Kreditə aldığı telefonla camaatı söyənlər

Vüqar Van, yazıçı

Vüqar Van, yazıçı

22 dekabr 2022
# 12:20

Kulis.az Vüqar Vanın “Linç mədəniyyətinin fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bir neçə gündür pişiksevən qızlar və onlara yarınmaq istəyən oğlanlar tərəfindən kütləvi surətdə söyülürəm. Məsələni aydınlaşdırmaq lazımdır.

Yazının motivasiyası belədir: Siz kimsiz? Məni niyə söyürsüz? Mən səhv etmişəmmi?

Ziyalı mövqeyi, mizogenizm, seksistlik, heyvansevərlər, Vasif Talıbov, qadın haqları, kişi haqları, Freyd, pişik qrupları, itsevərlər, vegeterianlar... Bağışlayın, amma bunlar mənlik deyil. Yaxşı olar ki, özünüzə başqa Tosu Zəngilanski tapasınız. Mən sizin üçün söyüb-söyüb unutduğunuz, xaraktersiz, zəif, şovinist, cəmiyyət içində dəyər görməmiş güruhun istifadə edəcəyi alət deyiləm. Özünüzü üstə çıxarmaq, eqonuzu tətmin etmək, rahatlaşmaq, gərnəşmək, nifrət qusmaq, kimisə cındır, peysər çıxarmaq hobbinizlə yaxşı olar ki, başqa yerdə və başqa adamların üstündə məşğul olasınız.

Mənim cıqqılı yaşım və bundan sonra qabaqda naməlum həyatım var. Onu da oxumağa, öyrənməyə və yazmağa sərf etmək istəyirəm. Məşhur olmaq, məşhurluq istəyim yoxdur. Yazılarımı ortalama olaraq 7-10 min oxucu oxuyur. Üç yüz, beş yüz, min, bəzən daha çox insan rəy bildirir.

Bu diyarda fərqli düşünən adamı elə gözüm-çıxdıya salıb, məhv edirlər ki, yeddi arxasından da keçir. Heç kimə yarınmıram. Heç kimin də məni sevməyə borcu yoxdur. Kiməsə zorla yazı oxutmuram. Öz fikirlərimi bacardığım qədər ədalətli yazmağa çalışıram. Kulis olmasa, bəlkə, heç bu yazıları da yazmaram. Axı hara yazacam? Yer və platforma var?

Təhsilsiz, cahil adamlar elə bilir ki, sosial mediadakı hər şey onlar üçündür və nə olursa, olsun, haqlıdırlar. Onların gözlərinə “super-kley” tökə-tökə öyrətmək lazımdır ki, sosial şəbəkələrdə ki, hər şey sizin üçün olmaya bilər. Sizin maraqlarınızı və məramlarınızı (olduğu təqdirdə) əks elətdirməyən kontent varsa, sadəcə baş barmağınızla sizdən ağıllı olan telefonlarınızın ekranının yuxarı edirsiz və həmin şey itir. Bu qədər sadə.

Hər şey sizin üçün yazılmır. Hər şey sizin üçün deyil. Sosial şəbəkəyə çox əhəmiyyət verəndə problem yaranır. O sənin gündəlik həyatında epizod olmalıdır. Ciddi qəbul edəcəksənsə, gec-tez başlayacaqsan özünə dərd etməyə – yox gedirəm, qalıram, hesabımı bağlayıram, açıram… Vay dədəm vay, məni söyürlər, məni öldürdülər və s. Yüngül yanaşmaq lazımdır, sanki yoxdur elə bir şey. Ürəyin kimisə görmək istəmirsə, ya söndürürsən, ya da bloklayırsan. Çox demokratik deyilmi? Əli Əkbərin yaxşı söhbəti var bu haqda.

Deyir ki, şəbəkənin illüzorluğu hamıya məlumdur. Adama elə gələ bilər ki, bütün cəmiyyət ayağa qalxıb, bir üsyan var, hamı bir mövqedən çıxış edir, amma gedirsən “20 Yanvar”a, dükana-bazara və görürsən ki, həyat öz axarındadır, Mamed çömbəlib oturub, siqaret sümürür, cod tüklü üzünü günəş yandırır, gözləri uzaqlara, fəzaya zillənib.

Sizin oyunlarınızı pozuram. Hadisələrə yuxarıdan baxmaq qabiliyyətim var. Sabah ac pişik balalarına yemək verən yerdə videomu paylaşam, onda da təqdir edəcəksiniz. Ona görə sizin heç bir hissinizi və fikrinizi ciddi qəbul etmirəm. Saxtakar və riyakarlıq abidəsisiniz. Öldürülən küçə itlərinə nəinki baş qoşmursuz, onlar haqqında hazırlanan videoları, yazılan yazıları da vecinizə almırsız. Çünki bu sizi narahat etmir.

Sovetin adamlarının əksəriyyətinin heyvanlardan acıqları gəlir. İt-pişik görməyə gözləri yoxdur. Küçədə it-pişik görəndə təpik vururlar, küçə heyvanlarına ürəkləri yanmır, onlara yazığı gələn adamları zəif, lox, gücsüz hesab edirlər, eşşək görəndə minib şəkil çəkdirirlər, quzu görəndə basıb yeyirlər. Onlar “levi” yaşayır. Elə bilirlər ki, bu dünyadakı hər şey məhz onlar üçün yaradılıb.

Siz məni söyəndə bundan həzz almıram. Siz məni ələ salanda orqazm yaşamıram. Heç kimlə tanış olmaq niyyətim yoxdur. Heç kimlə problemim olmayıb. Bunu heç nəyə hesablamamışam. Bağışlayın, çox-çox üzr istəyirəm. Bunlar mənlik deyil. Başını buraxın.

Bilirəm, linçləməyi, tanımadığı bir adamı təhqir etməyi, söyməyi, ələ salmağı vərdişə çevirən, həyat nəşəsini yalnız bu hərəkətlərdə tapan, həyatda xüsusi mahiyyəti olmayan adamların ürəyini pis edirəm, halınız pisləşir. Sizin heç qadın haqları, heyvan haqları, nə bilim kişi haqları vecinizə deyil. Vaxtınızı öldürməyə mövzu axtarırsız. Kreditlə aldığınız telefonlarınızdan nə qədər çox adama söyüş yazırsızsa, elə bilirsiniz ki, bu gün də boş keçmədi. Günahkarlıq duyğusundan qaçmaq üçün özünüzə iş illüziyası yaradırsız.

Bundan qat-qat pis vaxtlarım olub. Elə söyüblər ki, qapı-pəncərəni bağlayıb, oturmuşam evdə. İndi bu heyvansevərlərin 300-500 rəyi heç vecimə də deyil. Cavab verməyib, baş qoşmadan bu söhbəti də ötürüb keçərdim. Hansısa mövzunun gündəm müddəti bir, maksimum iki gündür. Vəssalam. Ondan sonra söyülən adam da, mövzu da sıxıcı olur. Həzz ala bilmirsən. Gedirsən başqa adamları söyməyə.

Bu yazını da yazmazdım.

Di gəl, bu yazını mənə başqa bir nüans yazdırır.

Ölkənin dörd yanında 14 yaşında ərə verilən, ən sadə şeylərdən qızdı deyə məhrum edilən, oğlanlar kimi çayda çimməyinə, evdən çıxıb oynamağına icazə verilməyən, qul kimi işlədilən, bir az savadlı çıxıb, işləyəndə qazancı tutub əlindən alınan qızlar var. Mən o yazını yazan vaxt hamilə bir qadının əmisi oğlu onun başını kəsmişdi. Bu yazını ona görə yazıram ki, ərə getməyi, evlənməyi yüksək məziyyət, ali məqsəd kimi qələmə verməyə səbəb olmuşam. Qızlar ərə gedəndə pişiyindən nədir, bəzən övladından da imtina etməli olur, boşanan, uşaqlı qadınlar uşaqlarını analarına verib, ərə getməli olurlar. Ərə getməyəndə də ata-ana evində günün göy əskiyə bürüyürlər.

Sözüm ona, əgər həmin yazıda qızların, qadınların heysiyyətinə toxunmuşdumsa, səmimi qəlbdən onlardan üzr istəyirəm.

Məhz onlardan. Katalizatorlar, araqarışdıranlar, riyarkarlarla işim yoxdur. Onları ağlımda çoxdan iqnor etmişəm.

Əgər haqsız olduğum məqam varsa, yaxşısı budur.

# 2560 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #