Polad Həşimov həlak olanda... - Cəbrayıl Dövlətzadə haqqında roman

Polad Həşimov həlak olanda... - Cəbrayıl Dövlətzadə haqqında roman
26 mart 2021
# 10:01

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

əvvəli burda

Üçüncü səs

NƏNƏ

Balam gecələr sayaqlayır, Sultan bəydən, Fərzalıdan, Nəbidən danışırdı. Soruşdum, elə şeylər dedi ki, heç onları mən bilmirdim. Balam bu məlumatları hardan alırdı axı? Nə bilim vallah...

Qorxuram e uşağımnan... Birdən xəstələnib-eliyər, allah eləməmiş? O bizim hamımızın ümid yerimizdir. Körpəliyinnən özünü sevdirən uşaq olub mənim Cəbişim. Böyüdükcə həm dərisinə sığmırdı, həm də uşaqlığına. Onun uşaqlığı uşaqlıq olmadı ki. Balam körpəliyinnən ailə dərdi çəkib, ata kimi aparıb özünü. Qardaş-bacısına əziyyət çəkdirməyib... İşləyən, qazanan, mərd uşaq olub balam... İndi gecələr sayıqlaması qorxudur məni...

Soruşanda əlini yelləyir və deyir ki, ay nənə, Qaçaq Nəbidən sən özün danışardın də, yadınnan çıxıb? Fərzalı da onnan sonra məşhur qaçaq olub. Ay nənə, gör e, o kişilərin zamanında ermənilər bircə kəndimizi də ala bilməyiblər!.. Sonra nə oldu bizə, ay nənə? Niyə o boyda Qarabağı, Şuşanı, Ağdamı, hələ sənin Zəngilanını işğal edə bildilər?!..

Mən çox fəxr eləyirəm ki, ay nənə, o qəhrəmanların nəslinnənəm...

CƏBRAYIL

Sonra Şahbazla Dilqəmin məsələsi mənə toxunmuşdu. Bilirsiniz, əslində onlarınkı qəhrəmanlıq deyil, adicə işğalda olan torpaqlarını ziyarət etmişdilər və buna görə ermənilər onları həbs etmişdi. Amma qəhrəmanlıq olmasa da, biz gənclərdə vətən eşqini təzədən körüklədi onlar. Yadımdadır, dostlarımla qərara gəlmişdik ki, biz də gizli yolla Zəngilan rayonuna gedək, kəndləri ziyarət edək... Axı mənim anam bu rayonnandır. Ona görə gecələr səhərəcən Van Dammın, Brus Linin filmlərinə baxırdım. Onlar kimi qəhrəman olmaq istəyirdim... Bu barədə təsadüfən nənəm bilib, yalvardı ki, ay bala gedərsiniz ermənilər sizi tutar, qanınız batar... Nənəm dedi ki, ən yaxşısı idmanla məşğul olmaq və Ali Baş Komandanın əmrini gözləməkdir...

Gözləmək... Buna heç səbrim çatmırdı...

Sonra Aprel döyüşləri ümidləndirdi məni... Amma onda da iş yarımçıq qaldı. Ümidimiz qırıldı. Çox qabağa gedə bilmədi bizimkilər... Düzdür, Lələtəpə yüksəkliyini aldıq, amma mən bütün Qarabağı istəyirdim... Mən müharibə istəyirdim, müharibə! İstəyirdim ki, Prezidentimiz əmr versin, bizi düşmənin üstünə göndərsin!.. Mənim də, yaşım heç artmır ki, artmır... İstəyirəm, gecə yatım, səhər durum, görüm, böyümüşəm.

Sizə bir sirr açım: nədənsə mənə belə gəlir ki, mən tanınmış adam olacam...

Buna görə də arada şeir yazdım. Baxdım ki, yaza bilirəm. Düzdür, heç kimə göstərmədim, amma bircə nənəmə oxudum, dedi ki, yaxşıdı. Bir də bir “O” var, adını demiyəcəm, ona oxumuşdum, çox xoşuna gəlmişdi. Ona yazdıqlarımdan bəzi misralar hələ indi də yadımdadır:

Mən sənə bənd oldum,
Boynunda kəmənd oldum...
Sən şirin olasan deyə,
Ağzında qənd oldum...

Bəsdi, daha utanıram... Vallah, şeir yazanda özümü zəif, gücsüz adam kimi hiss edirdim. Sizi bilmirəm, məncə, şairlər ruhən güclü olsalar da, onlar fiziki cəhətdən zəif olurlar. Axı mən fiziki cəhətdən güclü, çox güclü olmaq istəyirdim! Belə düşmənin onunu bir dəfəyə öldürə bilən biri!..

Şeirnən bu, yola getmir... Beləcə, şeirin daşını atdım...

Səsim də vardı. Amma az-az oxuyardım. Bir az utancaqdım. Ona görə də oxumazdım çox vaxt. Amma nənəmin sevdiyi bir mahnı vardı, qədim eee, lap qədim xalq mahnısıydı... Onu zümzümə eləməyi sevərdim... Axı orada da atlanmaq, yola düşmək, Vətənə getmək vardı...

Mən gedirəm Zəngilana,
Mən aşiqəm bir ceyrana,
Ay ana, ana, günləri sana,
Gedirəm axı, gedirəm axı...
Atlarımız yəhərlidir,
Ana, oğlun hünərlidir...
Ay ana, ana, günləri sana...

Zülfü Adıgözəlov oxuyub onu. Kasetə köçürtdürüb saxlamışam özümçün. Ölürdüm o mahnıdan ötrü. Lap sonralar yerlimiz olan Almaz Orucova adlı bir müğənni də oxudu. Anam tanıyırdı, deyirdi gözəl oxuyub. Heyf ki, onu dinləyə bilmədim...

Amma çox oxumazdım. Nəsə birtəhər gələrdi mənə. Elə bilirdim ki, oxusam, bədənim zəifləyər, gücüm azalar, nifrətim ölər... Mənim isə içimdə böyük bir nifrət yuvası vardı – arı pətəyi kimi. O nifrət məni döyüşə aparacaq, düşməni məhv etməyimə yardımçı olacaqdı.

Yaxşı rəsm qabliyyətim də vardı. Bilmirəm, nə işdisə, nəyə əl atırdım, alınırdı. Rəsm müəllimiz deyirdi ki, sənnən yaxşı rəssam olar. Hökmən sənədlərini Rəssamlıq Akademiyasına verməlisən.

Sonra rəsmlər çəkməyə başlamışdım ki...

Və Polad Həşimovun vurulması...

ANA

Cəbrayıldan qorxurdum. Elə şeylər danışırdı, elə hərəkətlər eləyirdi, əlim üzümdə qalırdı. Yaşından irəli söhbət eləməyi vardı. Ağsaqqal kimi... Gülmək tuturdu məni... Gah da şəklənirdim, qorxurdum. Bu uşaq niyə belə oldu axı? Sultan bəy, Bəhlul Əfəndi, Qaçaq Fərzalı, nə bilim Nuru paşa... Yaşına uyğun olmayan sözlər, söhbətlər...

“A bala, anan ölsün, sən bunları hardan bilirsən? Sən nə bilirsən Sultan bəyi? Hardan oxudun, hardan öyrəndin? Mənim səni doğru-düzgün oxutmağa da imkanım olmadı axı?”

“Ay, ma, bu bizim tariximizdir... Türkiyəyə gedəndə, yadıma salarsan, Sultan bəyin, qardaşı Xosrov bəyin məzarlarını ziyarət edək... Onların sayəsində xalq bu gün ayaqdadır, diridir... Ermənilərdən qoruduqları torpaqda rahat yaşamağa qoymayıblar onları, ay ma. Sovet hökuməti qurulan kimi Sultanov qardaşlarını sıxışdırıblar. Kişi görüb ki, vəziyyət xarabdır, adlayıb İrana. Oradan da Türkiyəyə... Bir Tumsatan dostumuz vardı, o danışırdı ki, daşnaklarla kommunistlər birləşib Sultan bəyi tutmaq istəyirlər. Dərin meşənin yarğanında gizlənir. Onu görən bir kəndlisinin satacağınnan ehtiyatlanaraq həmin kəndliyə üz tutub bu bayatını çağırır:

Mən aşiqəm yarqana,
Yar sözünü yar qana.
Dünyaya sığmaz başım,
Sığınıbdı yarğana...”

Ayağımın altınnan yer qaçdı. Belə qəhrəmanlar haqqında danışa-danışa özü də qəhrəman oldu...

Mənim oğlum o qədər təmiz, o qədər məsum idi ki, onun bir gün döyüşə gedib düşməni öldürəcəyinə qəti inanmazdım. Düzdür, idmançı idi, güclü idi, yeri gələndə çox sərt idi, amma adam öldürəcəyini ağlıma da gətirə bilməzdim... adam da deyirəm, düşmən, özü də erməni kimi düşmən adam sayılmamalıdır... Xahiş edirəm, bizim analar, elə xarici ölkələrdəki analar da məni düz başa düşsünlər. Bir ana ki, oğluna “Get Azərbaycanın torpaqlarını işğal et, orada bizə də ev tik, gəl bizi də apar orada yaşayaq” deyirsə, nə o ana anadır, nə o oğul adamdır... Biz, azərbaycanlılar bir kimsənin toyuğuna kiş demədik, bir kimsənin torpağına göz dikmədik, bir kimsənin balasını ağlar qoymadıq... Amma onlar, ermənilər bizim torpağımızı işğal etdi, xalqımızı Ermənistannan – dədə-baba torpaqlarınnan qovdu, Xocalıda qan saldı, qoca, qadın, uşaq demədən hamısını qırdı, əsir aldı... Əsir götürdükləri adamlarımıza işgəncə verdilər, aparıb qəbirlərinin üstündə qurban kəsdilər... Eeeeeee! Qanım dondu vallah! Mən Cəbrayılı bətnimdə gəzdirəndə bu hissləri ürəyimnən keçirmişəm... Ona mənim qanımla, südümlə keçib bu hisslər... Ona görə də o, vətənini sevən oğul idi... İnanırsınız, mən ona həmişə deyirdim ki, insaflı ol, idmançısan deyə, heç kimə əziyyət vermə... Amma balamın içində düşmənə nifrət varmış...

General Polad Həşimov həlak olanda balam dəyişdi. Elə dəyişdi ki, mən belə ona söz deməyə qorxurdum...

“O”

Hər dəfə hiss edirdim ki, arxamca iki göz gəzir. Amma mən onu duymayım deyə lap uzaqdan hərlənərdi. Çox abırlı bir oğlan idi. Rəfiqələrim zarafatla dedilər ki, ay qız, şəhərin ən yaraşıqlı oğlanı arxanca kölgə kimi gəzir, niyə özünü naza qoyursan?

Deyirdim, ay qızlar, vallah mən onu lap uzaqdan görmüşəm. Ya mənnən tam xoşu gəlmir ki, yaxınlaşıb ürəyini açsın, ya da çox həyalı oğlandır. Sırtıqlardan zəhləm gedir onsuz da.

Axırı ki, bir gün yaxınlaşdı mənə. Dil-dodağı təpimişdi. Adam inanmırdı ki, bu cür idmançı, boy-buxunlu gənc bir qızın qabağında necə titrəyər. Havadan-sudan danışdıq. Sonra mənə bir şeir oxudu. Oxudu və qıpqırmızı oldu sifəti. Dedi ki, mən heç şeir-zad nədi bilmirəm, eləcənə səni görənnən sonra gəldi, yazdım. Üç bənd idi. “Sən şirin olasan deyə // Ağzında qənd oldum” misralarına ürəyim getdi. O şeir yazılan vərəqi indi də saxlayıram...

Bir də ikinci bəndi oxuyanda aramızda bir balaca anlaşılmazlıq oldu. Mənim saçlarım sarışındır, buna görə misralarda buna işarə vardı:

Saçları sarım,
Sevgili yarım,
Dərdinnən saraldım,
Dağılmış kənd oldum...

Məni gic gülmək tutdu. Az qala qəşş edəcəkdim kənd sözünə. Cəbrayıl əvvəl reaksiya vermədi. Amma hiss elədim ki, əsəbiləşir. Dedi, niyə gülürsən? Dedim, kənd sözünə. Gördüm pis olur. Az qaldı ki, vərəqi alıb cırsın. Dedim, ay dəli, mənim xoşuma gəldi, ona görə gülürəm.

Elə o-bu: adım qaldı Sarı. Mənə Sarı deyirdi həmişə.

Sonra dedim ki, ay Cəbrayıl, səndə ki bu istedad var, bir az məşğul olsan, yaxşı şair olarsan. Mən ədəbiyyatı yaxşı bilirdim. İzah elədim ki, şeirdə misralarda hecaların sayı eyni olmalıdır. Amma səndə hərəsində bir cürdür. Gülüb dedi ki, ay Sarı, məni qəlibə salmaqmı olar? Mən heç bu dünyaya sığmıram, nə heca?..

Amma çox fikirli idi. Elə bil dünyanın bütün müşkülləri onun çiynində idi...

Dərdli adamlar kimi idi. Mən də elə bildim ki, ailədəki vəziyyətə görə belədir. (Atasıyla anası ayrılmışdı axı. Düşünmüşdüm ki, yəqin bunu özünə dərd edib.) Sonralar, lap sonralar əsgərliyə gedəndə mənə yazdığı məktubdan başa düşdüm onun necə vətənpərvər olduğunu... Hətta o kiçicik şeirdəki “Dağılmış kənd oldum” misrasının da mənasını çox, lap çox sonralar anladım...

Dördüncü səs

MÜƏLLİF

Tumsatan danışırdı ki...

Azərbaycan türklərinin 32 qoldan ibarət tayfa ittifaqı 1410-cu ildə böyük Qaraqoyunlu dövlətinin yaranması ilə nəticələndi. Başda Baharlılar olmaqla Boranlı, Sədli, Qaramanlı, Alpout, Dünarlı, Cagirli, Hacılı, Ağacərli və digər tayfalar birləşərəık Qara Yusifin zamanında Qaraqoyunlu dövlətini imperiyaya çevirdilər. Bu imperiyanın sərhədləri Bağdaddan Qəzvinə, Ərzincana, ordan da Şirvanadək uzanırdı. Sonralar ərazisi daha da genişlənən Qaraqoyunlu dövləti paytaxt Təbriz olmaqla bütün Azərbaycan torpaqları, Şərqi Anadolu, Gürcüstan, İran və İraqı əhatə edirdi. Bu nəhəng imperiyanın başında Baharlı tayfasının Boranlı boyundan olan Qara Yusif dururdu. Bu barədə yenicə dostlaşdığı gənc alim və din xadimi Bəhlul Əfəndidən eşitmişdi.

Xocahan bazarına gedəndə təsadüfən tanış olmuşdular. Həftəbazarda əlini belinə qoyub gəzişən əli təsbehli, başında lalərəngi Osmanlı fəsi, əynində şivyot parçadan kostyum olan Bəhlul on, on beş gəncin mübahisə etdiyini görüb onlara yaxınlaşdı. Yerli gənclər onu görüb “buyurun, Bəhlul Əfəndi, buyurun” deyib ehtiramla irəli keçirdilər. O isə sağ əlinin baş və şəhadət barmaqları ilə qara nazik bığını sığallayıb bir Fərzalıya, bir də Fərzalı ilə əl-qol ilə danışmağa cəhd edən yerli gəncə baxıb dedi:

- Mübahisəniz nə üstədir?

Cavanların biri irəli yeridi:

- Bilirsiniz, bu mis kasanı nişana qoyub atmaq istəyirdik, bu oğlan bizə lağ elədi ki, o boyda da nişana olar? Gəlin abbasını nişana qoyaq ataq... Biz də deyirik, əgər vura bilməsən, atını alacağıq...

Fərzalı ətrafını sarmış gənclərdən qətiyyən çəkinmədən bir az da sərtləşdi:

- Niyə düz danışmırsan? Mən lağ-zad eləmədim. Bircə onu dedim ki, o boyda da nişana olar?!

Əfəndinin üzünə xoş bir təbəssüm qondu. Təxminən özü yaşda olan bu gəncə nədənsə qanı bərk qaynadı. Fərzalını təpədən-dırnağa süzüb dedi:

- İgid, buraların adamına oxşamırsan, gəlişin hansı ellərimizdəndi?

Səsində bir mərhəmlik duyduğu bu adam onun bütün hirsini-hikkəsini soyutdu. Səsinin ahəngini dəyişib dedi:

- Baharlı ellərinnən...

Əfəndinin üzü elə bil işıqlandı. Fərzalının əlində bir qənimət kimi tutduğu üçatılanı sığalladı, sonra bir də Fərzalıya ehtiramla baxıb dedi:

- Mən İstanbuldan bir-iki gün olar dönmüşəm. Neçə gün idi ki, özümə yer tapa bilmirdim... Bu silahı heç vaxt yerə qoymuyun. Nədən ki, düşmənimiz çoxdu. İkincisi də, çalışın, yazı-pozu öyrənin, pul-para toplayın, kəndlərinizdə məktəb açın... O ki qaldı sizin mübahisənizə... Qonaq, adınız nədir?

Fərzalı savadlı adamların tək adama da cəm halda “siz” deyə müraciət etdiklərini hələ Təbrizə gedəndə eşidib-öyrənmiş, qarşısındakına hörmət əlamətinnən irəli gəldiyini bilmişdi. Ona görə bir növ fərəh duyurmuş kimi qıs-qıvraq dilləndi:

- Fərzalı.

- Çox şad oldum, əfəndim. Mənim də adım Bəhluldur. – Sonra yerli gənclərə üz tutdu. - Fərzalı ilə mən də şərikəm, o boyda da nişana olar? Gəlin abbasıya ataq... Şərtimiz də o olsun ki, mən uduzsam, sizə tarixdən maraqlı bir rəvayət danışacam, özü də bizim evdə qonaqlığıyla birgə. Qonaq uduzsa?..

Hamı dönüb Fərzalıya baxdı. O da özünü itirməyib tələsik dilləndi:

- Hələ bilmək olmaz kim uduzacaq, kim udacaq. Əgər uduzsam, atımı verəcəyəm. Şərtimiz şərtdi.

Bəhlul gülə-gülə:

- At-filan lazım deyil, - dedi. - Bizdə qonağa hörmət və ehtiram var... Sən uduzsan, bizə Araz qırağınnan söz açarsan, rus qazaxlarıyla dava-dalaşdan bəhs eliyərsən... Deyillər Nəbidən sonra o taya gedib-gələn az-az olur, böyləmi?

Fərzalı tüfəngini sazlaya-sazlaya dedi:

- Niyə, şəxsən mən özüm kefim havaxt istəyir, addaya bilirəm o taya.

Sonra tüfəngini çevirdi, ani nişan alıb tətiyi çəkdi. Uşaqlardan biri qaçıb qırağı güllədən deşilmiş mis pulu gətirib uzatdı Bəhlul Əfəndiyə. O da qəpiyin o tərəfinə, bu tərəfinə baxıb güldü:

- Əhsən! İndi görək papaq altda daha necə oğlanlar var?

Sonra da Fərzalının üçatılanını alıb heç tuşlamadan tətiyi çəkdi. Qəpiyi gətirdilər. Güllə mis pulun düz ortasınnan dəymişdi. Bəhlul əlini Fərzalıya uzadıb “heç-heçə” dedi və əlavə etdi:

- Amma sözümüz sözdü. Bu gün mənə qonaqsınız.

Qonaqlıq uzun çəksə də, onun ən maraqlı hissəsi universitet tələbəsi Bəhlulun Baharlılar və onların yaxınnan iştirakıyla qurulmuş bir Azərbaycan dövləti haqqında danışdığı söhbət oldu.

BAHARLILAR

“...Türk at üstə yatar, at üstə düşünər, at üstə döyüşə gedərdi. Öləndə də at üstə ölərdi. Dəfn yeri torpaq olduğunnan harda dəfn olunsa, oranı vətən bilərdi. Ona görə “Türklər bura filanımcı ildə gəliblər” ifadəsi yanlışdır. Türklər, o cümlədən Baharlılar Suriyadan İraqa, ordan Anadoluya, ordan Azərbaycana, Orta Asiyaya, İtilə, Sibiryaya və yaxud əksinə həmin yolla geriyə hərəkətdə olublar. Bu gün bizimlə güllə atan, məclisdə həmsöhbət olub tikə dadan Fərzalı dünən Araz qırağında - Baharlıda ikən, bu gün bizimlə Dondarlıda bir yerdə olduğu kimi... Təxminən 500 il bundan irəli Baharlı və Sədli oymaqları digər türk tayfalarını ətraflarında birləşdirib nəhəng Qaraqoyunlu dövlətini elə at üstündə yaratmışdılar... İndi Zəngəzurda, Azərbaycanın digər yerlərində adını eşitdiyiniz Baharlı, Qaraqoyunlu, Qaramanlı, Alpout, Saatlı və qeyri kənd-kəsək adları o illərdən nişanədir...

...Qaraqoyunlu tayfa ittifaqının başçısı Bayram Xoca Baharlıdan sonra onun oğly Qara Məhəmməd Qaraqoyunlu dövlətini möhkəmləndirdi. Onun oğlu Qara Yusifə isə böyük tayfa nifaqları və torpaq üstə çəkişmələr miras qalmışdı. Bir də sevənlərinin Əmir Teymur, düşmənlərinin Topal Teymur adlandırdıqları böyük fatehlə bir dövrdə yaşamaq və döyüşlərdə üz-üzə gəlmək kimi daha müşkül bir məsələ...

1395-ci ildə Teymura məğlub olan

QARA YUSİF

əvvəlcə müttəfiqi Sultan Əhmədlə birgə qan qardaşları Osmanlılara, daha sonra isə Misir sultanına sığındılar. Lakin Teymurun tələbi ilə Misir hökmdarı onları həbs edib Dəməşqdə zindana saldırdı...

...Yusif zindanda az yatır, gecələr belə oturub uzun-uzadı düşünür, gələcək dövlətinin sərhədlərini cızırdı. Bir gün o üzünü Sultan Əhmədə tutub dedi:

- Biz səninlə bir tayfadan deyiliksə də, bir kökdənik, hər ikimiz türkük. Elə Osmanlılar da, Teymur da türkdür. Sən Cəlairisən, həm də şah nəslinnənsən. Mən isə Bayram xanın, Məhəmməd xanın nəslinnənəm. Həm də biz müttəfiqik. Ürəyimə damıb ki, biz tezliklə azad olacağıq. O günə hazır olmaq üçün gəl bir əhdnamə bağlayaq.

Əhməd Cəlairi təəccüblə Qara Yusifə baxdı:

- Nə danışırsan? Bizi kimdi buraxan? Yenə Bərkuk* ölməsəydi, hə. Onun bu qorxaq oğlu Sultan Fərəcmi bizi azad edəcək?

Yusif gülüb dedi:

- Sultan, bilirsən ki, sabah istəsəm, Baharlı igidləri bu qalanı dağıdar, bizi azad edərlər. Amma bu işin ziyanına olar hələlik. Biz məqam gözləməliyik. Məqama isə, deyəsən lap az qalıb. Ona görə deyirəm ki, gəl səninlə bir əhdnamə bağlayaq, ikimiz də qanımızla imzalayaq onu.

Sultan Əhməd başını tərpətdi - yəni razıyam. Yusif xan dedi:

- Ərəb İraqı sənin olacaq. Sən Bağdadda oturacaqsan. Azərbaycan mənim olacaq, mən Təbrizdə oturacam...

Təbriz sözünü eşidəndə Cultan Əhmədin içində elə bil nəsə qırıldı. Amma dinmədi. Bütün şahların içində bir Təbriz sevdası olub həmişə. Hələlik o, bununla barışmalıdır, onunçün ki, bu Baharlı sərkərdəsinin hayqırtısı bəs idi ki, Dəməşq civarında əmrə müntəzir Baharlı süvariləri qalanı dağıdıb onları Təbrizin üstünə aparsın. Amma hələlik bunun zamanı deyildi. Ona görə Sultan Əhmədin razılaşmaqdan başqa çarəsi yox idi. Bir də ki, Qara Yusif hələ sözünü deyib qurtarmamışdı.

- Bir məsələ də var... Sən bilirsən ki, biz şah, sultan nəslindən deyilik. Ona görə də sən gərək oğlum Pirbudağı oğulluğa götürəsən. Mən onu şah elan edər, ölkəni də onun adınnan idarə edərəm.

Əllərini əllərinin üstünə qoyub üç dəfə allahı şahid gətirərək and içdilər. Sonra mirzələrini çağırtdırıb əhdnamə yazdırdılar və mirzə onların çeçələ barmaqlarına sancaq batırıb qanları ilə əhdnaməni imzalatdı.

* Tam adı Məliküz-zahir Seyfəddin əl-Osmanı əl-Yelboğavi Bərkuk –1382-1399 illərdə çərkəz kökənli Misir Məmlük sultanı.

davamı var

# 4260 dəfə oxunub

Müəllifin son yazıları

# # #