"Bircə gün Vaqifə can deməsəm" - şairin xanımı danışır...

"Bircə gün Vaqifə can deməsəm" - <span style="color:red;">şairin xanımı danışır...
30 yanvar 2015
# 14:39

Xalq Şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə (Babayeva) Vəkilova “Yazıçı xanımı” layihəsində

Ramilə QURBANLI

Əvvəl özünü, sonra yaradıcılığını tanıdım

Vaqiflə məni onun əmisi oğlu tanış edib. Hər ikimiz bir dəfə ailəli olub ayrılmışdıq. İki il Əfqanıstanda tərcüməçi işləmişəm. Orda bir əczaçı işləyirdi, həm də kartla fala baxırdı. Gələnə yaxın mənə də baxdı və dedi ki, sənin ailə quracağın adam cəmiyyətdə tanınan və hörmətli adam olacaq. O, səni çox sevəcək, özünün də iki uşağı var. Çox şeylər dedi, sonradan gördüm ki, hamısı Vaqifdə var.

Bundan sonra mənimlə kim maraqlanırdısa, soruşurdum ki, iki uşağı var? Zaman keçdi, mən burda Şərqşünaslıq İnstitutunda işləyirdim, Vaqifin əmisi oğlu Cavanşir də bizimlə işləyirdi və səmimi münasibətlərimiz vardı. Bir gün ədəbiyyat ensiklopediyası gətirmişdi, oturub baxırdıq. Vaqifin şəklini göstərib dedi ki, bax, mənim əmim oğludur. Dedim ki, tanıyıram, qardaşımla bir yerdə “Caz klub”da işləyiblər. Cavanşir dedi ki, gəl səni onunla tanış edim, sizinki tutar. Dedim ki, boş-boş danışma və uzaqlaşdım. Arxadan dedi ki, onsuz da kiminləsə ailə qurmalısan də, tək qalmayacaqsan ki, yaxşısı budur gəl, onunla tanış edim səni, bir-birinizə yaraşırsınız.

Dedim ki, əl çək. İşdən evə getdik, Cavanşir evə zəng elədi ki, mən onunla danışdım, sizi görüşdürəcəyəm. Vaqif də sonra mənə danışır ki, Cavanşirlə heç vaxt o cür söhbətlərimiz olmamışdı, birdən-birə gəldi başladı mənə səni tərifləməyə.

Vaqif də deyib ki, sən niyə mənimlə belə danışırsan? Cavanşir ona deyib ki, sən onu bir dəfə görsən, mənə sağ ol deyəcəksən ki, o, qadın barədə sənə danışmışam.

O dövrdə mən əsasən rus dilində mütaliə edirdim, Vaqifin yaradıcılığından bixəbər idim. Yalnız Az.TV-də “Caz klub”da bir – iki dəfə görmüşdüm, qardaşım o verilişin redaktoru idi.

Cavanşirin müdafiəsinə belə getmədim, çünki Cavanşir dedi ki, o da gələcək, mən də getmədim.

Beş il sonra il yarım ayrılıq

May ayı idi, Cavanşir zəng elədi ki, televizorda “Bəxt üzüyü” kinosu gedir. Dedi ki, kinoya bax, sonra Vaqif sənə zəng eləyəcək, heç olmasa danışmağa mövzun olsun. Dedim ki, sən narahat olma, mən mövzu taparam, amma sonra oturub kinoya baxdım. Kino qurtaran kimi Vaqif zəng elədi, dedi ki, axşam sizə zəng edəcəyəm. Axşam zəng elədi, həmin vaxtdan bizim gecə zənglərimiz və sabaha qədər söhbətlərimiz başladı.

Beş il münasibətlərimiz belə davam elədi. Uzun sözün qısası artıq evlilik məqamına çatanda biz ayrıldıq. Vaqif barədə danışmağı sevmir. Bizim münasibətlərimizdə indi artıq elə dövr gəlib ki, o, mənimlə bağlı xatirələri belə kiminləsə bölüşməyə razı deyil, qıymır. Əvvəllər o qədər əhəmiyyət vermirdi, indi dəyişib, daha həssas olub.

Ayrılmağımızın bir çox səbəbləri vardı, əsas səbəb o idi ki, mən qəti addım atmağa ehtiyat edirdim. Birdən ikinci dəfə də ailə münasibətim alınmazdı, onda yaşamaq çətin olardı. İkinci uğursuzluq insana baha başa gələ bilər. Bir məqam da vardı ki, daha da əmin olmaq üçün münasibətlər ayrılıq sınağından keçməli idi. Beş ildə iki dəfə belə sınaq keçdik. İkinci dəfəki sınağın müddəti bir il yarım çəkdi.

Vaqif anası ilə yaşayırdı, mən də öz ailəmlə, ata-anamla. Yenidən sıfırdan başlamaq, evliliyə qərar vermək çətin idi. Biz mitinqlərdə, milli azadlıq hərəkatının yığıncaqlarında olurduq. Yəni düşüncə, dünya görüşü baxımından da bir-birimizi tamamlayırdıq. Ayrılmışdıq, amma onu fikrimdən çıxarda bilmirdim. Artıq qərara almışdım ki, xaricdə qohumlarımız var, onların yanına çıxıb gedim. Bir gün bacımla küçədə gedərkən Vaqiflə üz-üzə gəldik. Vaqif diksindi elə bil, amma adi, köhnə tanışlar kimi salam, necəsənlə kifayətləndi və hərə öz yoluna davam etdi.

Elə bildim artıq səni itirdim və gəldim...

Sonra Vaqif Türkiyəyə gedir, orda Emin Sabitoğlugildə qonaq qalır. Bir gün bacım zəng elədi ki, mənə Türkiyədən Xədicə Abbasova zəng eləmişdi. Deyirmiş ki, Vaqiflə Nüşabənin romanı varmış, mən niyə bilmirəm? Sən demə, Vaqif orda deyib ki, sevdiyim qadın məni sevmir daha. Xədicə də soruşub ki, kimdir o qadın, səni sevməmək olar? Vaqif də deyib ki, sən onu tanıyırsan, bacısı ilə “Dan ulduzu”nda işləmisən, Nüşabədir.

Yeni il axşamı, kefsiz halda öz otağımda uzanmışdım, anam gəldi otağıma, təəccüb dolu nəzərlərlə mənə dedi ki, qonağın gəlib. “Kim?” deyə eyni təəccüblə soruşdum, dedi ki, Vaqif.

Saçı-başı qarışıq özümü atdım dəhlizə, gördüm Vaqif dayanıb. Yaxınlaşdım ona, elə anamın yanında məni basdı bağrına və anama dedi ki, bunsuz burdan gedən deyiləm. Çox qəribədir ki, heç nə deyə bilmədim. Sonralar mənə danışdı ki, oturub dostlarla yeyib-içirdik, birdən elə bildim ki, səni itirirəm, elə bu an gəlməsəm yanına, itirəcəyəm səni, bəlkə də artıq itirdim deyə düşündüm və qalxıb gəldim.

Ailə qurduq. Onda məni cəlb edən ilk növbədə intellektdir. Bu adam mənim üçün maraqlıdır, kişi qadını maraqlandıra, güldürə bilirsə, qadın artıq onun əlindədir. Vaqif bu gün də mənim üçün maraqlıdır. Yaradıcılığı ilə evlilikdən sonra nəinki tanış oldum, hətta ona bu yöndə yardımçı oldum. Hiss etdim ki, sevmək öz yerində, amma mən bu adama lazımam. Mənə ehtiyacı var.

Bir gün oturub başladım onun dağınıq əlyazmalarını makinada çap eləməyə. Vaqif gəldi gördü və çox sevindi, dedi ki, ömür boyu rus yazıçılarına qibtə eləmişəm ki, onların xanımları yazıçıya dayaqdır, köməkdir, indi öz xanımım mənim dayağım olub. Bunu bir missiya kimi eləyirəm. Ardıcıl bir neçə kitabı çapdan çıxdı. “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada” və sair. Allah ömür versə, hələ çox fikirlərimiz var.

Gül əhvalatı

Qızım anamla qalırdı, anam rəhmətə gedəndən bizimlə yaşadı, Vaqif öz soyadını verdi ona. Biz köçürdük onu, artıq nəvəmiz var. Vaqif mənim qızımın övladını uşağın doğma babasından artıq sevir. Vaqif də onun üçün avtoritetdir. İlk gündən çalışdım ki, uşaqlarımızın münasibəti yaxşı olsun. Vaqifin də iki qızı vardı, onlar da yerbəyer olublar.

Vaqif yaradıcı insandır, hiss adamıdır. Mən bir gün ona can deməsəm birtəhər olur, soruşur ki, noolub? O da mənə münasibətdə elədir. Təzə evlənmişdik, bir dəfə dedim ki, istəyirəm mənə gül alasan. Dedi ki, necə yəni, mən əlimdə buketlə gəlim, camaat nə deyər? Dedim ki, anlamadım, səni kiminsə nə deyəcəyi maraqlandırır, yoxsa mən? Heç nə demədi, görünür özü üçün analiz elədi və evə güllə gəldi.

Bir müddət tutuquşu saxladıq. Evimizdə dörd tutuquşu vardı. Onların davranışını, bir-birinə münasibətlərini müşahidə edirdik.

Həmişə çalışaram ki, Vaqifin ürəyi nə istəyirsə, onu həyata keçirim. Həyatımda yeganə insandır ki, mən onun xətrinə dəyə, incidə bilmirdim. Təzə evlənən vaxtlar boş-boş şeylərin üstündə küsürdük, daha çox Vaqif küsərdi. İndi elə deyil. İndi ha fikirləşirəm, yadıma da düşmür ki, nə üstündə küsürdük. Hətta elə olub ki, Vaqif qapını çırpıb gedib, düşünüb-daşınıb qayıdıb. Onun halbahal olması əvvəl mənə qəribə gəlirdi, sonra başa düşdüm, hər şeyi özüm üçün ayırd etdim. İndi bir-birimizi o qədər kəşf etmişik ki, içimizdən keçənləri oxuyuruq. Bütün kişilərdə bir xasiyyət var, səndə bəyəndikləri xüsusiyyəti heç kim görməsin, başqası bəyənməsin deyə ört-basdır etməyə çalışırlar.

Mənə həsr etdiyi şeirlər çoxdur, hər halda yeni dövr yaradıcılığında mən varam.

# 5318 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #