Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu torpağa tapşırılıb.
APA-nın məlumatına görə, Ə. Əsgəroğlu Xırdalan qəbiristanlığında dəfn olunub.
Ziyalıların, mədəniyyət xadimlərinin iştirak etdiyi mərasimdə mərhumun ruhuna dualar oxunub, yaxınlarına, doğmalarına başsağlığı verilib.
Ə. Əsgəroğlu gecə saatlarında insultdan dünyasını dəyişib.
Mərhumun oğlu Elşad Məmmədovun APA-ya verdiyi məlumata görə, Ə. Əsgəroğlu şəkər xəstəsi olub. Oğlunun sözlərinə görə, axşam saatlarında atasının səhhəti qəfil pisləşib, 4 saylı Şəhər Xəstəxanasına çatdırsalar da, onu xilas etmək mümkün olmayıb.
Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçayda doğulub. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi vəzifəsində çalışırdı. “Özüm qürbətdə, gözüm vətəndə”, “Sabahını itirməyən adamlar”, "Məmləkətim, canım mənim...” və s. kitabların müəllifidir.