İntihara qədərkilər - ARAŞDIRMA

İntihara qədərkilər - ARAŞDIRMA
30 mart 2013
# 08:00

Qismət: “Bizim böyük çarəsizliyimiz və ya yarımçıq modernizm bəlası” məqaləsinin birinci hissəsi: Modernizm nədir?

Cəmiyyət, siyasət, iqtisadiyyat, elm, din və s sahələrdəki sürəkli inkişaf nəticəsində insanla cəmiyyət, insanla insan arasında qopmalar, parçalanmalar yaranır. Buna ümumi olaraq özgələşmə deyirlər. Koroğlunu xatırlayın, "silah çıxdı, mərdlik bitdi."

Bu vəziyyət insanın özünü yerində, evində hiss etməməsi, özünü başqaları ilə birgə bir sürgündə sanması, qədim mətnlərdə, nağıllarda, dastanlarda rastımıza çıxan çox qədim bir duyğudur. Məsələn, bütpərəstlik dövrünü xatırlayın, insanlar öz yaratdıqlarına ibadət etməyə, öz yaratıqlarını müqəddəs saymağa başlamışdılar. Öz əlləri ilə yaratdıqlarını tanrı etmişdilər və ondan imdad diləyirdilər.

Çağdaş dövrdə özgələşmə problemi fərd olmaqla başlayır. Fərd olan insan duyğu, düşüncə hazırlığı ilə dünyaya orta statistik adamlardan fərqli yanaşır və nəticədə cəmiyyətə, adamlara qarşı özgələşir. Modernləşmə ərəfəsində ağıldan istifadə etməyə başlayan insan, müstəqil düşünmək, hərəkət etmək, cəmiyyətin daşlaşmış qaydalarından kənara çıxa bilmək hüququ əldə etdi və beləcə özgələşmənin ilk pilləsinə ayaq basdı.

Modernizmdən əvvəlki dövrdə (pre-modern) özgələşmənin mərkəzində fərd dayanmırdı. O dönəmdə daha çox insanın cəmiyyətlə əlaqəsi kontekstində özgələşmə vardı. O zaman özgələşmə əsasən iki formada idi : cəmiyyətin adətlərinə riayət etməmək və ya qəbul olunmuş dini anlayışlardan uzaqlaşma aparıcı idi. Eynilə indi bizim cəmiyyətdə olduğu kimi. Bizdə indi xeyli postmodernizmə iddialı müəlliflər var ki, pre-modernizm dövrünün məsələləri ilə əlləşirlər.

Özgələşməni şərti olaraq iki yerə bölmək olar : ümumi özgələşmə və fərdi özgələşmə. Modernist roman fiqurunun özgələşməsi ikinci tipə, yəni fərdi özgələşməyə aiddir. Fərdi özgələşmə üç mərhələdə təzahür edir :

1. Passiv üsyan

Passiv üsyan cəmiyyətin dəyərlərinə tənqidi münasibətin akta çevrilməyən, içdə yaşanan vəziyyətidir. Mənsub olduğu mədəniyyətə qarşı tənqidi münasibət bəsləmə, ondan uzaqlaşma və alternativ yollar axtarmaq passiv üsyan üçün xarakterikdir. Lakin passiv üsyanda narazılıq, tənqidi münasibət heç vaxt akta çevrilmir.

2. Anomiya

Anomiya ( yunanca qaydasız deməkdir ) fərdi özgələşmənin ən xarakterik halıdır. Bu anlayışı ilk dəfə fransız sosioloqu Emil Durkhaym işləyib. Anomiya sürətli ictimai dəyişikliklər zamanı dəyərlər sistemi və normativ strukturun cəmiyyətlə əlaqəsinin pozulması, eləcə də cəmiyyəti əmələ gətirən fərdlərin öz davranış, düşüncə və hərəkətlərində istiqamətverici tərəflərini itirməsidir.

Amerikan sosioloqu Robert Merton anomiyanı belə ifadə edir : "Anomiya fərdin hamı tərəfindən təsdiq edilmiş istedadı ilə, həm özü, həm də cəmiyyət tərəfindən müəyyənləşmiş hədəflərini reallaşdırmasına icazə verilməməsidir."

Anomik vəziyyət özü də müxtəlif cür ola bilər :

a) cəmiyyətdən izolə olmaq

İzolyasiya iki cür özünü göstərir ; birincisi, yaşadığı cəmiyyətdə narahat olan, ona uyğunlaşa bilməyən fərdin öz seçimi ilə özgələşməsi, ikincisi isə cəmiyyətin fərqli düşünən, ona uyğunlaşmayan, onu qəbul etməyən fərdi uzaqlaşdırması, itələməsi nəticəsində olan özgələşmə.Modernist roman fiquru üçün birinci vəziyyət, yəni öz seçimi ilə yadlaşma xarakterikdir.

b) rabitəsizlik

Rabitəsizlik mübadilə imkanlarının olmaması ilə bağlıdır. İnsanın öz-özüylə məhdudlaşması, ətrafdakı insanlarla ünsiyyətə girə bilməməsi rabitəsizliyə gətirib çıxarır. Modernist roman qəhrəmanının başlıca özəlliklərindən biri də çevrəsindəki insanlarla ünsiyyət yarada bilməməsidir.

c) güvənsizlik

Güvənsizlik psixoloji zəifliklə bağlıdır. İnsanın öz gələcəyini özünün yox, kənar təsirlərin, taleyin, şansın, ya da cəmiyyətdəki ayrı-ayrı qurumların müəyyənləşdirməsinə inam bu vəziyyət üçün xarakterikdir. Ağıl vasitəsilə ətrafdakı şeyləri qavraya bilməyən, öz taleyini qurmaqda, gələcəyini müəyyənləşdirməkdə özünü aciz hesab və bunun nəticəsində də özünə güvəni azalan fərdin bu vəziyyəti modernist roman üçün həmişə başlıca mövzulardan olub.

ç) mənasızlıq/ boşluq

Mənasızlıq/boşluq ətrafında baş verənləri dərk edə bilməyən, onları mənalandıra bilməyən fərdin öz daxili dünyasında boşluğa yuvarlanma vəziyyətidir. Onu ikinci plana atan, dəyərsiz görən mühit qarşısında fərdin bu mühiti mənasız, məqsədsiz, boş sayması da modern roman qəhrəmanlarının dünyası üçün xarakterikdir.

d) idealsızlıq

İnsanın ideallarının vektoru həmişə gələcəyədir.İdealların olması dünyayla bağlarının olması, ümidlər olması deməkdir. Gələcəyənin necə olacağı haqqında heç bir fikir sahibi olmayan modern fərdin bu ümidsiz vəziyyəti onu idealsızlığa gətirib çıxarır. Modernist romanın protaqonist qəhrəmanı da idealsız ola bilər.

e) özünü dəyərsiz sayma

Kapitalist dünyasında, maddi dəyərlərin ön plana çıxdığı bir mühitdə, bu imkanlara sahib olmayan fərdlər özlərini dəyərsiz sayma vəziyyətinə düşürlər. Bu vəziyyət mənasızlıq/boşluq hissi ilə paralel inkişaf edir.

3. İntihar

Anomik vəziyyətin ən son həddi intihardır. Durkhaym 1897-ci ildə intihar haqqında yazdığı kitabda intiharı bir neçə yerə bölür : eqoist, adət-ənənəyə uyğun intihar və qaydasız intihar. Fərd cəmiyyətə uyğunlaşa bilməyəndə, öz varlıqlarları ilə çox əlləşəndə ortaya çıxan intihar eqoist intihardır, əksinə fərdin cəmiyyətlə uyğunlaşıb, onun qaydaları içində özünü öldürməsi adət-ənənəyə uyğun intihardır. Məsələn, yapon cəmiyyətindəki fərdin uğursuzluğa düşəndə özünü öldürməsi. Sonuncu isə ictimai və ya iqtisadi, hərbi-siyasi dəyişmələrə, çevrilmələrə uyğunlaşa bilməyəcəyini zənn edən fərdin intiharıdır. Sveyqi xatırlayın.

Gələn yazı isə modern romanın yazı texnikası haqdadır..

# 3867 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #