Günlərin bir günü təsadüfən qarşıma bir şeir çıxdı. Bəyəndim. Müəllifi yox idi. Elə bildim Ramiz Rövşənin şeiridir. Səhv etmirsəmsə, müəllifin kimliyini Cavid Zeynallıdan da soruşdum. Dedi, Vaqif Bayatlının yazısına oxşayır. Dedim, yox, Vaqif belə şeir yazmaz, bunu olsa-olsa Ramiz Rövşən qələmə alıb.
Sən demə Səhər Əhmədin şeiri imiş:
Özün donundan gözəl,
Donun özündən, ay qız.
Bəs niyə kədər yağır,
Qara gözündən, ay qız?
Yoxsa zalım atan var,
Yoxsa sevib atan var,
Bəlkə xəstə yatan var,
Sənin üzündən, ay qız?
Bu nə dondu, geymisən,
Məcnun olsa, Leylisən.
Bilirəm, gileylisən,
Alın yazından, ay qız.
Özün-özünə yüksən,
İçini mənə tök sən.
Qorxma, bir az böyüksən
Mənim qızımdan, ay qız.
“Görüşməyənədək” kitabı çıxandan sonra isə Facebookda Səhər Əhmədi bu şeirə görə ittiham etdilər, Ramiz Rövşənin ciddi təsiri hiss olunduğuna görə...
***
Son 20-25 ilə qədər qadınlar arasında parlaq ədəbi simalar o qədər də çox olmayıb. Bu, əslində başqa ölkələrdə də belədir... Azərbaycanın müstəqillik illərini bu mənada fərqləndirmək lazımdır. Bu illər ərzində xeyli şairə öz sözünü çox maraqlı formada deyə bildi: Günel Mövlud, Sevinc Elsevər, Nərmin Kamal, Həyat Şəmi, Rəbiqə Nazimqızı, Feyziyyə və adını çəkmədiyim, yaxud xatırlaya bilmədiyim başqaları...
Səhər Əhməd yaşca adını çəkdiklərimdən əvvəlki nəsil olsa da müstəqillik dövründə parlayanlardandır.
Səhər Əhmədin şeirlərində “ölüm” sözü həddindən artıq çoxdur. Ola bilsin ki, bu, adamda pessimist əhval-ruhiyyə yaradır. Və yəqin kimlərsə Səhəri qaramat şeirlər yazmaqda da günahlandırıb. Bəlkə bizim özümüzdə də bu düşüncə var. Amma məsələyə başqa tərəfdən də yanaşmaq olar.
Budda deyirdi:
“Doğulmaq-iztirab, qocalıq-iztirab, xəstəlik-iztirab, ölüm-iztirab, xoşuna gəlməyənlə evlənmək-iztirab, xoşladığından ayrılmaq-iztirab, arzuladığını almamaq-iztirab, bir sözlə varlığa bağlılıq-iztirab”.
Biz Səhər Əhmədin şeirlərində bu iztirabları görürük. Hansı ədəbi mətndə iztirab yoxdur ki?
***
Tənqidçi Vaqif Yusiflinin Səhərdəki ölüm mövzusu ilə bağlı maraqlı bir fikri var. Deyir, son illərin şeirlərində ölüm kəlməsi o qədər insafsızcasına işlənir, istismar olunur ki, nə nikbinliyin varsa, sovrulub gedir. Dərhal da Səhərin müdafiəsinə qalxan Vaqif müəllim qeyd edir ki, onun şeirlərində bu söz ölməyə (oxu-mənasızlığa) üz qoymur: “Əsl poeziyada sevincin də, kədərin də, ölümün də, qalımın da nə sualı, nə də cavabı var”.
Görkəmli alman filosofu Artur Şopenhaur deyirdi ki, ölüm olmasaydı, insanlar çətin ki, filosofluq edərdilər.
Səhər Əhmədin şeirlərini oxuyanda istər-istəməz bu fikri xatırlayırsan və adama elə gəlir, məhz bu mövzu, ölüm mövzusu onu şairə edib.
Ölümlə bağlı başqa alman filosofu Osvald Şpenqler isə yazırdı: “İnsan yeganə məxluqdur ki, ölümü dərk edir. Bütün başqa canlılarda düşüncə yalnız indiki anla məhdudlaşır və həmin “indi” onlara nəhayətsiz kimi görünür”.
Biz Səhərin şeirlərində ölümü dərk etmək çabaları görürük və Şpenqlerə inansaq, bu, müsbət cəhd kimi qiymətləndirilməlidir. Adətən yazar dərk etmək istədiyi məsələlərdən yazır.
***
Taqor şairi küləklə müqayisə edərək deyirdi ki, hər ikisi dənizlərin, meşələrin üzərində uçub öz səsini axtarır.
Mən öz səsini, sözünü axtarıb tapan Səhər Əhmədi “Görüşməyənədək”ə görə təbrik edirəm!