Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfi doktoru Ziyadxan Əliyevin “Psixoloji yaşantıların bədii ifadə zirvəsi” yazısını təqdim edir.
Başlıca missiyası özündə insanların psixoloji proseslərdən ibarət olan emosiyasına təsiri ehtiva edən sənət əsərləri uzun əsrlərdir ki, tamaşaçıları duyğulandırmaqdadır. İnsanların sevincini və kədərini ifadə edən belə əsərlər həm də yüksək bədii-estetik tutum alanda, onlar zamansızlığa və məkansızlığa qovuşur, onlarla təmasda olanlara nəhayətsiz duyğular aşılamaqda davam edir. Sənət tarixinin uzaq-yaxın səhifələrində özünə əbədiyyət qazanmış dünya şöhrətli Cotto, Mikelancelo, Titsian, El Qreko, Van Qoq, D.Velaskes, D.Sikeyros, K.Brüllov, V.Surikov, N.Kramskoy və İ.Repinlə yanaşı, azərbaycanlı fırça və tişə ustaları B.Kəngərli, Ə.Əzimzadə, M.Abdullayev, Ö.Eldarov, T.Salahov, M.Mircavadov, R.Babayev və başqalarının yaradıcılığında belə əsərlərə rast gəlmək mümkündür. Bu müəlliflərin yaratdıqları müxtəlif məzmunlu sənət incilərini indiki halda qarşılıqlı müqayisə etmək fikrindən uzaq olsaq da, onların arasında görkəmli rus rəssamı İlya Yefimoviç Repinin (1844-1930) rəngkarlıq tablolarının xüsusi yer tutduğunu qeyd etmək lazımdır. Əsasən Rusiya tarixinin müxtəlif səhifələrinə “bədii güzgü” tutulan belə tablolarda kompozisiyanı təşkil edən obrazların daşıdıqları emosional yükün çoxqatlı tutumunun onların tamaşaçısında çox təzadlı duyğular yaratması birmənalıdır. Bədii yük daşıyıcılığının çox təsirliliyi baxımından həmin əsərlərin arasında “İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə” (1883-1885) lövhəsi müqayisə olunmazdır, desək, yanılmarıq...
Öncədən deyək ki, sonradan bir qədər qısaldılmış adla (“İvan Qroznı öz oğlunu öldürür”) məşhurlaşacaq əsəri ilk dəfə 1885-ci ildə Sankt-Peterburqda təşkil olunmuş sərgidə görən Müqəddəs Sinodun ober-prokuroru və tanınmış rus mütəfəkkiri Konstantin Petroviç Pobedonostsev əsərin süjetindən qəzəblənmiş və imperator III Aleksandra yazılı müraciət edərək “Əsəri tarixi adlandırmaq olmaz, belə ki, təsvir olunan məqam rəssamın fantaziyasının ifadəsidir” fikrini bildirmişdir. Doğrudan da son vaxtlara kimi çar İohan Vasilyeviç Qroznının şahzadə oğlunu öldürməsi danılmaz hesab olunsa da, heç kəs bu faktın tarixi ədəbiyyata necə düşdüyünü araşdırmamışdı. Yalnız 1990-1995-ci illərdə Sankt-Peterburq və Ladoqa mitropoliti olmuş İohan (İvan Matveyeviç Snıçyov (1927-1995) özünün “Ruhun mütləqiyyəti” kitabında bu böhtanı təkzib etmiş və sübut etmişdir ki, şahzadə İohan ağır xəstəlikdən vəfat etmiş və bizim dövrə gəlib çatmış tarixi sənədlərdə atanın oğlunu öldürməsinə işarə belə yoxdur.
Yeri gəlmişkən deyək ki, bütün dövrlərdə bu hadisə tarixçilərin diqqət mərkəzində olmuş, Rusiya və Avropa alimləri və tədqiqatçıları tərəfindən haqqında bir-birindən fərqli fikirlər səsləndirilmişdir. Amma 1963-cü ildə keçirilən ekshumasiya zamanı səsləndirilən fikirlərin heç biri öz təsdiqini tapmamışdır. Bununla belə, tədqiqat atanın oğlunu öldürməsini təsdiqləyəcək faktları üzə çıxarmasa da, ata və oğulun zamanında zəhərlənmə yolu ilə dünyalarını dəyişdikləri üzə çıxmışdır.
Bu məşhur kompozisiyanın qəhrəmanları ilə bağlı dilə gətirdiyimiz faktların heç də maraqsız olmadığını vurğulamaqla yanaşı, deməliyik ki, bu gün əsər barəsində söz açmağımız ilk növbədə burada insanın qorxu və vicdan əzabından doğan emosional durumunun çox ekspressiv-təsirli şəkildə bədii ifadəsi ilə bağlıdır. Doğrudan da bir əli ilə canını tapşırmaqda olan oğlunu sinəsinə sıxan, digəri ilə onun başının axmaqda olan qanını saxlamağa çalışan atanın az qala hədəqəsindən çıxmış kimi görünən gözlərində dəhşətli hisslər yaşanmaqdadır...
Əsərin yaradılması ilə bağlı təsvir materialların muzey saxlanclarında qorunan nümunələrinə əsasən demək olar ki, onun karandaşla çəkilmiş ilkin variantı 1882-ci ilə aiddir. Tablonun yekun variantı üzərində işə başlayana qədər rəssam on bir eskiz işləmişdir. 1883-cü ildə yağlı boya ilə ərsəyə gətirilmiş hazırlıq eskizi son variantın yaradılmasında əsas material olmuşdur. Rəssam əsər üzərində 1884-1885-ci illərdə Moskva və Peterburq şəhərlərində çalışmışdır.
Repin xatirələrində qeyd edir ki, IV İvanın həyatından bəhs edən belə bir əsər yaratmaq fikri məndə Moskvada əmələ gəlmişdi. Moskva sərgisi zamanı Rimski-Korsakovun konsertində iştirakım mənə onun özündə məhəbbət, hakimiyyət və qisası ehtiva edən musiqisi mövzusunda - ona müvafiq, oxşar təsirə malik rəngkarlıq əsəri yaratmaq istəyi yaranmışdı. Bunun elə də asan olmayacağını bilsəm də, işə başladım...
Müasir rəssamların əksəriyyətindən fərqli olaraq o vaxtın sənətkarları daha çox kompozisiyalara daxil etdikləri obrazların oxşarını həyatda axtarıb tapar, onları naturadan işləməyə üstünlük verərdilər. Elə Repin də bu üsuldan istifadə edib. Əsər barəsində zamanında yazılmış tədqiqatlara əsasən demək lazımdır ki, rəssam İvan Qroznının obrazı üçün rəssam Q.Q. Myasoyedov, bəstəkar P.İ.Blaramberq və daha iki naməlum şəxsin portretlərindən istifadə edib. Onun oğlunun cizgiləri isə yazıçı V.M.Qarşin və rəssam V.K.Menkdən götürülmüşdür.
Əsər ictimailəşəndən sonra elə zamanında onu məna-məzmun yükünü müxtəlif cür yozanlar olmuşdur. Tamaşaçıların müəyyən hissəsi burada mütləqiyyətin ifşasının bədii ifadəsini görürdülər. Belə ki, onlar tabloda təsvir olunanlarla o dövrdə baş verən hadisələrlə, o cümlədən xalqçıların II Aleksandr tərəfindən edamından sonra baş verən hökumət terroru arasında anım yaradıcı məqamlar görürdülər. Əksinə, L.Tolstoy və İ.Kramskoy isə tabloda etik məsələlərin şərh olunduğunu bildirirdilər. Tədqiqatçıların qənaətincə, rəssamın müasirləri tərəfindən birmənalı qarşılanmayan bu əsərində hər ikisi - aktual sosial-ifşaedici məna və bəşəri etik və psixoloji məzmun bir-birilə sıx əlaqədə verilib. Başqa sözlə desək, onlar istibdad və despotizmə qarşı yönəli cəza və intiqam ideyası ətrafında birləşən təsirli bədii tutumdadırlar. Burada Repin həm də özünün vətəndaş və mənəvi yaşantılarını şərhində tarixi rəmziliyin etik əhəmiyyət, psixoloji və dramatik maraq doğuran məşhur süjetə bələyib. Odur ki, kompozisiya daha çox fəlsəfi-etik faciəyə çevrilib...
Repin bu əsərin bədii şərhində tarixi böyük şəxsiyyətlərin psixoloji dramı kimi şərh etmək yolunu seçmişdir. Əsərin son-yekun variantının eskizlərlə müqayisəsi göstərir ki, rəssam hadisənin xırdaçılığa üstünlük verilən təsvirindən, səbəb və nəticəni detallaşdırmaqdan uzaqdır. Belə ki, onun başlıca məqsədi insanların qəflətən baş-başa qaldığı yaşantı faciəsini qabarıq göstərməkdir. Bununla belə Repinin bu əsərinin tarixi xarakter daşıdığını da danmaq olmaz. Qeyd etmək lazımdır ki, biz Repində tarixi rəngkarlığın özünəməxsus əhəmiyyət və dəyər kəsb etməsini görürük. İndiki halda görünənlər tarixi faciənin fəlsəfi-etik yozumu, müasir həyatla anım-assosiasiya yaradan, əhatəli məzmun daşıyıcısıdır.
Repin tabloda ona qədər də obrazlaşan, bədii interpretasiya-təfsir ənənəsinə malik olan Qroznı şəxsiyyətini qabartmağa üstünlük verib. Ondan əvvəl şair M.Xeroskovdan A.Tolstoya qədər söz adamları onun timsalında hakimiyyətin yaratdığı sosial və etik problemləri vurğulanmağa çalışmışdılar. 60-cı illərdə rəssam V.Şvarts və heykəltəraş M.Antokolski Qroznı şəxsiyyətinə sosial problemlər prizmasından yanaşmışdılar. Bu sənət nümunələrində - tarixi qəhrəmanın akademik tutumlu təqdimatında onun təzadlı addımlar atmağa qadir olan şəxsiyyət olduğunu görmək mümkün idi. Repin isə bu ənənəni tamamlamaqla, əsərində faciənin monumentallığı duyulan bədii ifadə yüksəkliyinə nail olmuşdur. Başqa sözlə desək, canlı insan olan tarixi şəxsiyyət digər əsərlərdən (heykəltəraş V.Şvarts və rəssam A.Litovçenkonun əsərləri) fərqli olaraq məişət xırdaçılığından azad olmuş vəziyyətdə, əhəmiyyətli və möhtəşəm təqdim edilmişdir...
Tablonun kompozisiyası çox lakonik olmaqla boşluğu duyulan interyerdə bir-birinə sarılmış iki fiqurun yaratdığı görüntüdən ibarətdir. Bu təsvir həm də yığcamlığına və lakonikliyinə görə monumental baxılır. Tamaşaçı diqqətinin bir-birinə sıxılmış iki başa - atanın halsızlaşan oğul bədənini saxlamasına yönəldilməsi də məqsədli olub, baş verən dramatik anın daşıdığı mənəvi-psixoloji yükün dəyərləndirilməsinə hesablanmışdır. Bu baxışın davamını bu iki adamın həyatının kəskinliyi birmənalı olan durumunun dərki təşkil edir. Tabloda yaşananlara daha dərindən göz qoysaq, onda qıc olmuş kimi görünən Qroznının həlqəsindən çıxmış gözlərinin həyat əlamətlərini itirməkdə olan oğlunun solğun çöhrəsi ilə qarşıdurmasının yaratdığı təsirli bədii-psixoloji bədii təcəssümü görmək mümkündür.
Rəssamın tədqiqatçıları Repinin bu əsərdə özünün plastikanı və bədənin psixoloji ifadəliliyini əks etdirməyi bacaran bənzərsiz sənətkar olduğunu bir daha təsdiqlədiyini xüsusi vurğulayırlar. Doğrudan da Qroznının oğlunun aşağıya doğru sürüşməkdə olan zəifləmiş bədənini gərginliyi duyulan əlləri ilə saxlamağa çalışması, eləcə də onun duyulası dərəcədə cəlbedici və mürəkkəb olan pozasında faciənin doğurduğu psixoloji ekspressiya şaşırdıcı bədii tutumdadır. Hiss olunur ki, müəllif bu vəziyyəti əldə etmək üçün naturadan işləməklə yanaşı, fərdi təxəyyülündən də geniş istifadə etmişdir. Rəssamın çulğalaşmış bədənlərə hopdurduğu ağrı-acı dolu durum – ata təlaşı və onu tutanı özündən uzaqlaşdırmağa çalışan oğulun keçirdiyi hisslər də, yaxını uzaq edən-düşmənə çevirən psixoloji yaşantı da bu təzadın mayasındadır...
Süjetin təsirliliyini əldə etmək üçün rəssam işıqdan uğurla istifadə etmişdir. Tünd yerlik-fonda fiqurların qabarıq görünməsi də elə işıq və rəngin düzgün seçilməsi sayəsində baş tutmuşdur. Kompozisiyada təntənə və dramatizmi özündə ehtiva dən qırmızı-qızılı rəngin üstünlük təşkil etməsi də motivin gərginliyini göstərmək istəyindən irəli gəlmişdir.
Repinin əsərə xas olan psixologizmin ekspressiyasını göstərmək məqsədilə işlətdiyi geniş yaxılar və təravətli rəng çalarları da kompozisiyaya daxil edilmiş fiqur və detalların-ayrıntıların canlı və təbii görünməsini, bütünlükdə koloritin yaddaqalanlığını şərtləndirmişdir...
Bu əsərlə bağlı sənət tarixinin bu günə kimi yaşatdığı ən yaddaqalan hadisələrdən biri onun Moskvada tamaşaçı tərəfindən ciddi zədələnməsi olmuşdur. Qeyd edək ki, Peterburqda nümayişindən sonra ətrafında duyulası hay-küy yaranan əsər mesenat və özəl qalereya sahibi P.M.Tretyakov tərəfindən alınsa da, bədii təsir gücü tamaşaçılarda müxtəlif hisslər yaradan tablonun nümayişinə icazə verilməmişdi. Yalnız Moskvanın general-qubernatoru V.A.Dolqorukinin yazılı icazəsindən sonra əsər Tretyakov qalereyasında ictimaiyyətə təqdim olundu. 1913-cü ilin 16 yanvarında isə vurğuladığımız hadisə baş verdi. Abram Abramoviç Balaşov adlı 29 yaşlı gənc V.Surikovun “Boyar qadını Morozova” əsərinə baxandan sonra qəflətən “İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə” lövhəsinin ayrıca nümayiş olunduğu salona daxil olaraq ona bir-neçə bıçaq zərbəsi endirir. “Qan tökməyiniz bəsdir!” deyə-deyə obrazların sifətinə üç bıçaq vuran ikonaçı-rəssam son nəticədə əsərə ciddi ziyan yetirmiş olur. Onun bərpası üçün Petrburqdan həm Repinin özü, həm də iki bərpaçı (D.F.Boqoslovski və İ.İ.Vasilyev) dəvət olunur. Əsəri əvvəlki vəziyyətinə qaytarmaq üçün əvvəlcə rəssam müəyyən işlər görür, amma yaşının çoxluğu ona tabloya xas olan əvvəlki təravəti qaytarmağa mane olur. Odur ki, onun Peterburqa qayıdışından sonra bərpaçılar işə qarışmalı olurlar. Özü də bu işi elə yüksək səviyyədə görürlər ki, rəssam Moskvaya növbəti gəlişi zamanı əsərlə üz-üzə dayananda əsər üzərində ondan sonra hər hansı işin görüldüyünü hiss etmir...
“Mədəniyyət” qəzeti, 31 mart 2017-ci il