Tehrandan insan mənzərələri

Tehrandan insan mənzərələri
24 iyun 2014
# 12:56

Svetlana Turan

Hava Bakıdakından daha istidir. Amma bu şəhərin insanları həmvətənlərimdən daha soyuqdurlar. Hotel foyesinin pəncərəsi önündə dayanıb küçəyə tamaşa edirəm. Mənzərənin yarıdan çoxunu örtüklər (məhz örtük, çadraların sayı gözlədiyimdən fərqli olaraq, xeyli azdır) tutub. İçəri istidir, mənsə hazırda olduğum ölkənin qanunlarına tabe olaraq başıma bağladığım örtüyü nə qədər dartışdırsam da, özümü onu açmaqdan saxlayıram.

Bura Tehrandır. Böyük ölkənin əhalisinin 20 milyonunu özünə sığdıran, şəhərdən çox böyük bir kəndə bənzəyən paytaxt.

Elə ilk baxışdan bu fikir formalaşır ki, şəhərin evlərini kim necə istəyib elə də tikib. O dəqiqə aydın olur ki, şəhərin vahid memarlıq xətti yoxdur. Bu mənzərə qarşısında ağlımdakı suallardan birincisi: bu şəhərin tarixi varmı, yoxsa elə bu gün, uzağı, dünən tikiblər bu bir-birinə yapışmış, hərəsi bir cürə olan, amma heç birinin pəncərəsi qonşusunun pəncərəsinə baxmayan binaları?

Var! Ancaq onun tarixini görmək üçün mərkəzdən kənara doğru getməlisən (Bakının əksinə olaraq).

Biz də getdik – İran şahlarının qış sarayı Kah Niavarana.

Bakı muzeyləri məndə çox mənfi vərdiş formalaşdırıb: muzeyi tənhalıqda, səssizlikdə gəzib-dolaşmaq, hər hansı obyekti ürəyim istəyən qədər seyr etmək və bu zaman narahat edilməmək (Muzeylərimizin ziyarətçi tərəfdən kasad olması danılmaz və utanc verici həqiqətdir).

Kah Niavaranda əvvəlcə bir az əsəbiləşməli oldum. İş günü olmasına baxmayaraq, muzeydə ziyarətçi əlindən tərpənməyə yer yox idi. Bir tərəfdən oğlanlar mədrəsəsinin əlliyə yaxın aşağı sinif şagirdi, digər tərəfdən qızlar mədrəsəsinin səksənə yaxın yuxarı sinif şagirdi, saysız-hesabsız cavan cütlüklər, orta yaşlı kişilər və bu qədər farsın fonunda əcnəbi olan təkcə mənimlə həyat yoldaşım, bir də gözlərinin forması ilə “Mən Uzaq Şərqdənəm” deyən iki xanım.

Əsəbimin ən pik həddində məni qəflətən gülmək tutdu. Bu ki, əladır! Gör burada nə qədər adam, özü də iş günündə muzeyə gəlir. Muzeyin 15 salonunun hər birinə ödənişin ayrı-ayrılıqda olmasına baxmayaraq, ölkənin vətəndaşları öz tarixinə laqeyd qalmır, vaxt və pul ayırıb buraya gəlir, hər bir obyekti insan sıxlığına fikir vermədən diqqətlə izləyir və müşahidə edirlər. Bundan gözəl nə ola bilər ki?!

Bəs bizdə niyə belə deyil? Niyə bizim muzeylərimizə gedənlərin sayı bu qədər azdır? Niyə mən İran şahlarının sarayına gedib son dəfə Məhəmməd Rza Pəhləvinin arvadı Fərəh xanımın zövqünə uyğun bəzədilmiş otaqları bir-bir, ağzıaçıq gəzib dolaşaraq hər bir detalın möhtəşəmliyi qarşısında söz tapmadığım halda, öz ölkəmin Şirvanşahlar sarayı kimi qədim abidəsinin yalnız daşlardan ibarət (məsələn, məscid və hamam), mənə tarixim barəsində çox az şey deyən yerlərini ziyarət etməklə yetinməli və düz yeddinci sinifdən tutmuş (Şirvanşahlar sarayına ilk dəfə onda getmişdim) indiyədək (son dəfə ötən ilin oktyabrında orada olmuşam) bələdçilərin şah sarayının bərpa prosesində olması haqda bəhanələrinə etiraz etməyib öz şahlarımın sarayını görməməliyəm?

Tehrandakı tanışımıza saraydan aldığım təəssüratımdan danışdıqda o mənə orada əvvəllər olmuş bir sıra əşyaların indi, heyf ki, daha olmadığını dedi. Bunun səbəbini soruşduqda gözləmədiyim bir cavab aldım. Demə, İranda məmur uşaqları muzeylərdə ürəklərinə yatan hər hansı əşyanı əldə edə bilirlərmiş!

Bunu eşidən kimi içimdə bir sual baş qaldırdı: yoxsa elə bizdə də vəziyyət bu cürdür?

Bəlkə, məhz bu səbəbdən şah sarayına illərdir ki, heç bir ziyarətçini buraxmırlar?

Bəlkə, bizim məmur övladlarına da öz var-dövlətləri bəs etmir, əllərini xalqın sərvətinə, tarixinə vicdanları sızlamadan uzadırlar?

Fikirlərimdən ayrılıb yenə də özümü pəncərənin önündə tapıram. Gözüm yenə də örtüklərə dikilir. Onları bu istidə bağlayan qadınlara örtükləri çıxarmaq əmri verilsə, neçəsi ona əməl etməz?! Ağlımda daha bir sual yaranır: görəsən, hansı yaxşıdır, bizim kimi görünməz maska ilə maskalanmaq, yoxsa onlar kimi görünən maska ilə? Hansı halda insan daha səmimidir? Hansı halda daha çox insandır?

(ardı var...)

# 4573 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #