“Xalq düşməninin qızına “5” verə bilmərəm...” -ARAŞDIRMA

“Xalq düşməninin qızına “5” verə bilmərəm...” -<span style="color:red;">ARAŞDIRMA
22 noyabr 2014
# 20:00

Onun oğlu Azərbaycanın ilk Elxanı, qızı isə ilk Solmazıdır. Elxanın adını ailəcə yaxınlıq etdikləri Hüseyn Cavid, Solmazınkını da Cəfər Cabbarlı qoyub.

Azərbaycanın ilk Solmazı çox sonralar yazacaqdı: “...Bir gün dərsi danışandan sonra müəllim “4” yazdı, mən etiraz elədim ki, “5” istəyirəm. Müəllim cavab verdi ki xalq düşməninin qızına “5” verə bilmərəm...”

“Xalq düşməni” kimi güllələnən Xəlil İbrahim ədəbiyyat, mədəniyyət xadimi, tənqidçi, teatrşünas və tərcüməçi,

ictimai-siyasi məsələlərlə bağlı, mədəni-maarif, teatr, dil və ədəbiyyat problemlərinə aid 200-dən çox məqalənin müəllifidir.

1892-ci ildə Şuşada sənətkar ailəsində anadan olub. İbtidai təhsilini rus-tatar məktəbində alıb. 1907-ci ildə atası vəfat edib.

Atasının vəfatından sonra xalça toxuyan anasının himayəsində qalan Xəlil böyük çətinliklərlə üzləşib.

Şuşada Azərbaycan-rus məktəbində, Şuşa və realnı məktəbində oxuyub. 1909-10-cu illərdə kasıbçılıqdan təhsili yarımçıq qalıb. 1911-ci ildə Sarıcalıda ev şəraitində Qasım bəy Zakirin nəvələrinə dərs demək üçün dəvət olunub. Gənc yazıçı "Kənd həyatından lövhələr” adlı ilk oçerkini də orada yazıb. Bu oçerk 1913-cü ildə "Səda qəzetində dərc olunub.

Bir müddət sonra o, ailəsi ilə Bakıya köçüb. Gənc Xəlil təhsilini Bakıdakı realnı məktəbdə davam etdirib. Burada təhsilini başa vurduqdan sonra - 1912-ci ildə "Nəşri-maarif” cəmiyyətinin Əmircandakı məktəbində müəllim işləyib. Eyni zamanda bədii yaradıcılıqla da məşğul olub, müxtəlif janrlarda qəzetlərə məqalələr yazıb. Xəlil İbrahim "Səda", "Açıq söz", "İqbal", "Bəsirət", "Qurtuluş yolu" kimi demokratik ruhlu mətbuat orqanlarında müntəzəm çıxış edib, hətta bəzilərinin qısa müddətdə redaktoru da olub.

Birinci Dünya müharibəsi illərində (1914-1918) beynəlxalq məsələlərə, müharibənin törətdiyi bəlalara həsr olunmuş "Dəhşətli yanğın qarşısında", "Avropa müharibəsi nə qədər baha ilə bitəcəkdir", "Alban inqilabı", "Kənd həyatından səhnələr" və bir sıra ictimai-siyasi publisistik məqalələrlə çıxış edib.

Xəlil İbrahim Müsavat Partiyasının üzvü, onun Şuşa şəhər özəyinin katibi olub.

Cümhuriyyət dövründə Azərbaycanda 60 –a yaxın mətbu orqan fəaliyyət göstərirdi. Bu vaxt Xəlil İbrahim də Üzeyir Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli Seyid Hüseyn, Səməd Mənsur, Fərhad Ağazadə kimi aparıcı jurnalistlər sırasında idi.

1919-cu ildə qəzetin 4 iyul 216-cı nömrəsindən 1 sentyabr 265-ci nömrəsinə qədər Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan” qəzetinin redaktoru olub.

Redaktorluq etdiyi vaxtda qəzetin səhifələrində dövrün ictimai-siyasi hadisələrinə aktiv münasibət bildirilir, parlamentdən müntəzəm yazılar dərc olunurdu. Xəlil İbrahimin özünün müxtəlif mövzularda məqalələri qəzetin səhifələrində yer alırdı. O, “Azərbaycan Parlamanı dəvəti münasibətilə” adlı məqaləsində yazırdı: “Bu gün Azərbaycanın həqiqi sahibləri-xəlq öz nümayəndələri lisanilə parlaman kürsi-xitabətindən öz arzu və amallarını aləmi-bəşəriyyət hüzurunda nümayiş etdirəcəklərdir.

Azərbaycan türkləri məhkum ikən hüquqi-milliyyə və istiqlal mübarizəsi düsturu olaraq meydanə atmış olduğu "yaşa və özgələrə yaşamaq imkanı ver" şüarına sadiq qalaraq məhkum ikən tələb etdigi mütənasib nümayəndəlik əsasını müstəqil olduqda da unutmayaraq Azərbaycanda əqəliyyət təşkil edən millətlərin də mütənasib nümayəndəlik həqqinə riayətlə bu əsas üzərinə parlaman çağırmağı lazım bildilər.

Azərbaycan türkləri həmişə ağalıq, hakimlik üçün degil, hüquqi-milliyyə və bəşəriyyənin təmini üçün çalışdıqlarını bir daha isbat edərək cümhuriyyətimiz daxilində yaşayan ümum vətəndaşlarımızı həyatımızın quruluşunda iştirakə dəvət etdilər, Azərbaycanda heç millət, heç sinif, heç silk hakim, ya məhkum ola bilməz, hamı vətənin həm ağasıdır, həm nökəri. Hər bir vətəndaş gərək ümumi vətənin səadətilə məsud, ələmilə mövləm olsun.

Hamı özünü müsavülhüquq vətəndaş hiss etsin”.

1918-20-ci illərdə Xəlil İbrahim Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında böyük fəaliyyət göstərib, Məmmədəmin Rəsulzadənin yaxın silahdaşı və məsləhətçilərindən olub.

1920-ci il aprel ayında Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Xəlil İbrahim, ədəbi-bədii yaradıcılıqla məşğul olub.

Onun yazıları “Kommunist”, “Ədəbiyyat”, “Kəndçi” qəzetlərində, “Maarif-mədəniyyət” jurnalında dərc edilib.

1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin nəzdində elmi terminologiyanın işlənib hazırlanması üzrə komissiya yaradılır. Xəlil İbrahim əvvəlcə bu komissiyanın üzvü, sonra isə məsul katibi olub. Müxtəlif sahələr üzrə terminologiyanın hazırlanmasında fəal iştirak edib və komissiyanın "Dilimizin silahı" adlı mətbuat orqanının redaktoru kimi çalışıb.

Xəlil İbrahim AXC-nin və Müsavat partiyasının qabaqcıl xadimlərindən olduğu üçün 1923-cü ildə kommunist rejimi tərəfindən həbs edilib, bir qədər sonra günahı sübut olunmadığından azad olunub.

Xəlil İbrahim həm də dövrünün mükəmməl və obyektiv teatrşünası olub. 1921-ci ildə Hüseyn Cavidin "Şeyx Sənan" əsəri tamaşaya qoyulduqdan sonra bəzi insanlar tərəfindən tənqid atəşinə tutulanda Xəlil İbrahim cavab olaraq "Kommunist" qəzetində böyük bir məqalə ilə çıxış edib. O, Hüseyn Cavid yaradıcılığını şərh edərək yazırdı: "Şeyx Sənan" Cavidin qüvvəli, ən gözəl əsəridir. Həm şəriət cəhətdən bu əsərdə Cavid müvəffəq olmuşdur, həm də seçmiş olduğu mövzunun ən mühüm hissəsini təşkil edən bir məsələdə qətiyyət, səbat və məntiq vardır, o da din məsələsidir... Əsərdəki oyuna gəlincə, aktyorlar da öz rollarını qənaətverici dərəcədə oynadılar. Xüsusən, baş rolları: Xumarı Mərziyə xanım, Şeyx Sənanı A.M.Şərifzadə, Platonu Atamalıbəyov və Papası Cabbarzadə Qacar çox yaxşı oynadılar"..

Maraqlıdır ki, müəllifin məqalələrində təqdir etdiyi, adları çəkilən teatr aktyorlarının - xüsusilə də baş rol ifaçılarının əksəriyyəti 1936-1937-ci illərdə həbs edilərək güllələndi.

Xəlil İbrahimin Cəfər Cabbarlının "Aydın" tamaşasından da yazmışdı. Müəllif 1922-ci ildə əsərin qəhrəmanı haqqında belə fikir yürüdürdü: "O, bir dünya yaratmaq istəyir ki, nə zülm olsun, nə zalim, nə hökm olsun, nə hakim, millətlər azad, fərdlər azad, zəhmət azad olsun. Hər kəs ancaq öz zəhmətinin və başqalarına zərər yetirməmək, hər tələblə öz arzusunun qulu olsun; istila olmasın. Bunun üçün də bir çarə var: üsyan! Kimə qarşı? Zülmə, istilaya... Azərbaycanı istila edən ruslara, Afrikada hakimiyyət sürən ingilislərə..."

1930-cu ildən başlayaraq "Azərnəşr"də bədii ədəbiyyat üzrə redaktor işləyən X.İbrahim ictimai-siyasi ədəbiyyatın, dünya ədəbiyyatı klassiklərinin (Şekspir, Şiller, A.Tolstoy və başqaları) ana dilimizə tərcüməsi işi ilə məşğul olub.

Onun kiçik qızı, uzun illər Memarlıq və İnşaat universitetində yüksək vəzifələrdə çalışan texnika elmləri namizədi Gülər İbrahimova 1993-cü ildə “Azərbaycan” qəzetinin köməyi ilə atasının xatirəsinə “Daşdan keçən istiqlal” kitabını nəşr etdirib.

1937-ci ildə Xəlil İbrahim müsavatçı adı ilə həbs olunub. Böyük qızı Solmaz İbrahimova o illəri belə xatırlayır: “ ...1937-ci ilin noyabrı idi. Atamı da, Hüseyn Cavidi də, Əhməd Cavadı da tutmuşdular. Hər həftənin beşinci günləri anam, Şükriyyə xala və Müşginaz xala NKVD-nin zirzəmisinə yemək və paltar aparırdılar. Tutulanların əksəriyyəti orada idi, atamgil də. Mən də onlarla gedirdim. Anam Elxanı özü ilə aparmırdı. Onu qoruyurdu. Qorxurdu ki, bir gün qapımızı döyüb onu da apararlar. 1938-ci il martın 18-i idi. Yenə anamla mən atama yemək və paltar apardıq. Aradan bir az keçmiş, göndərdiyimiz ərzaq və paltarı olduğu kimi geri qaytardılar. Üstündə də bir parça kağız: “Gülüstan, sağ ol, özündən və uşaqlardan muğayat ol. Xəlil”. Xətt də, imza da atamın idi. Bu kağız sanki hər şeyin sonuydu. Bir neçə gün sonra- martın 23-də atamı güllələdilər”.

Xəlil İbrahim Stalinin ölümündən sonra bəraət almışdır.

Mənbə:

X.İbrahim, Daşdan keçən istiqlal. 1993

N.Axundov, Azərbaycanda dövrü mətbuat 1965

“Azərbaycan” qəzeti

# 5188 dəfə oxunub

Müəllifin son yazıları

# # #