Şairlərin qara xəbəri

Şairlərin qara xəbəri
20 iyun 2013
# 10:41

Şairlərin qara xəbəri gəlmişdi. Özümüzə yer tapa bilmirdik, qanqaraçılığın zirvəsində idik. Xəbərə inanmışdıq, ancaq balaca bir ümid də vardı. Xəbəri İrandan ötürmüşdülər, bu informasiya əsəbləri, reaksiyaları yoxlamaq üçün ola bilərdi.

Müharibədən gələn qara xəbərlər heç də həmişə doğru çıxmır, özümüzə belə şeylərlə də təsəlli verirdik.

Nəsə etmək lazım idi, müzakirə etdik və şairlərin ailəsi ilə görüşmək qərarı verildi.

Əvvəlcə İmişliyə gedəcəkdik. Şəhriyar Del Geranin atası Hacı Maillə görüşəcəkdik. Elmin Həsənli ilə birgə yola çıxdıq. İmişliyə gecə çatdıq. Jurnalistlərin gələcəyini bilən qonşular da gec olmasına baxmayaraq Hacı Mailin həyətinə yığışmışdılar.

Hamı ümidlə danışırdı, bu problemi həll etmək sarıdan dövlətə, mətbuata böyük inamları vardı. Ata nə qədər kədərli olsa da inamsız deyildi. Təkcə biz inamsız idik. İnamsızlığımızı büruzə verməməyə çalışsaq da. Onlar böyük inamla danışır, mən isə ürəyimdə deyirdim: “Kaş sizin dediyiniz ola... Amma əclaflar uşaqları öldürüblər e”. Sonradan bildim ki, Elmin də təxminən eyni hissləri keçirirmiş.

Bakıya qayıdan sonra Fərid Hüseynin anası ilə görüşdüm. Söhbətimiz çox kədərli alındı. Elə yazı da... Ana da inamlı idi, amma mən yenə ürəyimdə deyirdim: “Kaş siz dediyiniz ola. Amma...”

3-4 sonra eksklüziv bir xəbər aldıq. Şairlərin nədə ittiham olunduğu bilinmişdi. Biz kədərlənməli idik. Çünki onları 3 il həbs gözləyirdi. Amma biz sevinirdik. Bəd xəbər doğru çıxmamışdı. Onlar sağ idilər. Ən pis halda 3 ildən sonra geri dönəcəkdilər. Və yaxşı ki, ən pis olmadı. Ən yaxşı oldu.

Bəd xəbər hadisəsini nə vaxtsa yazmağa söz vermişdik. Fərid Hüseynin “… qandalı görməsin” kitabını oxuyandan sonra əmin oldum ki, o hadisəni yazmağın vaxtıdır.

Fəridin kitabında çoxlu maraqlı detallar var. İranda vəziyyətin necə olduğunu bilmək üçün bu kitab faydalı vəsait hesab edilə bilər. Təkcə həbsxanadakıların Bakı ilə bağlı arzuları İranda vəziyyətin necə qəliz olduğunun parlaq sübutu sayılmalıdır. Amma Fəridin potensialı yaşadıqları haqda bundan daha yaxşı kitab ərsəyə gətirməyə imkan verir. Və Fərid elə bu kitabdaca söz verir ki, yazdıqlarına yenidən qayıdacaq, həbsxanada yaşadıqları ilə bağlı başqa maraqlı faktları da qələmə alacaq. Fərid doğru mövqedədir, buna ehtiyac var.

İstənilən halda “…qandalı görməsin” hər kəsin marağına səbəb olacaq bir kitabdır.

Qandalı görməmək də məsləhətdir, “…qandalı görməsin”i oxumaq da…

# 2431 dəfə oxunub

Müəllifin son yazıları

# # #