Evli qadınla olmaz, heç olmaz

Evli qadınla olmaz, heç olmaz
5 aprel 2013
# 07:45

Əvvəllər dostlarla tez-tez yığışdığımız kafelərdən birində idim. Tək oturmuşdum. Kimsəyə deməmişdim bura gələcəyimi. Məndə hərdən olur. Dostlara xəbər etmədən dostlarla görüşdüyümüz yerlərə tək gedib dostları xatırlayıram.


Amma bu dəfə səbəb başqa idi. Bir həftə əvvəl bir nəfər görüşmək istədiyini demişdi. Mən də ona bir həftə sonra filan saatda, filan kafedə olacağımı bildirmişdim...


Gəlib-gəlməməyi elə də fərq etmirdi. Amma hər halda dediyim vaxtda, dediyim yerdə idim. Oturub pivə içirdim. Arada ofisiant yaxınlaşıb bir şey istəyib-istəmədiyimi soruşurdu. Hələ imkan var idi, bir qadın dostumla burada keçirdiyimiz maraqlı günlərdən birini seçib xatırlayırdım. Dostum şıltaqlığına yenicə başlamışdı ki, kənar səs xəyalları dağıtdı. Maraqlıdı, insan xəyalı da güzgü kimidir. Hər şeyi olduğu kimi göstərsə də, qəfil toxunuşla sınıb çiliklənə bilir...


Başımı qaldırdım. Bir həftə əvvəlin təxmini söhbəti ciddiləşmişdi. Görüşmək istəyən başımın üzərində ayaq üstə dayanıb məni salamlayırdı. Yanımda yer göstərdim. Mənə elə gəldi ki, o tərəddüd edir. Çox tərəddüd edir. Mən belə adamlarla üzbəüz oturmağın əleyhinəyəm. Yanaşı otur, qoy rahat olsun...


- Bir məsələ barədə danışmaq istəyirəm səninlə-deyib oturdu.

- Gəlmisənsə demək ki, deyəcəklərin var. Nə içirsən?-soruşdum.

- Heç nə - dedi - tez gedəcəm.

Başqa heç nə soruşmadım. Pivə bakalına baxırdım. Bir qədər sonra özünü sərbəst göstərməyə çalışaraq-nədənsə mənə elə gəlirdi ki, o bunu düşünülmüş şəkildə edir-dilləndi:


- Necədi işlər?


- İşlərdi də, maraqlı etməsək, maraqlı olmur.

- Amma günlərin pis keçmir deyəsən.


- Çalışırıq bada verməyək ki, ömür maraqlı keçsin.


- Keçir?


- Əlbəttə.


Bir müddət sakitlik yarandı. Ofisiant yaxınlaşdı. Bir şey istəmirsiniz-deyə soruşub cavab gözlədi.

- Bəlkə bir çay içəsən?-Bu dəfə mən yanımdakına səsləndim.

- Yox-dedi-tez gedəcəm.

Ofisiant getdi...


Kafenin uzağından gələn musiqi ilə qonşu masadan qalxan siqaret tüstüsü bir-bir birinə çox oxşayırdı. Gitara səsi ilə siqaret tüstüsünün rəqsinə ilk dəfə idi ki, fikir verirdim. Ara bir girib çıxan adamlar barmenin yanındakı lampanın qabağından keçəndə onsuz da yarıqaranlıq kafe bir az da gecələşirdi. Bütün bunları müşahidə etdiyimin fərqinə varanda anladım ki, darıxmağa başlamışam...


Ofisiant gəldi:

- Bir şey istəmirsiniz?

Bu dəfə o cavab verdi:

- Bir bakal pivə gətirin.

- Bəlkə gətirməsin? Mən indi gedirəm-astadan dilləndim.

- Onda lazım deyil-deyib pivədən ikinci dəfə imtina etdi.

Ofisiant getdi.

Barmaqlarını masadakı külqabının kənarlarında gəzdirə-gəzdirə dilləndi:


- Niyə soruşmursan səninlə görüşmək istəməyimin səbəbini ?

- Maraqlı deyil. Lazım olsa deyəcəksən də.

- Çox maraqlıdı həyatın?

- Bəs edir.

- Nədi maraqlı eləyən?

- Bilmirəm... Yəqin ki, yaxınlar, yazılar, dostlar, kitablar. Bir az da ağrılar-acılar...

- Qadınlar, filan... görüşüb yatdıqların da olur yəqin ki?

- Elə də olur...

Ani tərəddüddən sonra - yəqin ki, mənim suallara laqeydliyimi görüb-bir az da dərinə getdi:

- Təxminən hansı qadınlarla olub belə şeylər? O qadınların kimliyini deyirəm...

Hiss edirdim ki, mənə baxır. Barmağımla pivə bakalının üzərindəki tərdə fiqurlar çəkməkdə davam edərək qısaca cavab verdim:

- Sənin həyat yoldaşın yoxdu onların sırasında...

Yuxum gəlirdi. Darıxdırıcı sükutu ofisiant pozdu:

- Bir şey istəmirsiniz?

- Mən bir bakal da pivə-dedim. O yüz qram araq istədi...


Arağı içib qalxdı. Üzünə baxdım. Spirtin naxışları hələ sifətində idi. Hesabı vermək istədi. Qoymadım. Getdi.

-Ey!-qapıya çatanda arxadan səsləndim-evli qadınla olmaz. Heç olmaz! Düz deyil...

Heç nə deməyib kafedən çıxdı. Bir türk dostumuz var. Az sonra o gəldi. Əlində də pivəsi. Salam verib hal-əhval tutdu. Bəlkə də təkliyimin halıma yaraşdığını görüb cəmi beş dəqiqə oturdu yanımda... Sonra təklik də maraqsız oldu. Ofisiant gəldi (məncə ofisiantlar dünyada başqalarından nə istədiyini ən çox soruşan adamlardı. Bəlli ki, müştərilərdən tez-tez nə istədiklərini soruşmaqla onlara nələrsə istətmək istəyir ofisiantlar. Amma səhərdən axşamacan ofisiantların gerçək istədiyi iş vaxtının tez başa çatması və müştərilərin cəhənnəm olub getməsidir. Ən azı bir az da özlərinə xidmət etmək üçün :)


- Bir şey istəmirsiniz?


- İstəyirəm.

- Nə?

- Getmək istəyirəm...

Ofisiant ilk dəfə gülümsündü. Hesabı verib çıxdım. Tək olanda Bakının Fəvvarələr Meydanını daha çox sevirəm. Nəsə adamlar mənə daha günahsız görünür belə anlarda. İnsan tənhalıqda daha mərhəmətli olur məncə. Nə yaxşı ki, Allah təkdir. Yəqin elə onun mərhəməti də tənhalığındandı-düşünürəm. Bəzən yanında danışıb diqqətini yayındıran kimsənin olmamağı nə qədər xoşdu...


Bir neçə gün sonra telefonuma zəng gəldi. Uzaqdan tanıdığım bir xanım idi. Dönə-dönə məndən üzür istəyirdi:


- Bilmirəm yoldaşım sizə nə deyib. Amma inanın ki, günah məndədi. Heç istəməzdim belə olsun. Bilsəm qoymazdım. Lütfən ondan inciməyin. Mən ona demişdim ki, sizdən xoşum gəlir. Hətta içimdən sizinlə görüşmək, birlikdə olmaq keçdiyini də gizlətməmişdim.


- Narahat olmayın-dedim, əslində o mənə heç nə deməyib.
Xanım sanki məni eşitmirmiş kimi pərakəndə cümlələrlə davam edirdi: ”Mən nə bilim belə olacaq. Bir neçə ay əvvəl olmuşdu bu söhbət aramızda. Ağlıma da gəlməzdi ki, məsələ bu boyda böyüyər. Hələ soruşdu da ki, niyə sizi belə xoşlayıram. Dedim "nəsə mənə maraqlıdır o adam". Mən nə bilim belə olar...

Telefonda səs boğuldu. Sonra hıçqırıqlara bölündü:

- Siz Allah məni bağışlayın. İstəməzdim belə olsun...

Bu yaraşıqlı xanımın burun suyu ilə göz yaşının qarışığının dadını hiss etdim. Könlümdən keçdi. İstədim onu. Amma elə o andaca xatırladım ki, olmaz. Evli qadınla heç olmaz...

# 9810 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #