“Mütərcim” nəşriyyatında Xəzər Universiteti Tarix və arxeologiya departamentinin dosenti, tarix üzrə fəlsəfə doktoru Namiq Musalının nəşrə hazırladığı “Zühuri-dövləti-Səfəviyan” (“Səfəvilər dövlətinin meydana gəlməsi”) adlı 100 səhifəlik maraqlı bir tarixi mənbə işıq üzü görüb.
Universitetdən APA-ya verilən məlumata görə, orijinal mətni Osmanlı türkcəsində olan bu tarixi mənbə ərəb qrafikalı əlifba ilə yazılıb. İndiyə kimi məxfi qalmış bu mənbə alimlər tərəfindən tədqiq olunmayıb.
N. Musalı mənbənin əlyazmasını Ankara Milli Kitabxanasında aşkarlayaraq, transfoneliterasiya və tərcümə edib, əsəri ön söz, şərhlər, göstəricilər və fotofaksimile ilə birlikdə nəşrə hazırlamışdır. İlk dəfə nəşr edilən bu əsərdə Səfəvi şeyxlərinin və I Şah İsmayılın həyat və fəaliyyətləri, I Şah Təhmasibin hakimiyyətinin ilk dövrü haqqında məlumat verilir.
Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Tahir Cəfiyev, rəyçiləri isə tarix elmləri doktoru Tahirə Həsənzadə və tarix üzrə fəlsəfə doktoru Əhməd Quliyevdir.