Vasvası

Vasvası
17 iyun 2015
# 11:13

Bir tanışım var. Ağıllı, zəkalı adamdı. Hər halda, mən onu elə tanıyıram. Bu yaxınlarda təsadüfən onu gördüm. Səhər çağıydı. O, büzüşə-büzüşə gedirdi. Mən, adətim üzrə gəzməyə çıxmışdım. Amma tanışım, deyəsən, harasa tələsirdi. Öz-özünə nəsə pıçıldayırdı. Səsi eşidilməsə də, dodaqları tərpənir, almacıqları səyriyirdi. Məni görən kimi qırışığı açıldı. Əvvəlcə hamı kimi hal-əhval tutduq, həyatda olmağımıza şükr elədik. Mən:

- Tay nə var, nə yox e? – deyə xəbər almışdım ki, kişinin qanı qaraldı.

- Onu soruşma, biabır olmuşam. İçim özümü yandırır, çölüm özgəni. Lənət olsun belə həyata, - deyə şikayətləndi.

O, bu sözləri deyəndən sonra iki dəfə yerə, üç dəfə yana tüpürdü. Hava da küləkli... Az qaldı, tüpürcəyi böyrümüzdən ötən xanımın sifətinə yapışa, incəvardan yan keçdi. Amma qadının qəzəbli baxışları üzümüzdə dondu. Fikirləşdim ki, belə getsə, vəziyyət rusca olacaq, ona görə də:

- Gəl, daldaya keçək, - dedim.

Belə də elədik. Və köhnə tanışım sözünün mustafasını dedi.

- Qardaş, qapı nə üçündü? – deyə gözlərini gözlərimə zilləyib xəbər aldı.

Cavab verdim ki, qapıdı da.

- Düz deyirsən, qapıdı. Bəs onun təyinatı nədi?

- Açıb-örtmək.

- Ay sağ ol. Amma əsas örtməkdir. Qapı örtmək üçündür. Əgər qapı örtmək üçün olmasaydı, onda o dördkünc yarığı açıq saxlayardılar, ağzına qapı qoymazdılar, qapını qoyurlar ki, örtəsən.

- Məntiqlidir, - dedim.

- Amma bizim evdə bunu başa düşmürlər. “Ay bala qapını ört” - deyə çığırmaqdan yorulmuşam. Biz də ki, bir çətən külfətik də özün bilirsən. Köhnə gəlin də biznəndi, təzə də. Söz demək olmur...

- Hm... - deyə mızıldandım.

- İndi gələk işığa. İşıq nə üçündür? Söndürmək üçün. Qaranlığı işıqlandırandan sonra söndürməlisən. Məsələn, elə ayaq yolu: girdin, işığı yandır, çıxdın söndür. Mətbəx də elə. Düz demirəm? – yenə də gözlərini üzümə zillədi.

- Hm...

- Amma bizdə belə deyil! Bəs qaz nə üçündür? Yemək bişirmək, çay qaynatmaq üçün. Amma bizdə onu da söndürmürlər. Su da eləcə. Krantı açırlar, amma bağlamırlar. Mən olmuşam İsfəhan darğası, otaq-otaq gəzib işıqları söndürürəm. Soruşanda ki, niyə belə eləyirsiniz? Belə cavab verirlər: “Onsuz da yenidən yandıracağıq da. Yandıracayıqsa, niyə söndürməliyik?”

- Hm...

- Bilirsən ki, mən xırdaçı, vasvası adam deyiləm. Amma bu, prinsip məsələsidi. Prinsip!

Burda mən daha dözmədim və dedim:

- Elə bilirsən, təkcə sizdə elədi?

- Sizdə də?! - deyə təəccübləndi.

Gülə-gülə başımı tərpətdim və günün-günorta çağı işıqları yanan parkı göstərdim. Sonra da əlavə elədim:

- Hər yerdə elədi...

O, bir xeyli mən göstərən səmtə baxdı, gülümsədi, sanki nəsə kəşf elədi və tələm-tələsik əlimi sıxıb, məndən aralandı.

Bir xeyli arxasınca baxdım. Tanışım, şələsini yerə qoyub yüngülləşmiş adamlara oxşayırdı. Quş kimi uçurdu...

14 iyun 2015

# 3556 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #