Təbrizli aşıq: “Şirvan aşıqlarına saz çalmağı öyrətmək lazımdır” - MÜSAHİBƏ

Kulis.Az Şərif Ağayarla təbrizli aşıq Çingiz Mehdipurun söhbətini təqdim edir. 

 

- Ustad, gəlin əvvəl-əvvəl güneydəki aşıq mühitinə qısa bir nəzər salaq... Tanış olmayanlar üçün... Əslində, sazın əsl beşiyi oralardır... Abbas Tufarqanlı, Xəstə Qasım... 

 

- Cənubi Azərbaycandakı aşıq sənəti bir neçə mühitdən ibarətdir. Qaradağ aşıq mühiti var, Urma, Zəngan, Həmədan, Sava aşıq mühitləri var. Həmədan, Sava biri-birinə yaxındır. Qaşqay aşıq mühiti var. Xorasan tərəfdə ayrıca mühit var...

 

- Bunlar, misal üçün, bizdəki Borçalı, Göyçə, Şirvan məktəbləri kimi biri-birindən fərqlənirlər?

 

- Tam fərqlənirlər. Urmu aşıq mühitinin ümumiyyətlə tamam ayrı havaları var. Ancaq dastanlarda oxşarlıq var.       

 

- Onlar bağlama çalırlar, yoxsa bizim sazdan?

 

- Bizim sazdan. Son zamanlarda Qaşqay aşıq mühitində sazdan aralanmalar müşahidə olunur. Azca pərdə dəyişikliyi etməklə setar çalır əksəriyyəti. Ancaq son zamanlar Şirazdan Təbrizə gələn tələbələrimə deyirəm, heyifdir, həmən sazı qaytarın öz yerinə.    

 

- Setarda saz havalarının melodiyası itir?

 

- İtmir. Sadəcə, setarın səs tembri başqadır. Sazın mizrab, pərdə imkanları, görünüşü, çox özünəməxsusudur. Melodiya itmir. Pianoda da o melodiyanı çalmaq olar.   

 

- Mən melodiyanı ümumi mənada demirəm. Sazın özünəməxsus melodiyasından danışıram. Aşıq Kamandar buna xum deyirdi... İncə və uzanan səsdir... O səs setarda, tarda və bağlamada yoxdur...

 

- Bu, tembrdir. Bəli, sazın özünəməxsus tembri var. Bu tembri başqa alətlərdən almaq mümkün deyil.

 

- Fars dilindəki heca şeirlərini sazda oxumaq olur?

 

- İstəsən ki, oxuyasan, oxuya bilərsən. Ancaq indiyəcən olmayıb belə bir təcrübə. Lap istəsən əruzda yazılan qəzəli də oxuyarsan...  Ritmik muğamları aşıq musiqisindən götürüblər. Ritmik muğamların içindəki bölgülərdə istənilən şeiri oxumaq olar. Məsələn, “Bəhməni” havası qoşmayla oxunur. Hüseyn Saraclı gəraylıyla oxuyub. Aşıq Kamandarsa bayatı oxuyub o havada. Biri on bir heca, biri səkkiz, biri yeddi. Yəni o havaların içərisinə nə istəsən yerləşdirə bilərsən.

 

- Kökləriniz necədir? Burdakı kimidir?

 

- Eynidir. Akkord simlərdə fərqlər var. Əsas köklər eynidir.

 

- Sizin sazda neçə sim var?

 

- Mən həm də sazbəndəm. Ona görə neçə sim olsa bağlayıb çala bilərəm. Ancaq indi səkkiz simlə çalıram. Belə mənim üçün daha rahatdır.      

 

- Güney aşıqları deyəndə göz önünə Aşıq Məhbubla siz gəlirsiniz. Bakıda çox çıxışlarınız olub, yəqin ona görədir. Güneydə başqa ustadlar da var, təbii ki... Kimlərin adını çəkərdiniz?

 

- Söhbətimizin əvvəlində buyurduğunuz kimi, tarixən Cənubi Azərbaycan sazın ana beşiyi olub. Abbas Tufarqanlıdan, Xəstə Qasımdan üzübəri orda böyük dədələr olub. Ancaq son illər, bizim nəsildən də əvvəlki nəsildən üzübəri, radio-televiziya çıxandan, xüsusilə çalğıda, bu tayın təsiri güclü hiss edilib. Aşıq Hüseyn Cavan, Aşıq Polad, Aşıq Xeyrulla... Böyük ustadlar olublar. Aşıq Hüseyn Cavanı siz yaxşı tanıyırsınız. Çünki ömrünün əsas hissəsini burada yaşayıb. Bu günlərdə də 100 illiyini qeyd edəcəyik.

 

 

- Aşıq Eynulla da var... Sizin həm əminiz, həm ustadınız...

 

- Bəli. Aşıq Eynulla Aşıq Xeyrullanın tələbəsi olub. Adını çəkdiyim aşıqlar ulu sənətkarımız Dədə Ələsgərin oğlu Aşıq Talıbdan dərs alıblar və gəlib Qaradağda gözəl bir mühit yaradıblar. Bu mühit, təbii olaraq, gözəl sənətkarlar yetişdirib.

 

- Bizim Qazaxda, Tovuzda, Borçalı mahalında, hətta Göyçənin, Zəngəzurun dağılan kəndlərində elə ailələr var ki, az qala hamısı saz çalır, özü də çox usta çalır. Orda da belədir?

 

- Desəm ki, hər evdə o cürdür, inanmayacaqsınız.

 

- Sizin də doğulduğunuz Qaradağ bölgəsi bizim Qarabağın Arazın o üzündəki davamıdır. Bu oxşarlıq sənət baxımından da diqqəti çəkir. Orda da gözəl səslər, sənətkarlar yetişir.

 

- Tamamilə doğrudur.

 

- Böyük muğam ifaçısı Sabir Mirzəyevin əsli oralıdır, bilirsinizmi?

 

- Bilirəm. Allah rəhmət eləsin. Görünür, oranın ab-havasındandır. Nəbati kimi böyük bir şair də orda doğulub. 

 

- Nəbati həm qəzəldə, həm aşıq şeirində çox unikal nümunələr yaradan nadir sənətkarlardandır. Aşıq şeiri yazan qəzəlxanlar, qəzəl yazan aşıqlar olub. Amma hər ikisində eyni dərəcədə sənətkarlıq nadirdir.

 

- Elədir. Sizin mənimlə Məhbubun burda tanınması ilə bağlı sualınıza qayıtmaq istərdim. O zaman ki, sərhədlər bağlı idi, biz bu tayı yalnız radio dalğasında eşidə bilirdik. Elə həsrətlə dinləyirdik ki! Siz o zaman hansı maşında otursaydınız, görərdiniz ki, ya Kamandar oxuyur, ya Əmrah, ya Saraclı, ya Əkbər Cəfərov. Və biz o vədələrdən burdakı mühitə can atırdıq. Sərhədlərin açılması bizim üçün böyük imkan yaratdı.  

 

- Məhbubda Aşıq Əmrahdan bəhrələnmələr çox hiss olunur.

 

- Səsinin tembri çox gözəldir. Kamandara da bənzəri var. Cavanlıq səsinə lap çox bənzəyir.

 

- Hətta Kamandarın yaratdığı havanı da oxuyub: “O dəftərə məni də yaz.”

 

- Oxuyub, bəli. Kamandara da çox vurğunluğu var. Aşıq İmrana, Aşıq Azaflıya da çox qulaq asırdıq.

 

- Ədalət Nəsibova necə?

 

- O, çox məşhurdur (gülür). Çox məşhurdur. Son zamanlar Əli Quliyevə də böyük maraq var.

 

- Youtube-a butaylı aşıqların ifalarının bir çoxunu güneyli qardaşlarımız yükləyib. Televiziyadan yazıb, yükləyirlər internetə.

 

- Dediyim məsələdir. Son 30-40 ildə bu tayın təsiri o taya çox güclü olub.  

 

- Saz həm də ordakı azərbaycanlıların milli kimliyi olub.

 

- Bəli, bəli. Saz ancaq azərbaycanlılara, türk xalqlarına aiddir.        

 

- Siz həm də qopuzla məşğul olmusunuz...

 

- İranda bütün simli alətlərə saz deyirlər. Qopuz o biri simli alətlərdən sazı ayıran ifadə kimi işlədilir.

 

- Mənə elə gəlir ki, bu dünyada bütün xalqlar taxtaya sim qoşub çalıblar. Sadəcə, hər xalqın coğrafiyasına, daxili ruhi vəziyyətinə uyğun melodiyalar yaranıb və alətlər formalaşıb...

 

- Bizim sazın da tarixi qədimdir. Misal üçün, bəzən deyirik ki, bizim saz qopuzdan ayrılmadır. Mən Fransaya gedərkən, Luvr muzeyində bişmiş torpaqdan hazırlanmış qədim bir heykəlcik gördüm. Həmədan ətrafından tapılmışdı. Bir adamdır, sinəsində də eynən bizim bu sazlardan biri... Kitablara baxsanız fotosunu görə bilərsiniz. Sazı tutmağı da bizimki kimi idi. Heç bir musiqi aləti saz kimi sinədə tutulmayıb. Tar qolun, setar dizin üstündə çalınır.

 

- Böyük İran ifaçısı Şəhram Nazirinin müşayiət edən setarı görmüşəm. Siz onu sazla müşayiət edə bilərsiniz?

 

- Edərəm, niyə etmirəm. Bu, çətin deyil.     

 

- Sizin ifalarınızda setardan nələrsə var...

 

- Necə?

     

- Sanki notlar diri qalır, xumun içində ərimir...

 

- Səs xatırlada bilər, amma ifa yox. Çünki pərdə fərqləri var. Siz burdakı ifaçılarla mənim aramda fərq görə bilərsiniz. Çünki mən tək simlərlə daha çox işləyirəm, burda akkord simləri ifaya çox qarışdırırlar.    

 

 

- Siz sazı nota almısınız, dərslik yazmısnız. Amma, Üzeyir Hacıbəyov sazı nota almağı lazım bilməmişdi... İmprovizə çox olduğuna görə...

 

- Muğamda da improvizə çoxdur. Mənim düşüncəmə görə, sazı nota almaq üçün gərək aşıq olasan. Aşıq musiqisini yazmaq lazımdır. Saz çox mürəkkəb mizrab qanunları ilə işləyir. Tarda daha sadədir. Saz tardan mükəmməldir. Üstünlükləri çoxdur. Bax elə o üstünlüklərdən çıxış edib deyə bilərəm ki, sazda istənilən musiqini ifa etmək olar. Bəziləri mənə deyir, sazda xalq mahnıları, muğamları çalmayın. Soruşuram, niyə? Əcnəbinin qarmonu, klarneti, skripkası muğam çala bilər, saz yox? Bu necə yanaşmadır? Bəziləri anlamadığı işə əl uzadırlar.

 

- Sizin not kitabınız sazın ilk dərsliyi hesab oluna bilərmi?

 

- Elə o cürdür. Not kitabından sonra ayrıca 62 havanı yazmışam.

 

- Bu havaları özünüz bilirsiniz?

 

- Özüm də bildiyim var, axtarıb tapdığım da.

 

- Bizdəki yeni nəsil ifaçılardan kimləri bəyənirsiniz?

 

- Çoxdur. Texnika burda çox güclüdür. Ədalət Qaraşovdur, Fəzail Miskinlidir, Nemət Qasımlıdır... Roman Azaflı çox yaxşı ifaçıdır. Texnikanın güclü olması yaxşıdır, amma sazın klassik ruhunu itirməmək şərti ilə.

 

- Bəzən itirirlər?

 

- Bəli. Yaxşı olar ki, metodiki bilgiləri çoxaltsınlar. Not bilmək vacib deyil. Ustadlara qulaq assalar çox şey öyrənərlər. 

 

- Şirvan aşıqları ilə aranız necədir?

 

- Çox yaxşı.

 

- Məndən olsa sazı onların əlindən alaram...

 

- Məncə, almaq yox, sazı onlara öyrətmək lazımdır ki, daha yaxşı çalsınlar.

 

- Sizin “Dalğa” qrupunda da balaban var. Hətta tumba (musiqi aləti – Ş.A.) da var. Amma səsləri elə çıxır ki, saza mane olmur, əksinə musiqiyə gözəllik qatır. Şirvan aşıqlarının çoxu saz çala bilməməyini balabanla kompensasiya edir.

 

- Bu, artıq musiqi savadsızlığıdır. İnşallah yaxın vaxtlarda sarayda konsertimiz olacaq. Mən o konsertə bir neçə Şirvan mahnısı da daxil eləmişəm, görəcəksiniz, necə ifa edirik.     

 

- Siz mahnı dediniz... Mahnı doğrudur, ya hava?

 

- Hava daha doğrudur. Savadlı ifaçı olsa, Şirvan yolunda elə gözəl melodiyalar var ki! Sadəcə aranjiman eləmək lazımdır ki, balaban öz yerində olsun, saz öz yerində. Biz buna çalışırıq.

 

- Sizi güneydə burdakı qədər tanıyırlar?

 

- Mən “Dalğa” qrupuna solo ifaçı kimi gəldim. Ancaq qrupun işləri o qədər vaxtımı aldı ki, solo ifaçı kimi istədiklərimə tam nail ola bilmədim.

 

- Eşitdim qadınlardan ibarət qrup da yaratmısınız...

 

- Yaratmışıq.

 

- Düşünənlər var ki, saz qadın işi deyil...

 

- Dastanlarımıza baxsanız, aşıq qadınlarla aşıq kişilər yanaşıdır. Saçlarından bir tel ayırıb oxuyurlar... İndi də belədir. Qadın barmaqları daha gözəldir. Daha sürətli ola bilər, daha yaxşı işləyər. Əsas sənətin böyüklüyünü anlamaq, öyrənmək və qorumaqdır. Sənətə inanıb, ona etiqad göstərmədir.  

 

- Son olaraq nə demək istərdiniz?

 

- Məncə, zamanın ruhuna uyğun olaraq sazı məhəllilikdən çıxarıb dünyaya tanıtmalıyıq. Necə ki, biz inkişaf etmiş ölkələrin musiqi alətlərini tanıyırıq, onlar da bizi tanımalıdırlar. Buna hər cür potensialımız var.      

 

 

LENT

26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017