“Titanik” filminə baxanların sayı da hədsizdir, aldığı ödüllərin sayı da... Saysız-hesabsız məziyyətlərinin hamısını boş verirəm. Əgər “Titanik” filmi yalnız və yalnız indi təqdim edəcəyim “sevgi himni” parçasından ibarət olsaydı, yenə də bu film yüksək titullu olacaq və reytinq cədvəllərində ilk onluqda yer alacaqdı. Həmişəlik yaddaşımda daşıdığım filmi vidalaşdığımız ilin son günlərində sizlərə də təqdim etmək istəyim, sadəcə ötən ilə, gələn ömrə, əbədi dünyaya sevginizin himniylə boylanmağınız üçündür.
“Ceek...Ceeek!...CEK!!!” Xatırladınızmı? Okean. Hərəkət, imkan, yaşam vasitələri, geyim-keçim, yemək-içmək - bir sözlə hər şey itirilib. Xilas üçün – ömrü də, sevgini də - ələ keçən, son ümid kimi qalan təkcə bir nəfərin sığınıb batmayacağı taxta parçasıdır. Təbii ki, ikisindən biri okeanın bumbuz suyunda, üstəlik də haray-qışqırıqların, təlatüm və təlaşın uladığı ortamda seçim edərək taxta parçasını tərk etməlidi. İroniya da məhz budur – dünyadan da, sevgidən də, ömürdən də son mənzilə villadan, evdən, mənzildən, ən nəhayət vətəndən deyil, candan gedəsən və canın bildiyindən gedəsən, taxta parçasından imtina etməklə! Əbədi sevgini qazanmaq üçün. Darlıqdan yox! Dünyanın okean adlanan nəhəngliyi sənə əlçim boyda dar ola...
...Və eşidəsən: “Ceek...”
O kim idi deyirdi ki, “təki sən səslə məni!” Eşidibsiniz, əlbəttə - mahnılarımızda. Deyirəm, amma, kinolardan – cavab verə bilməməyin özü faciə olmaqla bərabər, bu qədər yaxındaykən, həm də hələ ölməmişkən cavab verə bilməməyin özü də ikinci faciə...
Sevginin özü məhz bu məqamda gözəldi: çağırışına eşidilib cavab verilməsə də, eşidilməyib cavab verilməsə də, yenə çağırasan. Bir daha, daha sevimli, daha əziz, daha şirin, daha ülvi istək, daha böyük həsrətlə: “Ceeek!”
Sevginin özü bundan sonra dünyanın ən gözəlidi. Bir daha: - daha sevimli, daha əziz, daha şirin, daha ülvi, daha böyük həsrətlə çağırışına eşidilib cavab verilməsə də, eşidilməyib cavab verilməsə də, yenə çağırasan. Amma son dəfə, amma həyəcanla, amma təlaşla: “CEK!!!” Çağırışa eşidilib cavab verilməsə də, eşidilməyib cavab verilməsə də, artıq bitir. Bitən zamandır. Başlayan sevgi! Bitən çağırışdır. Çünki eşidilsə də, eşidilməsə də, cavab gəlmirsə, deməli, cavab verilə bilmir. Növbəti çağırış narahat edəcək; sevginin ruhunu, sevənin ruhunu, sevənlərsə bir-birlərini və ruhlarını heç vaxt narahat etmir. Məhz belə olduqda sevgi çağırışları himnə dönür – istənilən dildə ixtiyari çağırış, söz sevgi himninin mətninə çevrilir.
Bax, buna görə xatırlatdım və istədim ki deyəm: sizin yaşınızın qədərinə çevrilən illərinizi sevin, ömrünüzün gələnini sevin, ayağınızın altında tapdaq etdiyiniz vətəni sevin, üstünüzdən boylanan İlahini sevin! Üçcə söz bəs edər, himn qədər...
SON: Məni çağırma, əzizim, mən həmişə səninləyəm!