Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Sərt üslubun ilk qaranquşu” yazısını təqdim edir.
Söhbət görkəmli fırça ustası, SSRİ xalq rəssamı, akademik Tahir Salahovun “Növbədən qayıdanlar” (1957) adlı rəngkarlıq əsərindən gedəcək. “Bir əsərin tarixçəsi” guşəsində biz artıq üçüncü dəfədir ki, keçmiş SSRİ-nin mərkəzi şəhərlərində ali ixtisas təhsili alanan həmyerlilərimizin diplom işlərindən söz açırıq. Əvvəllər biz Moskvada təhsil almış Vəcihə Səmədovanın və Sankt-Peterburqda oxumuş Vaqif Ucatayın əsərlərinin bədii-estetik məziyyətlərindən danışmışdıq. Qeyd edək ki, V.Səmədova və V.Ucatayın diplom işlərinin diqqət çəkməsində onların Azərbaycan tarixinin müəyyən səhifələrinin bədiiləşdirilməsi baxımından duyulası önəm daşımışdısa, T.Salahovun haqqında söz açmaq istədiyimiz “Növbədən qayıdanlar” tablosu isə həm də zamanda zamanında keçmiş SSRİ məkanındakı bədii proseslərin fərqli məcraya yönəldilməsində önəmli rol oynamışdı. Başqa sözlə desək, uzun illər ərzində bir qədər “soyuq-quru” realizmin əsas bədii ifadə vasitə hesab olunduğu sovet rəssamlığı məkanına canlanma gətirmiş, az sonra sənət tarixçilərinin “sərt üslub” kimi terminləşdirəcəkləri həyata və onun hadisələrinə yeni bədii baxışın başlanğıcını qoymuşdu.
Əlavə edək ki, əslində sovet təsviri sənətində dəyişikliyə meylin ilk işartıları artıq ötən əsrin əllinci illərinin ortalarında duyulmağa başlamışdı. Amma bu meyl bir qədər də xaotik tutum aldığından yaradıcı gənclərin əsas axtarışlarının istiqamətini müəyyənləşdirmək və ümumiləşdirmək bir qədər çətin idi. Etiraf edək ki, rəssamların artıq ənənəviləşən və çoxlarına darıxdırıcı görünən “bədii ehkam”ların yeni ruha köklənməsində sovet ideoloqlarının özləri də maraqlı idilər. Onların 1954-cü ilin yanvarında Moskvada - Mədəniyyət işçilərinin Mərkəzi evində gənc rəssamların çəkdikləri etüdlərdən ibarət sərgi təşkil olunmasına icazə vermələri də bunun təzahürü idi. Bu gün duyulası zaman distansiyasından qətiyyətlə demək olar ki, rəngkarların yaradıcı təxəyyüllərinin ilk və daha təravətli ifadəsi olan həmin etüdlərdə tamaşaçılar ilk dəfə həyat hadisələrinə çox səmimi və emosional münasibəti gördülər. Bu da hamıda yaxın vaxtlarda daha iri həcmli tablolarda gerçəkliyi həm də romantik duyğulara bələməyə meylli olan axtarışların daha dolğun ifadəsini görməyə inandırırdı.
Elə o vaxtlar V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil alan gənc Tahir Salahov da 1954-cü ilin yayında Qazaxıstanda işlədiyi etüdləri (“Xam torpağın sakini”, “Gecə” və “Aqronom”) paytaxtda xam torpaqlara həsr olunmuş sərgidə nümayiş etdirməklə, özünün yeniliyə meylli - geniş yaradıcı potensiala malik olduğunu həmkarlarını inandırmışdı. O vaxtlar Moskva mətbuatında yer almış məqalələrdə gənc azərbaycanlı fırça ustasının əsərlərinin təqdir olunması da onun yaradıcılıq axtarışlarına ümidlə baxmağa əsas verirdi.
1955-ci ilin yayında Bakıya yay tətilinə gələn Tahir Salahov respublikanın ədəbiyyat və incəsənət xadimlərindən ibarət qrupun tərkibində yenicə istismar olunan və dünyanın “səkkizinci möcüzəsi” adlandırılan məşhur Neft daşlarında olur. Gördüklərini çoxsaylı mənzərə və portretlərdə əbədiləşdirən rəssam geriyə zəngin təəssüratla qayıdır. Onun 1955-ci ildə təşkil olunan respublika sərgisində nümayiş olunan “Dalğalar” və “Estakada” əsərləri də bu səfərin hamıya maraqlı görünə biləcək dəyərli bədii ifadəsi olur.
Rəssamın tələbəlik illərində dənizlə bağlı yaratdığı “Dalğalar”, “Xəzər axşamı”, “Neft daşları”, “Estakada” və s. əsərləri onu bu mövzuda diplom işi çəkməyə həvəsləndirir. Belə ki, gecə-gündüz sahildən uzaqlarda – açıq dənizdə dalğaların qoynunda, “Xəzri”nin təzyiqləri altında “Qara qızıl” çıxaranlarla ünsiyyətdə olan gənc rəssam bu cəsur insanların obrazlarını bir an belə unuda bilmirdi. İstəyi açıq dənizdə müşahidə etdiyi neftçi fədakarlığına müvafiq əsər yaratmaq idi. Onun niyyəti institut rəhbərliyi tərəfindən təqdir olunur və o, irihəcmli tablo üzərində (165x368 sm) işə başlayır.
Gənc rəssam müasir və bir qədər də ənənəvi mövzuya müraciət etməsinə baxmayaraq, diplom işində fədakar əməkdən qaynaqlanan, romantikliyin təminatçısı olan poetik ritmi və dinamikanı özünəməxsus sərt bədii şərhlə göstərmək istəyirdi. Onun yaradıcı səyləri nəticəsiz qalmadı. Beləliklə, Tahir Salahov 1957-ci ildə professor P.D.Pokarjevskinin rəhbərliyi altında “Növbədən qayıdanlar” adlı diplom işini “əla” qiymətlə müdafiə edərək sovet təsviri sənətində yeni səhifə açdığını təsdiqlədi.
Bədii-estetik tutumuna görə sovet incəsənətində novatorluğun nümayişi kimi qəbul olunan bu əsər, sözün əsl mənasında elə o gündən gənc rəssamın “tanınma nişanı”na çevrilməklə onu “uğur atı”na mindirdi, desək, yanılmarıq.
İlk baxışda bir qədər də sadə görünən üfüqi kompozisiya adından da göründüyü kimi dəniz neftçilərinin iş növbəsindən qayıdışına həsr olunmuşdur. Rəssam onları neftçilər üçün salınmış şəhərcikdəki yataqxanaya dönüşlərinə bədii görkəm verməyə çalışıb. Onun polad borular üzərində taxtalardan salınmış yolla irəliləyən gənc neftçiləri fədakar əməyin romantikasına bələdiyindən, onlar cəlbedici olduqları kimi, həm də duyğulandırıcıdırlar. Taxta yola hər iki tərəfdən “sığal” çəkən dalğaların və bəyaz qağayıların ritmli uçuşunda əməyin ruhlandırıcılığını və ecazkar məkanın duyğulandırıcılığını şərtləndirən bədii məqamlar kifayət qədərdir. Bunu küləyə qarşı irəliləyən gənc oğlan və qızların vüqarlı duruşlarından və qətiyyətli addımlarından da duymaq mümkündür. Neftçi fiqurlarının işıqlı fonda axıcı ritmə əsaslanan özünəinamlı düzülüşləri, onların açıq dənizdə tez-tez üzləşdikləri küləyə mətanətlə duruş gətirmələrini təsdiqləyən ifadəli siluetləri də bunu təsdiqləyir. Günəş şüalarının təsiri ilə sarımtıl-bəyaz görkəm almış havanın və ətraf mühitin əmək adamlarının fiqurlarına təsirini böyük ustalıqla bədiiləşdirən rəssam, süjetin əmək adamlarını sınağa çəkən “sərt” məkanla bağlılığına baxmayaraq onu işıqlı-nikbin çalara bələməklə, bir qədər də lirik-poetik ruha köklənməsini şərtləndirmişdir. Bu əsər sonrakı illərdə yaradacağı müxtəlif janrlı lövhələrində bir qədər də “sərt”ləşəcək Tahir Salahovun kolorit-rəng baxımından ən zəngin tablolarından sayılmaqdadır.
Əsərdə “sərt üslub”un səciyyəvi bədii məziyyətlərindən sayılan lakonizmin qabarıqlığını “rəng seli”ndə yüksək sənətkarlıqla “əridən” gənc rəssam, hava, dəniz və fiqurlar arasında cəlbedici bədii əlaqə yaratmağa nail olmuşdur. Rəssamın rəng palitrası nə qədər yığcam olsa da, müxtəlif çalarların məntiqli qarılaşması ilə kolorit dolğunluğu, süjetin cəlbediciliyi və yaddaqalanlığı əldə olunmuşdur...
Hazırda Rusiya Rəssamlıq Akademiyası Elmi-Tədqiqat Muzeyinin (Sankt-Peterburq) eksponatı olan əsər elə yarandığı ildə diplom işlərinin Ümumittifaq sərgisində uğurla nümayiş etdirilmiş, ən tələbkar sənət xiridarlarının rəğbətini qazanmışdı. 1957-ci ilin sonlarında isə əsər Böyük Oktyabr sosialist inqilabının ildönümünə həsr olunmuş Ümumittifaq sərgisində (Moskva) duyulası rəğbətlə qarşılandı. Bir il sonra əməyin romantikasını əks etdirən “Növbədən qayıdanlar”ı sosialist ölkələrinin Beynəlxalq təsviri sənəti sərgisində gördülər. Bir sözlə, özündə əmək mövzusunun ictimai mahiyyətə bələnməsini ehtiva edən bu tablo sovet, o cümlədən də Azərbaycan təsviri sənətinin ən böyük uğuru kimi dəyərləndirildi.
O vaxt Tahir Salahovun və SSRİ məkanında yaşayan bir neçə həmfikirinin (N.Andronov, V.İvanov, P.Ossovski,V.Popkov, N.Qasımov və s.) əmək motivlərini poetikləşdirmələri və duyulası dərəcədə romantikləşdirmələri əslində sovet incəsənətində əvvəllər mövcud olmayan yeni bədii nəfəsin təzahürü - yeni mərhələnin başlanğıcı idi. Odur ki, o dövrdə gənc rəssamların yeni sənət axtarışları daha çox əmək mövzusu ilə “qalxanlaşdığından” rejim ideoloqlarının ciddi təpkgisi ilə qarşılanmadı. Əvəzində 1968-ci ildə T.Salahovun “sərt üslub”lu əsərlərinin SSRİ Dövlət mükafatına layiq görülməsi bu cərəyanın dolayısı təqdiri oldu... /“Mədəniyyət” qəzeti/