Kulis.az Əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” ictimai birliyinin sədri Ziyadxan Əliyevin “Mübarizə ruhlu “Müharibəli Novruz” yazısını təqdim edir.
Əgər çoxəsrlik incəsənət tarixinə nəzər salsaq və bu məkanda baş verənləri incələməli-təhlil etməli olsaq, onda qətiyyətlə müxtəlif sənət sahələrində yeni mövzuların yaranmadığını söyləyə bilərik. Qədim dövrlərdən bu günümüzə kimi inkişafda olan incəsənətin yeni və təravətli qalmasını şərtləndirən yeganə səbəb, yaradıcıların ənənəviləşən mövzulara zaman-zaman fərqli-özünəməxsus münasibət göstərmələridir. Etiraf edək ki, bu incəsənətin əksər növlərində, o cümlədən də təsviri sənət də belədir.
Müstəqillik illərində rastlaşdığım bir rəngkarlıq tablosu da yuxarıda deyilənlərin həqiqət olduğunu bir daha təsdiqləyir.
2010-cu ildə mənə “Səməd Vurğun təsviri sənətdə” kitabında yer alacaq təsviri və tətbiqi sənət əsərləri barəsində sənətşünas fikirlərini yazmaq təklif olunmuşdu. Çoxsaylı rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələrini təhlil edərkən rastıma çıxan bir tablonun fotosu məni sözün əsl mənasında heyrətə gətirdi. Bu, Nəcməddin Hüseynov adlı rəssamın yağlı boya ilə çəkdiyi “Müharibəli Novruz” əsəri idi.
Çoxillik təcrübəmə və yaddaşımın itiliyinə tapınıb tablonun müəllifi barəsində bilgilərimi yadıma salmağa çalışdım. Amma nə qədər çalışsam da bir şey alınmadı. İlk dəfə idi ki, rəssamların müxtəlif nəsilləri barəsində məlumat almaqda çoxları üçün son ümidgah hesab olunan təcrübəli sənətşünas özünü gücsüz sayırdı. “Niyə mən belə bir istedad sahibini tanımıram?” sualı məni bir an belə tərk etmirdi. Odur ki, suallar burulğanına düşmüş şəkildə həmin illüstrasiyaları toplayan və kitabı nəşrə hazırlayan Səməd Vurğunun Bakıdakı ev-muzeyinə yollandım. Orada muzey əməkdaşlarından aldığım cavab nə qədər gözlənilməz olsa da, müəyyən dərəcədə mənim informasiyasızlığıma bəraət qazandıracaq idi. Məlum oldu ki, Nəcməddin Hüseynov Bakıda yox, Qazax rayonunun Çaylı kəndində yaşayır. Bölgədə az qala Çaylının “tanınma nişanı”na çevrilən rəssamın Bakıya əlaqəsi də yox dərəcəsindədir. Əsəri də muzeyin direktoru Aybəniz xanım Vəkilova 2006-cı ildə Bakıda keçirilən Qazax rayonu günlərində görüb və onu muzeyə almaq qərarına gəlib.
Nəcməddin Hüseynov o vaxt həmin tədbirin iştirakçısı olduğundan bu məsələ çox tez həll olunub. Direktorun əsəri pulla almaq təklifinə yox deyən rəssam, onu sevimli şairi S.Vurğunun ev muzeyinə hədiyyə edəcəyini bildirib. Beləliklə, “Müharibəli Novruz” məşhur muzeyin kolleksiyasına daxil edilib. Bundan sonra baş verənlərdən - mənim Qarabağ müharibəsi ilə bağlı iştirak etdiyim tədbirlərdə, radio-televiziya verilişlərində həmin əsəri davamlı təbliğ etmədiyimdən rəssamın özü də xəbər tutdu. Mənimlə telefon əlaqəsi yaratdı və mən onun barəsində əlavə məlumatları ala bildim...
Məlum oldu ki, onun rəssamlığa gəlişində görkəmli alimimiz Xudu Məmmədovun duyulası rolu olmuşdur. Belə ki, hələ onuncu sinifdə oxuyarkən Çaylı kənd məktəbinə görüşə gələn alim orada Nəcməddinin çəkdiyi rəsmləri görmüş və onun uşaq təxəyyülünü və bacarığını çox bəyənmişdi. Bu yerdə deyək ki, rəssamlıq sahəsinə dərindən bələd olan Xudu müəllim zamanında bir çox gənc rəssamı milli sənət qaynaqlarımızın alt qatını duymaqda yaxından kömək etmiş, bu məqsədlə Bakıda xüsusi kurslar da təşkil etmişdi. Odur ki, ucqar bir kənddə parlayan istedadın daha da inkişaf etməsi üçün dostu Bəxtiyar Vahabzadəyə ismarış göndərir, Nəcməddinin təhsil məsələsinin həllində yardımçı olmağı xahiş edir. Beləliklə, o, 1977-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbəsi olur. Məşhur “Əzimzadə məktəbi”ndə tanınmış fırça ustaları olan Xalq rəssamı Sirus Mirzəzadədən, eləcə də Elxan Tahirov və Rüfət Əsədullayevdən sənətin sirlərini öyrənən Nəcməddin 1981-ci ilə təhsili başa vurur. Bir müddət Bədii Fondda tərtibatçı-rəssam kimi çalışan gənc rəssama izdihamlı Bakı mühiti bir qədər cansıxıcı görünür və o, doğma kəndlərinə qayıtmağa qərar verir. Beləcə, artıq bir qərinədən çoxdur ki, rəssam Çaylıda yaşamaqla, göz açıb gördüyü füsunkar təbiət mənzərələrini, ünsiyyətdə olduğu insanları əsərlərinin qəhrəmanına çevirməkdədir. O, həm də Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi vaxtaşırı əsərlərini müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirməkdədir. Rayondakı rəsm qalereyasının daima ekspozisiyasında da Nəcməddinin əsərləri yer almışdır.
Onun bu günlərdə İçərişəhərdəki “NUR Art House” qalereyasında açılmış fərdi sərgisi də tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Rəssamın hesabat sərgisində onun rəngkarlıq və qrafika əsərləri göstərilmişdir. Əsərlərində hər mövzunu mənalandırmağa, onların fəlsəfi qatına bədii görkəm verməyə üstünlük verən rəssamın bədii irsi kifayət qədər düşündürücüdür. Buradakı görüşümüz zamanı ondan “Müharibəli Novruz”un yaranması tarixçəsini danışmağı xahiş etdim.
O, dedi: “Əsərin yaranması 1993-cü ilin martına təsadüf edir. O vaxtlar atəşkəs barəsində razılığın əldə olunmadığı bir şəraitdə demək olar ki, hər gün sərhəd zonasından güllə səsləri eşidilirdi. Yaxşı yadımdadır, Novruz bayramı axşamı səslənən çox güclü və davamlı atəş səsləri bütün kənd camaatını küçəyə çıxartmışdı. Mən də onların arasında idim. Bir anlığa gözümün qarşısına ölümlə göz-gözə, üz-üzə qalan milli ordumuzun əsgərləri gəldi. Fikirləşdim ki, görəsən onlar da bayramı qeyd edirlərmi? Edirlərsə süfrələrində nələr vardır? Belə suallarım get-gedə çoxaldıqca məndə onlara rənglərin dili ilə cavab vermək istəyi yarandı... Səhərisi günü molbertin arxasına keçəndə artıq nə çəkəcəyimi dəqiq bilirdim. Mürəkkəb kompozisiyadan uzaq olan tabloda qəhvəyi rəngli sadə stolun üzərində özündə milli ənənələrimizi yaşatmağa yönəli əsgər süfrəsi açılmışdı... müharibə şəraitində səməni göyərtməyə imkan olmayan əsgərlərimiz, onu rəng baxımından səməniyə bənzəyən bir dəstə güllə topası ilə əvəz etmiş, ona bayram əhval-ruhiyyəsi vermək üçün belini də qırmızı parça ilə bağlamışlar. Yanına da rəngli yumurtaları xatırladan iki əl qumbarası qoymuşlar...”
Nəcməddin Hüseynovun bu izahına onu əlavə etmək olar ki, doğrudan tabloda gördüklərimiz nə qədər sadə olsa da, ənənəvi mövzunun özünəməxsus bədii şərhi baxımından çox yeni və gözlənilməzdir. Mövcud şəraitin inandırıcılığı şübhə doğurmayan görüntüsü nəhayətsiz rəssam təxəyyülünün nəticəsidir.
Çoxları bu əsərin reproduksiyası da daxil edilmiş “Azərbaycan incəsənəti”(ingilis dilində) ensiklopediyasının 2012-ci ildəki təqdimatında əsərin tamaşaçılara nümayişinə ucalan alqış səslərini indi də yaxşı xatırlayır. Qənaətimizcə, səslənən alqışlar hər bir müəllif üçün önəmli olan həmin xoş anlarda salonda olmayan Nəcməddin Hüseynovun yaratdığı bənzərsiz əsərin zamansızlığa qovuşmasının təsdiqi idi. Bu, həm də milli bayramlarımızı yaşadan əsgərlərimizin mübarizə ruhuna bələnmiş “Müharibəli Novruz”da bədiiləşdirilən və düşmən üzərində qələbəyə müəllif inamının ifadə olan yüksək sənətkarlığın təqdirinin əyani görüntüsü idi...