Proqramla özünü qocaldanlar

Proqramla özünü qocaldanlar
16 iyul 2019
# 15:03

Sosial şəbəkədə yeni bir trend yaranıb. Ana səhifələr qoca-qoca adamlarla dolmağa başlayıb. Hər kəs öz qocalığını görmək, üstəlik dostlarına göstərmək istəyir. Sanki əzizləyir qocalığını. Yeni tətbiqetmənin özəlliyi odur ki, o, əvvəlkilərdən daha real bir qocaltma prosesi aparır. Qocalan adam özünə oxşayır.

İndən belə bu proqramın sayəsində tanış olduğun adama indiki və uşaqlıq şəkillərini yox, qocalığını da göstərə bilərsən.

Hər necə olsa, gözləri sulanmış, üstünə ölümün kölgəsi düşmüş qocalıq şəklini paylaşmaq yaxşıdır, hər halınla barışırsan. İnsanın öz qocalığı ilə əylənməsi bir ayrı gözəllikdir.

Bəzilərinə xüsusi amansızlıqla, bəzilərinə mərhəmətlə davranan proqramın iş prinsiplərini elə də dərindən bilmirəm. Nə qədər real qocaltsa da proqram özü də şərtidir - bir insanın da simasında hansı cizginin dərinləşəcəyini həyat daha dəqiq göstərər. Bunları bilə-bilə yenə də bilmək istəyirik. Məsələn, hansı tarixdə öləcəyimizi proqramlar bilə bilməz, amma yenə də yoxlayır və sakitləşirik. Tez ölməyəcəyimizə, qocalacağımıza ümidləndiyimiz, ən çox da bilmək arzusunu söndürdüyümüz üçün. Bilmək arzusu bizi məhv edir.

Çox bilən tez qocalar... İndi informasiya, yəni, qoca-qoca adamların əsridir. Amma şərqdə qoca çox zaman çox bilən yox, hansısa ali həqiqətə varmış bir adamın, müdrikin obrazıdır. Buna öyrənməklə yox, görməklə, düşünməklə çatırlar.

Bəs qocalmış üzümüz nə ifadə edəcək? Ləyaqətli həyat? Kədər? Xoşbəxtlik? Rahatlıq? Dərd? Tənhalıq? Kin? Yoxsa simamız olsa-olsa ağacda büzüşmüş bir armuda dönəcək?

Proqramın hansısa standart bir alqoritmi var, həyatınsa bir qaydası yoxdur. İstəmədiyini etmə, gülümsə və s. kimi axmaqca, əsaslandırlmamış pozitivlik düsturları reallıqda gülünc vəziyyətə düşür, olsa-olsa pozitivçilərin biznesi kimi həyatda özünü doğrulda bilir. Həyatın alqoritmləri dəyişkən, individualdır.

İdeal qocalıq həyatın alqoritmlərilə barışıb, rahatlığa çıxmaq olmalıdır. Səbrinlə daşlaşmaq, ruhunla su olub axmaq, bir toz kimi torpaqla doğmalaşmaq prosesinə hazır olmaqdır. “Bilmək yetər ki, bilmək olmaz” rahatlığını bulmaqdır...

Bir dostum qızının adını Bilsu qoyub. Biləsuvarı kodlasdırmısan kimi zarafatlar etsəm də, adı “Bil və unut” kimi yozdum. Rahatlığın, gözəlliyin, aydınlığın yolu bu olmasın?

Bu günlər Fb-də bilə-bilə qocalırıq. Həyatda özümüz də bilmirik necə qocalırıq. Sonda fəlsəfi meşəsində bu qədər vurnuxmalara baxmayaraq, məxsusi, qadınlar üçün gözəl qocalmaq proqramının çıxmasını gözləyirəm.

# 6037 dəfə oxunub

Müəllifin son yazıları

# # #