Kim Ki Duk: "Hollivudun serial təklifindən imtina etdim" - Müsahibə

<span style="color:red;">Kim Ki Duk:  "Hollivudun serial təklifindən imtina etdim" - <span style="color:red;">Müsahibə
1 may 2019
# 15:48

Bu günlərdə jüri heyətinə Koreya rejissoru Kim Ki Dukun rəhbərlik etdiyi 41-ci Moskva Beynəlxalq Kinofestivalı başa çatdı. Kulis.az festivalla əlaqədar Moskvada olan rejissor Kim Ki Dukun rus mətbuatına verdiyi müsahibəni təqdim edir.

- Qazax aktyorları ilə, həm də rus dilində “Din” adlı psixoloji dram çəkmisiniz. Çəkiliş prosesində hansı çətinliklər yaşadınız?

- Tərcüməçi ilə işlədim. Məlum məsələdir, dili bilmirəm. Ssenarini yazıb Qazaxıstana göndərdim, orada mətni rus dilinə çevirdilər, bir a dəyişib həqiqətə uyğunlaşdırdılar. Sonra aktyorlar materialla işləməyə başladı. Yəni elə bir problem olmadı.

-Madam ki, postsovet ölkəsində film çəkmisiniz. Rusiyada da film çəkə bilərsinizmi?

-Mən təkcə Qazaxıstanda yox, Yaponiyada, Avropada da film çəkmişəm. İndi də Çində film üzərində işləyirəm. İstisna etmirəm. Ola bilər Rusiyada da film çəkim.

-Rusiyada filmdə söyüş qadağan olunub. Sizin “İnsan, məkan, zaman və yenə də insan” filminizdə kobud leksikon və söyüş var. Geniş prokatda olan filmlərdən söyüşləri kəsib çıxarırlar. Sizcə, bu nə qədər düzgündür?

-Müxtəlif ölkələrdə müxtəlif senzuralar, qadağalar var. Rusiyada da belədir, nə etmək olar? Filmini prokata hazırlayan adam qabaqcadan bunu düşünə bilməz. Mən ssenari yazmışam və hiss etdiyimi ötürməyə çalışmışam. Sizin qaydalarınız belədir, mən bununla nə edə bilərəm? Belədir, lap yaxşı.

-Sizcə, senzuradan kənar leksikanı çıxarmaq filmin əsas ideyasını ötürməyə mane olmur? Axı onları ora sadəcə söyüş xatirinə salmırsız...

-Məncə, bu o qədər də əhəmiyyətli deyil. Bu sözlərin olmaması əsas ideyaya təsir etmir. Əgər Rusiyada söyüşü filmdən çıxarırlarsa, qoy çıxarsınlar.

-Festivaldakı müsabiqə haqda nə düşünürsüz? Bu gün kinematoqrafçıları nə düşündürür?

-Filmlər müxtəlifdir. Biz kolleqalarımızla bu qənaətə gəldik ki, filmlərdə əsas problemlər müasir cəmiyyətin problemləridir: İranda qadınların sıxışdırılması, Banqladeşdə milliyyətçilik və terrorizm, Rusiyada sosial bərabərsizlik. Bu əladır ki, rejissorlar aktual mövzularda çəkirlər.

-Bu gün sizi rejissor kimi nə maraqlandırır? Növbəti filminizi nə mövzuda çəkməyi düşünürsünüz?

- Ağlımda çox ssenari var. Onlardan hansını çəkəcəyimi bilmirəm. “İnsan, məkan, zaman, yenə də insan” filmində susqun qoca obrazı var. Film boyu o, heç nə danışmır. O, ətrafda baş verənləri müşahidə edən ilahi ruh, tanrı obrazının təcəssümüdür. Mən indi bu mövzuda – Allahla insanın söhbəti mövzusunda - iki ssenari yazıram. Mən sanki, insanın probleminə allah tərəfdən baxıram. Əlbəttə, mən Allah deyiləm. (gülür)

Mövzunu, süjeti konkretləşdirsək, ssenarilərdən biri aktrisa olmaq istəyən lal qadın haqdadır, qadın onu insanlara anladacaq tərcüməçi axtarır və tapır. Bundan başqa yuxusunda özünə gələcək seçən bir qadının əhvalatı da var. Hələlik bunlar məni maraqlandırır.

-“İnsan, zaman, məkan, yenə də insan” filminizdə həddən çox qan var. Yeni filminizdə də qanlı səhnələr olacaqmı?

- Şəxsən mən hesab etmirəm ki, “İnsan”da qan çoxdur. Məncə, bu olduqca təmiz və gözəl filmdir. Mən özüm də hansısa mesajı olmayan zorakı səhnələri sevmirəm – bunlar pis filmlərdir. Bu cür zorakı epizodlar rejissorun ideyasını, fikrini vermək üçündür.

- Müəyyən səviyyəyə çatmış rejissorların çoxu Hollivuda gedir. Sizin belə bir niyyətiniz varmı?

-2005-ci ildə mənə Hollivudda serial çəkmək təklif olundu. Mən imtina etdim, çünki, bu, bir az mənim mövzum deyil. Hollivudda büdcə çoxdur, layihələr bahalıdır və uzun müddətə çəkilir. Mənsə öz filmlərimə çox güc və əsəb sərf edirəm. Ona görə də, şəxsən özümün idarə edə biləcəyim az büdcəli kiçik filmlər çəkmək istəyirəm.

-Bu gün seriallar çox dəbli formatdır. Siz çoxseriyalı əhvaltlar çəkməyi düşünmürsüz ki?

-İstəmirəm. Ona görə yox ki, bu formatı sevmirəm, çünki,mən ümumiyyətlə, uzun müddət işləyə bilmərəm; tez çəkib bitirməyi sevirəm. İlə bir film. Sonra növbəti filmə başlamaq.

-Bəs seriallara baxmaq xoşunuza gəlir?

- O qədər də yox. istədim baxım, amma çox uzandı. Məncə serial çəkənlərə də mənim filmlərim maraqlı deyil.

- Siz dünyaca tanınmış kinematoqrafçısınız. Amma bununla belə, ingilis dilində danışmırsız. Bu, sizin prinsipial mövqeyinizdir?

-Yox, dil öyrənmək mənim zəif yerimdir. Mən filmi yaxşı çəkirəm, amma dillə bağlı əziyyət çəkirəm. Son vaxtlar Honkkonqda yaşayıram, ingiliscəm yaxşılaşıb. Amma Müsahibəni ancaq koreya dilində verirəm. Festivallarda isə filmləri anlamaq üçün əvvəlcədən sinopsisləri oxuyuram. Filmdən sonra da detalları tərcüməçidən soruşuram.

# 4346 dəfə oxunub

Müəllifin son yazıları

# # #