Divar - Azad Qaradərəlinin yeni hekayəsi

Divar - Azad Qaradərəlinin yeni hekayəsi
23 noyabr 2024
# 14:00

Kulis.az Azad Qaradərəlinin "Divar" adlı yeni hekayəsini təqdim edir.

Ukraynalı xanım müəllim Olena Kureloya və

azərbaycanlı aydın Hikmət Babaoğluna* ithaf olunur

BİRİNCİ HİSSƏ

Siz bütün gülləri kökündən qopara bilərsiniz,

lakin baharın gəlişini əngəlləyə bilməzsiniz...

Pablo Neruda

Divar.

Ukrayna divarı.

Divar ölkə.

Divar şəhər – Kiyev – Kıyıdakı ev...

Sizə bir divardan söz açacağam...

***

Kiyev bombalananda ilk zərbə onların məktəbinə dəymişdi: Olena xanımın işlədiyi orta məktəbin binasının əsas korpusu tamam dağılmış, yalnız məktəbin arxasındakı yardımçı bina təsadüf nəticəsində salamat qalmışdı. Cavan kişi müəllimlərin bir çoxu davaya getmiş, yaşlılar qorxudan məktəbdən ayağını kəsmiş, yalnız Olena xanım və daha iki qadın müəllim hələ də məktəbə gələn uşaqları başlarına yığaraq yardımçı binada dərs keçirdilər. Ta o günə kimi ki, rusların atdığı ballistik raket yardımçı binanı da dağıtdı və məktəbin yerində dağılmış kərpic yığınından başqa bir şey qalmadı. Hə, bir də eni on metrə çatan bir divar salamat qalmışdı. Göz dağı kimi qalan bu divara baxanda adamları ağlamaq tuturdu. Onların valideynləri də, özləri də, övladları da bu qədim məktəbdə oxumuşdular axı...

İndi isə o məktəbdən bircə divar qalmışdı...

“Bu divar deyil. Nə divar?! Bu barrikadadır!.. Hə, hə, barrikada. Bu üzdə bizik, o üzdə işğalçı... Bizi təkcə tüfənglə, topla, raketlə məhv etmir düşmən, bizi biliksizliklə, məktəbsizliklə öldürmək, yox etmək istəyirlər... Hə, hə. Ona görə, bilə-bilə məktəblərimizi vururlar ki, savadsız, onların qarşısında müti dayanan qula çevrilək. Bilirlər axı! Tanıyırlar axı! Bu yolu yüz illərdir keçiblər. Gorbagor rus babaları bizim keçmişimizi məhv etmədilərmi?! Bizi öz milli kimliyimizdən ayırıb slavyanlaşdırmadılarmı?!. İndi də bizi təhsillə, biliklə, məktəblə imtahana çəkirlər... Bircə bunu görməyəcəklər! Biz Ukrayna qadınları hələ ölməmişik...

Ehhhh... Bu uşaqlar niyə gecikdilər? Bəlkə durum gedim qabaqlarına?

Mənim bu divarın dibində qurduğum məktəb o işğalçının gözünə ox olub batacaq! Odsuz-ocaqsız yandıracağıq onları...

Dünən uşalara ilk dərsimizdə dedim ki, bu divar Berlin divarıdır! Biz bu divarın bu üzündə durub rus faşizminə qarşı qəhrəmanlıqla vuruşacağıq!..

Bu gün mənim onlara deyiləsi çox sözüm var. İndiyəcən Ukrayna ədəbiyyatından, Ukrayna dilindən danışırdım onlara. İndi isə sözüm çoxdur. Bilan babanın bu gecə mənə danışdıqlarını onlara söyləyəcək, yüz illər əvvəl millətimizin başına rusların açdığı oyunları onlara anladacam.

(Atalarımızdan eşitmişəm ki, millətin pis və yaxşı cəhətləri ağır gündə üzə çıxır. Pis cəhət elə müharibə başlayar-başlamaz özünü biruzə verdi – bir az pulu, varı, dövləti olanlar övladlarını da götürüb tez aradan çıxdılar – Avropaya, Amerikaya...

Yaxşı cəhət isə gözə o saat görünməz ki. Kiyevdə başımıza bomba yağanda şəhəri tərk etməmək, son tikəsini qonşuları ilə bölüşmək, barrikadada ölənin silahını götürüb atışmaq, gecə yatmayıb şüar yazmaq, elə bu məktəb-divarda uşaqlara dərs keçmək...

Bir də göylərdən düşüb gəlibmiş kimi Bilan babanı bizə ərmağan göndərmək... Burda yüz faiz Tanrının əli var. Rusların Boqunun yox, Bilan babanın danışdığı Tanrının – Tenqrinin...)

Kim bilir, bəlkə, sabah rus faşistlərinin atdığı raket məni öldürdü?! Qoy Bilan babanın mənə söylədikləri şagirdlərimin hafizəsinə həkk olunsun...

Bilan baba doxsan beş yaşındadır. Üzyüm qəsəbəsində doğulub, boya-başa çatıb. Sonra ali təhsil almaq üçün Semfiropola gedib. Və oarada təsadüfən tatar dili ilə tanış olub. Baxıb ki, Üyzümdə yaşayan qocaların bəzisinin yaddaşında qalan sözlər tatar dilində də var. Elə biri üzyüm sözü. Üzyüm ukraynaca “vinohrad”, türkcə-tatarca üzüm demək imiş... Bizdə yalnız kəndin adında qalıb. Bir də tək-tük adamlarımızın dilində pozuq şəkildə... Hələ Bilan babanın adı!.. Bu da qədim ukrayna sözüymüş ki, Bilan baba buna da türk-tatar dilində rast gəlib: Bilan, əslində bilən imiş, bilmək sözündən imiş...

Ehhhh... Ay uşaqlar... Harda qaldınız?! Gəlin çıxın də!

Aha. Ayaq səsi eşitdim.

Hə, deyəsən gəlirlər...”

- Salam, Olena Hapustina.

- Salam, uşaqlar. Niyə gecikdiniz? Sentyabr ayıdır axı, Bilik günündən bircə gün keçib... Bizə hər gün Bilik günü olmalı... Bu gün...

Onu qəhər boğdu. O boyda məktəbdən salamat qalan tək divarın yanında qoyduğu partalara baxa-baxa boğazına yığılan qəhəri boğmağa çalışdı ki, uşaqlar onun içində ağladığını bilməsinlər.

- Hə... Hə... Əyləşin.

Sinif nümayəndəsi Oleksandr tərəddüdlə dedi:

- Olena xanım, bu gün sinifimizin oğlanları müharibəyə yollanırlar, ona görə gecikdik...

- Nə?! Axı hələ onların yaşı... – Olena xanımın boğazı biçildi. Qarşısında şax dayanan on birincilərə fəxrlə baxdı:

- Bəs qalanlarınız hanı?

- Onlar gecə ilə getdilər, Olena Hapustina... Biz isə sizinlə xudafizləşməyə gəldik...

- Necə yəni?! Bəs bu divarı, eee, bağışlayın, məktəbi kimə qoyub gedirsiniz?!

- Olena xanım... Vətənin ağır günüdür... Bağışlayın... Biz qala bilmərik...

Olena xanımın gözləri doldu. Ağlamamaq üçün özünü güclə tutdu.

- Onda... Bilirsiniz... Bizim binaya Üzyüm kəndindən bir qoca gəlib, Bilan baba... O bu gecə mənə elə şeylər danışıb ki... Tək mənə yox ki... Hamıya... Məhləmizin adamlarına... Bütün Kiyevə... Qorxuram o 95 yaşlı qoca da, mən də düşmən gülləsindən ölərik, onun danışdığı tarix it-bata düşər... Onsuz da düşüb it-bata neçə illərdi... Bilirsiniz, uşaqlar, məni qınamayın, Bilan babanın qanlı tariximizə aid söhbətini eşidəndə şübhələndim bu müharibənin başlanma səbəbindən... Ondan soruşdum ki, bu dediklərini hansı arxivlərdən tapmaq olar? Cavab verdi ki, Ukraynanın hələ ruslaşmayan bəzi alimləri yazıb bu haqda. Bir də ən qədim kilsələrdə, hansı ki, rusların kilsəsinə tabe olmayan kilsələrimizdə var bu materiallar... Bir də xarici ölkələrin alimləri... Bax, ruslar o arxivləri və o arxivdəki sənədlərdə yazılanları məhv etmək, Ukraynanı Rusiyanın tam müstəmləkəsinə çevirmək üçün başlayıblar bu alçaq müharibəni...

- Bəs o qoca haradadır?

- İndilərdə gəlməlidir... Bir qədər mistik görkəmi var Bilan babanın... Belə, necə deyim, o sanki həm canlıdır, həm xəyaldır. Mən onu görəndə əvvəl-əvvəl qorxdum... Elə bildim ki, ölümdür, gəlib məni aparmağa – axı mən üç gün əvvəlki bombardmanda yaralanmışam... Baxın, başımdakı qanlı sarığı belə dəyişməyə imkanım olmayıb... Ona görə, qorxdum qocadan. Amma onun məlhəm səsi, ata kimi canayanan danışığı, bir də unutdurulan tariximizi birər-birər mənə danışmağı çox xoşuma gəldi. Özü də, ay uşaqlar, elə bil mən bu söhbətləri bir dəfə haçansa eşitmişdim...

İKİNCİ HİSSƏ

Biz tarix yazmadıq, tarix yaratdıq

Mete xaqan

Başında qalpak, əynində kətandan şalvar-köynək və vəhşi heyvan dərisindən üst geyimi olan qoca çiynində qəribə alətlə Divar-məktəbin içinə girdi. Olena xanım ayağa qalxdıqda uşaqlar da qalxdılar. Qoca elə bil tarixin toz-dumanından çıxıb gəlmişdi. O, sınıq-salxaq stullardan birinə çökdü, çiynindəki qəribə simli musiqi alətini çıxardıb dizinin üstə aldı, simləri uşaqların heç vaxt eşitmədiyi Çöldə ulayan tufan uğultusuna oxşar bir səslə tərpətdi və dedi:

- Bu aləti tanıyırmısınız? Bunu haradasa görmüsünüzmü?

Qocanın səsi ölü səs idi. Kənd yerlərində əli meyitə toxunana ruflu adam deyərdilər, bax elə. Sanki minlərcə, milyonlarca meyitin içindən keçib ruflu oluban gəlmişdi. Adamın halı uşaqlara da hopdu. Dilləri quruyub ağızlarına yapışmış kimiydi. Səsləri çıxmırdı. Başlarını buladılar.

Olena xanıma elə bil vəhy gəldi. Qocanın üzündəki min illərin morze əlifbası kimi görünən qırışlardan yola çıxdı və ayağa qalxdı. Divar-məktəbin tək divarından asdığı Ukrayna bayrağının yanındakı Ukrayna gerbinə işarə etdi və hamı iki bıçaq arasındakı qopuzu görüb diksindi. Qoca simlərdə bir də tufan qoparıb dedi:

- Hə, bunun adı hopuzdur. Kaspilər buna qüpüz, oğuzlar qopuz, bizim qıpçaq dədələrimizsə hopuz demişlər. Dilimizdən və əlimizdən düşmanımız ruslar onu alsalar da, gerbimizdən çıxarda bilməyiblər... Bu barədə bir az sonra sizə danışaram... İndi isə hələ bir hovur hopuzun səsinə qulaq verin ki, XVI-XVII əsrlərəcən gedə bilək...

Yenə tufan başladı, fırtına qopdu... Çöldə qurd səsi tufanın uğultusuna qarışıb vahiməli hayqırtı yaratdı. At yalına yatan qıpçaq ərənləri çövkan oynadı, döyüşdə hayqıran Atillanın – Atlıxanın nərəsi qılınc səsinə qarışıb çölə ün saldı. Qıpçaq gözəlləri at südündən hazırladıqları qımızı igidlərə payladı. Şimşək çaxdı, göy guruldadı, at ilxıları təpədən enib nallarından qopan alovla qarsdılar çölü. Yanıq iyi, qığılcım parıltısı göylərə bülənd oldu. Və bu ərşin-kürşün içindən indicə çıxıbmış kimi boy göstərən qoca qopuza əyildi, qısa saqqalını simlərə sürtüb ürəkçalan səslə “hoydu” deyib susdu.

Qoca susdusa, əlləri susmadı, tərpəndi, qopuzun qara parçadan olan köynəyinin içərisindən bir dəstə saralıb-solmuş vərəqlər çıxartdı, dizinin üstündəki qopuzun böyrünə qoydu və tamam ayrı bir səslə, məzardan çıxmış birisinin qorxunc və dəyintili ahəngi ilə danışmağa başladı...

- Bu kağızları burda qoyub gedəcəm. Arxivlərimizdəki tariximizin izləri burdadır. Çoxaldın, yayın ki, bilməyənlər də agah olsunlar... Gerbimizi bildiniz, qaldı bayrağımız... Bayrağımızdakı sarı rəng müqəddəs odun, qorun rəmzidir. Göy, mavi rəng isə gök tanrı deməkdir. “Qor” da, “Gök tanrı” da qədim ukraynalıların dilində işlənən sözlər olub. Elə bu “hopuz” kimi... Bizim Uzyumda, bu, əslində Üzüm deməkdir, yəni vinohrad, hə o kənddə qədim ukraynaca danışan sonuncu adam mənəm... Qalanları öldülər... Mən gəldim ki, sizə kimliyinizi anladam... Baxın, indi deyəcəyim sözlər sizin ulu babanız xristian qıpçakların dilindədir: Yalvarı bən, kolerme senden bi boşatmağa benim yazıklar*...

Öhhhh-öhhhhh!

Qəfil qoca göy gurultusuna bənzər qəhərli səslə hönkürüb ağladı...

- Bu danışdığım dil sizin dilinizdir... Ruslar xalqımızı indi qanına qəltan etdiyi kimi dilimizi də öldürüb... Bizi zorla ruslaşdırıb... Bir qızı, qadını necə zorlayarlar, eynən millətimizi zorlayıblar, namusumuza təcavüz ediblər... Bilin və agah olun! Ukrayna deyilən bir ölkə, bir millət yoxdur, olmayıb...

- Bəs biz kimik?! – Uşaqlar heyrətlə soruşdular.

- Əvvəlcə, gəlin qədim dilimizdə bir mahnı oxuyaq, sonra kimliyimizi sizə danışaram...

Yenə qopuzun simləri tüğyan elədi, yenə qocanın əlləri qopuza sarıldı, yenə Çöldə qan-qan deyən qıpçaq igidlərinin hayqırtısı, gümüş nallı atlarının kişnərtisi eşidildi. Qoca isə oxuyur, oxuyurdu...

Axız, saçın örmezler, hey, hey-hey,

Seni bana vermezler, hey, hey-hey,

Gəl alayım, xaçayım, hey, hey-hey,

Xaranlıxlar görmezler, heyyyyyy!

Hey, hey-heyyyyyyyyyyyyyyyyy!*

Uşaqlar özləri də bilmədən musiqiyə və qocanın ovsunçu səsinə uyaraq mahnını xorla oxumağa başlamışdılar ki, qoca birdən dayandı. Olena müəllim təəssüflə başını buladı:

- Necə gözəl oxuyurduq, mənasını bilməsək də... Niyə dayandınız bəs?

Qoca qopuzu öpüb xırıltılı səslə dedi:

- Hələlik bəsdir. Ardını bir azdan oxuyarıq. Gəlin bir az geriyə, 19-cu əsrə gedək... Gerisini bilməyən, indisini bilməz, irəlisini heç biməz. O böyük kobzar* nələr demiş, nələr söyləmiş?! Bizi ayıltmaq üçün şifrəli sözlər seçmiş, nəğmə kimi ötmüş kobzar. Hələ baxın...

Qoca yenə qopuza sarıldı. Bu dəfə qopuzdan qəm axdı tək Divarlı məktəbin içinə. Qoca da ağladı, qopuz da, şagirdlər də...

Adım gəzərmi, ya gəzməzmi dildə,

Düşərmi yada bir gün yad eldə...

Fərqi yox, olmasam doğma ölkədə,

Fərqi yox, qürbətdə qalsam kölgədə.

Lakin Ukraynanı zalımlar bir gün

Yuxuya versələr, etsələr ölgün,

Onu talasalar, onu soysalar,

Odlara yaxaraq, etsələr bidar.

Onda qan ağlaram, onda gülmərəm,

Mən buna, mən buna dözə bilmərəm.*

ÜÇÜNCÜ HİSSƏ

Yejenin yazğında xapım uruldu...*

Qədim qıpçaq (Ukrayna) türküsündən

Bilan baba indi qəddini düzəltmiş, xeyli gümrahlaşmış, ayaq üstə dayanaraq əlində qopuz gərdiş edir, meydan sulayırdı. Deyəsən, bayaq oxuduğu qıpçaq türküsünün ardını yadına salmaq üçün qopuzunu kökləyir, sinəsini artlayırdı. Gözlərini yumub hayqırdı:

Axız, saçın sekiz xat,

Kes birini bizge sat,

Anan, baban qoyisə,

Gəl, buyje bizge yat...

Sonra Bilan baba oxumağına ara verib dedi:

- Mən sizə az öncə Üzyüm kəndindən danışdım... Üzyümün qonşuluğundakı kəndin adı bilirsinizmi nə idi? Gökoğlu idi! Yəni Göyün, Tanrının oğlu. Quldur ruslar ölkəmizi kənd-kənd, şəhər-şəhər ələ keçirmədilər, söz-söz, kəlmə-kəlmə də işğal etdilər! Onlar Gökoğlu kəndinin adını dəyişib Xoxol qoydular! Bizi, qıpçakları, indiki ukraynalıları təhqir etmək istəyəndə bizə xoxol deyirdilər!.. Öhhhh-öhhhhh!* Bəli, biz xoxoluq! Xoxol, yəni göy oğlu, göyün oğlu!

Qocanı qan tutdu bircə anda. Sanki qopuz tutan əli göydə quruyub qaldı. Və qəfil hönkürdü. Sonra qopuzu ahəstəcə sinəsinə endirib simlərinə toxunar kimi oldu. Bu dəfə də qopuz ağladı, bozladı.

- ...XVII əsrdir. Nə Ukrayna var, nə onun düşməni Rusiya hələ dişini qıcamayıb. Əvəzində Kıyev, indiki dillə desək, Kiyev Qıpçak dövləti var. Kıyev – kıyıdakı, yəni ucdakı, uzaqdakı yer anlamındadır. Uc bəyləri də o anlama gəlirdi. Kıyev Dəşti-Qıpçağın kıyıdakı, ucqardakı baş kəndidir.

(Zəruri qeyd. 1989-cu il idi. Rayon qəzetində işləyirdim. Eşitdim ki, şair dostum Eldar Baxış rayona gəlib. Az sonra şairlə redaksiyanın həyətində görüşdük. Sonra bir qrup gənc yazarla rayonun məşhur Çinar meşəsindəki bulaq başına yeyib-içməyə getdik. Bulağın üstündə əyləşəndə mən dedim ki, bu bulağın adı Kinavdır. Eldarın üzünə təbəssüm yayıldı. “Kinav, Kıynav, Kıyıdakı nov” dedib şaqqa çəkərək güldü. Sonra əlini buz kimi bulağa salıb nəsə bir tapıntı tapıbmış kimi dedi: “Buranın adı çox qədim addır. Çox güman ki, qədimdə bura Kıynov deyiblər. Yəni Kıyıdakı, uzadakı, ucdakı nov... Baxın, novu da var bulağın... Kıyı isə uc, uzaq anlamındadır. Qıpçaqcadır... Elə Ukraynanın paytaxtı Kiyev də o mənadadır – Kıyıdakı ev mənasında... Uzun hekayətdir... Bilirsiniz də, mən tarix fakültəsini bitirmişəm axı... İndi bir roman* yazıram, bütün bu mətləblər yer alacaq orada... Qabaqcadan demək mənə düşmür, amma dedim daha... Gəlin içək bu bulağın – Kıyıdakı novun şərəfinə!” – Müəllifin qeydi.)

Ruslardan, Yekaterinadan danışmazdan öncə, gəlin bir şeyi aydınlaşdıraq: axı bu ruslar özləri kim idilər? Bir qumuq alimi var, Murad Adcı adında, onun kitablarını oxumağınızı məsləhət görərdim. O yazır ki, rusların qəbul etdiyi təsdiqini tapmış bir rəsmi baxış var: “Şərqi slavyan şüuru ilə özünü dərk etmiş qədim rusların etnik birliyi erkən feodal çağlarda qədim rus Kiyev dövlətinin (IX-XII əsrlərin Kiyev Rusu) bütövlüyü dövründə formalaşdırılıb”.

Bəs onda belə bir sual meydana çıxmazmı? “İndiki Kiyevin yerli-köklü əhalisi niyə rus yox, ukraynalı adlanır?”

Bilan baba qopuzu uşaqlara tərəf uzadıb ehtirasla güldü:

- Buradan nə çıxır?! O çıxır ki, ruslar Ukrayna ilə, Kiyev ilə ona görə müharibə edirlər ki, əgər Ukrayna, Kiyev əldən çıxsa, onların ayağının altındakı mühüm tarixi daşlar yerindən oynayacaq, ruslar tarixsiz qalacaqlar... Bilin, agah olun! Ruslar heç özləri də slavyan deyildilər. Onlar İsveç varyaqlarının indiki Rusiyanın şimalını zəbt etməsindən yaranan etnik qruplar idi ki, gəlib Kiyevi – qıpçaqların Kıyıdakı evini zəbt etmişdilər. “Rus” sözünü isə onlara qədim vikinqlər - norveçlilər verdilər... Norveçcə rus, ros – avarçəkən deməkdir... baxın, rusların dilində qalıb o söz – parus, yəni yelkən, parçadan düzəldilmiş avar...

Hə, qayıdaq bir az geriyə...

1640-cı ildə II Yekaterinanın əmri ilə xristiyan Qıpçaq dövləti – Kıyev işğal edilir və buranın Kıyıdakı yer mənasını hərfi tərcümə edərək Okrayıne, yəni ucdakı, ucqardakı yer adlandırırlar. Okrayineni sonradan Ukrayine, yaxud Malorasiya adlandırmağa başlayırlar. (Bir fakt maraqlıdır ki, Dəşti-Qıpçaq əhli (indiki ukraynalılar) rus dilini bilmədikləri üçün onlara yazılı şəkildə göndərilən əmrlərdəki sözləri elə olduğu kimi də tələffüz edirdilər. Məsələn, ruslar yazıda Olena yazanda qıpçaklar həmin sözü yazıldığı kimi də tələffüz edirdilər. Hekayəmizin qəhrəmanı Olenanın adı belə yaranıb. Yaxud, indiki Ukraynanın müdafiə nazirinin adı Oleksandır, prezidentinin adı Volodimirdir. Bu da, əslində qıpçaqların – ukraynalıların rus sözlərini yazıldığı kimi demələrindən yaranıb. Bir də maraqlıdır ki, qıpçaq – Ukrayna mənşəli insanlar neçə yüz il sonra belə rusların “q” səsini olduğu kimi deyil, qədim qıpçaq ləhcəsi ilə deyirdilər: qovarit – hovarit, vinoqrad – vinohrad, qospadi – hospadi və sair. Hətta uzun illər SSRİ dövlətinin başında dayanan Brejnev həm sir-sifətcə, həm də danışıq tərzi ilə ruslara oxşamadı. Bu qalın qaşlı adam bütün çıxışlarında “q” əvəzinə “h” tələffüz edirdi.)

Yekaterina Dəşti-Qıpçağa səfarət göndərəndə iki nəfər də tərcüməçi qoşmuşdu nümayəndə heyətinə ki, qıpçaqcadan ruscaya tərcümə etsinlər. Bunların biri tatar Bilal Baysa, o biri isə xristian qıpçaq Stefan İvançuk idi. Yəni ruslar Dəşti-Qıpçaqdakı (gələcək Ukrayna) əhali ilə tərcüməçi ilə danışırdılar. Hətta ruslar sonralar Qıpçaq Çölünün qəhrəmanlıq dastanı “Uğur bölüyü haqqında dastan”ı özünküləşdirib “İqor polku haqqında dastan” adlandırmaqdan belə çəkinmədilər. Mənə inanmırsınız, gedin qazax şairi və alimi Oljas Süleymenovun “Az i ya” əsərini oxuyun...

- Belə başa düşdüm ki, qıpçaqlar bizim ulu babamız olublar? Tarix müəllimimiz Voldemar Hrihoryeviç axı bizə ayrı şeylər danışırdı. Rus-Ukrayna xalqlarının əbədi dostluğu, Kiyevin Moskvanın arxası olması kimi cəfəngiyyatlar... – Şagirdlərdən biri çaşqın halda dilləndi.

Bilan babanı gülmək tutdu.

- Baxın, uşaqlar, müəlliminizin adı Voldemar – qədim qıpçak knyazının adı olsa da, düşüncəsi heç Volodimir düşüncəsi də olmayıb! Başdan-ayağa Vladimir kimi düşünüb...

Uşaqlar soyuq-soyuq gülüşdülər.

Bilan baba isə davam etdi:

- Baxdılar ki, nə etsələr də bu qıpçaqların dillərini unutdura bilmirlər. Onda Yekaterina fərman imzaladı. Orada deyilirdi: “Bütün çevik üsullarla nail olmaq lazımdır ki, onlar öz keçmişinə baxmasınlar – canavar meşəyə baxan kimi öz keçmişinə baxmasınlar...”

Bu son sözlərdən sonralar rus atalar sözü yarandı: “Сколько волка ни корми, он все равно в лес смотрит”.

Meşə, burada qıpçaqların azadlığı idi...

Aradan 150 il vaxt keçir, baxırlar ki, yenə qıpçaq dilini unutdura bilmirlər. Onda II Aleksandr belə bir fərman imzalayır: “Bütün ictimai yerlərdə qıpçaq dili qadağan olunsun”.

Beləcə, qıpçaqların (ukraynalıların) ruslaşması, yaxud bugünkü ukraynalılara çevrilməsi prosesi baş tutur...

...Bilan babanın get-gedə səsi dəyişirdi. Elə bil bayaqdan tarix dərsi keçən adam deyildi. Səsindən sonra üzünün ifadəsi dəyişməyə başladı və sanki o boyda bədən yığılıb bir səsə və insan üzünə çevrilirdi. Kişinin ayaqları, əlləri, qolları görünmürdü. Yalnız başı və üzü vardı elə bil. Bir də qayıbanə səsi:

- Deyəsən, çox danışdım. Bilmirəm, sizə bir şey çatdıra bildimmi? Türklərin bir qədim şairi olub, Yusif Balasaqunlu adında. O, “Qudatqu bilik”, yəni “Biliyin sevinci” adlı əsərində deyib ki, ağıllı adamın söhbəti quyudan çıxarılan sərin su kimidir... Biləsiniz! Bax, mən heç kimi qıpçaq olmağa çağırmıram. Amma biləsiniz ki, sizi zorla olmayan bir millətə - ukraynalıya çeviriblər... Nə Ukrayna adlı ölkə olub, nə Ukrayna adlı millət, nə də Ukrayna adlı dil... Heç Rusiya dili, Rusiya milləti eşitdinizmi? Heç Qazaxıstan dili, Qazaxıstan milləti eşitdinizmi? Heç Gürcüstan dili, Gürcüstan milləti, İngiltərə dili, İngiltərə milləti, Fransa dili, Fransa milləti eşitdinizmi? Xeyir, eşitmədiniz. Əvəzində, rus dili, qazax dili, gürcü dili, ingilis dili, fransız dili və həm də o adlarda millət var. Ukrayna dili adlı dil də yoxdur, Ukrayna adlı millət də yoxdur, uzağı, qondarma da olsa, Ukrayna ölkəsi ola bilər, amma, əslində, heç o da yoxdur...

Qoca indi tək divarın lap fövqündə idi. Get-gedə ayağı yerdən üzülürdü. Amma danışığına davam edirdi:

- Baxın... Biz, yəni Dəşti-Qıpçağın - Qıpçaq Çölünün əski sahibləri, rusların qondarma ad verdiyi Ukraynanın əsl sahibləri ölmüş qıpçaqlar vətənimizi yağılardan qurtarmağa qərar verdik... Biz, ölmüş qıpçaqlar gecələr dirilir, Qıpçaq elini işğaldan qurtarmağa gəlirik. Sizə üz tuturam: istəyirsiniz ukraynalı olun, istəyirsiniz slavyan olun, istəyirsiniz dədə-babanız kimi qıpçaq olun, amma eşidin, bilin, biz ölülər ikinci dəfə ölənəcən bu torpaq uğrunda vuruşacağıq... Amma müharibəni qazansaq da, biz bu yurda sahib çıxa bilmərik, çünki biz ölüyük... Bu qopuz, bu əlyazmaları, o da divardakı bayraq və gerbimiz... O əlyazmalarda bir qədim deyim var: “Ol ödkə kul kulliğ bolmış erti”, yəni onlar o vaxt qul olmuş idi. İndi isə mən sizə deyirəm, azad olmağın vaxtıdır! Bu ölkəni də, bu sözü də, bu qopuzu da, o bayrağı da sizə buraxıb səngərə gedirik... Bir də divarın o üzündə bir çamadan var. Onu açın, hələlik bu divarın dibində qurun. Müharibə bitənəcən o çadırdan istifadə edin məktəb kimi... Axı sizin babalarınız o çadırda yaşayıb uzun zaman... Gün gələcək, insanlıq yenə çadırlara köçəcək... Gök tanrı sizi qorusun!..

Nəhayət, qoca qalxdığı yüksəklikdəcə yoxa çıxdı...

Uşaqlar bir müddət tilsimlənmiş halda qalsalar da, birdən yadlarına qocanın dediyi çamadan düşdü. Tələsik çamadanı açıb, içində yığılıb-açılan bir çadır gördülər. Elə tək divarın dibindəcə çadırı qurdular. Olena xanım isə təbaşiri əlinə alıb lövhəyə yanaşdı. Top sədaları altında dərs başladı.

Danışırlar ki, bu dərs dünyanın ən gözəl müharibəsinin ən gözəl dərsi idi...

Lövhədə isə Olena xanımın təbaşirlə yazdığı sözlər görünürdü:

“Heç vaxt işğalçıya boyun əyməyəcəyəm!”

Bilan babadan sonra bu çadır-məktəbdə bir canlanma vardı. Məktəbin digər uşaqları da səsə tökülüb gəlmiş, əməlli-başlı qələbəlik olmuşdu buralar. Olena xanım interneti qurdalayarkən Bilan babanın səsi ilə oxunan bir qıpçaq türküsü tapdı və bütün məktəb əvvəl o türkünü dinlədi, sonra hamısı bir ağızdan oxumağa başladı:

Yejenin yazğında xapım uruldu,

Ben zenn etdim, aslet anam,

Sabr et, ejel, döz ejel, bir gün, bir geje,

Gelsin, görsün, aslet anam, sen al canım...*

Oktyabr-noyabr 2024

-----------------------------------------------------------------------

*Rusiya-Ukrayna müharibəsi başlayandan bir qələm adamı kimi əzilənin yanında oldum və öz haqq işimizə yansıyan bu davadan iki hekayə yazdım. Üçüncü hekayəni isə ukraynalı xanım müəllim Olena Kureloyun qanlı sifətini internetdə görəndə başlamışdım. (Hekayənin əvvəlində gördüyünüz şəkil həqiqətən Olena xanımındır.) Lakin hansısa natamamlıqlar hekayəni bitirməyimə mane olurdu. Eşidəcəyim hansısa informasiyadan yararlanacağım anı gözləməkdə ikən yalnız Milli Məclisdən çıxışlarını eşitdiyim və şəxsi tanışlığım olmayan Hikmət Babaoğlunun Ukraynanın tarixi keçmişi ilə bağlı bir videodakı çıxışını dinlədim və anladım ki, bu çıxışdakı fikirləri gözləyirmişəm. Beləcə, Bilan baba (əslində, Bilən babadır) obrazı hekayəyə daxil olaraq onu yazıb tamamlamağıma vəsilə oldu.

*Qədim qıpçaqların kilsədə qıpçaq dilində oxuduqları duadan parça.

*Tərcüməsi: Ay qız, saçın hörməzlər,

Səni mənə verməzlər,

Gəl, alayım, qaçayım,

Qaranlıqlar, görməzlər...

(Maraqlıdır ki, bu sətirlər bizim “Sarı gəlin”lə üst-üstə düşən misralar var.)

*Kobzar – Ukraynada xalq sənətçisinə verilən ad. Təxminən, bizim aşıq sözünün qarşılığıdır.

*Misralar T.Q.Şevçenkonundur.

*Tərcüməsi: Gecə ilə zənn etdim qapım çalındı.

*Tərcüməsi:

Ay qız, saçın səkkiz qat,

Kəs birini bizə sat.

Anan, baban qoysa,

Gəl, bu gecə bizdə yat.

*Eyni ilə bizdəki vəziyyətdir. Ruslar müstəqil Azərbaycan dövlətimizi 1920-ci ildə devirəndən sonra milli nəyimiz vardısa tariximizdən silməyə başladılar. Ən dəhşətlisi o oldu ki, türk kimliyimizi, millətimizin, dilimizin türk adını silib, yerində qondarma azərbaycanlı yazdılar. Hətta ermənilər bizə həqarətlə deyirdilər: “Hayes, türkes?” (Yəni ermənisən, türksən?)

*Dostum Eldar Baxış vəfat edəndən sonra onun bu romanının əlyazması, təəssüf ki, iş otağından yoxa çıxdı.

*Tərcüməsi:

Gecənin qədərində qapım vuruldu,

Mən zənn etdim əsil anam, bu gələn əcəl.

Səbr et əcəl, döz əcəl, bir gün, bir gecə,

Gəlsin, görsün əsil anam, sən al canım...

# 445 dəfə oxunub

Müəllifin son yazıları

# # #