Roman yazıb özümdən getdim, kənd camaatı...

Ayxan Ayvaz, yazar

Ayxan Ayvaz, yazar

22 dekabr 2021
# 11:02

İlk dəfə bu kəndə gələndə məni qaz səsləri qarşılamışdı. Qazların səsinə hərdən bir bekara itlərin hürüşü də qarışırdı. Amma bu kənddə lider qazlar idi.

Günün birində pişiyimizə yem verib yazı masamın qarşısına keçmişdim. Romanı yazmağa girişmişdim, qazların səsi gəldi. Çıxıb baxdım: it pişiyin yeməyindən bir tikə götürüb uzaqlaşırdı. Qazlar pişiyin yeməyini xilas etmişdilər. Balaca pişiyimiz təbəssümlə mənə baxırdı. Qazların səsindən diksinən it ağzındakı tikəni yerə düşürmüşdü.

Hərdən-hərdən kəndimizin marketinə gedirdim. Adil adlı oğlan işlədirdi buranı. Velosipedi vardı. Hamı ona qısaca A. deyirdi.

- A, bir kofe götürürəm.

- Oldu.

Günlərin birində bu dialoqun təkrarlandığı marketdə yaşlı bir qadın diqqətlə məni süzdü və soruşdu:

- Sən kimin oğlusan belə?

A. mənim yerimə cavab verdi:

- Buralı deyil, xala.

- Hə... – qadın yenə diqqətlə süzməyə davam elədi. – Xoş gəlmisiniz kəndimizə. Siz də burda işləyirsiniz?

- Bura roman yazmağa gəlib. Yazıçıdı. – demişdi dükançı.

Marketdə ora-bura baxan, ərzaq haqda nəsə soruşan müştərilər, kənd sakinləri bir anlıq mənə aydan gəlmiş qəribə bir adam kimi baxmışdılar.

- Hə, hə, roman yazır...

O gün gecəyə qədər yazıb-pozdum. Səhər açılanda yazı masasının qabağında meyit kimi tərpənməz qalmışdım. Yoldaşım məni ayıldıb işə getmişdi.


Sonra nə oldu?

Evin sahibi məni aşağı çağırdı. Onun səsini quyunun dibindən eşitdim. Tez-tələsik, ayaqlarım səkkiz yaza-yaza aşağı düşdüm. İri gövdəli ağacı külək vurub aşırmışdı, ev sahibi onu baltalamaq üçün qırağa çəkməyimi tapşırdı.

Ağacı qucaqladım və o an hər yer qara rəng aldı.

Əvvəl-əvvəl gözümün qabağında parçalar göründü: ev sahibi əlini dizinə vura-vura “sənə nə oldu?”, “özünə gəl” deyirdi.

Ardınca başqa kənd adamları da peyda oldu.

Sonra hər şey susdu.

Mən öldüm.

Özümə gələndə ev sahibi olanları danışdı. Dedi ki, səni yuxarıya daşıdıq, bal uddurduq, yemək yedin, sonra yuxuya getdin. Arada sayıqlayırdın və tez-tez kiminsə adını çəkirdin.

- Kim? – soruşdum.

- İsa idi deyəsən. – ev sahibi dedi. – Peyğəmbəri deyirdin?

- Yox e... – gülümsündüm. – Romanımın qəhrəmanıdır.

Bu hadisədən sonra kənddə hər kəs mənə pay gətirdi: meyvə, süd, yağ, yumurta. Deyirlərmiş ki, kəndimizə yazıçı gəlib, ona yaxşı baxmalıyıq. Hər gün tanımadığım bir adamla söhbətləşirdim. Elə sadə və elə saf idilər ki. Hətta bir qarı xoruz kəsib gətirmişdi mənə. Demişdi, ye, cana gəl, yazarsan romanını.

Gecələr elə səssizlik olurdu ki, öz səsimdən qorxurdum. Bu kəndin gecələrinə öyrəşə bilməmişdim. Arada bir it hürüşü gəlirdi - o da çooooxx uzaqdan. Hə, bir də taqqataqla keçən qatar səsi...

İndi o günləri xatırlayanda gülümsünürəm. Bu, həyatımın ən gözəl günlərindən biri idi.

# 3678 dəfə oxunub

Oxşar xəbərlər

Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
#
#
# # #