Mirzə Cəlil ona"qaragüruh", Məmməd Əmin isə "qələm dostu" deyirdi

Mirzə Cəlil ona"qaragüruh", Məmməd Əmin isə "qələm dostu" deyirdi
20 may 2013
# 07:00

Müəllim, jurnalist, naşir, tərcüməçi, dramaturq olan Haşım bəy Vəzirov 1868-ci ildə Şuşa şəhərində anadan olub. Haşım bəyin ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri imiş. O, oxumağa, təhsilə önəm verən şəxs olub. Azərbaycanın görkəmli yazıçısı, tarixi romanlar müəllifi və dəyərli araşdırmaçı Yusif Vəzir Çəmənzəminli də bu nəsildəndir və Haşım bəyin qardaşı oğludur.

H. Vəzirov öncə molla yanında dərs alıb, sonra şəhər məktəbini bitirmişdi. O, İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlayıb.

İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır. Mir Haşım bəyi bu məktəbə direktor vəzifəsinə dəvət edirlər. O, məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə vəkil seçilmişdi. Haşım bəy ictimai işlə qızğın məşğul olmuşdu. O, Şuşa real məktəbin hazırlıq sinfində ana dilindən dərs demişdi.

Vəzriov XIX əsrin sonu XX əsrin əvvəllərində müəllimliklə yanaşı, publisist kimi də fəaliyyət göstərmişdir. 20-ci əsrin əvvəllərində erməni-daşnak quldurlarının Qarabağda törətdiyi vəhşilikləri ifşa edən məqalələr dərc etdirmişdir.

Mir Haşım bəy vətənpərvər bir millətçi olaraq, 1905-1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparmışdı. 1906-cı ildə hökumət tərəfindən tutulub, sürgün edilməsinə qərar verilmişdi. Lakin xəstə olduğundan Mir Haşım bəyin sürgünə göndərilməsi təxirə salınmışdı. Qubernatorun razılığı ilə sağalan kimi Şuşadan Stavropola sürülmüşdü.

1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axırınadək Bakıda qalır. Burada Əhməd Ağaoğlunun “Irşad” qəzeti ilə əməkdaşlıq edən Mir Haşım bəy sonra bir müddət qəzetin müvəqqəti redaktoru olur. “Irşad”ın on beş nömrəsi onun redaktorluğu ilə çıxmışdı. Buradakı fəaliyyəti ilə Mir Haşım bəyin professional jurnalistlik dövrü başlamışdır. Bundan sonra o özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür və 1907-ci ildə “Tazə həyat” qəzetini nəşr etdirir.

Milyonçu H.Z.Tağıyev H.Vəzirova “Tazə həyat” qəzetinin maliyyə xərclərinə yardım göstərəcəyini vəd etmişdir. Qəzetin ilk nömrəsi 1907-ci il aprelin 1-də çapdan çıxmış və nəşri 1908-ci ilin sentyabrınadək davam etmişdir.

Qəzet mühafizəkar yazılar çap etdiyinə görə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Əliabbas Müznib, Məmmədsəid Ordubadi, Süleyman Sani Axundov, Tağı Şahbazi, Mir Mehdi Seyidzadə, Mirzə Şərif Əfəndizadə, Bayraməli Abbaszadə, Məşədi Azər, Cəlal Yusifzadə və b. onunla əməkdaşlıq edib.

Tiflis Mətbuat İşləri Komitəsinin Baş Mətbuat İşləri İdarəsinə göndərdiyi 1908-ci il hesabatında qeyd olunurdu ki, Bakıda neft sənayeçisi, milyonçu H.Z.Tağıyev tərəfindən nəşr edilən və Haşım bəy Vəzirovun redaktor olduğu gündəlik ictimai-siyasi “Tazə həyat” qəzeti 1908-ci ilin ikinci yarısınadək sabit sağ istiqamətdə dayanmış, “İrşad”, “Tərəqqi” qəzetlərinə zidd olaraq müsəlman ruhaniliyinin müdafiəçisinə çevrilmişdir.

İranda və Türkiyədə baş verən son hadisələrdən sonra birdən dönərək sol istiqamət götürmüş, İran-Türkiyə işini müzakirə edən kəskin məqalə və digər yazılar verməyə başlamışdır ki, bu da bizim müsəlmanlar arasında təşviş yaradır. Bu cür zərərli istiqamətinə görə Bakı qradonaçalnikinin qərarı ilə onun nəşri dayandırılmışdır.

“Tazə həyat”dan sonra 1908-ci il dekabrın 1-dən 1909-cu il oktyabr ayının əvvəlinədək H.Vəzirovun nəşr etdiyi “İttifaq” qəzetinin taleyi də belə olmuş, “zərərli istiqamətinə” görə bağlanmışdır.

Həmin ildə o, “Səda” qəzetini nəşrə başlayır. Bu qəzet Haşım bəyin nəşr etdiyi mətbuat nümunələri arasında ən çox yayılanlardandır.

1911-ci il sentyabr ayının 27-də rus dilində “Kavkazest” qəzetinin nəşrinə başlayıb. On beş gün sonra, yəni 11 sayı çıxdıqdan sonra bu qəzeti də bağlayırlar. Haşım bəy Vəzirov hökumət məmurlarıyla bu qapatdı-açıldı oyununda yeni bir üsuldan istifadə edir.

O, Azərbaycan tarixinə mətbuat şəbəkəsi yaradan bir naşir kimi daxil olub. Belə ki, “Sədayi vətən”, “Sədayi Qafqaz”, “Sədayi həqq” və b. qəzetlərin redaktorları ayrı-ayrı adamlar olsa da, onlar eyni ideyanı təbliğ ediblər.

Haşım bəy məşhur məzhəkə jurnalı olan “Məzəli”nin də rəhbəri idi. Bu jurnal “Molla Nəsrəddin”dən sonra mətbuat tarixində ən məşhur məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur.

"Məzəli" yalnız ümumi məsələlərdən yox, ölkənin daxili vəziyyətindən, şəhər həyatından da bəhs edirdi. Burada köhnəpərəstlər, avamlar, maarif və mədəniyyət düşmənləri, rüşvətxorlar, yalançı ruhanilər şiddətlə tənqid olunurdular. "Məzəli"də Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliağa Vahid, Cənnəti və s. qüvvətli qələm sahibləri iştirak edirdilər.

Lakin Birinci Dünya Müharibəsinin başlaması qəzet və jurnalların işini çətinləşdirib. H.B.Vəzirovun nəşrləri mülki və hərbi işçilər-senzorların birləşmiş dəstələrinin nəzarəti altında çap olunmalı olub. Senzor nəinki qəzetlərin nəşrinin dayandırılmasına, cərimələnməsinə, hatta imzalarının qadağan edilməsinə də nail olublar. Belə ki, Haşım bəyə də “Kefim gələndə” imzasıyla yazmaq qadağan edilib.

H.Vəzirov həm də o dövrün tanınmış dramaturqu idi. “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xan-xan” komediyalarının müəllifidir. U. Şekspirin “Otello” faciəsini və “Məktəb tərbiyəsi”, “Cinlər və şeytanlar”, “Çoxarvadlılıq”, “Sillə” kitablarını rus dilindən tərcümə etmişdir.

1904 - cü ildə Şuşada Uilyam Şekspirin “Otello” tamaşası oynanılır. Haşım bəy Vəzirovun tərcüməsində və quruluşunda, həm də onun iştirakı ilə oynanılan bu tamaşanın fəxri bileti bu gün Teatr Muzeyinin ekspozisiyasındadır.

Vəzirovun tərcümə etdiyi Otellonun Tiflis nümayişində iştirak edən Mirzə Ələkbər Sabir məşhur şeirini yazmışdı:

Öylə bir tərcümə kim, ruhi-Şekspir görcək,
Ağladı ruhi-Otelloyla bərabər özünə.
“Ah, mütərcim!” - deyə bir odlu tüfürcək atdı...
Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə!

Bu şeirdən sonra "Molla Nəsrəddin"lə "Səda" arasında növbəti sərt polemika yaşanmışdı.

20-ci əsrin əvvəllərində Azərbaycanda mətbəə və nəşriyyat işlərinin inkişafında Vəzirovun böyük xidmətləri olmuşdur. Azərbaycan kitab mədəniyyətinin bir sıra görkəmli nümunələri onun “Səda” nəşriyyatında işıq üzü görmüşdür.

H.Vəzirov 1916-cı ildə Bakıda vəfat edib.

Haşım bəyə münasibət öz dövründə və sovet hakimiyyəti illərində birmənalı olmayıb. Məsələn, C.Məmmədquluzadənin ona münasibətini şəxsi ensiklopediyasındakı fikirlərindən bilmək olur:

“V. "Təzə həyat" qəzetinin ilk nömrələrindən birində "Molla Nəsrəddin" jurnalının "millətin gözünü açdığını" etiraf etsə də, az sonra jurnala və onun red.-una münasibəti kökündən dəyişilmiş, redaktə etdiyi mətbuat orqanlarında "Molla Nəsrəddin" əleyhinə arasıkəsilməz kampaniya aparmışdır.

V.-un bu "mübarizəsi" xüsusən "Təzə həyat" və "Səda" qəzetlərində daha geniş yer tutmuşdu. Dinə münasibət, qadın azadlığı, İran və Türkiyəyə baxış və bir sıra digər məsələlərdə V. Mirzə Cəlilə və "Molla Nəsrəddin" ədəbi məktəbinə tamamilə əks mövqedə dayanır, əksər qaragüruhçu qüvvələri, fanatik din xadimlərini, cahil bəyləri - ümumiyyətlə, "Molla Nəsrəddin"dən narazı olanların böyük bir qismini öz "mübarizəsinə" cəlb edirdi”.

H.Vəzirov haqqında ilk kitabça vəfatının bir illiyi münasibətilə-1917-ci ildə Mirzə Hüseyn Quliyev tərəfindən tərtib edilib nəşr olunmuşdur.

1916-cı il fevralın 7-də “Açıq söz” qəzetində M.Ə.Rəsulzadənin Haşım bəyin vəfatı münasibətilə “Haşım bəy Vəzirov” adlı yazısı dərc olunub:

“Dün qafqasiyalı türk qəzetçilərdən sinli bir mətbuat xadimini dəfn etdik. Haşım bəy öldü…. Səni də Allah əfv etsin, ey zəhmətlərə qatlanan, ey sıxıntılardan usanmayan qələm arkadaşı!”

Mənbələr:

“Azərbaycan mətbuatı tarixi”, 2006

A.Qasımova, “20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda qadın problemi”, 2010

Ş. Hüseynov, “Mənəvi irsimiz və gerçəklik”, 2004.

# 4195 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #