Çingiz Aytmatovun xilas etdiyi Azərbaycan rəssamı

Çingiz Aytmatovun xilas etdiyi Azərbaycan rəssamı
29 aprel 2017
# 15:00

Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Azərbaycan rəssamlığının “Mircavad əfsanəsi”” yazısını təqdim edir.

Sovet dönəmində Bakıda sənət dünyası nağıl və bayatılarımız, muğam və xalçalarımız qədər mənalı, sirli-soraqlı, bir qədər də müəmmalı olan bir rəssam yaşayırdı. Hələ sağlığında haqqında əfsanələr gəzən bu rəssamın üzünə sərgi salonları uzun müddət bağlanmışdı. Əsl yaradıcı-rəssam taleyini yaşamaqda olan bu adamı sənətdə hakim olan “sosialist realzmi” çərçivəsinə salmağa çalışırdılar. Amma onu ram etmək çox çətin idi. Odur ki, tətbiq olunan bir hansı bir vasitə onu yolundan döndərməkdə aciz idi...

Dolanışığını təmin etmək üçün müqavilə ilə işlədiyi əsərləri, ona qarşı xüsusi tələbkarlıq nümayiş etdirən bədii şuranı razı salandan sonra belə sərgi ekspozisiyalarından çıxarılardı. Elə olmuşdu ki, ona hətta avansı verilmiş müqaviləni belə iş tamamlanandan sonra ləğv etmişdilər. Maddi və mənəvi təzyiqlərə davamlı şəkildə məruz qalan bu rəssama çox vaxt əqidə dostları yardım göstərərdilər. Çünki, onlar onun sındırılmasını istəmirdilər. Beləcə, sıxıntılı illər bir-birini əvəz etməkdəydi. Həmin rəssam bu gün hamının yaddaşına sənət fədaisi və islahatçısı kimi həkk olunmuş Mircavad Mircavadov (1923-1992) idi. Onun suçu nəydi? Niyə ona bəzən özgələr, çox vaxt isə özümüzünkülər qənim kəsilmişdilər? Əslində bu görmədiklərimizi görməyə, qəbul etməyə hazır olmamağımızın nəticəsi idi...

Cəmisi 69 il yaşadı. Bilmirəm, 69 yaşa cəmisi demək olarmı? Rafaeli, Van Qoqu, Puşkini, Müşfiqi, Asəf Zeynallını xatırlayanda bu yaş lap çox görünür. Amma bu da həqiqətdir ki, yaratmaq eşqiylə yaşayan hər kəs üçün ömür həmişə yarımçıq qırılır. Amma bununla belə milli təsviri sənətimizdə onun silinməz iz buraxdığı danılmazdır...

Ötən əsrin əllinci 50-ci illərində keçmiş SSRİ məkanında, mövcud siyasi sistemin yaradıcı insanlara təlqin etdiyi “sosialist realizmi” bədii prinsipinin əksinə gedən “Abşeron məktəbi” yaratmaqla, müxtəlif formalı maddi-mənəvi təpkilərə baxmayaraq qapalı bir mühitdə dünyaya fərdi və fərqli baxışın mümkünlüyünü sərgiləmişdi. Ətrafına müxtəlif yaşlı rəssamları toplayan Mircavad onları süni pafos içində boğulan sovet incəsənətini daha gerçəkçi və səmimi tutumlu əsərlərlə zənginləşdirməyin mümkünlüyünə inandıra bilmişdi.

Rəssamın Bakının Buzovna qəsəbəsində kirələdiyi bağ evində eksperimentlər aparması, Qobustan qaya rəsmləri ilə tanışlığı, milli miniatürlərimizi, mifologiya və xalq sənəti ənənələrini öyrənməsi onun dünyaya “Mircavad baxışı”nı müəyyənləşdirmişdi.

Mircavad Mircavadovun dünyamızı, onun təzadlı hadisələrini, bəşəri duyğuları, Xeyirlə Şərin mübarizəsini bütün çılpaqlığı ilə əks etdirən əsərlərini o vaxtın sərgi komissiyaları məqbul hesab etməsələr də, bu gün onlar milli rəngkarlığımızı müəyyən ideoloji yeknəsəklikdən qurtarmaq, dünyanı başqa cür görmək baxımından əvəzsiz hesab olunmuşlar. Mircavadın əsərləri özündə ənənə ilə müasirliyinin özünəməxsus vəhdətini yaşatdığı üçün təzadlı sənət məkanının ən ciddi tələblərinə davam gətirmək gücündədirlər, desək, yanılmarıq. Onun əsərlərindəki kökəqayıtma meylinin qabarıqlığını, onun əski milli qaynaqlarımızı müasir biçimdə təqdim etmək istəyini görkəmli musiqiçimiz Vaqif Mustafazadənin muğam mövzusundakı improvizələri ilə müqayisə etmək olar. Bu isə çox çətinliklə, olub-keçənlərə qeyri-adi yaradıcı münasibətin nəticəsində, fərdi iç dünyanın açımı ilə yaranır. Bu mənada Mircavadın əsərlərini onun Şərq rəssamlığının və Azərbaycan mənəvi dəyərlərinin bədii-estetik prinsiplərinə özünəməxsus münasibəti hesab etmək olar.

Rəssam folklordan əxz olunan motivləri, milli adət-ənənələri, dünyamızın başının üstünü alan müharibə təhlükəsinə biganəliyə etirazını əsərlərində özünəməxsus duyumla, rənglər selinin işığında tamaşaçıya təqdim etmişdir. Odur ki, istər Şərq rəssamlığı prinsiplərindən qaynaqlanan “Rənglərin işığında”, “Süsən”, “Bürc”, “Şərq miniatürləri mövzusunda improvizələr” lövhələri, istərsə də müxtəlif problemlərə münasibətini ifadə edən “Sovqat”, “Müdaxilə”, “Şeytanın sirki”, “Ümid işığı” tabloları cəlbedici və düşündürücüdürlər.

Hiss olunur ki, rəssamın gözündə al da, yaşıl da, sarı da, qara da, çoxdan adi rəngliyindən çıxıb. Rəsul Rzanın “Ağrının, sevincin, ümidin də rəngi var” misralarını rəssam əsərlərində əyaniləşdirib, desək, yanılmarıq. Müxtəlif mövzuları əhatə edən, ölçüyəgəlməz ehtirasla yaradılmış irili-xırdalı əsərlərini kəşməkəşli əsrimizə verilən suallar toplusu adlandırmaq daha düzgün olardı. Fəlsəfi düşüncə və qrotesk, nağılvari görüm və reallıq, muğam və xalça açımı ilə səsləşən obrazlı hikmət rəssamın zamanla apardığı qeyri-adi müsahibənin məna-yük daşıyıcılarıdır. Yox, bu tablolarda dünyamız heç də öz real görkəmini itirməyib. Sadəcə, reallığın daha dərin qatlarına, indiyə qədər rastlaşmadığımız analitik sənətkar nüfuzunun rəng plastikasında şərhini görürük.

Mircavad üçün Xeyir-Şər anlayışındakı acını şirindən ayıran sədd tam aydındır və özünün sənətkar borcunu da bu səddin pozulmasına yol verməməkdə görür. “Şeytan”, “Çağırılmamışlar”, “Meydan” və “Mafiyaçılar” lövhələrindəki fantasmaqorik obrazlar rəssamın qarşılaşdığı biganələri, laqeydləri və zalımları bütün açıqlığı ilə ifşa edən bədii vasitədir. Mircavadın əsərlərini əsl sənət xiridarları həmişə arayıb-axtarmış, onlar haqqında öz fikirlərini söyləmişlər. Məşhur sənət tarixçisi, sənətşünaslıq doktoru M.Alpatovun “Onun əsərlərində sarsılmaz xarakterin coşqun ehtirası vardır”, xalqımızın yaxın dostu, qazax şairi Oljas Süleymenovun “Asiya ruhu bu əsərlərdə nə qədər güclüdür. Fikrimi ifadə etməkdə çətinlik çəkirəm!” sözləri taleyi sınağa çəkilmiş Mircavadın bənzərsizliyini bir daha təsdiqləyən ifadələrdir.

1985-ci ildə Bakıya dostu Bəxtiyar Vahabzadənin 60 illik yubileyinə gələn Çingiz Aytmatov isə rəssamın əsərləri ilə tanış olduqdan sonra rəy kitabına bu sözləri yazmışdı: “Açığını deyim ki, fəciliyi və iblisanəliyi fırça vasitəsilə belə ifadə etmək ustalığına indiyədək rast gəlməmişəm. Tablolar bir an belə göz önündən getmir. Görəsən, biz onları qiymətləndirə biləcəyikmi?” Elə rəssamın ilk fərdi sərgisi də onun respublika rəhbərliyinə müraciətindən sonra baş tutmuşdu.

Həmin illərdə Azərbaycan təsviri sənətinin tarixini yazan bizim sənətşünaslar isə sanki respublikada belə bir rəssamın mövcudluğunu görməməzliyə vurur, adını nəinki monoqrafiyalarda, hətta adicə məqalələrdə belə yazmağa ehtiyat edirdilər. Milli rəssamlığımıza gətirilən “Mircavad görümü”nü layiqincə dəyərləndirə bilməyən sənətşünaslıq doktoru M.Nəcəfov isə “Gənclik” jurnalında çap etdirdiyi məqalədə tam ciddi şəkildə “6-7 yaşlı uşağın çəkdikləri Mircavad Mircavadovun tablolarından qat-qat yaxşıdır” sözlərini yazmışdı. Acınacaqlı olsa da, bu danılmaz bir faktdır. Amma yaxşı ki, dünya başqa cür düşünürdü...

Rəssamın Ç.Aytmatovun dəstəyi ilə Bakıda açılan ilk sərgisinin (1987) sorağı tez bir zamanda Azərbaycandan çox-çox uzaqlara yayıldı və dünyanın bir çox ölkələrində onun sənətinin nümayişi baş tutdu. Oğlu Xəzrinin yaşadığı Danimarkada “Mircavad fondu” yaradıldı, ona çoxdan layiq olduğu fəxri adı da (“Azərbaycanın əməkdar incəsənət xadimi”) verdilər. Haqqında sənədli film də çəkildi. Bununla belə sosialist rəssamlığının azərbaycanlı islahatçısına Dövlət mükafatı verməyə cəsarət etmədilər, sadəcə, rəsmilər - yaşlı nəsil onu lap əvvəlki illərdə olduğu kimi “görməməzliyə” vurdular. Onu dəyərləndirənlər isə Rəssamlar İttifaqının rəhbərliyinə seçilmiş gənclər idi...

Ömrünün son illərini o, daha çox sovet dönəmində aldığı mənəvi yaraları sağaltmaqla məşğul oldu. Buna da axıra qədər imkanı çatmadı. Bu da onun “nəfəs aldığı” yaradıcılığına çox pis təsir göstərdi. Bir gün isə rəssam özünün gücsüzlüyünü duydu və bildi ki, artıq istədiyini edə bilmir və bir daha eləyə də bilməyəcək. Gücü yalnız dünyada özünə həmdəm bildiyi fırçalarına çatdı, onları ayaqları altına atıb tapdaladı. Beləliklə, Mircavad rənglər dünyasına açılan qapını birdəfəlik kilidlədi. Bu isə rənglər patriarxının payızı, yarpaq tökümü idi...

Bundan sonra ölümü də çox gözləmək lazım gəlmədi. 1992-ci ilin isti iyun günündə rəssam Kopenhagen-Moskva qatarındakı dar kupedə dünyasını dəyişdi. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşıranda da yanında cəmisi 3-4 nəfər vardı. Çünki Mircavadın özü dəfninin hay-küylü olmasını istəməmişdi. Dost-tanışlarının hamısı da hadisədən ancaq dəfndən sonra xəbər tutdular. Azərbaycan rəssamlığında yaranan “Mircavad əfsanəsi” burda bitsə də, onun adının bu gün də dillərdə dolaşması onun əbədiliyindən xəbər verir... /“Ədəbiyyat qəzeti”/

# 789 dəfə oxunub

Müəllifin son yazıları

# # #