Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Babək Məmmədlinin "Payız melanxoliyası" adlı yeni hekayəsini təqdim edir.
***
Yuxulu gözlərində yol fənərlərinin işıqları bulanıb yayılmağa başlayanda maşını kənara çəkməli olduğunu qətiləşdirdi; Balaxanının mazut qoxulu çöllərindən şəhərin girişinə kimi mürgüləyə-mürgüləyə—Allah umuduna sürüb gəlmişdi. Xırdavat köşkünü görüb qəfil tormozladı, xanım müştəridən su almaq adıyla icazə istəyib düşdü. Ayaqları sözünə baxmırdı; yorğunluqdan və həyəcandan dizləri qatdanırdı. Maşının arxasına keçib siqaret yandırdı. Gecənin ayazı açıq yaxasından soxulub kürəyinə toxunanda bədəni gizildədi,—islanmış sərçə kimi büzüşdü.
Lakin, bu soyuq təmasdan bayaqdan bəri amanını kəsən yuxusu da sərçə topası kimi perik düşdü, beyini aydınlandı, yavaş-yavaş qamətini düzəltdi. Su almağa lüzum qalmadı. Yeddi gün-yeddi gecə yatıb durmuş div kimi gümrah idi. Bayaqkı qarabasmaları xatırladıqca sağ-salamat gəldiyinə təəccüblənib qorxu və sevincqarışıq qəribə hisslər keçirtdi: qəsəbənin yalın-çılpaq çöllərində neftvuran mancanaqları dəvəyə, bu biyabanlığın arasıyla burulub-açılan ensiz asfalt yolu quyruğu kəsik qara bir ilana, uzaqdan zəhrini yaran bədheybət maşınları isə ac canavarlara bənzətmişdi, — gözləri ehtirasla alışıb-yanan bu əcaib varlıqlar indicə üstünə atılıb şaqqalayacaqdılar onu, qorxudan, az qalmışdı, maşını dərəyə aşırsın. Ancaq hər dəfə də gözəgörünməz bir əl nəhəng quş kimi maşını caynağına götürüb onu bu yırtıcıların ağzından almışdı.
Siqaretini çəkib maşına qayıtdı.
— Qardaş, neçə dəqiqəyə çatarıq?
— Naviqator on yeddi dəqiqə göstərir, xanım, azca səbrli olun, çatırıq.
Dediyi vaxtdan da iki dəqiqə tez çatdı ünvana. Xanım müştərini Bakının ucqarındakı “Yeni Günəşli” qəsəbəsinin eyni rəngdə, eyni biçimdə doqquzmərtəbə binalarla hasarlanmış işıqlı bir məhəlləsində maşından düşürüb mühərriki söndürdü, telefonda sifarişləri tək-tək gözdən keçirməyə başladı: Bu yox... Bu yox...Bu da yox... Xaşaxuna bağları, — gedər-gəlməz! — evinin istiqamətinə uyğun sifariş axtarırdı, sözləşmiş kimi hamı da köndələn gedirdi; kimi bir az şimaldakı kənd və qəsəbələrə, kimi dəniz boyu cənuba doğru. On dəqiqə keçmədi, bu köndələn sifarişləri də bircə-bircə dənlədilər. Zaman keçdikcə ümidi sozalır, gecənin bu vədəsi evlərindən çox-çox uzaq yad məhəllədə şimal küləyinin ulartısı da bir yandan əsəblərini gəmirirdi. Bu idbar səsi eşitməmək üçün radionu qoşdu. “Gecə saat on ikidir” — radioda dedilər. Demək, noyabr da belə getdi... Yeni il qapıdadır... Bir möcüzə baş verməsə, çox güman qırx beş ilimin ən ağır “yeni il”ini qarşılamalı olacam...
Heç cür toparlana bilmirdi; küləyin sovurduğu qum dənəcikləri kimi müqavimətsiz və aciz idi. Buna qədər üstünə yerikləyən qayğıları çətinliklə də olsa dəf etməkdən həzz alır, önünə çıxanı dəqiq sağ-sol zərbələriylə yerə sərən əzmkar boksçu kimi güvənirdi özünə. Qəfil yorulduğunu, gücsüzlüyünü anlamış, təslim olmağa qərar vermişdi. Elə bilmişdi, bu əngəllər heç vaxt bitib-tükənməyəcək. Qarşısındakı çinarın təklənmiş iri yarpağı küləyə müqavimət göstərir, heç cür qopmaq istəmirdi. O da bir az əvvəl bu sarı-qırmızı yarpaq kimi inadkar idi, birdən-birə beyninin zəhərli həlməşiyi qanına qarışıb əzalarını qıc etmişdi. Əsiri olduğu bu kədərin səbəbini anlamaqda aciz idi.
Borca görədir? Yox... Bundan da çox borcum olub. Həm də dünyada krediti, borcu olmayan adam yoxdu, hamı da birtəhər yaşayır. Hətta prezidentlərin də borcu var, niyə özümə əl qatmışam axı... Bitəcək! Geci-tezi var. O kişi necə deyirdi: "Stress və gərginlik onları necə qəbul etməyimizdən asılıdır. Beyninizi idarə edin, yoxsa o sizi idarə edəcək.” Əslində, psixoloqların hamısı aşağı-yuxarı eyni şeyi deyir: ”Stres və depressiyalar beyninizin məhsuludur. Bu gününüzlə yaşayın, sabahı fikirləşməyin”.
Beyini idarə etmək təyyarə sürmək qədər çətin işdir, iradə istəyir adamdan, hörmətli psixoloqlar. Mənim kimi tükənmiş adamlara da bir resept uydurun, zəhmət olmasa.
Hikkəli külək, nəhayət, istəyinə çatdı; o tək yarpağı da qoparıb harasa sovurdu...
Evlərin pəncərə gözləri yumulduqca, daha da tənhalaşırdı. “Bakı yuxuya gedir” — pıçıldadı. Getdikcə bu tənhalıq təlaşa çevrilirdi. Oğlunun zənginə ehtiyac duydu. Yatıb çox güman. Böyüyüb əclaf...— gözlərində zəif təbəssüm işardı, — Uşaq olanda qoymazdı bir yerdə oturum; saatdabir zəng vururdu, evə gəlim deyə ağlayıb özünü öldürürdü, mənsiz yatmırdı... İndi Allahın da yadından çıxmışam.
Feysbuka girdi. Yaxın dostlarından birinin xətdə olduğunu göstərən yaşıl işığı yanırdı. Bunu görüb, az da olsa, toxtadı. Arada bir-iki köndələn sifariş də düşdü, sonra yenə səssizlik. Quzunu qurda yedirdən o xain yuxu qayıdıb gəlmişdi, bir neçə dəfə ard-arda əsnədi. İsti yorğan-döşəyində mışıl-mışıl yatan adamları təsəvvür edib bərk paxıllandı. Maşın soyumuş, ayaqları üşüyürdü. Evlərində olmaq istəyirdi. Evimizə tərəf sifariş düşməyincə yerimdən tərpənən deyiləm,— qərarlıydı,— qırx kilometr yolu boş-boşuna yanacaq yandırmağım hansı günümə yaraşır? Hələ qaz kartına da pul yükləməliyəm. Mühərriki işə salıb sobanı qoşdu. Oğrun-oğrun salona yayılan istilik yavaş-yavaş beynini xumarlandırır, göz qapaqları ixtiyarsız yumulurdu. Yarım saat idi yatdığı, ancaq elə bildi, heç beş dəqiqə çəkməyib, sifarişin hay-həşirinə oyandı: Xırdalan, Misir parkı, 9 manat. Lap yaxşı, yolumun üstüdür. On dəqiqə sonra ünvanda idi. Blokun ağzında cavan bir ailə dayanmışdı. Toxunma idman papağını gözünün üstünə çəkmiş otuz-otuz beş yaşlı, idmançı görünüşlü oğlan arxa qapını açıb xanımını və azyaşlı qızını maşına ötürəndən sonra sürücünün yanındakı oturacağa təpildi.
— Axşamınız xeyir, yaman soyuqdur, zəhmət olmasa, şüşəni qaldırın. — cavan oğlan silkinib əlini əlinə sürtdü. Salonun sönməkdə olan işığında oğlanın üzünə diqqətlə baxa bildi: yekə, sivri burunu papağın altından dirsək kimi çıxmış, çıxıntılı çənəsi aydın cizgilənmiş, yanaq sümüyü sərt və qabarıq idi. İtaətkarlıqla şüşəni qaldırıb maşını yerindən dəbərtdi.
Oğlanın rusdilli olduğunu anlamaq çətin olmadı ona; qonaq olduqları məclisdən təəssüratlarını xanımıyla bölüşəndə “то есть” və “типа” kimi sözlər işlətmişdi.
“O ağbaş kişi kim idi? Tipa bu hamıdan ağıllıdır; heç kimə danışmağa imkan vermədi. Yaşkanın dediyinə görə, hörmətli adamdır, üç universitet bitirib, to est, inteliqensiyadır. Əşi, bundan mənə nə? Lap elə Oksfordu bitirsin...", — məclisdəki hansısa ağbaş kişinin qarasınca uzun uzadı gileyləndi.
Kamandara elə gəlmişdi ki, o ağbaş kişi kim idisə məclisdə ən çox ona danışmağa imkan verməmişdi, — adamda mədəniyyət də yaxşı şeydir. Xanımı cavab əvəzi susunca qısa bir sükutun ardından bu dəfə qızına sarı çevrilib qayğıkeşliklə:
— Hələ papağını çıxartma, Sofiya, hava soyuqdur, — dedi. Uşaq da susmuşdu. Hövsələdən çıxıb təkrar etməli oldu, həm də rus dilində:
— Sofa, şapku ne snimi, slışeş menya? — bu dəfə tonunda qəzəb sezildi.
—Xoroşo... — uşaq könülsüz-könülsüz dilini sürüdü.
Maşının havası getdikcə ağırlaşırdı, içəri çox isti idi. Sobanı söndürdü. Az sonra maşının şüşələri buğlanıb görməni çətinləşdirdiyindən yenidən qoşmalı oldu. İçəri dolan quru, isti hava nəfəsini qarsıyırdı, özü tərəfdən yan şüşəni azca endirdi. Oğlan gözünün ucu ilə baxıb sakitcə gödəkçəsinin zəncirbəndini bir az da yuxarı çəkdi.
Hava küləkli olsa da, çöldə hərarət on dərəcəni göstərirdi. Onun vasvasılığı Kamandara qəribə gəlmişdü. Sümüklü, cavan bir oğlanın sağlamlığına bu qədər həssas yanaşması onu hətta qıcıqlandırırdı. Oğlan da Kamandarın qəzəbini duymuş kimi dilləndi:
— Dayı, bağışlayın, yaxınlarda soyuqlayıb həstələnmişdim, on gün olar sağalmışam. Adama nə olursa, soyuqdan olur, — “dayı” deməyi xoşuna gəlməsə də, Nərgizi xatırlayıb gün ərzində ilk dəfə gülümsünmüşdü Kamandar. Keçmiş iş yoldaşı Nərgizi. O da “xəstəliyə” “həstəlik”, “xəngələ” “həngəl” deyirdi. Hər iki təhsilini rusca bitirmiş Nərgizin gülməli azərbaycancasını, solğun, zərif çöhrəsini, səmimi gülüşünü, — bu zərif qızcığaz təkcə ağzıyla deyil, həm də gözləriylə gülməyi bacarırdı, — xəyalına gətirdikcə beyninin toranlığı əriməyə başlamış, dodağının ucuna pişikgülüşü, gizəmli bir təbəssüm qonmuşdu.
— Rəhmətlik babam yayda da kürkünü əynindən çıxartmırdı, — oğlanın görünüşünə uyuşmayan cingiltili səsi Kamandarın qulağını cırmaqladı, — “hələ istidən ölən olmayıb” — deyirdi, — “biz cənubluyuq, qütb ayısı deyilik”. Rəhmətlik düz deyirdi də, elə deyil, dayı? —üzünə baxıb təsdiq etməyini gözlədi. Hikkəsindən təsdiqləmədi Kamandar, əvəzində suala sualla cavab verib “dayı” sözünə görə cəzalandırmaq istədi onu:
— Neçə yaşın var ki, sənin?
— Otuz altı! — oğlan onun bu sualı niyə verdiyini anlamamışdı, məlun-məlul üzünə baxıb əlavə izahat gözlədi.
— Qırx beş də məndədir, vur-tut doqquz yaş fərqimiz var, ancaq, mənə dayı deyirsən. — getdikcə səsini aldı.
— Doğrudan, qırx beşdir? — oğlan da istilənmişdi, papağını azca yuxarı çəkib məmnunluqla gülümsədi. Lakin Kamandarın qəzəbli baxışından tez də özünü yığışdırmalı oldu, — to est, elə bildim, əllidən yuxarıdır yaşınız, vallah.
Kamandara elə gəldi ki, o, bunu qəsdən edir. Hirsindən gicgahındakı damarları qabardı.
— Lap olsun, əlli yaş. On dörd-on beş yaş özündən böyüyə dayı deməlisən? Adamları sevindirmək də mümkündür axı. Məsələn, qardaş deyib özünlə tay-tuş tutmağın kimə nə ziyanı var axı? Əksinə, könül sevindirmiş olarsan. — yarı qəzəb yarı kinayəylə dediyi sözlərdən oğlanın pərt olmağı, az da olsa, onu rahatlandırdı. Hesab bərabərləşmişdi.
Araya xoş olmayan, sanki nəyinsə baş verəcəyindən xəbər verən qəribə bir sükut çökdü. Radionun səsini qaldırdı. Verilişin qonağı yaxınlarda bitmiş COP 29 tədbirindən, o tədbirin qonaqları olan Tuvalu respublikasının baş nazirindən, hindistanlı mütəfəkkir Sadxqurudan, Amazon meşələrinin nümayəndəsindən və başqa ekzotik qonaqlardan danışırdı. Rusdilli oğlan yenidən arxaya çevrilib:
— Qızım, ata həstələnməsəydi, o da bu tədbirdə olacaqdı, — dedi.
Ancaq, bunu elə dedi ki, qızından çox arvadına və sürücüyə eşitdirmək istədiyi aydın bilinirdi. Çünki bir gözü Kamandarın üzündə idi, görsün, nə reaksiya verəcək. Sürücünün ona baxdığını görən kimi də arxayınlıqla davam etdi:
— Düzdür, yolların bağlanmağı adamlara çətinlik yaratdı, ancaq, çox vacib tədbir idi. Həm də ölkəmizi bundan sonra hər yerdə tanıyacaqlar.
— Məsələn, harda? Tuvaluda? Yoxsa Amazon meşələrində? — Kamandar radionun səsini aldı — Mən hələ Tuvalu adında dövlət eşitməmişəm.
— Tuvalu deyib keçməyin, müəllim. Nə olub ki, Tuvaluya? To est, müstəqil ölkədir, BMT-nin üzvüdür. İqlim dəyişikliyindən ən çox əziyyət çəkən də onlardır. Təsəvvür edin, ölkənin ən yüksək nöqtəsi dəniz səviyyəsindən cəmi dörd-beş metr hündürdədir. Dəniz qalxsa, adalar su altında qalacaq. O cümlədən Amazon meşələri; quraqlıqdan sürətlə məhv olur. Türkiyədə olan meşə yanğınları yadınızdadır? — birdən-birə sanki meşə yanğınlarının içinə düşdü, hövüllənib papağını başından götürdü, — bizə hələ çatmır ki, ağac tənəffüs deməkdir, o yoxdursa, oksigen də yoxdur. Bakıda hava çirkliliyi, az qala, Çinin şəhərlərinə çatır... — rusdilli oğlanın səlis nitqi, savadlı və rabitəli cümlələri Kamandarı xeyli təəccübləndirdi.
— Bəs sosial vəziyyətimiz necə? Düzələcək? — Kamandar işarə barmağını baş barmağına sürtüb iztehza ilə pula işarə etdi.
— Ağıllı adamlar həmişə pul qazanmağı bacarıb.
Gözlənilməz cavabdan Kamandar bərk tutuldu, ürəyində “az aşın duzu deyilmiş qırışmal” — dedi. Növbəti dəqiq zərbəylə oğlan hesabda yenə önə keçmişdi.
— Mən ali təhsilliyəm, alverçi kimi böyüməmişəm, — Kamandar hiddətləndi,— iş tapa bilmirəm bu xarabada, yuxu gözümdən tökülə-tökülə taksi sürüb hər itə-qurda xidmət göstərim deyə təpik döyməmişəm o universitetə.
Kamandarın cavab atəşindən oğlan özünü itirib əvvəlcə sağa-sola qurcuxdu, sonra boğazını arıtlayıb nəsə demək istədi. Ancaq bacarmadı, — susdu. Kamandara elə gəldi ki, maşında hamı nəfəsini içinə çəkib dondu, mühərrikin yeknəsək uğultusu da kəsdi. Sanki Məsih elə indicə həvarilərini başına yığıb: “Qardaşlar, aramızda xain var”— demişdi. Ancaq bu öldürücü sükunətin ömrü də Kamandarın zəfər sevinci kimi çox çəkmədi; oğlanın üzündəki uşaq məsumluğunu görüb peşimanladı: “Ailəsinin yanında heç xoşagələn danışmadım”. Bu dəfə səsini minor tona salıb bayaq dediklərinə əlavə etməyi vacib bildi: ”Hər dəfə sizin kimi müştərilərlə yol getmək qismət olmur. Gün ərzində o qədər axmaq adamlarla ünsiyyətə məcbur oluram ki...”
Yumşalmağı həmsöhbətinin xoşuna gəldi, qalın qara qaşlarının ortasından buz baltası kimi sallanan iti şümşad burunu enlənib üzünə yayıldı.
— Hansı universiteti bitirmisiniz?
— Politexniki. — Kamandar iş müsahibəsinə gəlmiş kimi ümidlə cavab verdi, —“Mexanika” fakültəsi, “Texnoloji maşınlar və avadanlıqların istismarı” ixtisası.
— Neçə cür armatur var, müəllim, deyə bilərsiniz? — oğlanın işəgötürən ədasıyla verdiyi gözlənilməz sualdan indi də Kamandar tutuldu.
— İmtahandayıq? — nümayişkaranə incikliklə qarşılıq verdi,— yoxsa, məni işə götürməyə hazırlaşırsan?
— Niyə əsəbləşirsiniz, elə belə soruşdum, — oğlan sakit tövrünü pozmadı, heç nə olmamış kimi qabağa — yola baxmağa davam etdi. Onun təkəbbürü, az qalsın, Kamandarı özündən çıxaracaqdı, birtəhər səbrini basdı.
— Mən mexanikəm, dedim, metallurqam demədim. Ancaq armaturlardan da başımız çıxır, — əsəbiliklə gülümsəyib əlavə elədi: səkkizlik, onluq, on ikilik, on dördlük, on..
— Aydındır, müəllim, — oğlan sözünü bitirməyə qoymadı, — bəs deyə bilərsiniz, bu armaturlar hansı növ armaturlara aiddir, yəni, onlar sənayedə nə məqsədlə istifadə olunur?
“Əcəb işə düşdük”— Kamandar ürəyində deyindi. Bu xoşagəlməz tipə uduzacağından yana keçirdiyi narahatlıq üzünə yansıdı, boğulub-qaraldı:
— Necə yəni, nə məqsədlə istifadə olunur? — sualın elmi-nəzəri izahını bilmədiyi hamıdan qabaq özünə məlum idi, sualı təkrarlamaqla, sadəcə, düşünməyə vaxt qazanırdı. Ancaq nə olur olsun, susmamalı, məntiqinə söykənib nələrsə quraşdırmalı idi.
— Bunu uşaq da bilir ki, dəmir-beton konstruksiyaların möhkəmliyi üçün istifadə olunur armaturlar, yox? — tərəddüdlə verdiyi cavabdan özü də əmin deyildi.
— Qismən doğrudur. Ancaq, yenə deyirəm, sadəcə, qismən. Ümumilikdə isə qətiyyən dolğun cavab sayılmır, — oğlanın əzici sarkastik ədasından Kamandar dərsini bilməyən uşaq kimi sıxıldı,— icazə verin, niyəsini də izah edim. Baxın, müəllim, armaturlar, əsasən, iki qrupa bölünür: qoruyucu və tənzimləyici armaturlar. Düzdür, sizin dediyiniz armaturlar da qoruyucu armatur sayılır, intəhası onlar tikinti sektorunda istifadə olunur. Sizin ixtisasınızın isə “texnoloji maşınlar və avadanlıqların istismarı” olduğunu nəzərə alsaq, bu avadanlıqların istismar olunduğu neft-kimya sənayesində, maşınqayırmada və digər avtomatlaşdırılmış sənayedə armaturlar, əsasən, qoruyucu yaylı klapanlar, əks klapanlar, zadvişka dediyimiz sürgülü siyirtmələr, membran klapanlar və s. nəzərdə tutulur.
Məsələn, boruyla nəql olunan mühitin işçi təzyiqi artdığı halda əgər yaylı klapanlar yuxarı qalxıb izafi təzyiqi çölə buraxaraq prosesi normaya salırsa, əks klapanlar texnoloji prosesin pozulması zamanı nəql olunan işçi mühitin geri axınının qarşısını alır, — oğlan əks klapanın iş prosesini aydın göstərmək üçün əlini havada şaquli vəziyyətdə sallayaraq yuxarı-aşağı qaldırıb-endirdi. İnciməyin, müəllim, indiki şəraitdə, yəni neo-kapitalizm dövründə iş tapmaq üçün çox üst səviyyədə biliklərə sahib olmaq lazımdır, sizin məhdud bilikləriniz təəssüf ki, kafi sayılmır.
Oğlan aşkar üstünlüklə önə keçmişdi.
Kamandar onunla ayaqlaşmağın mümkünsüzlüyünü anlayıb bu mənasız döyüşdən geri çəkilməli olduğunu qətiləşdirdi. Təkəbbürlü biləndər isə elə bu qələbə ovqatıyla başını yenidən qızına sarı döndərib:
— Sofoçka, necəsən? — soruşanda yüngül gəyirdi, nəfəsindən vuran qıcqırmış sarımsaq qoxusu Kamandarın beyninə işlədi. “Bayaqdan ağıllı-ağıllı yaşıl enerjidən, təmiz havadan, tənəffüsdən danışır, naqqal”— ürəyində donquldandı. Əslində, bayaqkı məğlubiyyətini unutduracaq əla bir fürsət düşmüşdü əlinə, ancaq ailəsinin yanında bunu onun üzünə vurmağı etik saymadı, susmağa üstünlük verdi.
Qızından yenə səs çıxmırdı. Atası növbəti dəfə təkrar soruşanda:
— Yuxum gəlir, ata. Çatmırıq bəs? — uşaq zarıya-zarıya onun sualına sualla cavab verdi.
— Yox hələ, bir az yolumuz qaldı, qızım. Papağı çıxarda bilərsən başından, yoxsa tərləyəcəksən, düşəndə soyuq olacaq — yenidən üzünü yola tərəf çevirdi.
Salona yenə sakitlik çökdü. Qızcığazın yuxusu Kamandara yoluxdu. Başını qatmaq üçün radionu flash karta çevirib azca səs verdi.
— Bu nədir belə? — oğlan məzəmmətlə qarşıda gedən ağ “Prius”a işarə etdi,— yəni mən döyüşdə olmuşam, vuruşmuşam?
— Nə? Nəyi deyirsən? — qarşılarında şütüyən hər üç maşının ora-burasına baxsa da qəribə heç nə görmədi Kamandar.
— Baqajın qırağına avtomat şəkili yapışdırıb — oğlan işarə barmağını sağdakı maşına tuşladı.
Nəhayət, söhbətin nədən getdiyini anladı.
— Bəlkə də, demək istəyir, kriminal oğlanam, məndən aralı gəzin. Onun yozumuna oğlanın gülməyi tutdu. Kamandar da tənbəlliklə dodağının bir küncünü yuxarı qaldırdı.
— Olar? — oğlan maqnitafona işarə edib mehribanlıqla soruşdu.
— Olar. — Kamandar candərdi dillənib gözünün ucu ilə onu müşahidə etməyə başladı; bir neçə mahnını ötürüb Vladimir Vısotskidə əlini saxladı. Məmnun görkəm alıb bir az səs verdi mahnıya: Vısotski “Koni priviredlivıe” — “Dəlisov atlar” mahnısını oxuyurdu.
— Müəllim, sizə Vısotskinin bir əhvalatını danışım? — Kamandardan soruşdu.
— Danış.
— Bir axşam paxmel-paxmel Moskvadakı evindən çıxıb içki almağa yollanıbmış. Küçədə cavan bir oğlan onu tanıyıb avtoqraf istəyəndə kobudluq edir: “Başqa vaxt qardaş, başqa vaxt” deyib, başından eləyir adamı. Yəni, mən nə hayda, bu nə hayda. Bundan bir neçə gün sonra birinci arvadı Marina Vladi ilə Fransaya, Kann kinofestivalının açılışına dəvət alır. Qaldığı hotelin balkonuna çıxıb siqaret yandıranda qonşu balkonda kimi görsə yaxşıdır?
— Alen Delonu. — Kamandar sövq təbii dedi.
— Xeyir, müəllim, Jan Qabeni görür. — Kamandarın tanımayacağını bilib izahat verdi: o bir kino var e, siz də baxmış olarsınız: ”Тайна фермы Мессе”. Ferma sahibinin nəvəsi narkobaronlara ilişir. Fermaya razborkaya gələnləri babası güllələyib maşınlarını göldə batırır. Sonra polislər...
— Hə, baxmışam. — Kamandar sözünü ağzında qoyub laqeydliklə dilləndi,— polislər onun günahını sübut edə bilmirlər.
—Dəqiq! — oğlan sevincək dilləndi, — Bax, o rolda Jan Qaben çəkilib. Bu gün də ona fransız kinosunun “mükəmməl susa bilən aktyoru” deyirlər. Səhv etmirəmsə Fransua Trüfo demişdi ki, Jan Qabenin susqunluğu çox şeyi danışır.
— Hansı rolda? — Kamandar soruşdu.
—Baba rolunda. — bir az incik səslə deyib əlavə etdi,— nə isə, Vısotski o aktyoru görüb uşaq kimi sevinir, özünü saxlaya bilməyib əl edir, salamlayır, to est, gic-gic hərəkətlər edir. Jan Qaben isə başını bulayıb içəri keçir. Deyir, onda başa düşdüm ki, bu dünyada nə edirsənsə, mütləq qarşına çıxır. Necə ki, Moskvada etdiyim kobudluq qarşıma çıxıb məni cəzalandırdı... — sözünü bitirib həmsöhbətinin üzünə baxdı yenə. Əhvalat Kamandarın xoşuna gəlmişdi, öz növbəsində o da razılıqla başını tərpətdi.
“Dəlisov atlar”ın ardınca Vısotskinin başqa bir mahnısı — “Все не так, ребята” — “Heç də elə deyil, uşaqlar” — səsləndi. Cavan oğlan yola çıxandan bu yana yalnız indi uzunmüddətli susdu. Ancaq musiqinin sonunacan yenə səbri çatmadı, danışmalı oldu.
— Deyirlər, tipa narkotikdən peredoza düşüb ölüb, ancaq, elə deyil! Onu Özbəkistanda — Buxarada zəhərləmişdilər.
Kamandarın maraqla dinlədiyini görüb şövqlə danışmağa başladı:
— Bürokratiyaya, haqsızlığa aid şeirlərinə, mahnılarına görə KQB zəhərlədi onu. Buxaradakı konsertindən qabaq morfi axtarmaq üçün yerli bazara çıxıbmış. Xəbər şəhər KQB-sinə çatır, Moskvadan göstəriş alıb cəld hərəkətə keçirlər. Qənimət adlı verbovka olunmuş narkokuryer ona morfi adıyla zəhər verir. Düz bir ilin tamamında infarkt miokarddan dünyasını dəyişdi Vısotski. Zəhər ürəyini parçalamışdı. Bunu mənə Moskvada bir özbək aşpaz danışıb. Deyirdi, Buxarada bu söhbəti bilməyən yoxdur. O Qəniməti isə Vısotskini sevən yerli kriminallar öldürtdürür.
— O Qənimət də yüz faiz azərbaycanlı olub. — Kamandar əsnəyib dedi.
—Yox, özbək.
— Bizim addır axı Qənimət.
— Əslində, heç bizim də deyil. To est, Qənimət qədim yunan mifologiyasında Troya çarı Trosun oğlu Qanimeddir elə. O qədər gözəl olub ki, — bu yerdə sağa-sola göz gəzdirib səsini qısdı, — lap qız kimi. Zevsin ondan xoşu gəlir, Hermesin vasitəsi ilə onu oğurlatdırıb Olimp dağına — öz sarayına gətirdir. O gündən Qanimed onun şərabçısı, qulluqçusu olur, rus dilində “виночерп” deyirlər.
— Saqi! — Kamandar düzəliş verdi.
— Bəli, bəli! Saqi!— o da razılaşdı, — qənimət sözü bax ordan gəlir. Homerin “İliada”sında var bu əhvalat.
Oğlanın çoxbilmişliyi Kamandarın ona münasibətini yaxşı tərəfə dəyişmişdi artıq, fenomenal adam kimi baxırdı ona. Elə bu yerdə yoldaşı əlini oğlanın çiyninə toxundurub, az qala, pıçıltıyla: ”Pəncərəni açardın da, ürəyim sıxılır” dedi.
— Aça bilmərəm, soyuqdur, — oğlan nəyinsə qisasını alırmış kimi laqeydliklə cavab verib papağını yenə başına keçirtdi. Bir neçə saniyə susub əlavə elədi:
— Sən istəyirsən, mən yenə həstələnim? Sənin nə vecinə,— kükrədi, — ağrıyan, əziyyət çəkən mən oluram axı. Xanımı cavab qaytarmadı. Yoldaşının xatirinə şüşəni endirəcəyini gözləyirdi Kamandar. Yuxusunu qovmaq üçün sərin, təmiz havaya onun da ehtiyacı var idi. Ancaq inadkar ər şüşəni endirmək əvəzinə yenə coşdu:
— Axı sənin ürəyin nə istəyir? Nə edirəm, ürəyin sıxılır... Gül kimi taksiylə gedirik, deyirsən, ürəyim sıxılır. Gərək avtobusla qayıdaydıq bu soyuqda... — bir neçə saniyə susub əlavə elədi: niyə başa düşmək istəmirsən? Belə bir həstəlik yoxdur! Bu, sənin beyninin uydurmasıdır, vəssalam! — sonuncu cümləni deyəndə gözünün ucuyla yenə Kamandara baxdı. Növbəti qısa sükutdan sonra bir də qızışdı:
—Nə qədər pul qoydum müalicənə, yenə deyirsən, “ürəyim sıxılır”. “Ay, panik atak tutmuşam”, “ay psixoloqa apar məni”, ay, mən nə bilim nə... Ümumiyyətlə, sizdə bu, nəsillikcə var. Hər şeyi böyüdürsünüz. Elə istəyirsiniz, məni problemə salasınız.
Nəsil söhbəti eləyəndə Kamandar narahat oldu, elə bildi ər-arvad bu dəqiqə tutaşacaqlar; taksi təcrübəsində bu hallarla az qarşılaşmamışdı. Ancaq düşündüyü kimi olmadı, xanımı təmkinlə susurdu. Oğlan isə əksinə, o, susduqca daha da qızışırdı:
— Sofiyanı da özünə oxşatmısan... — bunu deyib qızına tərəf çöndü və qəfil gözlərini bərəldib isterik tərzdə çığırdı: ”Sofoçka, sən atanı eşitmirsən? Neçə dəfə deyim sənə? Hava soyuqdur, papağı başına qoy! Cəld!”
— Qurban olum qışqırma, halım pisləşir, Sofiya da xəstəlik tapacaq. Axı uşağa özün dedin ki, papağı çıxartsın, tərləməsin. — qadının səsini bu dəfə aydın eşitdi Kamandar. Bu hüznlü, melodik səsdə Kamandarın gərgin ruhuna sığal çəkən mübhəm bir sirr gizlənirdi. Qadına yazığı gəldi. Oğlanın isə susmaq fikri yox idi. Bu dəfə üzünü Kamandara tutdu:
— Yox e, qardaş, başa sala bilmirəm ki, panik atak deyilən həstəlik yoxdur, “хандра”dır bunun adı, “осенняя хандра” vəssalam!
— Halım pisdir, eşidirsən? Heç olmasa, evə kimi sus, xahiş edirəm. — qadın səsini qaldırmadan acizanə yalvardı ərinə.
Kamandarın bütün bədəni gərildi, ona elə gəldi ki, əri susmasa, qadının ürəyi partlayacaq. Xoşbəxtlikdən ünvana yaxınlaşırdılar.
Əri isə bunları eşitmirdi, eşitmək istəmirdi, heç nə olmamış kimi yenə Kamandardan soruşdu:
— Bilirsiniz, “осенняя хандра” nədir?
— Bilmirəm! — Kamandar əsəbi-əsəbi dedi. Artıq ünvana çatmışdılar. Maşın at kimi yerində mıxlananda qadın arxa qapını açıb özünü bayıra atdı. Ərinin heç tükü də tərpənmədi. Gediş haqqını verib papağı gözünün üstünə çəkdi: “Payız melanxoliyası”, — bizim dildə tərcüməsi belədir, — nəvazişlə qızını səslədi: ”Sofoçka, çatmışıq qızım, papağını geyin, düşürük”.
Melanxoliya... Payız melanxoliyası... Unutmamaq üçün yol boyu bir neçə dəfə təkrar etdi Kamandar: Melanxoliya... Payız melanxoliyası... Payız melanxoliyası... Əcəb sözdür: Melanxoliya...