Avtomobilin audiopleyerində məşhur türk müğənnisi keçmiş sevgilisinə boş yerə vurulduğu barədə həzin mahnı oxuyurdu. Bayırda narın may yağışı yağırdı.
Onlar 20 ildən sonra yenicə görüşmüşdülər. Hər ikisi maşının qabaq oturacağında oturmuşdu. Qırx yaşını bir neçə il öncə tamam etmiş, gümüşü saçlı kişi də, sükan arxasında oturan və bir neçə ildən sonra qırx yaşını haqlayacaq qadın da susurdu.
İyirmi il əvvəl görüşdükləri vaxt bir-birindən bir dəqiqə və bir santimetr ayrı dura bilməyən bu iki yetkin insan həm artmış yaşın gətirdiyi, həm də ailə-məişət və sosial statuslarından irəli gələn təmkinlə bir-birinə baxır, söhbətə başlamağa uyğun söz axtarırdılar. Bir qədər əvvəl onlar sadəcə əl tutuşub görüşmüşdülər. Kişi “Nərimanov” parkının önündə saxladığı maşınından enərək, qadının onunla yanaşı saxladığı avtomobilinə minmişdi. Bir görən olar deyə, yaxınlıqdakı “Makdonalds”da oturmaq istəməmişdilər. Aradan ötən illər onların bir zamanlar alov saçan gənclik şövq və ehtiraslarını əllərindən almışdı. Onlar söhbətə haradan başlamağı belə bilmirdilər.
Məşhur müğənni isə öz keçmiş sevgilisinə peşmançılıq dolu sual verirdi: “Ben sana nerdən vuruldum?”
Kişi söhbətə giriş üçün əlverişli replikanı tutaraq, audiopleyerə işarəylə dedi: - Amma mən bugünkü gün kimi xatırlayıram. Darvaza açıldı, sən Rəsmiyə xalagilin həyətinə girdin, mən talvarın altında oturmuşdum və dərhal sənə vuruldum. Əynində çiyninə qədər açıq, solğun güllü, mavi yerli, ətəyi bir az açıq xalat vardı. Mənə tərəf baxdın, gülümsədin, yüngülcə salam verdin və mən sənə yenidən vuruldum.
- Düzü, səni ilk gördüyüm gün nə geydiyim yadımda deyil, - qadın cavab verdi – O vaxt mənim 16 yaşım vardı. Amma salam verdiyim yadımdadır. Bilirdim ki, Rəsmiyə xalagildə bir oğlan yaşayır və neftçıxarma idarəsində işləyir.
- Sən darvazadan çıxan kimi Rəsmiyə xalanın kiçik qızı Sevdadan səni soruşdum, dedi, qonşumuzun qızıdır, universitetə hazırlaşır. Daha heç nə demədim, dedim, əlbət, yenə gələcəksən. Sən ertəsi gün gəldin...
Qadın gülümsündü: - Və sən yenə vuruldun?
- Mən artıq vurulmuşdum. Sən ikinci dəfə bizə gələndə, məncə, sən vuruldun, - kişi də gülümsündü. – Yadındadırmı, səndən hansı universitetə hazırlaşdığını soruşdum, dedin. Sonra da dedin ki, hazırda ingilis dilinin üstünə düşmüsən. Mən də sənə ingiliscə sual verdim, dedim, “Ay ləv yu” nə deməkdir. Sən dedin, “Mən səni sevirəm”. Onda mən də gözünün içinə bax-baxa dedim ki, “düz edirsən”.
- Yadımdadır. O zaman mənə heç kəs belə söz deməmişdi. Həmin gecə heç cür yata bilmədim. Gözümün qabağından getmirdin. Ona görə də səhər açılan kimi oxlov istəmək bəhanəsiylə Rəsmiyə xalagilə keçdim... Sonra məlum oldu ki, boş yerə...
Susdular. Söhbətin axarı gəlib kədərli məqama dirənmişdi. Ancaq sükut uzun sürmədi, qadın sırf söhbəti dəyişmək xatirinə soruşdu:
- Bu qədər aradan sonra necə tapdın məni?
-
Əslində bu xitabda “nə üçün” sualı da gizlənmişdi. Kişi bunu dərhal sezdi: - Bu, bir az uzun söhbətdir. Desəm ki, bu 20 ildə səni çox axtarmışam, yalan olar. Axtarmamışam. Amma bir gün də olsun unutmamışam. Tümendə, Surqut şəhərində yaşadığım illərdə də heç vaxt yadımdan çıxmamısan. Sənə qarşı etdiyim hərəkətə görə aradan keçən günlərin sayı qədər peşman olmuşam. Amma gec idi. Səni axtarıb tapmaq və üzr istəmək keçən il beynimə gəldi. O da belə oldu. Nabranda dincələndə Orxan Pamukun “Məsumiyyət muzeyi” romanını oxudum və sonda bu fikrə gəldim ki, mən də unuda bilmədiyim sevgilimi tapmalıyam.
Qadın əli ilə saçını geriyə itələyib üzünü kişiyə tərəf tutdu. Bu, “bəs sonra” demək idi.
- Qayıdanda təyinat yerində işlədiyim yerə, sizin qəsəbəyə getdim. Sizin küçədə nə məni tanıyan vardı, nə də mən kimisə tanıyırdım. Uşaqlar böyüyüb yekə adam olmuşdular, yaşlılar ölmüşdü. Rəsmiyə xala məni güclə tanıdı. Ordan-burdan söhbət etdik. Səni soruşmağa utandım. Yaxşı ki, Sevda uşaqlarıyla birgə gəlib çıxdı. Anası çay üçün mətbəxə keçəndə girəvələyib səni soruşdum. Qız mənə sitəm elədi, dedi, sən ona qarşı düz eləmədin, o səni çox sevirdi. Sonra hər şeyi danışdı, orta məktəbi qurtarandan bir il sonra ərə getməyini, şəhərə köçməyinizi, sənin daha da gözəlləşməyini. Bilirəm, o, bunu məni yandırıb-tökmək üçün deyirdi. Yaxşı ki, sözarası şəhərin hansı tərəfində yaşadığını öyrənə bildim.
Qadın “daha da gözəlləşmək” məsələsinin üstündən sakit keçmədi, gülə-gülə: - Mən səni sevəndə də gözəl idim, ərə gedəndə də, - dedi: -Hələ indi də gözələm, elə deyil?
O, düz deyirdi, doğrudan da gözəl idi, 20 il əvvəl olduğu kimi gözəl idi. Dodaqları da həminkiydi, iri və ala gözləri də, uzun və hamar dərili boynu da. İllər onun incə belinə çox da dəyməmişdi, qızlığından dolu və uzun ayaqları necə vardı, elə də qalmışdı. O, sadəcə, olaraq qadınlaşmışdı.
- Yox, sən dəyişməmisən, amma mən... – kişi dilləndi və sözünün dalını gətirmədi. Yəni məsələ aydın idi – dəyişmiş fizionomiyası, seyrəlmiş və çallaşmış saçı... hər şey göz önündəydi.
Qadın ona təsəlli verirmiş kimi: - Sən bir az kökəlmisən, o vaxt çox arıq idin. Bir az saçın seyrəlib, bir az da təmkinli olmusan, - dedi və əlavə etdi: - Yoxsa sənin yanında sakit durmaq olurdumu heç? Manyaklar kimiydin...
Bunu deyəndən sonra o, ürəkdən güldü və ciddiləşdi: - Hə, sonra necə oldu? Necə tapdın məni?
- İnanmayacaqsan, amma mən səni seçicilərin elektron siyahısından tapdım. Sizin rayondakı dörd seçki dairəsinin siyahısını ələk-vələk elədim. Tapa bilmirdim. Soyadını, adını yazıb saytda axtarış verirdim, heç bir göstərici çıxmırdı. Sonra anladım ki, sən ərinin soyadını qəbul eləmisən, ona görə belə olur. Atanın adını xatırladım, onu və sənin adını yazdım, iki ad gəldi. Biri yaşlı qadın idi, biri sən. Ünvanınızı götürüb telefon sorğu xidmətindən telefon nömrənizi aldım. Təxminən bir ay zəng eləməyə qorxdum.
- Niyə?
- Düzü, qorxdum ki, məni acılayarsan. Axı axırıncı görüşümüz çox pis olmuşdi, mən səni bərk incitmişdim. Dedim, birdən incikliyin keçmiş olmaz.
- Mən səndən doğrudan da bərk incimişdim. Neçə gün ağladım. Evdə hamı bildi ki, bu, sənə görədir. Rəsmiyə xala da anama artıq-əskik sözlər demişdi, guya biz yatmışıq-filan... Anam məndən dönə-dönə soruşdu, dedim, aramızda başqa şey olmayıb, amma olanları, gizli görüşlərimizi dedim. Qardaşlarım səni tutub döyəcəkdilər, vaxtında aradan çıxdın – qadın yenə güldü.
- Hə, mənə Mirağa xəbərdar elədi, o sənin qardaşının da dostuydu, mənim də. O dedi ki, yaxşısı budur, təcili evdən də, işdən də çıx get, yoxsa pis olacaq. Getdim. Sonra tale məni çox uzaqlara apardı.
Yenə araya sükut çökdü. Qadın kişiyə daha bir sual verdi: - O vaxt səndən ağlaya-ağlaya çox soruşdum ki, bizim aramızdakı sevda nəyə görə qurtarmalıdır, demədin. İndi de, sən o vaxt mənə nəyə görə “biz ailə qura bilməyəciyik” dedin?
Kişi diqqətlə onun üzünə baxa-baxa: - Yadıma düşəndə indi də xəcalət çəkirəm, - dedi, - Uşaqlıqdan, təcrübəsizlikdən o qərarı verdim. Sizin küçənin oğlanları sənin haqqında mənə bəzi yalan-palan şeylər danışmışdılar. Sonradan başa düşdüm, onların hamısının səndə gözü vardı və sinirə bilmirdilər ki, sən məni sevirsən. Qəsdən elədilər. Mən isə...
Qadının sifətini kədər bürüdü: - Mən sənə çox yalvardım, yadındadır? Dedim, açıq danış. Heç nə demədin, eləcə “qurtardıq” dedin.
- Nəysə, xatırlatma o günü. Həm xəcalət çəkirəm, həm təəssüflənirəm. O günləri geriyə qaytarmaq mümkün deyil. Həm cahil idim, həm də elə bilirdim, hələ qarşıma daha nə nazəninlər, dilbərlər çıxacaq. Daha demirdim ki, onların ən gözəli elə startda qabağıma çıxıb.
O susdu və qısa aradan sonra qadının sualını xatırlayıb dedi:
- Səni də ona görə axtarıb tapdım ki, o böyük səhvim üçün məni bağışlayasan. Ürəyimdə daş kimi asılı qalıb. Çox qorxurdum ki, bir də səni heç vaxt görməyəm, üzr istəməyəm və bu nisgil son günümədək məndə qalsın.
Arada qısa pauza yarandı, yaxşı ki, bu çox davam etmədi və qadın kişini kökləndiyi nostalji ovqatından çıxarmaq üçün onun ailəsini-uşağını, iş-gücünü xəbər aldı. Kişi qısa şəkildə, xanımının oğlu ilə birlikdə Surqutda yaşadığını, Bakıya gəlmək istəmədiyini, özünün də artıq Rusiya macərasını bitirdiyini, xarici neft şirkətində yaxşı işdə çalışdığını söylədi.
- Demək, indi tək yaşayırsan? – qadın soruşdu.
Kişi ağzını sürüdü: - Tək deyəndə, belə də... Tək sayılır.
Qadın gülümsədi: - Səni tanıyıram mən, tək qalmazsan, mütləq görüşdüklərin var.
- Daha “görüşdüklərin” nədir? – kişi ərkyanalıqla etiraz etdi: - Cəmi bir görüşdüyüm qadın var, amma bilmirəm bizdən ailə olacaq, yoxsa yox...
- Çalış, olsun. – dedi qadın və nəyisə xatırlamış kimi əlavə etdi: - Amma yox, sən əlində olanın qədrini heç vaxt bilmirsən. Yüz faiz ona da “biz evlənə bilməyəcəyik” demisən. Eybi yox, iyirmi ildən sonra görüşüb ondan da üzr istəyərsən.
Kişi bu tikanlı sözlərdən bir qədər alındı, amma özünü o yerə qoymadı, utanmış kimi gülümsədi: - Əslində, elə bir söz olub aramızda. Amma yox, bir daha səhv edəsi deyiləm.
Sonra o, qadından ailə vəziyyətini soruşdu. Qadın daha həvəslə, xoşbəxt olduğunu onun gözünə soxurmuş kimi, ərinin yaxşı qazandığını (bunu onun sürdüyü avtomobildən də bilmək olardı), övladlarının birinin artıq universitetdə oxuduğunu, o birinin isə bu il qəbul olunacağını dedi və əlavə etdi:
- Bu gün səninlə bu görüşə əslində ona görə gəldim ki, sənin necə olduğunu görüm və sən də mənim necə olduğumu görəsən. Mənim səni unutmağım çətin oldu, amma unuda bildim. Hərdənbir yadıma düşürdün. İndi fikirləşirəm ki, bəlkə də ən düzü elə bu, olub. Biz evlənsək, bəlkə də xoşbəxt olmayacaqdıq. Hər gün nə qədər ailə dağılır. İt-pişik kimi yaşayanlar nə qədər desən. Bəlkə də biz onlardan biri olacaqdıq, kim bilir. Qismət beləymiş.
Kişi razılaşdı:
- Bəlkə də sən deyəndir. Amma adam öz qismətini əlindən verməsin gərək. Hər şey öz əlimdə idi. Lap axırda bircə kəlmə “ay qız, zarafat edirəm” desəydim, indi sən mənim idin.
Qadın heç nə demədi. Onlar bir müddət də yanaşı oturdular, ordan-burdan, ümumi tanışlardan danışdılar. Lap axırda ayrılıq vaxtı gəldi. Kişi maşından düşmək istəyərkən dedi: - Yadındadı, biz hər dəfə ayrılanda sən məni bərk-bərk öpərdin...
Qadın sakitcə: – Yadımdadır - dedi. - Amma səni bərk-bərk öpən o qız qəsəbədə ağlaya-ağlaya qaldı. Burdakı ailəli-uşaqlı bir qadındır.
Kişi qüssəli-qüssəli avtomobilin qapısını açıb düşəndə audiopleyerdə həmin müğənninin başqa bir həzin mahnısının səsi gəlirdi: “Ayrılıqlar dəyişməz, bütün aşklar aynıdır, həyat hər kəsə həm iyi, həm də kötü davranır...”
Ayrılıqlar dəyişməz
17 oktyabr 2012
09:06
2810 dəfə oxunub
Oxşar xəbərlər
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın
09:00
10 dekabr 2024
Şeiri yaradan məqamlar
12:00
24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024