Kulis.az Həmid Piriyevin "Qafqaz rəqqası" adlı yeni hekayəsini təqdim edir.
(“Kadrarxası mətnlər” silsiləsindən)
Sirkin binası Petrovski meydanındadı1. İri taxta binadı. Həmşəripalanından2 yaxındı bura. Evdən çıxıb üzüaşağı düşürəm, beş-on dəqiqəyə çatıram işə. Mən sirkin atlarına baxıram.
Tövlələr elə sirk binasının dalındadı. İki dənə rus ayısıdı, on-on iki dənə itdi, iki dənə tülküdü, bir də atlar. O biri heyvanlara baxanlar heyvanlarla bir yerdə Rusiyadan gəliblər. Əvvəl atları da Rusiyadan gətiribmişlər, elə eşitmişəm. Amma oranın atları buranın havasına öyrəşə bilməyib. Onunçün o atları qaytarıblar Rusiyaya, yerli at alıblar. Üç cüt atdı. Əsl dağ cinsi. O vaxt at almaqçün soraqlaşıb bizim kəndə gəlmişdilər. Bir cütünü bizdən aldılar, iki cütünü başqa çobanlardan. Dayçalardan seçdilər ki, öyrətmək asan olsun. Bir də atlara baxmağa adam lazım idi, atam məni göndərdi. Əvvəl-əvvəl gəlmək istəmirdim, dağda sürüylə qoyunumuz var, nə işim qalıb şəhərdə? Amma atam dedi, get. Atlarımız başqa ələ düşməsin.
Yaxşı oldu gəldim. Düzdü, şəhər çox tozludu, quraqlıqdı, yaşıllıq demək olar yoxdu, amma işim gəlirlidi. Pulumu həftəlik alıram. Xeyli artırmışam. Fikrim var, pulun üstünü düzəldim, yaraşıqlı fayton alım. Faytonçuluğun gəliri bir az da çoxdu. Məhəllədəki erməni faytonçulardan soruşmuşam.
Mən həmşərilərlə qalıram. Ənzəlidən gəliblər, ikisi portda hamballıq eləyir, biri arabaçıdı.
Səhər ertədən durub gəlirəm tövləyə. Atların altını təmizləyirəm, yemini, samanını verirəm, qaşovlayıram. Günortaüstü atsürən qızlar gəlir, atlarla məşq eləyirlər. Tamaşa həftədə bir dəfə, cümə günləri olur, amma məşq hər gündü.
Atsürən qızlar üç nəfərdi, başçıları Vera Mitriyevnadı. Atlarla bir oyun çıxartırlar ki, gəl görəsən. Atın üstündə dombalaq aşırlar, atları halqalardan keçirdirlər, axırda da Vera iki atın üstündə dayanır, hər ayağı bir atın belində. Axşamacan dincələ-dincələ məşq eləyirlər, axşam təzədən atları aparıram tövləyə, rahatlayıb evə qayıdıram.
Məşqdə şalvar geyinirlər. Birinci dəfə görəndə ağzım açıq qalmışdı. Bizdə də arvadlar tuman geyinir paltarın altından, amma bunların geyindiyi tuman deyil, əməlli-başlı kişi şalvarıdı. Başları da açıq. Düzdü, məşqdə saçlarını yığıb bağlayırlar, amma tamaşa vaxtı saçları açıq olur. Tamaşa paltarları da başqadı. Sinəsi açıq paltar geyinirlər tamaşada, paltarın ətəyi də açıqdı, atın belinə minəndə ayaqları görsənir. Tamaşaya qızlara görə baxıram, ən çox Veraya görə. Şəhərdə bütün rus, erməni qızları başaçıq gəzir, amma bunlar kimi ətəyi kəsik paltar geyinən yoxdu.
Vera göyçək qızdı, o birilərdən də göyçəkdi. Onun atlarına xüsusi qulluq eləyirəm, özünün də sağ-soluna keçirəm, amma məni görmür köpək qızı...
İndi məni də tamaşaya salıblar. Yaxşı oynamaq bacarıram, dağıstanlılardan öyrənmişəm. Kənddə toy olan kimi məni araya alıb oynadırdılar. Şəhərə gələni kəndçün çox darıxırdım. Hərdən xəlvətə salıb tövlədə-zadda oyanyırdım. Bir dəfə sirkin ağası3 məni gördü. Yanına salıb apardı səhnəyə, dedi oyna. Dedim, ağa, dumbul olsa, lap əla olar. Sirkin dumbulçalanını çağırtdırdı. Dumbulçalan soruşdu, nə çalım? Dedim, ləzgihəngi vur. Dumbulçalan təzə başlamışdı ki, gözüm sataşdı qıraqdakı bıçaqlara. Artyomun bıçaqlarıydı, tamaşada bunlarla oyun göstərirdi. Bıçaqları keçirtdim belimə, başladım oynamağa. Hər dəfə dövrə vurandan sonra bıçağın birini burnumun üstünə qoyub başımla dala atırdım, bıçaq yerə sancılırdı. Bıçaqlar qurtaranacan oynadım. Bütün fikrimi oynamağa vermişdim. Qurtarandan sonra gördüm bütün sirk tamaşama durub.
Sirkin ağası dedi, bu gündən başla gündəlik məşqlərə, səni də proqrama salıram. Tamaşa vaxtı çıxıb oynayarsan.
Səhərdən gəlib atlara baxırdım, günorta oynayırdım, axşam da atları rahlayıb evə gedirdim. Mənimçün çərkəz paltarı da almışdılar.
Birinci tamaşadan sonra həftəliyimi alanda gördüm pulum artıb. Ağa oynamağa görə pulumu artırmışdı. Dedim, nə yaxşı şeymiş bu, gələndən oynasaydım, indiyə faytonun pulu çıxmışdı.
Üstündən bir-iki ay keçdi. Bir gün ağa sirkə gələndə yanında bir ağbaş kişi də vardı4. Çənəsində saqqal saxlamışdı. Dedilər ki, bu kişi gəzən şəkillər çəkir, burda göstərmək istəyir.
Cümə günü adam həmişəkindən çox gəlmişdi. Tamaşa əntiqə keçdi. Mən də həvəslə oynadım. Tamaşa qurtarandan sonra iki nəfər səhnədən döşəkağı asdı. Sirkin sil-süpür işinə baxan nökər Vəlidən soruşdum ki, bu nəmənədi? Dedi ki, ağbaş kişi bunun üstündə şəkil göstərəcək.
Bütün işıqları söndürdülər. Həmin döşəkağının üstünə işıq düşdü. Bir də gördüm işıq dönüb oldu qərib bir yer. Bir suyundan Ququşka vağzalına5 oxşayırdı. Gördüyümü anışdırmağa çalışırdım ki, uzaqdan parovoz göründü, tüstü buraxa-buraxa üstümüzə gəlməyə başladı. Bu parovoz hardan çıxdı belə? Camaat dəydi bir-birinə, rus arvadları qiyyə çəkirdilər. Parovoz çatıb dayandı...
İşıqlar yandı. Şlyapalı kişilər ağbaş kişiyə yaxınlaşıb əlini sıxırdılar. Mən gedib döşəkağıya baxdım. Adi çit parça idi. Görəsən, Ququşka vağzalı, parovoz bunun üstündə necə peyda olmuşdu? Evə çatanda bunu həmşərilərə danışdım, mənə güldülər. Dedilər, sirkdə oynamaqdan başıma hava gəlib.
Bu biri həftə ağbaş kişi yenə gəldi. Ağa məni çağırıb dedi ki, oyna, baxaq. Dumbulçalan hələ gəlməmişdi, ağa dedi, ziyanı yoxdu.
Oynayandan sonra ağbaş kişi ağaya nəsə deyib getdi. Ağa dedi ki, bu kişi səni sinematoqrafa çəkmək istəyir. Soruşdum, o nəmənədi? Dedi, keçən həftə gəzən şəkillər göstərdilər e, ondan. Dedim, ağa, mən qorxuram, birdən bu ağbaş kişi məni tutub salar döşəkağının içinə, çıxa bilmərəm. Ağa güldü, dedi, sabah gəlib çəkəcək.
Mən doğrudan qorxurdum. Axı parovoz yox idi. Ağbaş kişi onu özüylə gətirməmişdi, parovoz döşəkağının üstündə peyda olmuşdu. Sonra da döşəkağını yığışdırıb aparmışdılar. Birdən məni də döşəkağıya büküb apardılar, sonra nolacaq? Yox, sabah kişi gəlsin, deyəcəyəm ki, çəkilmirəm. Güclə deyil ki. İstəmirəm də.
Məşqdən sonra atları aparanda Vera Mitriyevna dedi ki, bəxtəvərsən, səni sinematoqrafa çəkəcəklər, kaş məni də çəkərdilər. Bir sevindim, bir sevindim, gəl görəsən. Aylardı bu qızdan söz ala bilmirdim, indi özü durub gəlib yanıma. Sağ ol, ağbaş kişi!
Bu biri gün ağbaş kişi özüylə bir qutu gətirdi. Mən tamaşa paltarımı geyinib gəldim. Bütün sirk baxmağa yığışmışdı. Kişi dedi başlayın. Dumbulçalana göz elədim, bir ləzgihəngi oynadım ki, sözlə deməli deyil. Bir gözüm Verada idi. Oynayıb qurtarandan sonra gözlədim döşəkağını asıb göstərsinlər, amma kişi qutusunu yığışdırıb getdi. Ağadan soruşdum ki, bəs göstərməyəcəklər? Dedi, hələ yox, əvvəlcə nəsə yuyulmalıdı. Lent dedi, nə dedi, yadımda qalmadı.
Üstündən iki həftə keçdi. Cümə günü ağa mənə dedi ki, sən bu gün tamaşada oynamayacaqsan, çünki tamaşadan sonra sənin çəkildiyin sinematoqrafı göstərəcəklər6. Bir az kefim pozuldu, çünki hər dəfə oynayandan sonra ağa mənə artıq pul verirdi, bu dəfə oynamaq yoxdusa, pul da yoxdu. Amma eybi yox, əsas odu, Vera döşəkağıda mənə baxacaq.
Tamaşadan sonra Vera gəlib yanağımdan öpdü, dedi ki, əntiqə çıxıb. Ürəyim atlana-atlana evə qayıtdım. Yolda həmşərilərçün halva aldım.
Evə girəndə həmşərilər soruşdu nolub? Dedim, o dəfə sizə döşəkağının üstündəki parovozu deyirdim a, bu gün məni də elə göstərdilər. Yenə mənə güldülər. Amma xətrimə dəymədi. Çay dəmlədim, halva yedik. Çay içəndə həmşərilər mənə dedilər ki, göstər görək, o döşəkağı nə məsələdi? Necə olur o? Mən də bilmədim necə göstərim. Dedim, elə bil, divardan döşəkağı asıblar, mən onun üstündə oynayıram, həm də bu tərəfdə oturub öz oynamağıma baxıram.
Yenə güldülər. Fikirləşdim, gərək bir dəfə bunları tamaşaya aparım, özləri görsün. Həmşərilər durub öz otaqlarına keçdilər. Onlar üçü böyük otaqda yatırlar, mən balaca otaqda tək yatıram. Otaqların arasındakı qapıya çit parça asmışıq. Onlar çırağın işığında soyunanda kölgələri döşəkağıya düşdü. Eyni sinematoqraf kimi. Çağırdım onları, tez bura gəlin, tez. Üçü də hövlnak yanıma qaçdılar. Soruşdular, nolub? Əlimi çit parçaya uzadıb dedim, sizə sinematoqrafı göstərmək istəyirdim.
Göstərə bilmədim. Kölgələr itmişdi...
____________
1 Petrovski meydanı – indiki Muzey Mərkəzinin yeri
2 İndiki Sovetski ərazisində fəhlə məhəlləsi. İrandan gələn hambal və fəhlələr adətən burda yaşayırdı
3 Bakı teatr-sirkinin direktoru V.İ.Vasilyev-Vyatski
4 Fotoqraf, rejissor, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı Aleksandr Mixayloviç Mişon
5 Ququşka vağzalı – Bakı vağzalı. Vağzal təzə açılanda Sabunçudan bura ququşka (kukuşka) işlədiyi üçün yerli camaat vağzalı belə adlandırırdı
6 “Qafqaz rəqsi” xronikası ilk dəfə 1898-ci il avqustun 2-si nümayiş etdirilib