Və dağlardan səda gəldi: "Mən səni sevirəm!"

Xalid Hüseyni, yazıçı

Xalid Hüseyni, yazıçı

8 aprel 2025
# 18:00

Kulis.az Günel Natiqqızının "Və dağlardan səda gəldi: Mən səni sevirəm" adlı yazısını təqdim edir.

“Çərpələng uçuran”la oxucuların həyatına daxil olmuş, “Min möhtəşəm günəş”lə yenidən parlayan Xalid Hüseyni “Və dağlardan səda gəldi” romanında onlara dağların ardından gələn səslərin yaratdığı nağıldan danışır.

Müəllifin yaratdığı qəhrəmanlar təxəyyülünün məhsulu olsa da, hissləri gerçəkdir. Bütün insanlara xas olan gerçək hisslər – yaşamaq arzusu, itirmək qorxusu və sevmək...

Əyyubun nağılı ilə başlayan bu hekayə Abdulla və Pərinin nağılı ilə bitir.

“Cəsarət etmək üçün itirməyə hazır olmalısan”

Amma Saburun cəsarəti iki həyatı, bəlkə də daha çoxunu dəyişir. Görünür, Pərvanə də cəsarətli olmağı ondan öyrənmişdi. Daha doğrusu, Sabura olan sevgisi bunu ona öyrətmişdi. Düzdür, onun sevgisi qeyri-adi deyildi. Əksər qadınlarda olduğu kimi. Çox sadə, gizli, məsum və çox böyük. Sevdiyinin arzusunu öz arzusu kimi gerçəkləşdirmək üçün çabalayacaq qədər böyük. Və həmin fədakarlığını etiraf edə bilməyəcək qədər ürkək:

“...Amma üstündən altı ay keçməsinə baxmayaraq Pərvanə hələ də dəftəri Sabura verməyə cəsarət etmirdi. Qorxurdu ki, Sabur onun bu hərəkətinə gülər, ya da dəftərə baxıb geri qaytarar”.

Yazıçı yaratdığı Pərvanə obrazı ilə qadınların hisslərini təsvir edir.

Madlen obrazı isə kişilərin duyğularından danışır. Amma əsərdə onun dediklərinin əksi olan biri var: Nəbi. Madlenin hamını eyniləşdirməsi, bəlkə də, yanlışdır. Çünki qəlib fərqli olsa da, içində sevgi olanların hissləri eyni olur:

“ Adətən, söhbətin böyük hissəsi onun payına düşürdü. Mənim üçün bu, daha da yaxşı idi. Onun öz dərdini yüklədiyi gəmi olmaq mənə xoş idi”

Nəbinin etiraflarla dolu məktubunu ünvanladığı Markosun da həm gizlətdiyi, həm də gözlədiyi bir etiraf vardı.

Nə az, nə çox, ömrünü yarılayandan sonra ünvanına gəlmiş gecikmiş etiraf:

“Səninlə qürur duyuram, Markos”.

Markosu məhv etmiş gecikmiş etiraf kimi İdrisi də məhv edən bir ifadə oldu:

“Kitabın içindəki qeyd belə idi:

Narahat olma, səndən yazmamışam”

Amma bu hekayənin təməlini təşkil edən nə Nəbinin, nə də Markosun sevgisi deyil, Abbas və Pərinin qeyri-adi qüvvə ilə olan bağlılığıdır. Məsafələrin və illərin öldürə bilmədiyi bağlılıq…

“Allahdan başqa heç kəs bilmir ki, bu ikisi bir-birində nə tapmışdılar. Bu, bir sirr idi”.

Qızlar onların qəhrəmanları olan atalarının varlıqlarını hiss etdikdə daha gec sevirlər. Çünki o sevgiyə bərabər, hətta ona yaxın olacaq sevgini belə tapa bilmirlər. Qardaşı olanlar da isə bu sevgi ikiyə vurulur. Xüsusən də, o qardaş Abbas kimidirsə.

“Onun bacısına qarşı nümayiş elədiyi səbir inanılmaz idi”.

Bacısı Pəridən ayrı düşsə də, onun yenə bir Pərisi varıydı.Və onu da bacısı kimi itirməkdən çox qorxurdu:

“Onun üzündəki əzabları görə bilirdim. Üzündə qorxu da görürdüm. Bu, sadəcə mənə görə, evdən üç min mil aralıda olacağıma görə deyildi. Bu, eyni zamanda məni itirmək qorxusu idi”.

Əsərdə bu böyük sevgilərlə yanaşı irəliləyən bir faciə də var– müharibə. Sadəcə bizim bildiyimiz terror, silah müharibəsi yox, həmin müharibələrin səbəbkarı olan amansız hisslər və insanlar. “Bu soyqırımın arxasındakı adi, dünyəvi səbəb daha qorxunc, daha kədərlidir. “Məntiqsiz” sözü ağlına gəlir, amma İdris bu sözü udur. Adamlar həmişə belə deyir: “Məntiqsiz zorakılıq”. “Məntiqsiz qətl”. Guya qətlin məntiqlisi də olur.”

Əsər boyu davam edən bütün bu ayrlıqların, müharibələrin və peşmanlıqların sadəcə bir səbəbi var. Dağların ardından deyil, qəhrəmanların dillərindən gəlməli olan sədalar. Onlar geciksə də, siz gecikməyin. Qürura qapılıb qürur duyduqlarınızı uzaqlaşdırmaq yerinə doğmalarınıza vaxtında “Səninlə fəxr edirəm”deyin. Qorxularınızdan qaçıb bir addım geri çəkilmək əvəzinə, irəliyə gedin. İrəlidə uçurum olsa da, bəlkə də sizi yıxılmağa qoymayacaq gizli bir əl olacaq. Sadəcə buna inanın. Çünki dünyanı xilas edəcək olan gözəlliklər yox, onu duya bilənlər olacaq:

“Sevirəm” deyə bilən mən, sevilməyə layiq sən, bu sevgini əbədiləşdirəcək o…

O zaman bu dünya aydınlanacaq. Bu dəfə uzaqdan da, yaxından da yalnız bir səs eşidiləcək.

Və dağlardan bir səda gələcək: Mən səni sevirəm!


# 254 dəfə oxunub

Oxşar xəbərlər

“Park”  Nəşriyyat Evinin təqdimatı oldu

“Park” Nəşriyyat Evinin təqdimatı oldu

20:24 12 aprel 2025
“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

16:45 12 aprel 2025
Kənan Hacının 50 illik yubileyi keçirilib

Kənan Hacının 50 illik yubileyi keçirilib

15:45 12 aprel 2025
"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

"İndi bunu arxayınlıqla demək olar ki, Niyazi Mehdi..." - Əli Abbasov

15:00 12 aprel 2025
Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

Vaqif əvəzedilməz idi... - Kamal Abdulla

12:51 12 aprel 2025
Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

Sinəsi yenicə qabarmış bakirə qızlar? - Cənnətdə seksual münasibətlər, yaxud din Allahı inkar edir

12:00 12 aprel 2025
#
#
# # #