Qulu Məhərrəmli: “Operatorumuz prezidentin dəfnini çəkmək üçün sinə vurub ağladı”

Qulu Məhərrəmli: “Operatorumuz prezidentin dəfnini çəkmək üçün sinə vurub ağladı”
27 iyun 2014
# 08:00

Kulis.az-ın “Köhnə tüfəng” layihəsinin qonağı tanınmış jurnalist Qulu Məhərrəmlidir.

- Universitetinin jurnalistika fakültəsini bitirib təyinatla Azərbaycan televiziyasına göndərilmisiniz. Bu seçim yaxşı tələbə olduğunuza görə idi, yoxsa kimsə tapşırmışdı?

- O vaxt tapşırıq və digər subyektiv şeylər var idi, amma mən çox fəal tələbə olduğuma görə, Azərbaycan televiziyasına təyinatla göndərdilər. Sizə deyim ki, artıq 4-cü kursdan məni teleradioda yaxşı tanıyırdılar, radioda reportaj və oçerklərim səslənirdi. Televiziyada isə xəbərlərdə maraqlı süjetlərim gedirdi.

- İlk qonorarınız, yaxud maaşınız nə qədər olub, nəyə xərcləmisiz o pulu?

- İlk maaş yox, ilk qonorar yadımdadır. Birinci kursda “Şuşa” qəzetində təcrübədə olanda almışdım. Çox cüzi pul idi, o vaxt rayon qəzetlərinin pulu olmurdu. Təsəvvür edin ki, bir ay qəzetin hər nömrəsində yazımız gedirdi, amma verilən qonorar bir köynək almağa çatmırdı. İlk dəfə yaxşı qonorarı 3-cü kursda oxuyanda radiodan almışam: 72 manat. Həmin pulun bir hissəsini yataqxanadakı tələbə yoldaşlarımla xərclədik. Bir hissəsinə isə anam üçün paltarlıq parça almağım yadımdadır.

- Bir əməkdaş kimi ilk olaraq hansı verilişləri hazırlamısınız, nələr və kimlər yadınızda qalıb?

- Radioda ilk verilişim Neft və Kimya İnstitutundan 30 dəqiqəlik proqram olub, televiziyada isə hansısa maşınqayırma zavodundan reportajım gedib. Daha sonra xəbərlərdə müxtəlif sərgilərdən, rəssamların emalatxanalarından, arxivlərdən süjetlərim olub. Həmin dövrlərdə müsahibə aldığım məşhur adamlardan Tur Heyerdal yadımda qalıb. Hələ desəniz, bir sözünü də xatırlayıram: “Bakıda piyadalar elə gəzir ki, sanki hələ avtomobil icad olunmayıb”.

Ştatda olan əməkdaş kimi hazırladığım ilk veriliş “Valideynlər, sizin üçün” və “Azərbaycan dili” verilişləri olub. O dövrdə çalışdığım “Elmi-lütləvi və tədris verilişləri” baş redaksiyasında Xudu Məmmədov, Adilə Namazəliyeva, Vaqif Aslanov, Əziz Əfəndizadə, Məmməd Qasımov, Aydın Məmmədov, Kamal Abdulla kimi alimlər yadımda qalıb.

- Sizi çox gənc yaşınızda, kifayət qədər ciddi bir şöbəyə - “Beynəlxalq həyat” redaksiyasına müdir təyin ediblər.

- Elədir ki, var! Sovet dövründə qabiliyyətə və biliyə görə irəli çəkilmək imkanları geniş idi. Təbii ki, o vaxt televiziyada hazırladığım veriliş və reportajları qiymətləndirirdilər. Etdiyimiz yeniliklərə, təzə yanaşmalara maraq göstərirdilər. TV-nin ümumi yığıncaqlarında, yaradıcılıq toplantılarındakı çıxışlarıma da əhəmiyyət verirdilər. Yadımdadır ki, ilk vaxtlarda bu yığıncaqların qəlibinə alışmadığım üçün bir az tənqidi danışırdım, hələ gözümdə qorxu yox idi. Efirə gedən verilişlərin təhlilini verərkən, deyəsən, arada bir az da tərbiyəsizlik edib baş redaktorların hazırladığı verilişlərə də irad tuturdum. Təbii ki, məndən küsüb-inciyənlər də olurdu, amma bu incikliklər tez keçib gedirdi.

Mən “Beynəlxalq həyat” redaksiyasına təyin ediləndə 27 yaşım olardı, əslində çox gənc də deyildim. Bu redaksiyada tanınmış siyasi icmalçılarla – rəhmətlik Seyfəddin Qəndilov, Murtuz Ələsgərov, Həmid Əliyev kimi o vaxt çox məşhur adamlarla çalışırdım. Sonralar mən bu icmalçıların sırasını, çətinliklə də olsa genişləndirdim. İndi üzdə olan bir çox simaları – Cəmil Həsənli, Qabil Hüseynli, Musa Qasımlı, Mübariz Qurbanlı, Rüstəm Məmmədov, Fəzail İbrahimli, Aydın Musayev və başqalarını bu siyahıya əlavə edə bildim. O vaxt bu məsələlər Mərkəzi Komitənin ciddi nəzarətində idi və odur ki, adam hər addımda ciddi müqavimətlə üzləşirdi.

- Kimlərdən öyrənmisiniz?

- Bəxtimdən həmişə səviyyəli jurnalistlərlə ünsiyyətdə olmuşam. Birinci kursda “Şuşa” qəzetində praktika keçərkən qəzetin redaktoru İsrafil Əbilovdan öyrəndiyim çox şeylər olub. Sonralar İsa Axundov, Rafael Nağıyev, Ələkbər Abbasov kimi ustad jurnalistlərdən öyrənmişik. Nurəddin Babayev, Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Yalçın Əlizadə kimi müəllimlərimiz bizə jurnalistika ilə bağlı çox məsələləri anladıblar. Radio ilə əməkdaşlıq edərkən redaktəni Əhməd Xaspoladovdan öyrənmişəm. Valid Sənani, Mailə Muradxanlı, Ənvər Qafarlı, Məryəm Zöhrabova, Araz Əliyev, Mirəsədulla Qurbanov kimi təcrübəli jurnalistlərdən də öyrəndiklərimiz olub. Televiziyanın incəliklərini daha çox Nazim Abbas, Karmen Kərimova, Vasif Babayev, Ramiz Həsənoğlu, Oqtay Babazadə, Əhməd Abdullayev kimi ustad rejissorlardan əxz etməyə çalışmışam. Əslində, jurnalistika elə bir sahədir ki, burada hər gün öyrənməyə ehtiyac var.

- Sizin mətbuata gəldiyiniz dövrlə indiki dövrü müqayisə edin, zəhmət olmasa, nələr dəyişib?

- Əlbəttə, çox geniş müqayisələr aparmaq mümkündür. Qısaca bunu deyə bilərəm ki, bugünkü mətbuatda azadlığın hüdudları genişlənib, amma məsuliyyət azalıb, peşəkarlıq isə aşağı düşüb. Ən pisi odur ki, mətbuatdan varlanmaq üçün istifadə edənlərin, yalan yazanların, sifariş yerinə yetirənlərin, savadsız və ləyaqətsiz adamların xüsusi çəkisi artıb. Bu səbəbdən yazılı mətbuatda və xüsusən televiziyaların bir çoxunda kriminallaşma güclənib.

- Ən maraqlı müsahibiniz kim olub?

- Jurnalist peşəsi məni xeyli maraqlı adamlarla görüşdürüb. Fikrət Əmirov, Rəşid Behbudov, Azad Mirzəcanzadə, Lətif Kərimov, Məlik Dadaşov kimi elm və sənət adamları, Heydər Əliyev, Süleyman Dəmirəl, Marqaret Tetçer, İshaq Rabin, Bənəzir Bhutto, Helmut Kol, Boris Yeltsin kimi siyasətçilər mənim üçün maraqlı müsahiblər olublar.

- Müsahibə almaqdan imtina etdiyiniz adamlar olubmu?

- O qədər... Həm müsahibdən, həm də müsahibə almaqdan imtina etdiyim situasiyalar az olmayıb. Təbii ki, hər imtinanı da müəyyən səbəblər dogurub. Bəzilərindən sadəcə xoşum gəlməyib, bəziləri ilə müsahibənin mövzusu və motivini uyğun hesab etməmişəm, bəziləri ilə ekranda bir yerdə görünməyi özümə sığışdırmamışam. Bəzən də sırf insani münasibətə görə müsahibə almaqdan imtina etmişəm. Məsələn, vaxtilə televiziyada mənim işə götürülməyim üçün böyük mərdlik göstərmiş bir adam haqsız yerə həbsxanada yatırdı. Bir neçə il əvvəl mənə həbsxanaya getmək və həmin adamdan müsahibə götürmək tapşırılmışdı. Əvvəla, verilişi hazırlayan adamlarda qərəz duyurdum, ikincisi isə vaxtilə mənə yaxşılığı dəymiş bir adamı həbsxana mühitində görmək mənə ağır gəlirdi. Təbii ki, müsahibə aparmaqdan imtina etdim və səbəbini o vaxtki sədr Nizami Xudiyevə izah etməyə çalışdım. Yaxşı ki, məni düzgün anlaya bildi. Təxminən belə motivlərə görə efirə çıxmaqdan da imtina etdiyim anlar az olmayıb.

- Müsahibə aldığınız ən mənasız adam kim olub?

- O qədər belə adamlar olub ki, hansını deyim? Məsələn, vaxtilə Rusiyanın Minsk qrupundakı nümayəndəsi Vladimir Kazimirovdan müsahibə almaq mənim üçün əsl cəhənnəm əzabı idi. Əvvəla, gəvəzənin biri idi, uzun-uzadı danışırdı, ikincisə də münaqişəyə qərəzli yanaşır və bəzən də şüuraltı Ermənistanın tərəfində olduğunu hiss etdirirdi. Ölkə içində də belə mənasız adamlarla üz-üzə gəlməyin əzabını yaşamışam. Jurnalistika praktikasında “növbətçi” müsahiblər deyilən şəxsləri də xeyli mənasız hesab edirəm, bunlar nədən və necə desən danışırlar. Belə boz və mənasız adamlar, xüsusən deputatlar, siyasətçilər, mədəniyyət xadimləri və media işçiləri arasında kifayət qədərdir.

- Bu illər ərzində əsasən hansı iradlarla üzləşmisiniz?

- Həm bir jurnalist kimi, həm də inzibatçı-qurum rəhbəri kimi təbii ki, iradlarla üzləşmişəm. İdarəçi kimi bəzən tələbkarlığıma irad tutublar. Jurnalist kimi bəzən “niyə açıq və sərt danışmırsız” eyhamları ilə üzləşmişəm.

- Jurnalist fəaliyyəti dövründə başınıza gələn maraqlı hadisələrdən hansı daha çox yadınızda qalıb?

- Televiziyada işləmək hər gün macəra ilə üzləşmək deməkdir. Həm adamlarla münasibət, həm verilişlərin hazırlanması prosesində adam çox maraqlı situasiyalarla üzləşir. Məsələn, Rəşid Behbudovdan müsahibə almaq üçün bir ay onun yanına gedib-gəlmişəm, kefi kök olan Boris Yeltsin isə “Sən yalnız Rusiya jurnalisti olduğunu dediyin halda sənə müsahibə verə bilərəm” - deyib. Fransada Fransua Mitteranın dəfn mərasimini yaxından çəkməyə polisdən icazə almaq üçün operatorlarımızdan biri sinə vuraraq az qala əməlli-başlı ağlayıb. Rəhmətlik Heydər Əliyev Kislovodskda Cənubi Qafqaz respublikaları rəhbərlərinin görüşündə çıxış edərkən qarşısına mikrofon qoymaq yadımızdan çıxmışdı. Mən mühafizəçilərin arasından birtəhər keçərək Eduard Şevardnadzedən mikrofonu yerləşdirməyi xahiş etmişəm. Xüsusən, Heydər Əliyevin səfərlərində xeyli maraqlı, yaddaqalan epizodlar olub.

- Hansı qəzetləri və saytları izləyirsiniz?

- Aparıcı qəzetlərin və saytların əksəriyyətini izləyirəm, o cümlədən də mədəniyyətdə gedən prosesləri bilmək üçün sizin sayta baxıram.

- Azərbaycan telekanallarına baxırsınızmı?

- Artıq bir azacıq səviyyəsi olan və özünə hörmət edən insanlar yerli telekanallara baxmırlar. Çoxları da əsəblərini və səhhətini qorumaq üçün bu kanallardan imtina edib. Azərbaycan telekanallarının əsas tamaşaçı kütləsi indi evdar qadınlardan ibarətdir. Mən bəzən xəbər proqramlarına baxmaq zorunda qalıram.

- Bəyəndiyiniz beş yazarın adını çəkin, zəhmət olmasa...

- Bu gün Azərbaycan müstəqil mediasında çox istedadlı yazarların olmasına şadam. Özlərinin fərdi üslubunu yaratmış reportyorlar, köşə yazarları, analitiklər, bloggerlər var. Sevinirəm ki, bunların bir çoxu öz simasını qoruyub-saxlayır, amma təəssüflənirəm ki, bəziləri biznesin, pulun, bir qismi də məhdud maraqlar uğrunda çarpışan bəzi məmurların və siyasətçilərin güdazına gedir.

- Hazırda "Jurnalistikanın inkişafına yardım" fondu qeyri-hökumət təşkilatının sədrisiniz. Təşkilatınız jurnalistikanın inkişafına yardım edə bilirmi?

- Son 5-6 ildə bizim jurnalistikamız yolunu elə azıb, reysdən elə çıxıb, özünü elə asılı vəziyyətə salıb, elə gündədir ki, ona heç bir fond kömək etmək gücündə deyil.

- Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professorusuz. Jurnalistika fakültəsinin indiki tələbələrinin səviyyəsini qənaətbəxş saymaq olarmı?

- Bu gün çoxları tələbələrdən şikayətçidir və bunun da ciddi əsasları var. Bilirsiniz, indi bütövlükdə təhsil öz cazibəsini itirib, jurnalistika təhsili praktikadan kənarda qalıb, amma yenə də hər qrupda 4-5 nəfər ümid verən tələbəni görəndə adam sevinir. Məsələn, bizim jurnalistika fakültəmizin builki bakalavr buraxılışının çox uğurlu olması qənaətindəyəm. Təxminən 15-ə yaxın tələbə var ki, onların həm jurnalistika biliyi, həm də texnoloji bacarıqları bir media adamı və müəllim kimi məni qane edir. Amma onlar gedib hansı media mühitinə düşəcəklər, bax bu, ciddi problemdir.

- Nəhayət, sonuncu sualım Dilçilik institutunda aldığınız vəzifə ilə bağlıdır: siz özünüzü yeni vəzifədə necə hiss edirsiniz?

- Bu, vəzifə deyil, dəvəni toya çağırmaq kimi bir şeydir. Ötən ilin aprelində qloballaşma şəraitində Azərbaycan dilini zamanın tələblərinə uyğun işlədilməsi ilə bağlı “Dövlət proqramı” qəbul edilib. Mənim rəhbərlik etdiyim Monitorinq şöbəsi həmin sənəddə göstərilmiş bir çox istiqamətlər üzrə dilin normalara uyğun tətbiqini izləyəcək, bu işə praktik yardım göstərəcək və müəyyən tövsiyələr hazırlayacaq. Təsəvvür edə bilməzsiniz ki, məhdud imkanlarla nə qədər böyük və ciddi işlər görülməlidir…

# 6976 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #