Cavad Heyətin 6 min dolları

Cavad Heyətin 6 min dolları
14 iyul 2014
# 10:18

Səbuhi Məmmədli

2014-cü ilin 28-ci həftəsi Azərbaycan mədəniyyəti üçün qara gəldi. Uzun sürən xəstəlikdən sonra əməkdar artist Xanım Qafarova vəfat etdi. Onun üç mərasimi günü isə Gəncədən ağır xəbər: Ələddin Abbasov dünyasını dəyişib. Bu xəbər saytlarda özünə yer eləməmiş bu dəfə Cavad Heyətin komaya düşməsi xəbəri yayıldı…

Düzünü deyəcəm, rəhmətlik Xanımın oynadığı bircə tamaşada belə olmamışam. Elə bu gün ona ağı deyən, poz verənlərin çoxu da olmayıb. Rəhmətliyi qiyabi tanıyırdım. Bir gün müxbirimiz Yalçın onun ağır xəstəliyindən yazdı. Təsadüfənmi, nədi, həmin yazını mən redəktə etmişdim. Mənim kimi soyuqqanlı birinə çox pis təsir etmişdi onun durumu, ağrıtmışdı düzü. Elə bu yazıdan sonra onu Türkiyəyə müalicəyə aparmışdılar. Yalçınla dostlaşmışdı. Səhhətində azca da olsa irəliləyiş olan kimi dərhal Yalçını arayırdı. Bəzən də Yalçın gəlirdi ki, «Xanım Qafarovadan xəbər var, yazım?» «Yaz» deyirdik.

Elə sonuncu müsahibəsi də Lent.az-da çıxmışdı. Müsahibənin səhəri xəbər gəldi ki, Heydər Əliyev Fondu onu müalicəsini öz üzərinə götürüb. Müalicə olunmaq üçün İsrailə aparacaqlar. Amma Xanım İsrailə gedə bilmədi…Əzrayıl gəldi…

***

Hə, o, Cahandar ağayla məşhurlaşdı təbii. Və etiraf edək ki, bu rol onun boyuna biçilmişdi, sanki. Baxmayaraq ki, İsmayıl Şıxlı, «Dəli Kür»ün müəllifi sınaq çəkilişlərindən sonra Ələddinin ifasına baxandan sonra əlini yelləyib getmişdi: «Bundan Cahandar ağa olmaz». Amma… Amma filmin premyerasında Ələddinin Cahandarını ayaq üstə alqışlamışdı.

Onunla vur-tut bircə dəfə görüşmüşdüm. Nə bilim, bəlkə də 15 il əvvəl. Gəncəçayın kənarındakı restoranda əməlli oturmuşduq da. Bir də, 3 il öncə, Lent.az-a təzə gələn vaxtlarda Gəncəyə getmişdim, onu görmək üçün. Amma qismət deyilmiş. Oğlu Aydın onda demişdi ki, səhhəti çox pisdi. Əsəbiləşir, özündən çıxır. Heç kimlə görüşmək istəmir. Mən də üz vurmamışdım. Elə Aydınla, Gəncə teatrında onunla bir səhnəni bölüşənlərlə söhbət edib qayıtmışdım Bakıya…

Elə bu sətirlər də həmin yazıdandı:

…- Aydın müəllim, o, axırıncı dəfə teatra nə vaxt gəlib?

- Yadımda deyil, hansı tamaşa idi. Amma maşınla gətirdik, qucağımızda düşürdük, baxdı, yenidən evə apardıq.

- Bəs teatrda axırıncı rolu nə olub?

- Səhv eləmirəmsə, “Mahnı dağlarda qaldı”da, Böyük bəy! Hə... Yüz faiz.

***

“Mahnı dağlarda qaldı”…

…Özü də Böyük bəy!

Allah sənə rəhmət eləsin, Böyük Kişi!..

***

Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru…Cavad Heyətdən söhbət gedir.

Təbii, məşhur şəxs idi. Həkim və türkoloq, eləcə də naşir kimi biz onun adını hələ 80-ci illərin sonundan eşitməyə başlamışdıq. Ara-sıra Bakıya da gəlirdi. Deyilənə görə, bu və ya digər klinikalarda açıq ürək əməliyyatı da edirdi.

Amma o, yaddaşımda demək olar ki, heç vaxt əsəbiləşməyən, özündən çıxmayan mərhum Akif Səmədin qapqara, yorğun və əzablı sifəti ilə qaldı. Akif ürək xəstəsi idi. İki dəfə infarkt keçirmişdi. Həmin vaxt işlədiyi AzTV-nin sədri Nizami Xudiyev Akifə demişdi ki, get İrana, Tehrana, Cavad Heyətin yanına. Qoy, ürəyində əməliyyat eləsin. Yoxsa üçüncü infarktdan sağ çıxmayacaqsan. Telekanalın büdcəsindən 3 min dollar pul da ayırmışdı ona. Yadımdadı, Akif necə sevinirdi. Elə özümüz yola salmışdıq. Amma bir həftə sonra Akif çox pis halda geri qayıtmışdı. Çox əsəbi idi, çox. Bir yerdə dura bilmirdi. Məlum olmuşdu ki, Nizami müəllimdən də Tehrana, türkoloq alimə, dünya şöhrətli cərraha, «Varlıq» jurnalının naşirinə çoxlu-çoxlu salamlar aparan Akifə o, elə beləcə də deyibmiş.

- Nizami müəllimə salamımı çatdırın. Amma ağa, bu əməliyyatın qiyməti 6 min dollardır…

***

Yeri gəlmişkən, 28-ci həftədə iki böyük insan da dünyaya əlvida dedi. Bunlardan biri «Boz tülkü», digəri isə «Baba Lera» idi… Biri ömrü boyu Kremlin əleyhinə oldu. 19 yaşında Kremlin divarları önündə antisovet vərəqələr paylayanda «Baba Lera»nı tutub dəlixanaya salmışdılar.

O biri isə öz ləqəbini həyatdan almışdı. Siyasi həyatından. Birini Tiflisdə on minlərlə insan son mənzilə yola saldı. O biri bu gün Moskvada dəfn edilir. Rus estradasının sönməyən ulduzu Puqaçovanın dediyinə görə, onu milyonlar yola salacaq.

Söhbət Şevardnadze və Novodvorskayadan gedirdi…

# 4094 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #