Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” ictimai birliyinin sədri Ziyadxan Əliyevin “Novruzlu “Azərbaycan nağılı” adlı yazısını təqdim edir.
Xalqımızın lap qədimlərdən ən əziz bayramlarından sayılan Novruzun dini damğa vurularaq “qadağalı günlər” siyahısına salındığı kommunist rejimi dövründə bədiiləşdirilməsi, o cümlədən bayramın çoxsaylı adət-ənənələrinin, atributlarının təsviri sənətdə əksini tapması adi yaradıcılıq məsələsi deyildi. Sovet dönəmində Novruz ənənələrinə müraciətə ilk imza atan da dahi fırça ustası Əzim Əzimzadə (1880-1943) olmuşdu. Hələ otuzuncu illərdə milli təsviri sənətimizin lideri olan rəssam dolayısı qadağalara baxmayaraq bir-neçə əsərini Novruz bayramına həsr etmişdi. Onlardan biri “Kos-kosa”(1930), digərləri isə “Od çərşənbəsi” (1937) və “Kəndirbaz” (1935 və 1938) əsərləri idi. Sonradan yaranacaq zəngin bədii “Novruz ensiklopediyası”nın ilk səhifələrini təşkil edən bu çox koloritli əsərlər bu gün mahiyyətinə görə həm də duyulası tarixi əhəmiyyət daşımaqdadırlar, desək, həqiqəti söyləmiş olarıq.
Əzim Əzimzadənin yoxluğundan xeyli sonra Novruz mövzusunu bədiiləşdirən ilk rəssam Səttar Bəhlulzadə (1909-1974) olmuşdur. O, altmışıncı illərin lap əvvəllərində (50x70sm) “Xonça” əsərini yaradır. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılan və o qədər də böyük ölçüyə malik olmayan rəngkarlıq nümunəsinin zamanında yerli rəsmilər üçün də maraqlı görünməsi onun respublikanın baş sənət məbədi üçün alınmasını şərtləndirmişdi.
Əlavə edək ki, 1962-ci ildə “Xonça” əsəri yaradılıb ictimailəşəndə hələ uzun illər ərzində Novruz bayramı üzərindən asılı qalmış qadağalı “Domokl qılıncı” götürülməmişdi. Bu yerdə deyək ki, əsərin muzeyin fonduna daxil edilməsinə baxmayaraq sovet dönəmində onun ekspozisiyada yer almasına icazə verməmişdilər. Sanki əsəri də müəllifdən onu başqalarından gizlətmək üçün almışdılar. Əvvəlcə bu “ideoloji oyunu”nun alt qatına varmaq istəməyən rəssam, az sonra məsələnin əsl mahiyyətini duymağa imkan tapmışdı. Bu da onu bu yoldan çəkindirmək əvəzinə, yeni və daha böyük formatlı əsərlər yaratmağa həvəsləndirmişdi. Elə 1967-ci il hadisələrinin də bu işdə təsiri az olmamışdı. Görkəmli fırça ustasının “Xonça”dan yeddi il sonra – 1969-cu ildə yaratdığı “Xalqımın baharı” tablosu da bunun ifadəsi oldu.
İriölçülü (220x160sm) bu şaquli kompozisiyada rəssam yurdumuza yazın gəlişini Novruz atributları ilə əlaqəli təqdim etmişdi. Əsərin mənzərə janrı üçün səciyyəvi olan ölçüləri aşmasının kökündə sanki onun içində gəzdirdiyi “Novruz yanğısı”nı daha möhtəşəm ifadə etmək istəyi dururdu. Bu süjetli mənzərə sənətsevərlər tərəfindən bütün mənalara müsbət qarşılansa da, Səttar Bəhlulzadənin özü bu mövzunu davam etdirmək istəyində idi. Beləcə, elə bir il sonra o, Novruz ünvanlı daha möhtəşəm “Azərbaycan nağılı” adlı tablosunu yaradır.
Bu mürəkkəb kompozisiyanı yurdumuza baharın gəlişi və bunu ifadə edən motivlər və çoxsaylı atributlar təşkil edir. Özündə müxtəlif janrların özünəməxsus estetikasını ehtiva edən bu monumental əsərdə bayram xonçaları, baharın müjdəçisi olan qaranquşlar və çiçəklənən ağaclar, sevinc ovqatına bələnmiş insanlar və digər milli atributlarla vəhdət təşkil edərək mənəvi dəyərlərimizin qədim və zəngin ənənələrə malik olduğunu sərgiləyir.
Əlavə edək ki, “Azərbaycan nağılı” həm kompozisiya tutumuna, həm də ölçüsünə və bədii həllinə görə çox yeni və cəlbedici idi. Belə ki, burada Azərbaycan rəssamlığında ilk dəfə üç janr bir araya gətirilmişdi. Süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirən rəssam kompozisiyanın kifayət qədər təsirliliyinə nail olmuşdu. Doğrudan da zirvəsi qarlı dağların ətəyində təsvir olunmuş başı xonçalı qız-gəlinlərin, budaqları qaranquşlu gül açmış ağacların və ön planda təsvir olunmuş bayram xonçasının vəhdətini özündə əks etdirən iri tabloda Novruzun nikbin və ovqatyaradıcı ruhunu duymaq mümkün idi. Onun mavi, zümrüdü, çəhrayı və bəyaz rənglərlə ifadə etdiyi xoş əhval-ruhiyyə də cəlbedici və yaddaqalandır. Otuz dörd illik yaradıcılığında zaman-zaman dəst-xəttini yeniləşdirən Səttar Bəhlulzadə bu tabloda mavi-zümrüdü yaxı ekspressiyasını əsərin ümumi tutumunu lirik-romantik ruha bələnməsinə yönəltməklə, kifayət qədə gözoxşayan bir lövhənin yaranmasını şərtləndirmişdir...
Səttar Bəhlulzadə sonrakı illərdə də bu mövzuya marağını azaltmamış və bir-birindən maraqlı əsərlər yaratmışdı. Onun bahar ətirli lövhələrində həm də bu mövzunun tükənməzliyini görmək mümkündür. Rəssamın “Bahar nəğməsi”, “Yaşıl xalı”, “Xonçalar”, “Gəlin guşəsi”, “Bahar gələndə”, “Oyanış”, “Lalələr”, “Yaşıl xalı”, “Nərgizlər”, “Heyva çiçəkləyəndə” lövhələri bunun təsdiqidir. /"Mədəniyyət" qəzeti/