilməməsini görüb gülümsündü:

- Yaxşı, bilirəm, bilirəm. Siz bir stəkan çay içənəcən, mən də geyinim.

…Qəribə mənzərəydi. Milislər qabaqda, Fərzalı da arxada kəhər atın üstündə, onatılanı çiynində Yazı düzü ilə Pirçivana – rayon mərkəzinə doğru irəliləyirdilər. Müşülan kəndininin yaxınlığındakı sərt yoxuşa çatanda yaşlı milis atını saxlayıb sıxıla-sıxıla dedi:

- Fəzi, üzüm ayağının altda, bağışla məni… Əgər irayona belə getsək, biz biyabır olarıq…

Fərzalı tüfəngini çıxarıb verdi ona:

- Onda sən mənim tüfəngimi də sal çiyninə.

Milis tüfəngi almadı:

- Yox, yox, elə demədim, əstəfürüllah! Dediyim odu ki, bizi qabağına qatma… Atları yan-yana sürək…

Fərzalı əlini əlinə vurub elə şaqqanaq çəkdi ki, gənc milisin qorxudan rəngi saraldı, atı isə hürküb qaratikanlığa toxudu.

Atlar enişi enəndən sonra Fərzalı atını dəhmərləyib qabağa keçdi. Müşlan kəndinin içindən keçəndə isə atlar yan-yana addımlayırdılar.

Gəncinski ilə təkbətək bir saatdan çox söhbət etdilər. Belə razılaşdılar ki, o, Fərzalını bir müstəntiqin iştirakı ilə “dapros” eləyir, sonra da bir neçə gün “həbs” edir. Yuxarı ilə məsləhətləşir, Fərzalının «səhvlərini etiraf etməsi nəticəsində” buraxılır. Beləcə, Fərzalı bir neçə saatdan sonra “həbs” olundu. Gecə isə onu rayona gətirən yaşlı milisin evində gecələdi.

Təxminən bir ay müddətində gündüzlər rayon milis idarəsində, gecələr isə yaşlı milisin evində qaldı. Gəncinski Bakıya yazdığı məktubun cavabını gözləyirdi. Fərzalı da iki günnən bir rayona - onun yanına gələn Məmmədquluya tapşırıqlarını verir, bir növ onun özünü, ailəsini gələcək Fərzalısız günlərə hazırlayırdı.

Lakin bir gün elə bir hadisə baş verdi ki, bunu nə Gəncinski, nə də Fərzalı gözləyirdi.

Karyagin sərhəd zastavasınnan iki rus zabiti yanlarındakı orta yaşlı qadınla Gəncinskinin yanına gəldilər. Və elə ilk cümlələri də bu oldu ki, polkovnik Qulbinskinin qatili Fərzalını tutduğuna görə ona – Gəncinskiyə minnətdarlıqlarını bildirirlər. Və qadını təqdim edib dedilər ki, bu qadın Qulbinskinin arvadıdır, Fərzalını görmək istəyir.

Gəncinskinin hansı vəziyyətə düşdüyünü yəqin ki, təsəvvür edirsiniz. Fövqəladə Komissiyanın sədri Mir Jəfər Bağırov özü rayonları gəzir, şəxsən yaxınnan tanıdığı, sərkərdəlik qabiliyyətinə bələd olduğu qaçaqlarla dağlarda görüşür, mümkün qədər onların üzə çıxmasına nail olurdu. Tərtərdə Kolanı Şahmalıyla, Sultanbud meşəsində Qaramanlı Qanboy ağa, Qubada Zizikski ilə belə olmuşdu. Gəncinski Fərzalının da FK tərəfindən bağışlanacağını düşünürdü. İndi qəfildən belə hadisə baş verir…

Rus zabitləri israr edirdilər ki, onları Fərzalının olduğu kameraya aparsınlar. Gəncinski diqqətlə baxıb gördü ki, zabitin biri rus familiyası daşısa da ermənidir! Gəncinskinin qanındakı türk qanı qaynayır, başına vururdu. Amma, bir cüzi səhv, ehtiyatsızlıq hər şeyi məhv edə bilərdi. Çar-naçar kameraya getdilər. Getməzdən qabaq Fərzalını xəbərdar edə bilmişdi. Kamerada ilk qanqaraldıcı hadisəni Qulbinskinin arvadı törətdi. Əlindəki yelpiklə Fərzalının sifətinə çırpmaq istəyəndə o, dartıb əlinnən yelpiyi aldı və küncə tulladı. Bunnan qəzəblənmiş rus və erməni zabitləri Fərzalını təpikləməyə başladılar.

Hər şey bir göz qırpımında baş verdi. Zabitlərin birinin belindəki tapançanı qapdı, hər ikisini güllələdi, Gəncinskini isə qolundan yaralayıb çölə sıçradı. Rusların qapıda bağlanmış atını minib çapıb getdi.

Qarşıdakı binanın həyətində ağacın dibində kölgələnən beş rus əsgəri atlarını minib Fərzalının dalınca çapsalar da, bir qədər sonra yalnız üçü geri döndü – ikisini yəqin ki, Fərzalı o dünyalıq eləmişdi.

Beləcə, Fərzalının ikinci qaçaqlıq dövrü başladı.

On yeddinci səs

CƏBRAYIL

Gecələr şam işığında “Akınçılar” haqqında oxuyuram. Osmanlı dönəmində sərhəd birliklərinin tərkibində olan bu çevik, yüngül süvari birlikləri otuz nəfərlə yüz nəfərin üstünə şığıyıb, bir anda hamısını məhv edərmişlər. Türk komandos demişdi ki, siz Xüsusi Təyinatlılar da akınçılar kimi bir anda yerdən çıxıbmış kimi, göydən düşübmüş kimi düşmənin qarşısında durmalı, on nəfərlə əlli nəfəri məhv etməlisiniz. Ölməyi deyil, öldürməyi düşünməlisiniz. Sonra da böyük türk şairi Yəhya Kamalın o əzəmətli misraları:

Bin atlı akınlarda çocuklar gibi şendik

Bin atlı o gün dev gibi bir orduyu yendik!

Səhər sübh çağı düşmən üzərinə akınçılar kimi şığımaq var. Qarşımızdakı ordu “dev kibi” ordu deyil, amma o dev ordunun bəsləyib üstümüzə qısqırdığı köpəklərdir. Tanrı bizə yar olsun!

QONŞU

Bizim qonşunun da oğlu əsgərdir. Neçə gündür uşaq zəng eləmir. Anası, nənəsi dəli-divanədirlər. Mən də qaçqınam. Evimi-eşiyimi ağzıbağlı qoyub 28 il qabaq uşaqlarımla çıxmışam. Həyat yoldaşım birinci qarabağ müharibəsində itgin düşdü. Hələ indi də var, yolunu gözləyirəm.

İnanın, bir əşya götürə bilməmişdik o vaxt özümüzlə. Qapını bağlayıb, bax bu bir dəst açarla gəlmişdik. İnanmayacaqsınız, o açarları indi də saxlayıram. Bircə bu müharibə dayanmasın. Bizim torpağımızı alsınlar, çıxaq gedək elimizə, obamıza...

Qonşularıma da acıyıram. Yazıqlar asılı qalıblar. Uşaqdan xəbər ala bilmirlər... Ürək-dirək verməyə də söz tapmadım. Nə deyim axı?.. Cəbrayıl ayrı oğlan idi. Allah qorusun. Allah bütün əsgər balalarımızı qorusun. Amin.

“O”

Əsgər gedəndə son dəfə görüşmüşdük. Dedi, bu ola bilər ki, son görüşümüzdür. Dedim, niyə elə deyirsən? Hamı əsgər gedir və xidməti başa çatan kimi geri dönür. Sən də dönəcəksən.

Dedi, yox, Sarı, səni ümidləndirmək istəmirəm. Mənim ürəyimə damıb ki...

Daha ardını söyləmədi. Çox təkid etdim, danışmadı. Lap sonda ah çəkib dedi ki, sənə zəng də etməyəcəyəm. Ya qismət, sağ dönərəmsə, yenə görüşərik. Ya da istəsən, məni gözləməyə bilərsən...

Ürəyim şan-şan oldu. O niyə belə etdi axı?!

QURD

Bu dağlarda biz min illərdir yaşayırıq. Bu xalqla baş-başa, ağız-ağıza olmuşuq həmişə. Bizi az hallarda ovlayıblar. O da məcburən. Görürdün bir axmaq yalquzaq girirdi sürüyə, başlayırdı qırmağa. Onun, on beşin qırırdı, axırda birini götürüb gedirdi. Deyən gərək, ay axmaq canavar, sənə bir qoyun lazım deyil, əvvəlcədən götür, get də. Daha bu sürünü niyə qırırsan?! Kimə deyirsən?

Onlar da məcbur olub silah qurşanar, bizi ovlayardılar. Vurannan sonra dərimizi soyub hökümətə təhvil verər, nə qədərsə pul alardılar...

Biz nadir hallarda onların adamına hücum etmişik. O da qəhər gələn qışda-zadda ov tapmayanda hansısa səfeh canavar yolçuya soxular, şirin ətini qopardardı. Bu, yüz ildə bir dəfə olan iş idi... Bir baxın, bu dərələr insan ölüsüylə doludur. Tülkü-çaqqalı demirəm, amma hələ bir qurd görmədim ki, ölmüş insan ətinə tamah salsın... Biz əti təzə, qanlı-qanlı yeyərik. O da ov əti ola... Daha insan deyil... Dünən bir dovşan balasını qovub gətirdim, elə tutacaqdım ki, tullandı səngərə, əsgərlərin içinə. Bir cavan əsgər onu alıb qocağına sıxdı, başını tumarladı. Bunlar belə rəhimli adamlardılar vallah... Bax, ona görə bu camaatla pis yola getməmişik biz qurdlar... Hətta bizi özlərinə yaxın bilmişlər. Qohum hesab etmişlər...

Amma bu biri tayfa... Vay, vay, vay. Qoy bir ulayım dallarınca! A-uuuuuuuuuuuuuu!

Nə murdar adammışlar, yahu?! Heyvan demədilər, at demədilər, eşşək demədilər, toyuq-cücə demədilər hamısını qırıb qurtardılar. Sonra evlərin dam-daşını dağıtdılar. Sonra qəbirləri qazdılar, baş daşlarını aşırdılar. Sonda doymadılar, ağacları dibinnən kəsdilər...

Mən belə vəhşi camaat görməmişəm, ay it, ay qurd!

Əlinə döndüklərim, gec də olsa, gəlib it kimi (ay it, sözgəlişi dedim, bağışla, sən allah) qovdular bunları... Qoy dallarıncan bir ağız da ulayım ki, birdəfəlik getsinlər:-Auuuuuuuuuuuuuuuuuuuuu!..

Ardı var

# 4118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #