Dünya ədəbiyyatı korifeylərinin əsərlərini dilimizə tərcümə edən şair

Dünya ədəbiyyatı korifeylərinin əsərlərini  dilimizə tərcümə edən şair
10 noyabr 2025
# 12:00

10 noyabr tanınmış şair, nasir, tərcüməçi Mikayıl Rzaquluzadənin anım günüdür.

Kulis.az bu münasibətlə İsmixan Rəhimovun "Görkəmli tərcüməçi - Mikayıl Rzaquluzadə" yazısını ixtisarla təqdim edir.



Azərbaycan xalqının ən inkişaf etmiş mədəni xalqların səviyyəsində tez bir zamanda bəlkə də bəşəriyyət tarixində misli görünməmiş bir sürətlə yüksəlməsini təmin etmiş son dərəcə təvazökar, çox vaxt öz fərdi yaradıcılıqlarından ümumi mədəni inkişaf naminə əl çəkmiş, mədəniyyət fədailərindən, sözün ən yüksək mənasında maarifpərvər sənətkarlarından biri də Mikayıl Rzaquluzadə olmuşdur.

Bu gün biz Homerin, Evripidin, Şekspirin, Rablenin, Şillerin, Puşkinin, Hüqonun, Bayronun əsərlərini doğma mədəniyyətimizin tərkib hissəsi kimi qəbul edir, doğulduğumuz gündən boya başa çatana kimi, lap püxtələşənə kimi bizi əhatə edən yüksək səviyyəli mədəni atmosferi təbii, həmişə mövcud olmuş bir hal kimi qəbul edir və bəlkə də haqlı olaraq yaddan çıxarırıq ki, dünya mədəniyyətini bizim mənəvi sərvətimizə çevirmiş konkret adamlar - tərcüməçilər mövcud olmuşdur. Azərbaycan tərcüməçiləri arasında ən çox səmərəli, məqsədəuyğun fəaliyyət göstərənlərdən biri də Mikayıl Rzaquluzadə olmuşdur.

Çoxillik ədəbi yaradıcılığını əsasən tərcümə işinə həsr etmiş bu istedadlı ədib dünyanın müxtəlif xalqlarının klassiklərinin əsərlərini dilimizə tərcümə edərək oxucularımızın böyük hörmət və rəğbətini qazanmışdır. Onun sənətkarlıqla tərcümə etdiyi əsərlərin coğrafi hüdudları və mövzusu genişdir. O, Qərbi Avropa ədiblərindən Şiller, Düma, Svift, Anderson, Skott, Bayron, Heyne, qədim ədəbiyyat nümunələrindən Homer, Evripid, Aristofan, Amerika ədəbiyyatından T.Oldric, C.London, hind ədəbiyyatından Taqor, türk ədəbiyyatından T.Fikrət, Rəşad Nuri Güntəkin, rus klassik və müasir ədəbiyyatından Qoqol, Turgenev, Gertsen, L.Tolstoy, Qorki, Şoloxov, A.Tolstoy, Korneyçuk, G.Markov və başqalarının ədəbi nümunələrini otuz ildən çox bir vaxt ərzində tərcümə etmiş və doğma ədəbiyyatımızı nadir əsərlər silsiləsi ilə zənginləşdirmişdir.

Özünə qarşı tələbkar olan bu tərcüməçi dövründən və məkanından asılı olmayaraq, hər bir əsər üzərində uzun müddət yaradıcılıq işi aparmış, hər bir dövrü ədəbi mühiti və müraciət etdiyi ədibin şəxsi həyatını dərindən öyrənmiş və buna görə də, orcinalla səsləşən, uğurlu tərcümə əsərləri yarada bilmişdir. M.Rzaquluzadənin yaradıcılığında fərdi və tərcümə, habelə ictimai-maarifçilik fəaliyyəti üzvü vəhdətdə birləşir və biri-birini tamamlayır. Bu tərəfləri bir-birindən təcrid olunmuş şəkildə öyrənmək mümkün deyildir. Yazıçının çoxşaxəli fəaliyyətinin bəzi əsas cəhətlərini nəzərdən keçirək. M.Rzaquluzadə 1905-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini yeni üsul ilə təşkil edilmiş «mədrəseyi –nur» məktəbində almışdır. Sonralar M.Rzaquluzadə «rus-müsəlman» məktəbində oxumuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra həmin məktəb Şura Zəhmət məktəbinə, daha sonra isə Birinci Azərbaycan Pedaqoji İnstitutunun nəznində «A.Şaiq adına məktəb»ə çevrildi. Rzaquluzadə bu məktəbi bitirdikdən sonra Ali Pedaqoji İnstituta imtahan vermiş və 1926-27-ci illərdə həmin institutun tarix və ədəbiyyat fakültəsində oxumuşdur.

Bu fakültəni bitirdikdən sonra 1927-1931-ci illərdə Gəncə Pedaqoji Texnikumunda ədəbiyyat və pedaqoqika müəllimi vəzifəsində çalışmışdır. 1931-34-cü illərdə o Moskva İkinci Dövlət Universiteti İnstitutunda aspiranturanı bitirib Bakıya qayıtmışdır. Aspirantura təhsilini bitirdikdən sonra 1934-35-ci illərdə Bakı Dövlət Elmi-tədqiqat Pedaqoqika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi vəzifəsində işləməklə yanaşı, Rzaquluzadə Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi və redaktor vəzifələrini aparmışdır. Daha sonra «İnqilab və mədəniyyət» curnalında məsul katib, «Azərbaycan» curnalında baş redaktor müavini kimi vəzifələrdə çalışmışdır. 1934-cü ildən başlayaraq ədəbi fəaliyyətlə – yazıçılıq, mütərçimlik və redaktorluqla məşğul olmuşdr. Rzaquluzadənin bir ədib kimi yetişməsində ona dərs deyən müəllimlərin böyük rolu olmuşdur.

Özünün qeyd etdiyi kimi, dil və ədəbiyyata meyl və rəğbətini ilk səbəbkarları hələ «Rusi–müsəlmani» məktəbdə dərsdən kənar oxuduğu kitablar olmuşsa da, bunu istiqamətləndirən müəllimi Əlaiddin Əfəndiyev olmuşdur. «Edai» məktəbində oxuduğu zaman Azərbaycanın görkəmli maarif xadimlərindən Abdulla Şaiq, Camobəy Cəbrayılbəyli, Məmmədbəy Əfəndiyev, Qafur Rəşad M.Rzaquluzadənin istəkli müəllimləri idilər. Bu barədə M.Rzaquluzadə yazırdı: «Bu «Edai» dövrü mənim üçün qəti dönüş, xüsusən mənəvi ata saydığım Abdulla Şaiq mənim o zaman idealım oldu, qərara aldım: müəllim olacağamAbdulla Şaiq kimi». M.Rzaquluzadənin hələ 1923-cü ildə A.Şaiqin Pedaqoji fəaliyyətinə həsr edilmiş «Talıbzadə Şaiq» kitabında «müəllim» adlı ilk şeri çap olunmuşdu. İnstitutda oxuyarkən «Örnək» adlı məcmuədə «M.R.4, M» və «Mim Re» imzaları ilə şerlər çap etdirmişdir. M.Rzaquluzadənin zəhmət həyatı həmişə maarif işi ilə əlaqədar olmuşdur. 1922-1923-cü illərdə Azərbaycan hərbi Komirsallığında curnalist, Əzizbəyov adına, Sabir adına kitabxanalarda və Bakının fəhlə rayonlarında kitabxanaçı, Pedaqoji İnstitutda kitabxana müdiri vəzifəsində işlədiyi müddətdə həmişə gənclərin tərbiyə və təlimi işində fəal iştirak etmişdir. M.Rzaquluzadə yalnız təhsilinə görə deyil, həyat mövqeyinə, istedadına görə müəllim olmuş, harda olursa olsun, nə işlə məşğul olursa olsun daim məktəb və tərbiyə baxımından mədəniyyət işlərini qurmağa cəhd etmişdir. 1938-ci ildən fasiləsiz olaraq ömrünün sonuna kimi müxtəlif siniflər üçün ədəbiyyat dərsliklərinin müəlliflərindən biri olmuşdur.

Onun tərtib etdiyi dərsliklər günün tələblərinə cavab vermiş, müasir elmi-Pedaqoji konsepsiyaya əsaslanmış, şagirdlərə vətənpərvərlik, sədaqət, doğruluq hisslərini aşılandırmaq işində böyük rol oynamışdır. M.Rzaquluzadənin iştirakı ilə tərtib olunmuş dərslikləri pedaqoqlarımız yüksək qiymətləndirmişlər: «Müəlliflər klassik, dərslik yaradılması üsulunun ən mütərəqqi cəhətlərindən istifadə edərək hazırki tələblərə cavab verən müasir ruhlu dərslik yaratmağa çalışmışlar» /Ağayev Əcdər, M.Rzaquluzadə və Ş.Mikayılovun 4-cü sinif üçün Ədəbiyyat dərsliyi» haqqında, «Azərbaycan müəllimi», 1971, 11 iyun /.

M.Rzaquluzadə istər tənqidi məqalələrində, istərsə də bədii yaradıcılığında tərbiyyəviliyi ədəbiyyatın başlıca keyfiyyət və vəzifəsi bilirdi. Onun uşaqlar üçün yazdığı əsərlər ümumiyyətlə insanı nəcib, sağlam ruhda tərbiyyələndirmiş, Rzaquluzadə şeri həm məzmun, həm də forma cəhətdən bu nəcib vəzifəni yerinə yetirməyə yönəlmişdir. Onun yaradıcılığında Vətən sevgisi, sülh, azadlıq və qəhrəmanlıq mövzuları geniş yer tutur. O, uşaq psixologiyasını gözəl bildiyi üçün uşaqların dünyagörüşünə və təfəkkürünə uyğun olan tərbiyəvi cəhətdən əhəmiyyətli epizodlar seçməyi bacarmışdır. Rzaquluzadənin şerləri uşaq qəlbinə birbaşa sirayət edə bilən, beyinə maniəsiz yol tapan, son dərəcə sadə, lakin məna baxımından son dərəcə tutumlu və inandırıcı dildə yazılmışdır. Mübaliğəsiz demək olar ki, A.Səhhət, A.Şaiq və digər yazıçılarımız ilə yanaşı M.Rzaquluzadə uşaq ədəbiyyatımızın dil normalarını müəyyən edən yazıçılardandır. Yeri gəlmişkən, A.Səhhət və M.Rzaquluzadənin eyni zamanda həm uşaq yazıçısı, həm də tərcüməçi olması, fikrimizcə, heç də təsadüfi xarakter daşımır. Məsələ burasındadır ki, həm tərcümə, həm də uşaq ədəbiyyatı «qanuniləşmiş», dərin kök salmış ştamplardan, stereotiplərdən uzaqlaşmağa, yəni daha təbii, daha sadə ifadə vasitələri axtarıb tapmağı tələb edir. Onu da qeyd edək ki, ədəbi dilimizin təşəkkülündə bugünkü sadəliyində tərcümə ədəbiyyatının olunu biz bu günə qədər nə öyrənmişik, nə də qiymətləndirə bilmişik. M.Rzaquluzadənin 1950-ci ildə rus dilinə tərcümə olunmuş bir neçə hekayəsi ədəbi tənqidin nəzərini cəlb etmiş və mərkəzi mətbuatda o, mahir bir hekayə ustası kimi qiymətləndirilmişdir. Yazıçılığa tənqidi məqalələri ilə başlamış ədib ilk elmi məqaləsini uşaq ədəbiyyatı məsələlərinə həsr etmişdir. «Yeni məktəb» curnalında /1926, №3, s.6-15/ «Uşaq ədəbiyyatı məsələsi» adlı məqaləsində tərbiyə etməyin üsullarını, Pedaqoji qanunları bilməyi tələb edir. M.Rzaquluzadə özü uşaq ədəbiyyatına, məqalə, şer, hekayə yazdıqdan və xüsusilə tərcümə ilə məşğul olduqdan sonra gəlmişdir. \

Tərcüməçidən tələb olunan şərtlərdən biri də orijinalın fikrini aydın bir dildə oxucuya çatdırmaqdır, dəqiqlik və fikir aydınlığıdır. Öz tərcüməçilik fəaliyyətində bu cəhətə xüsusi diqqət yetirməyi bacaran M.Rzaquluzadə uşaqlar üçün yazarkən tərcüməçiliyin yazıçı psixologiyasına təsirinin nəticəsi olaraq aydın və anlamlı uşaq əsərləri yarada bilmişdir. Bunu onun hekayələrindəki təbiət təsvirlərində daha aşkar görmək olar. Onun hekayələrində canlı təbiətin təsviri, yığcamlıq özünü aydın göstərir.

M.Rzaquluzadə ömrünün axırına kimi respublika və mərkəzi mətbuat orqanlarında nəşr edilmiş ayrı-ayrı kitab və toplulara müqəddimə və izahatlar yazmış, uşaq ədəbiyyatı, poeziya və bədii tərcümə, teatr və sair mövzularda yüzdən artıq məqalə və publisist yazıların müəllifi olmuşdur. Bu məqalələrdə müəllif Azərbaycan ədəbiyyatı, poeziya tərcümə nəzəriyyəsi və sənətinin bir bilicisi kimi özünü tanıtmışdır. («Sovet Azərbaycanın şeri», Azərbaycan ədəbiyyatı dekadası, Bakı 1940, s.12-17; «1917-1920-ci illərdə ədəbiyyat», Azərbaycan ədəbiyyatı tarixi, cild I, Bakı 1967, s.7-37; «Azerbaydcanskaə literatura» İstoriə sovetskoy mnoqonaüionalğnoy literaturı. t.I, Moskva, 1970, s.188-220). Bir yazıçı kimi M.Rzaquluzadənin yaradıcılığında bədii tərcümə başlıca sahə olmuşdur. O, tərcüməçiliyi həm ideya-məzmun, həm də bədiilik baxımından çox ciddi, məsuliyyətli və şərəfli yaradıcılıq işi hesab edirdi. M.Rzaquluzadə ədəbi yaradıcılığının ilk illərindən tərcümə məsələləri ilə maraqlanmış və dövrü mətbuatda tərcümə yaradıcılığı haqqında dəyərli məqalələri ilə çıxış etmişdir. Hələ 1928-ci ildə bədii yaradıcılığa başladığı ilk vaxtlarda keyfiyyətsiz tərcümələrin qarşısını almaq, tərcümə işinə müəyyən istiqamət vermək məqsədilə «Qızıl Gəncə» məcmuəsində nəşr etdirdiyi «Bədii ədəbiyyatda tərcümə» adlı məqaləsində («Qızıl Gəncə», 1928, №3-4, s.131-135) bədii tərcümənin ümumi məsələlərinə toxunur, öz dövrü üçün yeni və konkret fikirlər söyləyir, tərcümə prosesində sözlərin kontekst daxilində mənasına fikir verməyi və çox mənalı sözlərin mətndə daşıdığı mənaya diqqət yetirməyi və sözləri mətnin ümumi məzmunu ilə əlaqədar təçrcümə etməyi tələb edir.

Tərcümə zamanı bir qism sözlərin elmi ictimai ədəbiyyatda olan mənası ilə bədii ədəbiyyatda daşıdığı məna fərqlərini konkret misallarla göstərir və düzgün tərcümə yollarını öyrədirdi. M.Rzaquluzadə poeziya tərcüməsi haqqında da dəyərli fikirlər söyləmişdir. M.Rzaquluzadənin tərcümələri arasında H.Heynenin seçilmiş şerləri və poemaları kitabı xüsusi yer tutur. /H.Heyne, Seçilmiş əsərləri, Bakı 1958/. Bildiyimiz kimi, Heyne ilə Azərbaycan oxucuları hələ inqilabdan əvvəl tanış olmuşlar. 1906-cı ildə Ə.Hüseynzadə Heynenin «Kayutada gecələr» adlı bir şerini tərcümə etmişdi («Fyuzat», 1906, №3, s.39). M.Rzaquluzadə isə sonralar Heyne yaradıcılığına xas bütün xüsusiyyətləri əks etdirən şer və poemaları tərcümə edərək bu dahi şair haqqında tam və düzgün təsəvvür yarada biləcək əsərləri geniş oxucu kütləsinə təqdim etmişdir. M.Rzaquluzadə özünə qarşı tələbkar bir tərcüməçi idi. Onun tərcümələri haqqında nəşr edilmiş tənqidi məqalələrdə göstərilən nöqsanları nəzərə alıb sonrakı tərcümələrində yenidən işləməyi bacarırdı. 1939-cu ildə «Revolyusiya və kultura» curnalında /№7/ Heynedən etdiyi tərcümələr haqqında olan qeydlərdə mütərcimin bəzi şerlərdə səhvlərə yol verdiyi, başqa tərcüməçilərin səhvlərini təkrar etdiyi qeyd olunurdu/ Ə.Ağayev, Heyne Azərbaycan dilində, Ədəbiyyat qəzeti, 1939, 1 noyabr/. M.Rzaquluzadə bu tənqidi məqalədə olan qeydləri sonrakı tərcümələrində nəzərə almış və Heynenin adına layiq bir kitab meydana gətirə bilmişdir. Bu tərcümələrdə Heyne şerinə məxsus səmimiyyət, ironiya, mübariz ruh tərcümənin hər bir misrasında duyulur.

Kitabın hər bir səhifəsində Heynenin üslubu, yazı tərzi aydın hiss edilir. M.Rzaquluzadə həmişə tərcümədə orijinalı «milliləşdirməyin» əleyhinə olmuşdur. İyirmi ildən çox Heynenin şerlərini tərcüməsi ilə məşğul olmuş mütərcim, böyük alman şairinin yaradıcılığının xüsusiyyətlərini saxlamaq, onun şerinin formasını olduğu kimi qorumaq prinsipini əsas götürür. O yazırdı: «Tərcümədə ikinci yol müəllifin mühitinə getmək, onun tənəffüs etdiyi hava ilə nəfəs almaq, onun düşdüyü kimi düşünməyə, duyduğu kimi duymağa çalışmaq, onun fikrini, zövqünü əks etdirmək yoludur…» Heynenin əsərləri üzərində işlərkən bundan əlavə və daha sonralar Puşkinin «Baxçasaray çeşməsi», «Tunc atlı» və sair əsərlərin tərcüməsində də mütərcim məhz bu prinsipləri əsas tutmuşdur /H.Heyne. seçilmiş əsərləri, B., 1958, s.19/. Həqiqətən bu tərcümələrdə öz tərcüməçilik prinsiplərinə sadiq olaraq M.Rzaquluzadə Heynenin üslub xüsusiyyətlərini mühafizə edə bilmişdir. O, Heyne şerinin ahəngdarlığını saxlaya bilmiş, orijinalı milli şer xüsusiyyətlərinə uyğunlaşdırmamış, Heynenin vəznsiz və qafiyəsiz şerlərini Azərbaycan şerinə yaxın bir tərzdə tərcümə etmişdir. Buna misal olaraq «Dənizə salam», «Fırtına», «Atta trol», «Əlmənsur» və sair əsərləri göstərmək olar.

M.Rzaquluzadə Avropa şerinə məxsus xüsusiyyətləri tərcümədə saxlamaqla ədəbiyyatımıza yenilik gətirməyə cəhd göstərmişdir. Avropa poeziyası üçün təbii olan misralarda cümlənin sərhəddinin misranın ortasında qurtarması halı Azərbaycan şerinə yad idi. Mütərcim bunu tərcümədə bacarıqla saxlamaqla, qafiyəsiz və vəznsiz şerləri dilimizə uyğun bir tərzdə tərcümə etməklə şerimizin poetik imkanlarını genişləndirdi. Bir növ «Dədə Qorqud» dastanında bol-bol işlənən sərbəst şer ənənələrinin heç də bizim poetikaya yad olmadığını sübut etdi. Bu, tərcümənin bu və ya digər ədəbiyyatı yalnız məzmunla deyil, bədii forma ilə də zənginləşdirməsinə sübutdur. Heyne əsərlərinin tərcüməsində bəzən orijinaldan uzaqlaşma, orijinalın məzmununu saxlanılmasında sərbəstlik halları olsa da, ümumiyyətlə mütərcim Azərbaycan xalqı üçün böyük alman şairinin əsərlərinin gözəl tərcüməsini yaratmış, onu xalqımıza doğmalaşdırmışdır.

M. Rzaquluzadənin böyük xidmətlərindən biri də dünya ədəbiyyatının ümumbəşəri şöhrət qazanmış ən qədim şah əsərlərindən biri olan Homerin «İliada» əsərinin Azərbaycan dilinə tərcüməsidir. 1978-ci ildə nəşr edilmiş bu tərcümənin meydana gəlməsində mütərcimin böyük xidməti olmuşdur. Onun əvvəlki tərcümələrindən fərqli olaraq burada istər nəzəri cəhətdən orijinala münasibət, istərsə orijinaldan deyil, ikinci dil vasitəsilə edilən tərcüməyə münasibəti Rzaquluzadənin tərcümə yaradıcılığında yeni bir mərhələ idi. Əgər 30- cu illərdə ədəbi tənqid M. Rzaquluzadənin Heynedən etdiyi tərcümələrdə məna və üslub səhvlərinin səbəbini rus dilində olan tərcümələrdən ancaq birinə əsaslanaraq etdiyndə və buna görə də rus tərcüməçisinin səhvlərini təkrar etdiyində görürdüsə /Bax: Ə.Ağayev, Heyne Azərbaycan dilində, Ədəbiyyat qazeti, 1 noyabr, 1939/, indi mütərcimin ikinci dil vasitəsilə tərcümə etdiyi əsərlərin bir neçə tərcümələrdən istifadə elədiyini görürük.

M.Rzaquluzadə hələ 1926-27-ci illərdə «İlliada» əsəri ilə maraqlanmış və bu əsərin müxtəlif variantlarının hissə-hissə nəsrlə tərcümə etmişdi. Sonra bu əsərin bəzi parçaları 1948-ci ildə «V.Belinski» kitabında, 1950-ci ildə «Antik ədəbiyyat» müntəxabatında və dövrü mətubatda nəşr edilmişdir. Bildiyimiz kimi, dünya ədəbiyyatı tarixində ikinci dildən tərcümə daim mövcuddur. Tərcümə tarixində çox zaman ikinci dildən edilən tərcümələrin orijinaldan edilən tərcümələrdən daha üstün olduğu halları da var. Təbii ki, burada tərcümənin orijinala daha yaxın olmasının, onu oxuyan xalqın bədii zövqünə, ruhuna və mədəni səviyyəsinə uyğun ola bilməsinin səbəbi mütərcimin orijinalın məzmunu, müəllifin üslubunu, ifadə tərzini duya bilməsindən və onu /ikinci dil vasitəsilə tərcümə olsa belə/ tərcümə dilinə çevirə bilmək qabiliyyətindən asılıdır.

M. Rzaquluzadə Avropa ədiblərinin əsərlərini rus dili vasitəsilə tərcümə edərkən hər bir əsərin rus dilində olan müxtəlif variantlarından, bu əsər haqqında tənqidi mülahizələrdən, izahlardan müqayisə yolu ilə istifadə edə bilmiş və buna görə də hər bir əsərin zəngin dilini, bədii obrazlarını dilimizdə saxlaya bilmişdir: «İliada», «İlahi komediya», «Şahnamə» kimi mürəkkəb məzmunlu və bədii xüsusiyyətlərə malik olan əsərləri tərcümə edərkən tarixilik, mifoloci xüsusiyətlər, zaman və məkanla əlaqədar spesifik anlayışların dəqiqliyini mütləq tərcümədə nəzərə almaq lazımdır.

M.Rzaquluzadə bir tərcüməçi kimi orijinalın təkcə zahiri əlamətlərini qorumaqla kifayətlənməmişdir. O, tərcüməçilikdə ən çətin və böyük bacarıq tələb edən realiyaların tərcüməsində özünü mahir bir sənətkar tərcüməçi kimi tanıtmış, orijinalın dilinin daşıyıcıları olan xalqa məxsus milli məhfumların, anlayışların adekvat tərzdə dilimizə tərcümə edə bilmişdir. Bunu xüsusilə onun Avropa və eləcə də rus ədəbiyyatından olan tərcümələrində görmək olar. Hal-hazırda respublikamızda bədii tərcümə işində yeni mərhələ başlanır. Bu yeni mərhələ həm məzmunu, həm də vüsəti etibarilə əvvəlki dövrlərdən fərqlənir. İndi biz təkcə Yaxın Şərq və Avropa mədəniyyətləri ilə təmasda olmaqla kifayətlənməyir, bu günə kimi dumanlı təsəvvürümüz olan yeni-yeni milli ədəbiyyatları, hətta regional mədəniyyətləri kəşf edirik. İndi tərcüməçilərimizi yalnız ikinci dil vasitəsi ilə tərcümə etmək qane etmir. Onlar bilavasitə ingilis, fransız, ispan, alman dillərindən doğma dilimizə tərcümələr edirlər. Tərcümə işinin geniş vüsət aldığı bir dövrdə Azərbaycan ədəbiyyatında peşəkar tərcümənin təməlini qoyanlardan biri olan M.Rzaquluzadənin həm tərcümə yaradıcılığı, həmdə tərcümə haqqında fikirləri tərcümə tariximizdə böyük yer tutur.

Dünya ədəbiyyatı korifeylərinin əsərlərini dilimizə tərcümə işində özünü istedadlı və mahir bir tərcüməçi kimi tanıtmış M.Rzaquluzadənin tərcümə sənətkarlığını - orijinalın üslubunun saxlanmasını, realiyaların tərcüməsində dilimizin zəngin xəzinəsindən məharətlə istifadə edə bilməsini, milli koloriti və hər bir dövrün ədəbiyyatının özünəməxsus ifadə tərzini tərcümədə qoruya bilməsinionun başqa tərcümələrindən çoxlu misallarla sübut etmək mümkündür.

Lakin bu kiçik məqalədə M.Rzaquluzadənin tərcüməçiliyinin bütün cəhətlərini əhatə etmək imkanı olmadığı üçün biz onun tərcüməçiliyinin əsas cəhətləri üzərində durduq və Azərbaycan tərcümə tarixində onun böyük xidmətini xüsusilə qeyd etməyi lazım bilirik.

# 108 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə televiziya binasına silahlı basqın olub

Türkiyədə televiziya binasına silahlı basqın olub

13:50 10 noyabr 2025
Şans həmişə elə bu cür axmaqların üzünə gülərdi... - Norman Meylerdən sitatlar

Şans həmişə elə bu cür axmaqların üzünə gülərdi... - Norman Meylerdən sitatlar

13:40 10 noyabr 2025
750 illik sirr açıldı

750 illik sirr açıldı

13:00 10 noyabr 2025
Yəqin təzə günah hissi baş qaldırıbdı onda... - Günün şeiri

Yəqin təzə günah hissi baş qaldırıbdı onda... - Günün şeiri

12:30 10 noyabr 2025
"Bu zirvənin əzəmətini yalnız uzaqdan baxanlar anlayar..." - Dünya liderlərinin Atatürk haqqında fikirləri

"Bu zirvənin əzəmətini yalnız uzaqdan baxanlar anlayar..." - Dünya liderlərinin Atatürk haqqında fikirləri

11:30 10 noyabr 2025
Praqada Avropanın ən böyük müəllif kuklaları  sərgisi açılıb

Praqada Avropanın ən böyük müəllif kuklaları sərgisi açılıb

11:00 10 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər