Əlisəmid Kür: “İki il ömrüm qalıb” – Müsahibə

Əlisəmid Kür, şair

Əlisəmid Kür, şair

19 aprel 2022
# 12:20

Əlisəmid Kürün şeirlərini tez-tez paylaşırlar "Facebook”da. Bu dəfə də paylaşmışdılar, şirin Salyan ləhcəsi ilə "Hamı iftar açır günah içində” şeirini deyirdi. Şərhlərdə hamı tərifləyirdi Əlisəmidi. Günah içində iftar açanların ürəyindən xəbər vermişdi şair. Bir dost isə məhz mənim adımı işarələyərək "sağ ol, Ağa, məni belə gözəl insanla tanış etdiyin üçün” yazmışdı. Əli ilə müsahibə ideyası da bu paylaşımdan, şərhlərdən sonra yarandı. Zəng vurdum, məlum oldu ki, dostu, şair Aydın Uluxanlıya təzə şeirini oxuyur. Mövlud Mövluda yazdığı təzə şeiri. Özümü ünvana çatdıranda mənim üçün də oxudu.

Mövlud Mövludun intihar xəbərinə min şeir yazıldı,

Min birincini yazmadım,

Adına bir ağac əkdim həyətimdə

Onu da gördük.

Gecələr qanadını qanadına vurub uçurdu.

Ucalığa.

Qanadları qırıldı günlərin birində.

İntihar etdi Mövlud ağacı.

Yandı, qurudu.

İllər yaman tez keçdi.

Əksimiz şəhid gözlərində dünyadan köçdü.

Bir gün Mövlud gecəsində

Köklü köməcli yasəmən ağacını bağından çıxarıb

bağıma gətirdi Aydın Uluxanlı.

Bu da yasəmən ağacı, Mövlud yaşında.

İllər yaman tez keçdi.

Buraların havası yaman, soyuğu Sibir,

istisi Yəmən.

Ya sən, ya mən, fərqi yox, sən güllər şahzadəsisən, yasəmən.

Ətrindən, hənirindən bu ağac çiçəkləyəcək,

Mövlud ağacı ayılar,

hökmündən bu ağac çiçəkləyər, yasəmən-Mövlud ağacı.

- İlk dəfə nə vaxt çap olunmusunuz?

- "Xoşqədəmli” şeirim 1979-cu ildə "Azərbaycan gəncləri” qəzetində çap olunub. Amma əsas və bu gün də bəyənilən, sevilən şeirlərim həbsdən çıxdıqdan sonra işıq üzü görüb.

- Nəyə görə həbs olunmuşdunuz?

- Qatarda bir nəfəri soyub döymüşdüm. Xarkov məhkəməsi mənə 2 il 6 ay iş verdi. Doğrudur, heç nəyi sübut edə bilmədilər, amma qərar belə oldu. Mən ən yaxşı şeirlərimin çoxunu Ukrayna türməsində yazmışam. O vaxt mən "Qrono” yaradıcılıq birliyinin üzvü idim. Tez-tez yanıma gəlirdilər. Orda yaşayan azərbaycanlılar da məni yaxşı tanıyırdılar. 1986-cı ilin sentyabrında həbsdən çıxanda Xarkovdakı azərbaycanlılar məni təmtəraqla yola saldılar. Onlardan biri də məşhur futbolçumuz Vəli Qasımov idi. O vaxt Xarkovda, "Metallist”də oynayırdı. Bakıda isə məni Nazim Hikmətdən də yaxşı qarşıladılar. Gələn kimi "Ulduz”, "Azərbaycan” jurnallarında çap olunmağa başladım. Mən SSRİ Yazıçılar İttifaqına kitabsız qəbul olunan iki-üç nəfərdən biriyəm.

- Tale elə gətirdi ki, ikinci dəfə də həbsə düşdünüz.

- O artıq məlum məsələdir də. Hamı bilir. Bir nəfərə fiziki xəsarət yetirməyə görə iş verdilər. İki il də belə yatdım. Taleyin işidir. Allah-təala özü məni ora salıb ki, oturub yazımı yazım.

- İlk şeirinizi nə vaxt yazmısınız bəs? Ümumiyyətlə, mənə maraqlıdır, insanı şeir yazmağa hansı qüvvə və nə vadar edir?

- Poeziya düşüncənin üstünə ürək şəkli çəkməkdir. Onu ütüləməkdir. Şeir yazanda mən ekstaz vəziyyətində oluram. İlk şeirimi isə əsgərlikdə yazmışam. Sevdiyim qızı nişanlayıblar. Bu hadisə mənə çox pis təsir edib və ilk şeir də onda yaranıb.

- Belə vəziyyətlər bəzi gənclərə ağır təsir edir. Sizin ağlınızdan nə keçmişdi bəs?

- Həyatda acığım gələn 3 şey var: intihar, aclıq aksiyası, mitinq. Nifrət edirəm üçünə də. Sözün var, söz denən. Həyat davam edir. Qədrini-qiymətini bilmək lazımdır. Gözümüzün qabağında Ukrayna boyda ölkə dağılır. Mariupol məhv olur. Xocalıdan daha böyük faciənin şahidi oluruq. Mən o şəhəri qarış-qarış gəzmişəm. Ağır dərddir.

- Siyasətlə maraqlanırsınız?

- Jirinovski ölməmişdən qabaq öz gözü ilə gördü ki, ruslar necə səhv siyasət yürüdür. Putin Xarkovu, Lvovu ala bilər, amma şair Şevçenko ola bilməzlər axı. Heç futbolçu Şevçenko da ola bilməzlər. Hokkey oynamaqla deyil ki. Yalandan danışmaqla deyil ki. Udmaq lazımdır. Haqlı olan bir gün mütləq qalib gələcək. Bizim prezidentimiz kimi. Mən kiminsə tərəfdarı deyiləm, Əliyevçi də deyiləm. Amma fakt budur ki, İlham Əliyev Ali Baş Komandan kimi müharibəni uddu. İndi də Zəngəzur dəhlizini açırıq. Bu çox böyük addım, çox böyük işdir. Bax, bunu mən yazmışam:

Mən burdayam, gəlmişəm! -

Belə demişdi Əmir Teymur,

Firdovsinin məzarı başında.

Belə dedi Ali Baş Komandan,

Dağıdılmış Ağdam məscidinin qarşısında -

Mən burdayam, gəlmişəm!

Amma əsl poeziyanı Ali Baş Komandan yaratdı, biz kimik? 30 ildə də özümü çox abırla aparmışıq. Biz böyük millətik, Ağa. Əsgər çəkmələrinin ayaqlarından öpürəm. Biz Xudafərinə bayraq sancmadıq, bayraq sərdik. Mən xoşbəxtəm ki, əsgərlərimiz Şuşaya girəndə mənim şeirimi səsləndiriblər. Araz Elsəs mənim şeirimə mahnı bəstələyib, bax onu oxuyublar. Həm də ona görə xoşbəxtəm ki, bu şeir hər dəfə "Traktorsazi” stadionunda minlərlə şəxs tərəfindən səsləndirilir:

Millətim hey, məmləkətim ey.

"Sirri kor quyu dibində,

dərdi üzündən bəlli,

dəlisi ağıllı kimi,

ağıllısı dəli kimi

millətim, heeey!..”

İndi, nə olsun ki, məni Şuşaya aparmadılar.

- Siyahını yəqin Yazıçılar Birliyi hazırlayıb, sizi aparmayıblarsa, yəqin orda sizə münasibət mənfidir.

- Bu günlərdə Anar müəllimin yanına getmişdim. Dedim, məni təqaüd alanların siyahısına salın. Dedi, ikinci dəfə təqaüd verə bilmərik. Dedim, axı, mənim ikinci dəfə təqaüd almağımdan heç kim şikayət eləməz. İki il ömrüm qalıb. 1500 manatlıq təqaüdə sala bilmirsiniz, heç olmasa 300 manatlıq təqaüdə salın. Dedi, yox e, yox, sizə yardım edə bilərik. Mənə yardım lazım deyil, təqaüdə ehtiyacım var.

- Bəs Anara demədiniz ki, məni niyə Şuşaya aparmadınız?

- Ta orasını demədim. Əslində, mən şikayət eləmirəm. Olan söhbəti danışıram. Anar mənə dedi ki, hərdən məni sancırsan müsahibələrdə. Halbuki onun adını, ümumiyyətlə, çəkməmişəm. Görünür, tənqidlərimdən hərə öz payını götürür. Mən birinci təqaüd alanlardanam. Heydər Əliyevin vaxtında. İndi bunu bəhanə edib təqaüd vermirlər. Kim nə alır, nə qədər alır, kim kimə nə, nə qədər hörmət edir, hamısını bilirik. Bizi danışdırmasınlar. Hətta yazıçıya, şairə maddi dəstək olmağı bir tərəfə qoyduq, mənəvi dəstək də olmurlar. Əjdər Olun məhkəməsində niyə Yazıçılar Birliyindən bir nəfər yox idi? Ancaq mən orda idim.

- Əjdər Olun günahsız olduğuna inanırsınız?

- Əjdər Ol sadəcə olaraq tora düşmüş adamdır. İstəməzdim ki, Əjdər yıxılana balta çalanı görsün. Əjdər ədəbiyyat adamıdır, özünə qayıtsa, ən yaxşı əsərini orada yazacaq. Allah qapısını açsın. Tutulmağa qalsa, bilirsən, nə qədər tutulası adam var?

- Yaradıcı birliklərin lazım olub-olmamağı son zamanlar müzakirə mövzusuna çevrilib. Xüsusilə o söhbətdən sonra ki, niyə 44 günlük zəfərimiz haqqında adamın hisslərinə toxunacaq bədii mətn, musiqi əsəri, film yaranmayıb?

- İndi elə bir dövrdür ki, Qənimət Zahidin vaxtı ilə Mirşahinin vaxtı qarışıb. Millət də qalıb ortada. Biz şeirimizi 15 il qabaq yazmışıq. Biz nəyisə vəsf eləmək üçün yaşamırıq axı. Mənim gözümün qarşısında Xocalı faciəsindən daha böyük Mariupol faciəsi yaşanır. Bu faciəni göstərmək lazımdır. Xarı bülbüldən dünyada yüz yerdədir. Polad Bülbüloğlu bantik də vurub cır səslə mahnı oxuyur. Onu efirə çıxarıb Qarabağ səsini unutdurmaq istəyirlər. Şahmaroğlunun səsini unutdurmaq istəyirlər. Şahmar kişiyə deyiblər ki, Ağdam gedir, Ağdam gedir. Deyib, qoyun, işimlə məşğul olum də, indi deyirsiniz, erməniyə bir gülləm çatmayacaq? Bu kişiyə heykəl qoyulmalıdır. Şuşada da bir uşaq olub, deyiblər, çıxırıq, gəl, tez elə. Deyib ki, məni evimi qoruyuram da, niyə çıxım? Bax o uşağa heykəl qoyulmalıdır. Dünyanın müxtəlif ölkələrində, şəhərlərində belə heykəllər var. Adsız uşaq heykəli. Taciri aparmaq lazımdır Şuşaya, Əlisəmidi, Aydını aparmaq lazımdır. İndiki gedişlərlə heç nə alınmayacaq.

- Kimləri oxuyursunuz, qiymətləndirirsiniz?

- Dövrü mətbuatı izləyirəm. İldə iki-üç roman yazan yazıçılar peyda olub. Onların heç birini oxumuram. Onların iyini bilirəm çünki. Ümumiyyətlə, mən müsahibə verəndə diqqətlə oxuyurlar, deyirlər, görək, Əlisəmid kimin adını çəkəcək. Keçən dəfə bir neçə nəfərin adını çəkmişdim, sonra hiss elədim ki, adını çəkmədiklərim inciyir bir azca. Həm də kiminsə adını çəkirsən, kimsə yadından çıxır. Sonra özün narahat olursan ki, niyə mən o cür istedadlı adamın adını unutdum, çəkmədim. Məsələn, Alik Əlioğlu çox istedadlı gəncdir, yaxşı da oğlandır, amma onun adı yadımdan çıxmışdı. Yadımdan çıxan uşaqlar bağışlasınlar məni. Mən ad çəkməkdən daha çox kitablara ön söz yazmaqla, özlərinə xoş deməklə dəstək oluram gənclərə, şairlərə, yazıçılara. Şərif Ağayar, Rəbiqə Nazimqızı, Aqşin Evrən, Eminquey sevdiyim, qiymətləndirdiyim gənclərdir. Vaqif Bayatlı isə, ümumiyyətlə, ən sevdiyim şairdir. Afaq Məsud, Kamal Abdulla nəsrdə böyük simalardır.

Ağa Cəfərli

Qaynarinfo

# 7171 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #