Seymurun sərbəst gəzişmələri

Seymurun sərbəst gəzişmələri
31 iyul 2014
# 13:27

Cəlil Cavanşir yazır...

“Əgər pul qazanmaq istəyirsənsə, heç nəyi özünə ar bilməməlisən. Əsas puldur. Pullu olduqdan sonra adamlar ağzından çıxan hər bir sözü aforizm kimi qəbul edəcəklər. Kitab oxuyanlar, şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar sənin süfrəndə əyləşmək üçün növbəyə düzüləcəklər. İstədiyin formada onlarla rəftar edə bilərsən. Sən bir tikə əti göyə atacaqsan və bu şair, yazıçı, rəssam, bəstəkar dəstəsi bir tikə əti göydə qapmaq üçün bir-birilərini didəcəklər. Sən onlara baxıb həzz alacaqsan.” (Seymur Baycan. “Mənim universitetlərim” )

Yuxarıdakı amansız reallıqlar hər gün şapalaq kimi sifətimizə çırpılır. “Əsas puldur” fikrini həftədə yüz dəfə qohum-qardaşdan, tanış-bilişdən eşidib qəzəblə içimizi yeyirik. Baxdığımız filmlərin, oxuduğumuz kitabların dadını qaçırır bu maddiyatçı, əzik düşüncənin məhsulu olan fikirlər...

Bəzən əlimizə gələn qəpik-quruşu xərcləyib bitirəndə, hansısa yazıya, tərcüməyə görə alacağımız qonorar gecikəndə “Əgər pul qazanmaq istəyirsənsə, heç nəyi özünə ar bilməməlisən” fikri bütün gecəni yuxumuzu qaçırır. Səhər açılan kimi...

Yox, elə səhər açılanda da heç nə dəyişmir. Ar bildiklərimiz, yox dediklərimiz, qəbul etmədiklərimiz imkan vermir səhər yuxudan qalxan kimi, bir cəhdlə həyatımızı dəyişməyə. Gündən-günə daha çətininə, daha ağırına qaçırıq. Yuxumuzu, rahatlığımızı, sağlamlığımızı ar bildiyimiz şeylərə qurban veririk. Güzəştlərimiz də az deyil. Amma hələ arımızı çölə atmamışıq, çox şükür. Gözümüzün önündə göyə atılan tikənin qoxusuna yığışan şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar atılıb-düşdükcə, yaltaqlaşdıqca, yala hürdükcə içimizdə nələrsə çilik-çilik olub tökülür, nələrsə məhv olur...

Seymurun “Həyatımın ən xoşbəxt günü” hekayələr toplusunda yaşadığımız cəmiyyətin naqisliklərini, iyrənc tərəflərini, insanların nadürüstlüklərini ifşa edir.

Kitabı çoxdan alsam da, oxumağa fürsətim olmamışdı. Bu günlərdə Seymurla görüşüb xeyli söhbətləşdik, sənətdən, ədəbiyyatdan, yazdıqlarımızdan, yazacaqlarımızdan, məmləkətimizin güzəranından danışdıq. Seymur söhbətarası son hekayələr kitabını oxuyub oxumadığımı soruşdu və yadıma düşdü ki, kitab çoxdan masamın üstündə yolumu gözləyir.

Tətilin ikinci günü dünyadan təcrid olunub mütaliəyə girişdim. Seymurun yaradıcılığı ilə tanış olanlar bilir ki, onun bədii yaradıcılığını birnəfəsə oxumaq ləzzət eləmir. Gərək aramla, qeydlərini yaza-yaza oxuyasan. Birnəfəsə oxudunsa yenidən geri qayıtmağa, rabitəni bərpa etməyə məcbur olursan.

“Həyatımın ən xoşbəxt günü” toplusunda Seymurun 9 hekayəsi yer alıb. Demək olar ki, bütün hekayələrdə Seymur uşaqlığına, yeniyetməliyinə, erkən gəncliyinə ekskurs edir, sovetlərin çöküşündən sonrakı 20 ildən artıq zaman kəsiyində baş verənlərə özünəməxsus münasibət sərgiləyir.

Hekayə yazılı ədəbiyyatın ən çətin janrlarından biridir. Məncə, Seymur bu çətin janrda həddindən artıq sərbəst gəzişmələr edir. "Məktub yetişmədi", "Adını qoya bilmədiyim hekayə", "Köhnə kişi" hekayələrində Seymurun bu sərbəstliyi (qeyri-peşəkarlığı, məsuliyyətsizliyi, uğursuzluğu yox, məhz sərbəstliyi!) özünü doğrultmasa da, bu ruh digər hekayələrdə özünü kifayət qədər doğruldur. Təhkiyə, hadisələrə münasibət oxucunu öz cazibəsində saxlaya bilir. Ümumiyyətlə, Seymurun peşəkarlığı sərbəst manevr imkanlarını artırır.

Hekayə janrı digər kiçik həcmli əsərlər kimi ən aktual həyat problemlərinin bədii şərhini vermək, ictimai varlığın ən ümdə detallarını obrazlara çevirmək, həyatı bədii lövhələrlə canlandırmaq iqtidarındadır. Müasir nəsrimizdə Şərif, Seymur, Mirmehdi və başqaları bu imkanlardan peşəkarcasına istifadə edirlər.

Həcm etibarilə kiçik olmasına baxmayaraq, yaxşı hekayə çox vaxt ifadə etdiyi fikirlərə, təsvir etdiyi hadisələrə və toxunduğu bədii mətləblərə görə romanlarla yanaşı qoyulmaq hüququ qazanır. Məsələn, Seymurun kitabındakı sonuncu hekayə – “Mənim universitetlərim” romanla yanaşı qoyulacaq hekayələrdəndir. Hekayədəki zəngin həyat detalları, psixoloji məqamlar, obrazların bütövlüyü bu fikrimizi təsdiqləyir.

Seymur Baycanın “Həyatımın ən xoşbəxt günü” kitabını oxuyub cəsarətlə dostlarınıza, yaxınlarınıza tövsiyə edə bilərsiniz.

Çünki bu kitabda siz də, tanışlarınız da, uzaq qohumlarınız da var. Bir sözlə bu kitabda sovetin çöküşündən sonrakı Azərbaycan və Azərbaycan insanı var.

# 3199 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #