Bizim müharibəmiz və dünya ədəbiyyatı

Bizim müharibəmiz və dünya ədəbiyyatı
11 aprel 2016
# 13:19

İsaak Başevtis Zingerin “Qaçaqmalçı” hekayəsində maraqlı bir nüans var: “Əlimi sıxan qonaq əl arabasının dəstəyindən yapışdı. Qapıya qədər ötürərkən şeirlərini oxumaq üçün mənə verməsini bir daha ona təklif elədim.

O, dedi:

- Çox sağ olun. Poeziya indi nəyə qadirdir, axı? Heç nəyə. Faşistlərin də arasında şair təbiətlilər az deyildi. Gündüzlər körpələri beşiklərindən alıb, sobada yandıran bu vəhşilər gecələr həzin şeirlər yazırmışlar. İnanın mənə, bunların biri digərinə hər hansı maneə, əngəl törətmir. Əsla törətmir. Gecəniz xeyrə qalsın”.

Zingerin qaçaqmalçı qəhrəmanı (o, özünü ona görə “qaçaqmalçı” adlandırır ki, yeri-yurdu yoxdu, öz canını, bədənini götürüb qaçır, evdən-evə, sərhəddən-sərhəddə. Onun qaçırtdığı mal-canıdır) həm də şair imiş, əlinə düşən 5-10 dollara qənaət edib dinə, fəlsəfəyə, tarixə aid kitablar alır. Onun öz həyat fəlsəfəsi, dünya, onun yaradılışı və idarə olunması haqqında başqalarından fərqli yanaşması var. Hekayənin son cümlələri tam başqa, fərqli və düşündürücü bir yanaşmanı çözmək üçün pəncərə açdı.

Gündüzlər körpələri beşikdən alıb sobada yandıran faşistlərdən “şair olanlar”ı gecələr həzin şeirlər də yaza bilirmiş. Faşizm və şairlik... “Şair” anlayışına qəliblədiyimiz humanizm, eşq, tərənnüm, heyranlıq, səcdə, sevgi və s. bu kimi ali hisslər necə imkan verə bilər ki, reallıqda, praktik olaraq belə bir ruh sahibi körpəni sobaya atsın və sonra da əllərini çırpıb o körpənin təbəssümünə, məsumluğuna şeir yazsın?

Bu hekayənin qəhrəmanının evlənməməyinin səbəbi də ictimai-siyasi, sosial mahiyyət daşıyır və fəlsəfi yozumla izah edilir. “Evlənməyi, yeni zühur edəcək qatillər üçün dünyaya qurbanlıq insanlar gətirməyi də istəmədim”. Bu yanaşma mənə başqa bir tarixi faktı xatırlatdı. Konqodakı legionerlər ordusunda divizion komandiri olmuş Konqo Müller müsahibəsində insan kəllələri ilə qeyri-adi “eksperimentlər”indən danışır, insan kəllələrini qaynatmağından, qaynadıb qurudub, sonra da xüsusi tozlardan istifadə etməklə həmin kəllələri balacalatmağından şövqlə söhbət açır. Təəccüblüsü isə odur ki, bu adam həm də Motsartın kvartetlərinin kolleksiyasını toplayırmış... İnsan ruhunu müalicə edən, humanizm, eşq, zövq, estetik duyarlılıq formalaşdıran Motsart musiqisi aludəçiliyi və qurudulmuş insan kəlləsi üzərində “əməliyyat” şövqü”! Paradoksal istək və yaşantıların bir insan vücudunda, qəlbində və düşüncəsindəki mövcudluğu faktı insanın bizim düşüncəmizdəki sadə (müsbət və mənfi) xarakteri haqqındakı qənaətimizi alt-üst edir. Deməli, özü bir “mikrodünya” olan insanın daxilində elə dünyanın xarakterindəki bütün ziddiyyətlər, antilər toxumu, rüşeymi mövcud imiş və istənilən vaxt, əlverişli situasiyalarda həmin sindiromlar üzə çıxa bilərmiş…

Təsadüfi deyil ki, diktatorların içərisində vegeterianlar (ət yeməyi günah hesab edənlər), rəssamlar, musiqiçilər, şairlər və s. bu cür ali hisslərlə “işləyən” adamlar da olub.

Müharibə və sülh haqqındakı polemikaların kulminasiyasındakı ziddiyyət də bu cür qeyri-müəyyənliklərlə izah edilir çox vaxt. Patriotizm, qəhrəmanlıq, vətənsevərlik və millətçi olmaq mübarizəsi insan olmaq mücadiləsinin sərhədinə girir hər zaman. Müharibə və qəhrəmanlıqlar tarixindən bəhs edən kitablarda saysız-hesabsız “qəhrəmanlıqla həlak oldu” cümləsi öz semantik yükü ilə bərabər suallar da doğurur: Bu qəhrəman , görəsən, “qəhrəmanlıqla” neçə insan öldürüb? Millətləşmiş, sərhədləşmiş, cəbhələşmiş Adəm övladının şeytani ikiləşməsi, qarşıdurması İnsanın və insanlığın tarixi üçün faciəvi aqibət formalaşdırdı…

Krım müharibəsinin iştirakçısı və dünya ədəbiyyatında müharibə mövzusunda ən dəyərli epopeya yaradıcısı olan L.Tolstoy da müharibə haqqında danışanda və yazanda ikili mövqe nümayiş etdirmək məcburiyyətində olub: Müharibə həmişə diqqətimi cəlb edib, böyük generallar tərəfindən planlanan manevrlər mənasında müharibə yox… ancaq diqqətimi cəlb edən müharibənin, öldürməyin, əslində, nə olduğu idi. Austerlits və Borodinoda orduların necə tənzim edildiyini bilməkdən daha çox bir əsgərin digərini necə və hansı duyğularla öldürdüyünü bilmək istəyirdim”.

Sənədli filmlərin və kitabların müharibə qəhrəmanları isə bu barədə çox zaman belə deyirdilər: Bəzən müharibədə ölmək qorxusunu dəf etmək, öldürmək məcburiyyətindən daha asan gəlir insana, yəni ölmək öldürməkdən rahat görünür…

Tələbələrimdən biri sosial şəbəkədə belə bir status yazmışdı: Hərbi pilotumuz Tebriz bizim yaxınlıgımızda yaşayırdı. Şəhidin nəşi gətirilir bu gun. Indi işə gedərkən insan axını gordum, necə deyərlər iynə atsan yerə duşməz. Bir şey düşündum: insanın ölusu bu qeder dəyərlidirsə, gor canlı olanda, nəfəsi üstündə ikən nece dəyərli imiş. Görəsən, belə dəyərli olmaq, şərəfli ölum yaxşıdı, ya adi, sıradan bir insan kimi yaşamaq? Yoxsa bu bir təsəllidir?” İnsanları böyüdən ölümlər var.... Təbrizi böyüdən, insan axınını nəşi arxasınca çəkən də onun ölümüdür, mahiyyəti bəlli ölüm... ali məqsəd uğrunda ölüm...bu pafos deyil, əziz tələbəm...

Bu gün 25 illik Qarabağ yarasının qaysağını qopartdılar… İlk səs, ilk atəş, ilk güllə hansı tərəfdən atılırsa, atılsın, fərq etməz. Düşmən səngəri də bizim torpaqlarda qazılırsa, bizim dərdimiz, həqiqətən də, deyiləsi, yazılası deyil…

Müharibə həmişə və hər yerdə, tarixin bütün zamanlarında faciələrə tarix yazıb. Oxuduğumuz tarix kitablarında müharibələrin xronologiyasını əzbərləmişik həmişə… Görünür, tarix də özünü müharibəsiz təsəvvür edə bilmir. Müharibələr tarixə möhtəşəmlik, monumentallıq obrazı verir.

Bizim müharibəmizin taleyi, xarakteri də başqadır. Bizim müharibəmiz başqalarının müharibəsinə bənzəməz. Sığınacaq verdiyimiz insanlar bizi evimizdən top-tüfənglə çıxartdı, qarət etdi, dərimizi soydu, gözümüzü çıxardı, məscidlərimizi, maddi və mənəvi sərvətlərimizi talan edib yandırdı, odlara qaladı, ən gözəl şəhərlərdən, rayonlardan sürgün etdi çadırlara, yataqxanalara…

Biz, həqiqətən də, bu müharibədə məsumuq, günahsızıq və haqqı tapdalanmış, əzilmiş, təcavüzə məruz qalmış tərəfik. Fəqət, bu halımızda yerimizdən qımıldanıb evimizə tərəf sürünəndə milli “humanistlərimiz” də istehza ilə “patriotizm donkixotluğu”nda bizi suçlayır. Nə etməli… Xırda bir əşyasından belə keçməyən insanlar torpağı, evi, bağı-bağçası uğrunda mücadilə etmək istəyən insanları “bəşəri”, “qlobal düşüncəli”, “humanist” olmamaqda qınayırlar…

Biz sevdiyimiz, xatırlaya biləcəyimiz nə varsa – daşımız, divarımız, küçəmiz, bazarımız, məktəbə gedən yollarımız, kitabxanamız, məscidimiz, hamamımız, stadionumuz, teatr binamız, “çay evi”miz - hamısı üçün darıxmışıq. Hətta son hadisələr sübut etdi ki, bu darıxma nisgilə yox, mücadilə əzminə çevrilib.

Müharibəni yaşayan və yazan Antuan de-sent Ekzüperini yoldaşları inandırmağa çalışır ki, yazıçı kimi xalqına daha çox xeyir verə bilər. Ona görə də ehtiyata göndərilməsi barədə ərizə yazmasını xahiş edirlər. Ancaq Ekzüperi bu xahişi qəbul etmir və tezliklə onu döyüş bölgəsinə göndərirlər. Böyük yazıçı dostlarına ünvanladığı məktubda yazırdı: “Mən hökmən bu müharibədə iştirak etməliyəm. Çünki mənim sevdiyim müqəddəs nə varsa, hamısı təhlükə altındadır. Provansada meşə yananda əclaflardan qeyri, hamı əllərinə vedrə və kürək alaraq onu söndürməyə çalışır. Mən əclaf olmaq istəmirəm. Mən döyüşmək istəyirəm, məni buna vətənimə olan məhəbbətim və daxili dini ruhum məcbur edir. Belə ağır vəziyyətdə vətənin təhlükədə olmasına biganə qala bilmərəm”.

Görəsən, bu gün eyni durumu yaşayan Azərbaycan əsgərinin, sevdikləri yolunda döyüşmək istəyən Azərbaycan kişisinin A.Ekzüperi kimi düşünməsi qəbahət olmaz ki?

# 1011 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #