"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?
8 oktyabr 2026
# 16:00

Bu gün ingiliz filosof, feminist yazar və qadın haqları müdafiəçisi Harriet Teylor Millin doğum günüdür.

Kulis.az onun həyat və yaradıcılığı haqqında materialı təqdim edir.

Bir təsisatın və ya adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir.

Harriet Teylor Mill

Harriet Teylor Mill yazıçı, filosof və qadın hüquqları müdafiəçisi olmuş, Con Stüart Mill tərəfindən "tanıdığı ən heyranedici insan" kimi xarakterizə edilmişdir. O, həyatı, əsərləri və ideyaları ilə kamil bir humanist idi: mərhəmətin, ağlın və bu ikisindən doğan ədalət hissinin qızğın tərəfdarı idi.

Uzun illər tarixçilərin nəzərində həyat yoldaşı və əməkdaşı Con Stüart Millin kölgəsində qalsa da, son illərdə onun mühüm təsiri və şəxsi töhfələri, o cümlədən Millin bir sıra əsas əsərlərində fəal həmmüəllifliyi yenidən qiymətləndirilməkdədir. Müəllifi olduğu müstəqil yazıların başlıca mövzuları isə qadın hüquqları, eləcə də dinin mahiyyəti və cəmiyyətə təsiridir.


Harriet Teylor Mill 10 oktyabr 1807-ci ildə cərrah Tomas Hardi və Harrietin (qızlıq soyadı Herst) ailəsində Harriet Hardi olaraq dünyaya gəlmişdir. Yeddi uşaqdan biri olan Harriet evdə təhsil almış və 1826-cı ildə, on səkkiz yaşında Con Teylorla ailə həyatı qurmuşdur. Bu nikahdan onların üç övladı dünyaya gəlmişdir: Herbert, Alcernon və Helen.

O və Con Stüart Mill 1830-cu ildə hər ikisinin üzv olduğu "South Place" (indiki "Conway Hall Ethical Society") icmasının rəhbəri Vilyam Conson Foks tərəfindən tanış ediliblər. Foks Monkyur Konveyin sələfi idi və bu "icmanın" daha humanist bir inanc sisteminə doğru açılmasının əsasını qoymuşdu. Teylor özü də o dövrdə unitar olan, lakin getdikcə humanizmə yaxınlaşan "South Place" çevrəsinin fəal bir üzvü idi və bu mühitdən dərindən təsirlənmişdi. O, burada dahi və dini baxımdan qeyri-ənənəvi düşüncəyə malik digər bir qadınla - musiqiçi və bəstəkar Eliza Flauer ilə yaxın dostluq qurmuşdu.

Teylor və Mill arasındakı bağlılıq dərhal və güclü şəkildə yarandı; o dövr üçün olduqca qeyri-adi bir addım ataraq, Harriet Teylor 1830-cu illərdə ərindən ayrı yaşamağa başladı və Con Stüart Mill ilə sıx intellektual münasibətini davam etdirdi. Harriet 1849-cu ildə xəstə həyat yoldaşına qulluq etmək üçün evə qayıtdı və Con Teylor iki ay sonra xərçəng xəstəliyindən vəfat etdi. Harriet Teylor və Con Stüart Mill iyirmi illik dostluq və sıx məktublaşmadan sonra, 1851-ci ildə evləndilər.

Teylor Millin ən sanballı və müəllifliyi təsdiqlənmiş essesi 1851-ci ilin iyulunda "Westminster Review" jurnalında Con Stüart Millin adı altında dərc olundu. "Qadınların hüquq bərabərliyi" ("The Enfranchisement of Women" ) adlı bu əsər cəmiyyətin tərəqqisi üçün cinslər arasında mütləq bərabərliyin zəruri şərt olduğunu müdafiə edirdi. Essedə bildirilirdi ki, qadınlara "cəmiyyətin kişi vətəndaşları ilə bütün siyasi, mülki və sosial hüquqlarda tam bərabərlik" verilməlidir.

Harriet Teylor Mill 1858-ci ildə, Con Stüart Mill təqaüdə çıxdıqdan dərhal sonra birlikdə səyahət etdikləri Fransada vəfat etdi. Millin onun ölümündən qısa müddət sonra nəşr olunan "Azadlıq haqqında" ("On Liberty") essesi Harriet Teylor Millə həsr edilmişdi: "həqiqət və ədalətə dair uca duyğuları mənim üçün ən güclü təkan olan dosta və həyat yoldaşına." Harrietin nüfuzu məhz Con Stüart Millin sözləri sayəsində bərqərar oldu və qorundu; xüsusilə də Mill öz əsərlərində onun mühüm rolunu dəfələrlə etiraf edirdi. "Azadlıq haqqında" əsəri barədə o yazırdı: "Kitabın ifadə etdiyi bütün düşüncə tərzi birmənalı olaraq ona məxsus idi... "Azadlıq" əsərinin mənim yazdığım hər şeydən daha uzun ömürlü olacağı ehtimal edilir (bəlkə də "Məntiq" istisna olmaqla), çünki onun zəkası ilə mənimkini qovuşması bu kitabı tək bir həqiqətin fəlsəfi dərsliyinə çevirmişdir."

Avtobioqrafiyasında Con Stüart Mill həyat yoldaşını "dərin və güclü duyğulara, nüfuzedici və fəhmli zəkaya, son dərəcə düşüncəli və poetik təbiətə malik bir qadın" kimi təsvir edirdi. Ən əsası, o qeyd edirdi ki, Harrietin ləyaqətlə yaşamaq və başqalarına kömək etmək arzusu hər hansı fövqəltəbii qaydalardan və ya xarici nüfuzlardan deyil, tamamilə onun öz daxilindən qaynaqlanırdı: "Onun fədakarlığı öyrədilmiş bir vəzifələr sistemindən deyil, özünü başqalarının hissləri ilə bütövləşdirən və onların duyğularına öz hisslərinin dərinliyi ilə yanaşaraq çox vaxt onlar üçün həddindən artıq can yandıran bir qəlbdən irəli gəlirdi."

Con Stüart Mill Harrietin əsl humanist simasını belə təsvir edir: "Onda hər cür mövhumatdan (o cümlədən təbiətin və kainatın nizamına saxta bir mükəmməllik aid edənlərdən) tam xilas olma və cəmiyyətin mövcud quruluşunun bir çox cəhətlərinə qarşı səmimi etiraz quru intellektdən deyil, alicənab və ülvi duyğuların gücündən doğurdu və bu xüsusiyyətlər dərin bir ehtiram hissi ilə yanaşı mövcud idi."

Harriet Teylor Millin qızı Helen Teylor da mütərəqqi və mərhəmətli bir islahatçı, anasının humanizminin varisi idi. Helen Teylor etik cəmiyyətlərlə (hansı ki, anasının sağlığında hələ qurulmamışdı) sıx əlaqədə idi və xüsusilə maarifçi və humanist F. C. Qulda olan rəğbətini dilə gətirirdi.

Harriet Teylor Millin təsiri həyat yoldaşının əsərlərində, xüsusən 1869-cu ildə işıq üzü görən "Qadınların tabe edilməsi" ("The Subjection of Women") kitabında, eləcə də həm Millin, həm də ögey qızı Helen Teylorun fəal suffrajist (qadınlara seçki hüququ verilməsi) mübarizəsində aydın görünür.

Bununla yanaşı, onun feminist düşüncəyə və sosial islahatlara daha geniş miqyaslı təsiri getdikcə daha çox etiraf olunur və yüksək qiymətləndirilir.

Teylor Millin həyat və yaradıcılığının təməlində dayanan humanist fəlsəfə də eyni şəkildə böyük ehtiramla qarşılanır.

# 86 dəfə oxunub

Oxşar xəbərlər

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

“Xoşbəxtlik — bir təlxəyin söyüşsüz keçən günü” - Elçin Məhərrəmin yeni şeirləri

14:00 4 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər