Kulis.az Allahverdi Həsənovun “Azərbaycanda jurnalistika” yazısını təqdim edir.
İlk növbədə qeyd edim ki yumor, istehza, ironiya ehtiva edən bu yazını Azərbaycan mətbuatının inkişafı üçün peşəkar şəkildə, vicdanla fəaliyyət göstərən dəyərli jurnalistlərimizə həsr etmirəm.
Azərbaycan jurnalistikası dedikdə ağlınıza ilk olaraq hansı hadisələr, nəsnələr gəlir ? Başa düşürəm, yazının əvvəlində qanınızı qaraltmaq kimi niyyətim yox idi, lakin, bunu bir sual ilə bacardım. Heçnə olmaz, yazını oxuduqca əhvalnız dəyişəcək.
Azərbaycanın qeyri-peşəkar, həyasız, şüvən, reket, pafosdan əziyyət çəkən jurnalistləri, mətbuat işçiləri bir neçə qrupa bölünür. Bu qrupların hər biri kifayət qədər təhlükəlidir. Bunlar haqqında yazanda, danışanda, müzakirə edəndə ehtiyatlı olasan, sözün əsl mənasında qanını üstünə tökəcək potensialda olan insanlarla zəngindir bu sektor. Lakin mənim bu sektordan ehtiyatlı olacaq nəyimsə olmadığı üçün rahatlıqla bunlar haqqında yazıb-poza bilirəm.
Birinci qrupun adı “SON DƏQİQƏ!”dir. Boş boşuna bu qrupun adını “caps look”la yazmadım. Bu media adamları həmişə xəbər qruplarında, sosial şəbəkələrdə bu başlıqla qorxulu, həyəcan verici, münaqişə yaradcaq xəbərlər tirajlayırlar. Bu xəbərlərin başlığını oxuduqda həqiqətən bu xəbərə inansan da xəbərin yarısına çatanda sənə aydın olur ki sadəcə başlıq epotaj üçün seçilib, aldadıldın. Məsələn adam yazır ki “SON DƏQİQƏ RUSİYA LƏĞV OLUNDU!” Xəbərin başlığını görən vətəndaş tərləyir, şoka düşür, sevinir, əli əsə-əsə linkə daxil olur və görür ki, Hollandiyanın kiçik bir kəndində “Rusiya” adlı kiçik bir market sökülüb. Bax onda bu jurnalistlərin (əgər bu ad onlara yaraşırsa) söyülmə anı başlayır. Çox maraqlı bir məqam isə odur ki bu qədər söyülsələr də, təhqir edilsələr də, yeni eyni minvalla öz işlərinə davam edirlər, necə deyərlər şapalaqla üz qızardırlar.
Növbəti qövm isə milli jurnalistlərdir. Bu jurnalistlərin peşə fəaliyyəti Zəlimxan Yaqubun random bir şeirinə oxşayır. Bu jurnalistlər də həmişə əsəbidir, gərgindir, onların peşə fəaliyyətini sorğulasan səninlə çox əsəbi danışacaqlar, şəhadət barmağını gözünə soxacaq, hələ bozqurd tutub səni erməni də çıxardacaq. Bunlar özünə millətçi desə də adətən Nihal Atsızı, Ziya Gökalpı belə tanımırlar. Millətçilik bunlara başqa məqsədlər üçün lazımdır. Bu qövmün hədəfi hansısa xəyali bir məmurlar toplusudur. Həmişə efirdə yaxasına taxdığı 5 manatlıq mikrofona anqıra-anqıra məmurları söyürlər, təhqir edirlər, ana, bacı, başıpapaqlı qoymurlar, amma kimdir bu məmurlar heçkim bilmir. Xalqı yaxşı şəkildə manipulasiya etməyi bacırır bu psevdomillətçi jurnalistlər. Müharibə vaxtı Paşinyana gülünc, səviyyəsiz montajlar edənlər də bunlardır. Bəzən Güney Azərbaycan, Borçalı problemlərindən də çox səthi müzakirə aça bilərlər. Lakin bu müzakirlərdə heç bir akademiklik gözdəməyin, maksimum İrana aftafa deyib güləcək bu qədər (millətçilərin könülünü almaq üçün).
Canlı yayımları 200-300 izlənmə alandan sonra isə bu saxta bozqurdların melanxolik dünyası açılır tökülür.
“Ayəəəəəə ! Bizə niyə ev verən yoxdu ayəə ay qardaş (burda ağzında tüpürcək tökülür çoxlu, öskürür, öskürür, yenə tüpürür) bu qədər mübarizə apardıq, biz vətən oğluyuq eyh, heç bizə ev verən olmadı”
Hamısı planlı idi çünki dəyərli oxucular, bu feryadlar, artistliklər evə, maşına, yaxşı həyata görə idi. Belə insanlara heç vaxt aldanmayın. Milliyətçiliyi səmimi şəkildə edən kəs onu nəyinsə qarşılığıda etmir.
Növbəti maraqlı kateqoriya isə reket jurnalistlərdir. Özlərini ən vicdanlı, rejim önündə polad kimi əyilməz, zəhmətkeş jurnalist kimi göstərənlər də məhz bunlardır. Daima yüksək insani keyfiyyətlərdən, vicdandan danışsalar da, bundan ən az xəbəri olanlar məhz bu qrupa aiddirlər. Bu adamlar hansısa məmurun obyektində, icra başçısı olduğu ərazidə baş verən hadisə ilə bağlı yazı yazır sonra isə oturub gözləyir. Bu yazını yem, yazanı balıqçı balığı isə məmur kimi təsvir edin. Məmurlardan, iş adamlarıdan hətta sadə vətəndaşlardan pullar tələb edə-edə ömürlərini yola verirlər. Bəs özlərini necə sığorta edir bu reket yazan-pozan tayfa ? Hər şey çox sadədir. Müxalifətin bir neçə akiyasını çəkirlər (onların arxa fondan gələn səsi həmişə seçilir, o iyrənc səsdən heç nə eşitmək olmur) liberal media ilə əlaqə qururlar, pivə içib, noxud yeyirlər ki, əməllərinə görə onlara nəsə edilsə desinlər ki bu siyasidir!
Xalq isə hələ də total şəkildə savadsız olduğu üçün, 19 əsrin söhbətlərini bugün də aktual saydığı üçün belə gülməli fiqurların tirajladığı xəbərlərdən ekstaz hissi keçirir, dəli olur, inanır. Sadəcə ümid edirəm ki, həqiqətən xalqın maariflənməsində Zərdabi kimi təəsübkeşlik çəkən media işçilərinin peşəkarlığı, mənfəətdən arınmış vətənpərvərliyi belələrini media sektorundan zamanla süpürüb atacaq.