Teatr ünsiyyətdir. Yazıya belə klassik teatrşünas girişi ilə başlamağın səbəbi var əlbəttə. Yenicə yaranmış teatrın ilk tamaşasına baxmışam. “Əsa teatrı” nın heyətinin yarıdan çoxu fiziki məhdudiyyətli insanlardır. 12-15 nəfərdən ibarət olan "Əsa" teatr komandasının 8 üzvü əlilliyi olan gəncdir. Əsa həm klaassik mədəni kişi qiyafəsinin əvəzolunmaz akssesuarıdır, Çaplini xatırladır, həm də söykənəcəkdir, dayaqdır.
Hər tamaşa ünsiyyətdir. Adamlar danışır ki, bir birlərini başa düşsünlər, hiss etsinlər, duysunlar.
Əsa teatrının müəllif-aktyorları Orxan Adıgözəl, Murad Məmmədov Elvin Mirzəyev və Nihad Qulamzadə hekayət monoloqlarını söyləyirlər. Bu əhvalatları bir mövzu (qəhrəmanların psixoloji sarsıntılarını anladan hekayələr – A.) birləşdirir və bir kabus obrazı birləşdirir. Qəhrəmanlar yaşadıqları travmaları danışırlar, qəza-qədərini danışırlar.
Amma teatr həm də özünəməxsus dili olan ünsiyyətdir. Bu o deməkdir ki, səhnədə hər şey olduğundan artıq söz deməli, danışmalıdır. “Dumb” tamaşası 4 qəhrəmanın monoloqundan ibarətdir. Nihad Qulamzadə oynadığı epiqraf-giriş ilə tamaşaçını monoloqların atmosferinə, gərginliyinə hazırlayır. Onun pianoda çaldığı qarışıq bir parça monoloqların əsas leytmotividir - kabuslu həyatın prelüdasıdır - aydın notlar və get-gedə qarışan, gərginləşən səslər.
Nihadın səhnəyə hər çıxışında qisas ifadəsi var - zala replikalarında belə istilaçı qəzəbi var. Monoloqda bu qəzəbi əsaslandırmağa çalışır. Onun əhvalatısa qarışıqdır, birindən o birinə keçir. Problemləri bir-birinə qatır. Monoloqdan publisist mətnə keçir.
Onun monoloqunda psixoloji travmadan çox açıq görünən epataj, konyuktur var. Tərs qütbləri seçim predmeti kimi qarşılaşdırmaq, (məs. məscid-fahişə), fərqli cinsi kimliyi olan qəhrəmanı bu başdan bütün cəmiyyətə qarşı qoymaq. Məsələ əhvalatın real və ya qeyri-reallığında yox, onun birbaşa, dramaturji əsassız birbaşa ötürülməsindədir. Qəhrəman konflikti, ziddiyyəti, psixoloji sarsıntını açıqlamadan ittihama başlamasındadır. Monotamaşada tamaşaçının eşitməkdən çox qəhrəmanı hiss etməsi gərəkdir.
Dörd aktyorun - Orxan Adıgözəlin, Murad Məmmədovun, Elvin Mirzəyevin, Nihad Qulamzadənin qəhrəmanlarını birləşdirən bir cəhət var - onlar sarsıntılardan keçsə də, cəmiyyətdən təcrid qorxusu yaşasalar da mənən özlərini qorumağa çalışırlar, danışmaq gücləri var, yaşadıqlarının, davranışlarının səbəblərini axtarır (Elvin Mirzəyevin monoloqu), nəticələrini göstərir, (aqressiv eqosentrik jestlərlə hərəkətlərlə) cəmiyyətdən dışlanmağın fəsadlarını anlatmağa çalışırlar. Bu, onların monoloqundakı sado-mazoxist intonasiyanı doğruldan əsas səbəbdir.
Məsələn, Elvin Mirzəyevin monoloqunda bu daha aydındır: atasının onu satmaq istədiyi uşaq böyüyəndən sonra görüşdüyü qadına zorakı davranır, anası ilə problemlər yaşayır. Elvin tipik “küçə uşağı”nın həyatını, məntiqini göstərir, onun yaxşı aktyor oyunu sayəsində biz görüşdüyü bar qadınını boğmaq istəyən bu “küçə uşağı”nı tanıyırıq, onunla həmsöhbət oluruq.
Orxan Adıgözəl monoloqunu qəhrəmanın intihar tərəddüdü ilə başlayır. Qəhrəmanın həyat epizodları ilə tanış olduqca daha bir qorxu ilə rastlaşırıq: cəmiyyətə, insanlara güvənsizlik. Yoxsa dəlixana deyilən həbsxanadan qaçmış, həm də yaramaz bir əclafı öldürəndən sonra qaçmış bir kəs niyə intihar haqda düşünsün?
Ümumiyyətlə, qəhrəmanların psixoloji vəziyyəti, problemləri oxşar olsa da qorxuları, şərtləri başqadır. Bu monoloqları vizual olaraq pantomima balet elementləri göstərən Fərid Kazakovun peşəkarca ifası mənalandırır. Amma bütün monoloqlarda bu elementlər eynidir - bu kabus dəyişmir. Bu eyniləşmə vizual monotonluqdan başqa ideya-problematikaya da monotonluq gətirə bilər.
Qəhrəmanların qorxularının fərdi olmadığını göstərmək üçün ona hər hansı əlavələr etmək olar. Tamaşaçı bu terapiyanın onun özü üçün olduğunu hiss etsin, anlasın ki, qəhrəmanlar özlərindən, öz problemlərindən yox, bizdən danışırlar...